• cümə, 29 Mart, 09:13
  • Baku Bakı 5°C

“Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü yaşayır”

11.07.15 12:15 2414
“Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü yaşayır”
Vüqar Rəhimzadənin sözlərinə görə, bu, jurnalistlərin peşəkarlığına da müsbət təsir edir

“Azərbaycan mətbuatı bu gün özünün ən yaxşı dövrünü yaşayır. Hamınız bilirsiniz ki, Azərbaycanda jurnalistlərə mənzillər təqdim edildi. Bu, dünyanın heç yerində reallaşmayan bir hadisə idi. Belə hal Azərbaycan dövlətinin, məhz Prezidentin jurnalistlərə olan qayğısı, diqqəti və hörmətidir. O, media təmsilçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün belə addım atıb”.
Bu sözləri bizimlə müsahibəsində 24 yaşını qeyd edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dedi. Onun sözlərinə görə, rəhbəri olduğu mətbuat orqanı bu illərdə şərəfli yol keçdiyinə görə mediada özünəməxsus yer tuta bilib və dövlətçilik yolunda əlindən gələni edib.
- Vüqar müəllim, ilk olaraq, “İki sahil”in 24 yaşını təbrik edirik. Qəzetinizin keçdiyi yol haqda nə deyə bilərsiniz?
- Bizim qəzet 1991-ci il iyulun 10-dan nəşr olunmağa başlayıb. O vaxtlar Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır idi. Bütövlükdə cəmiyyət problemlər məngənəsində çabalayırdı. Təbii ki, mövcud vəziyyət, problemlər mətbuatın durumuna da təsir etməyə bilməzdi. Və elə də oldu. Mətbuatımız təzyiqlərə, təhdidlərə məruz qalmağa başladı. Həmin dövrdə qəzet nəşr etmək müşkül məsələ idi. Bizim qəzetin yaranması da kifayət qədər mürəkkəb və çətin şərtlər ilə reallaşdı. Həmin illər, ağır vəziyyət, jurnalistlərə olan təzyiqlər hələ də gözümün önündən getmir. Həmin təhdidləri indi də yaxşı xatırlayırıq. Hamı bilir ki, 1991, 92, 93-cü illərin ortalarına qədər Azərbaycanda nə cür qarışıqlıq hökm sürürdü. Hətta ölkədə silahlı qruplaşmalar istədiyini edir, narahatlıq yaradırdılar. Faktiki olaraq, Azərbaycanda siyasi anarxiya hökm sürürdü və belə bir dövrdə “İki sahil” dərc olunmağı bacardı. Olduqca ağır zamanlar idi. Amma nə yaxşı ki, belə vəziyyət çox çəkmədi. Xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə dönüşü nəticəsində həmin problemlər həllini tapdı və biz indi onlar haqda sadəcə, tarixi faktlar kimi danışırıq. Biz də “İki sahil” qəzeti olaraq, Heydər Əliyevin idarəçiliyi sayəsində bütün digər orqanlar kimi onun dəstəyini görməyə başladıq. Ümummilli lider başqa sahələr kimi, mediaya da xüsusi yanaşmağa başladı. Ölkə mətbuatı onun bu diqqətindən yararlanmağa başladı. Biz də həmçinin. Əgər uyğun mühit yaradılmasaydı, yəqin ki, indi biz mövcud olmazdıq. Yaradılan şəraitin nəticəsində “İki sahil” öz səmərəli fəaliyyətini qurdu və şərəfli tarixi olan bir yol keçdi. 24 il zaman baxımından çox da böyük rəqəm deyil. Amma az vaxt da deyil. Bu illərdə dövlət, millət anlayışı bizim üçün ən ümdə məsələ olub. Qəzetin baş redaktoru olaraq, tariximizlə, fəaliyyətimizlə fəxr edirəm. “İki sahil” öz səhifələrində Azərbaycan xalqının istək və arzularını işıqlandırmağa çalışıb, dövlətçilik üçün əlindən gələni edib. O illərdə ulu öndərə olan tənqidlərin, təzyiqlərin, haqsızlıqların qarşısının alınmasına çalışır, belə mövzularda cəmiyyətin tribunası kimi çıxış edirdik. Həmin vaxtlar demək olar ki, Naxçıvan Ali Məclisinin bütün seçkilərində iştirak etmişik, sessiyanın qərarlarını dərc etmişik. İndi də fəxrlə deyirəm ki, çox şərəfli, düzgün mövqedə olmuşuq və xalqımızın düşmüş olduğu bəlalardan, faciələrdən qurtuluş yolunu yalnız ulu öndərimizin hakimiyyətə gəlməsində görmüşük. Qəzetimiz belə səpkili yazılarla öz fikirlərini açıq şəkildə bölüşüb. 