AZE | RUS | ENG |

Azərbaycan meyvələri Avropa bazarında

Azərbaycan meyvələri Avropa bazarında
Ekspertlər ölkəmizin bu sahədə böyük potensialının olduğunu düşünürlər

Azərbaycanın meyvə istehsalçısı DAD şirkəti Böyük Britaniya və İtaliyaya tədarüklərə başlamaq niyyətindədir. Bu barədə Trend-ə şirkətin direktoru İsaməddin Dəmirov deyib. O bildirib ki, şirkət artıq bu ölkələrdən sifarişlər alıb: "Məhsulun sənədləşdirilməsi, sertifikatlaşdırılması ilə bağlı məsələlərin həll olunması qalır. Bizim ənənəvi satış bazarlarımız Rusiya və digər MDB ölkələridir. Bundan başqa, biz ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Asiya ölkələrinə - Malayziya, Sinqapur, Maldiv adalarına məhsul ixrac edirik”.
Onun sözlərinə görə, 2018-ci ilin yekunlarına əsasən, şirkət ixracatı beş milyon dollaradək artırmağı planlaşdırır. 2017-ci ildə bu göstərici 3 milyon dollara yaxın təşkil edib. O bildirib ki, şirkətin istehsal etdiyi məhsulun 60 faizi ixraca yönəlir. İ.Dəmirov bildirib ki, şirkət həmçinin Quba şəhərində marmelad və cem istehsalı üzrə müəssisə tikmək niyyətindədir. Bu gün DAD yalnız istehsal və qablaşdırma ilə məşğul olur. Şirkətin müəssisələri və bağları Quba və Qəbələ şəhərlərində yerləşir.
Şirkətin direktoru əlavə edib ki, Azərbaycanın meyvə-tərəvəz məhsullarına xarici bazarlarda böyük tələbat var.
Avropa bazarlarına çıxış təbii olaraq müsbət haldır. Məhsullarımızın dünyanın böyük bazarlarda tanınması əlbəttə sevindirici haldır. Bəs görəsən bu proses gələcəkdə də davam etdiriləcəkmi? Bunun üçün potensialımız varmı?
İqtisadçı-alim Vüqar Bayramov  deyir ki, Avropa baxarlarında tələblər daha yüksəkdir: "Prezident son müşavirəsində xüsusi olaraq sahibkarların öz məhsullarını yeni bazarlara ixracın əhəmiyyəti ilə bağlı öz tapşırıqlarını və tövsiyələrini bildirdi. Bu mənada indiki halda yeni bazarlara çıxış Azərbaycan üçün çox vacibdir. Avropa bazarlarının 500 milyona yaxın istehlakçısı var və dünyanın ən böyük bazarlarından biri hesab olunur. Azərbaycan Qərbi Avropa, Skandinaviya ölkələrinə meyvə və digər məhsul ixrac etmə imkanlarına malikdir. Çünki Avropada meyvəyə olan tələb çox yüksəkdir. Skandinaviya ölkələrində Azərbaycanda istehsal olunan keyfiyyəti yüksək olan orqanik meyvələrə tələbat var. Bu, Azərbaycana daha çox gəlir əldə etmək imkanları yaradır. Digər tərəfdən, yeni bazarlara çıxış sayəsində bazarlar diversifikasiya ediləcək. Beləliklə, bununla risklər minimuma endirilə bilər. Digər tərəfdən, Avropa bazarlarına çıxış sahibkarların beynəlxalq standartlara uyğun məhsul istehsal etməsi deməkdir. Çünki Avropa bazarlarına çıxmaq ümumdünya iqtisadi təşkilatın prinsiplərinə uyğun olan məhsulların istehsal və ixracı deməkdir. Avropa bazarlarına çıxış fermer və sahibkarlardan artıq yeni standartların tətbiqi və yüksək keyfiyyətli məhsul istehsal etmək tələb edir. Çünki qiymətləndirmələrə əsasən, Avropa bazarlarına çıxmaq dünyanın istənilən bazarlarına çıxmaq imkanını yaradır. Qərbi Avropa və Skandinaviya ölkələri Azərbaycan sahibkarları üçün cəlbedici hesab edilir. Bu bazarlara çıxmaqla ölkəyə daha çox valyuta axını cəlb edə bilərik”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının digər bazarlara çıxış imkanları genişdir: "Bizim məhsullarımızın təbii rəqabət üstünlüyü var. Azərbaycanda kənd təsərrüfatı sahəsi intensiv istiqamətdə inkişaf etmədiyinə görə aqrar məhsullarımız nisbətən daha az sənayeləşib. Azərbaycan məhsulları digər ölkələrin məhsulları ilə müqayisədə daha orqanik hesab olunur. Azərbaycanda geni modifikasiya olunmuş çox az miqdarda məhsul istehsal olunur. Belə bir şəraitdə bizim məhsullar Avropa bazarlarında rəqabət aparma üstünlüyünə malikdir. Amma nəzərə almaq lazımdır ki, ölkədə meyvə istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərin sayı istənilən səviyyədə deyil. Bu işlə daha çox fərdi ailə təsərrüfatları məşğul olur. Fərdi ailə təsərrüfatlarının istehsal etdiyi meyvələr Avropa bazarlarına çıxış imkanları isə məhduddur. Əgər Azərbaycan uzunmüddətli dövr üçün öz meyvə-tərəvəz ixracını genişləndirmək istəyirsə, bu istiqamətdə fəaliyyət göstərən subyektlərin sayının artırılmasına çalışmalı, sahibkarlara maliyyə dəstəyi, subsidiyalaşmanın genişləndirilməsi, məhsulların dünya bazarlarında sertifikatlaşdırılmasına dəstəyin verilməsi ilə bağlı müəyyən addımlar atılmalıdır. Bu istiqamətdə müəyyən qərarlar qəbul edilib və addımlar atılıb. Amma buna baxmayaraq, yerli istehsalçıların böyük əksəriyyəti dünya bazarlarına təqdim ediləcək məhsul istehsalı ilə məşğul olmur. İstehsalçılar daha çox ənənəvi Rusiya bazarlarına üz tuturlar. Rusiya bazarlarının tələbləri isə Avropa bazarları ilə müqayisədə nisbətən zəifdir. Bu isə son nəticədə istehsalla məşğul olan subyektlərin özfəaliyyətlərindəki keyfiyyət dəyişikliyini ləngidir. Rəqabətli bazarlarda fəaliyyət göstərmək istəyən sahibkar öz fəaliyyətlərini müasir şərtlər daxilində, ən son texnoloji yeniliklərə əsaslanaraq həyata keçirməlidir. Bundan başqa, ölkədə intensiv təsərrüfatçılığın qurulmasına ehtiyac var”.
Şəbnəm Mehdizadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170