• şənbə, 20 Aprel, 10:01
  • Baku Bakı 14°C

Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbirlər

16.07.15 14:37 1291
Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbirlər
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, hazırda Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün bütün şərait yaradılıb. O, şura və mətbuat arasında sıx əməkdaşlıq olduğunu vurğulayıb.
Şuranın sədri Azay Quliyev Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf mərhələlərindən danışıb. O qeyd edib ki, 140 il ərzində mətbuat uğurlu və şərəfli bir yol keçib: “Təsadüfi deyil ki, ”Əkinçi” qəzeti milli şüurun formalaşmasında mühüm rol oynadı və mətbuatın sonrakı inkişafına böyük töhfələr verdi. Mətbuatdan danışarkən qeyd etməliyəm ki, bu gün ölkəmizdə mətbuat və söz azadlığı var. Azərbaycan jurnalistləri vətəndaş cəmiyyətinin inkişafını çox yaxşı işıqlandırırlar. Təsadüfi deyil ki, Şuranın fəaliyyəti barədə mətbuatda 900-dən çox məqalə və yazı dərc edilib. Mən arzu edirəm ki, jurnalistlər bundan sonra da daim obyektivliyi qorumağı bacarsınlar. Mən buna görə, onların hər birinə minnətdaram”.
A.Quliyev deyib ki, Azərbaycanda mətbuatın sonrakı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: “Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuata qoyulan senzura ləğv edildi, bəzi mətbu orqanların nəşriyyatlara olan borcları ya silindi, ya da azaldıldı”.
Onun sözlərinə görə, hazırda prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatına diqqət və qayğı böyükdür: “Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi və digər məsələlər bu diqqətdən irəli gəlir. Bütün bunlar bir çox ölkələrə də nümunə olmalıdır”.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimov isə çıxışında Həsən bəy Zərdabinin fəaliyyətindən danışaraq, onun “Əkinçi” qəzetini təsis etməklə Azərbaycan mətbuatının fundamentini qoyduğunu vurğulayıb: “Bu gün çox sevindirici haldır ki, mətbuatımız inkişaf edir, jurnalistlərə diqqət və qayğı göstərilir. Mən hesab edirəm ki, mətbuat bu gün ölkəmizin qazandığı çoxsaylı uğurlara şərikdir”.
Sonda mətbuatın 140 illiyi ilə bağlı KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında “APA Holdinq”inəməkdaşları da olub.
X X X
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan mətbuat tarixindən danışan Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb.
M. Qurbanlı bildirib ki, Heydər Əliyev 1970-ci illərdə hakimiyyətdə olduğu dövrdə radio və televiziyanın, yazılı mətbuatın inkişafı sahəsində ciddi işlər görülüb: “Müstəqilliyimizin bərpasından sonra da Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirib, mətbuatın dostu adını alıb. Prezident İlham Əliyev də mətbuatın inkişafı, mətbuatın problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb”.
M. Qurbanlı YAP-ın da mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini söyləyib: “YAP adından jurnalistləri təbrik edirik”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib: “Söz azadlığının təmin olunmasında mətbuat böyük rol oynadı. Həm də SSRİ-də 14 respublika ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb”.
Heydər Əliyevin mətbuata qayğısı, bu istiqamətdə gördüyü işlərə toxunan S. Novruzov prezident İlham Əliyev tərəfindən bu istiqamətdə işləri davam etdirdiyini vurğulayıb: “Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə orqanı çıxmaq şərti ilə, mətbuatımız ümumxalq maraqları digər maraqlardan üstün tutaraq, Azərbycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və sapı özümüzdən olan baltalara qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir. Qarışdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək. Həm də qarşıdan Ramazan bayramı gəlir, bu münasibətlə xalqımızı, jurnalistlərimizi təbrik edirik”.
Daha sonra bir qrup jurnalist Milli Mətbuat Günü ilə bağlı mükafatlandırılıb.
banner

Oxşar Xəbərlər