24 illik mövcudluğumuz göstərir ki, qəzet olaraq mövqeyimiz tam dəqiq olub. Ona görə də indi fəxrlə prinsipiallığımızdan danışıram. Fəxr etdiyimiz başqa məqamlar da var. Hazırda Azərbaycan jurnalistikasında “İki sahil”in əməkdaşı olmuş xeyli sayda əməkdaş var. Onlar peşəkar jurnalistikada formalaşdıqlarına görə bu gün müxtəlif dövlət qurumlarında da çalışırlar. Televiziya kanallarında da çalışan əməkdaşlarımız var. Bu gün gündəlik qəzet olaraq 9000-ə yaxın tirajla nəşr olunuruq və böyük bir kollektivimiz formalaşıb. Təcrübəli, peşəkar əməkdaşlarla yanaşı, gənclərə də şərait yaradır, onların formalaşması üçün əlimizdən gələni edirik. Onlar özləri də qəzetimizdə çalışmağa, işləməyə maraqlıdırlar. Bir sözlə, bu 24 illik tarix mənim həyatımın ən önəmli parçasıdır, ömrüm bu qəzetlə bağlıdır. Hər zaman da fəxrlə, qürurla, şərəflə bu qəzetdə çalışdığımı qeyd edirəm. Şübhəsiz ki, Azərbaycan mediasında özünəməxsus yeri olan “İki sahil” qəzeti o illərdən başlayaraq xalqın tribunası olub, reallıqları əks etdirib. Bu gün də müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasəti təbliğ edirik. Fikrimizi əsaslı şəkildə çatdırır, təhlil və analitik yazılarla çıxış edirik.
- Bəs 140 illik ölkə mətbuatını necə qiymətləndirirsiniz?
- Mətbuatımızın 140 illik şərəfli tarixi var. 140 il böyük bir dövrdür və bu müddət ərzində Azərbaycan milli mətbuatı müxtəlif çətinliklərlə üzləşib. Həsən bəy Zərdabidən başlayaraq hər zaman problemlərlə, məhdudiyyətlərlə üzləşmişik. Bu kimi narahatlıqlar sovetlər dönəmində və 90-cı illərdə daha çox mövcud olub. İndi isə müstəqilik və azad, milli mətbuat orqanlarımız var. Bunun üçün Heydər Əliyevə hər zaman minnətdar olmalıyıq. Onun hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də xüsusi dirçəlmə oldu. Bilirsiniz ki, jurnalistlərə dövlətin ali mükafatları təqdim edilir, media təmsilçilərinin problemləri həll olunur. Bu, onlara göstərilən diqqət və qayğının bir nümunəsidir. Tariximiz üçün ən yaddaqalan hadisə senzuranın ləğvidir. Bu, mətbuatımızın böyük, şərəfli tarixi səhifəsidir. Media tam sərbəst şəkildə fəaliyyət göstərir və ona heç bir qadağa qoyulmur. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması da sərbəst mühit olduğunun göstəricisidir. O fond mətbuatın inkişafına öz töhfəsini verir. Həmçinin jurnalistlərin şəxsi inkişafına və peşəkarlığına da diqqət edir. Hamınız bilirsiniz ki, Azərbaycanda jurnalistlərə mənzillər təqdim edildi. Bu, dünyanın heç bir yerində reallaşmayan bir hadisə idi. Belə hal Azərbaycan dövlətinin, məhz Prezidentin jurnalistlərə olan qayğısı, diqqəti və hörmətidir. O, media təmsilçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün belə addım atıb. Faktiki olaraq, bu gün Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü yaşayır.
- Siz həm də Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədrisiniz. Onlarla mübarizədə hansı addımlar atılır, nəticə varmı?
- Onlara istər Mətbuat Şurasında, istər KİVDF-də müəyyən hədlər qoyulub və konkret şərtlər var. Adını çəkdiyim qurumların qara siyahısına düşən mətbuat orqanları layihələrdə iştirak edə bilmirlər. Mətbuat Şurasında yaradılmış komissiya da onlara qarşı mübarizə aparır. Düşünürəm ki, təkcə bizim komissiya deyil, ictimaiyyət özü də belə qəzetlərə qarşı olmalıdır. Bu yolla həmin “jurnalistika”nın qarşısı tamam kəsiləcək. Əldə etdiyimiz nəticələri müsbət hesab edirəm. İndi də müxtəlif qəzetlər haqqında araşdırmalar aparırıq. Mətbuat Şurası olaraq, belə hallara qarşı bundan sonra da prinsipial mövqe sərgiləyəcək, ortaya konkret münasibət qoyacağıq. Şübhəm yoxdur ki, zaman keçdikcə həm ictimaiyyət, həm də Mətbuat Şurası tərəfindən aparılan mübarizə öz effektini verəcək və bir müddətdən sonra onların sayı yox səviyyəsinə düşəcək.
- Hazırda mətbuatın ümumi durumunu necə qiymətləndirirsiniz? Jurnalistlərin peşəkarlığından razısınızmı?
- Bugünkü jurnalistlərdən razıyam. Çünki bu komandanın içində öz işini kifayət qədər yaxşı bilən jurnalistlərimiz çoxdur. Öz peşəsinə, öz adına, bütövlükdə jurnalistika prinsiplərinə ləyaqətlə yanaşan media nümayəndələri kifayət qədərdir. Təəssüflər olsun ki, jurnalistikamızın adına xələl gətirənlər də var. Amma onların sayı azdır. Ümumiyyətlə, vəziyyəti müsbət qiymətləndirirəm. Azərbaycan jurnalistikası uğurla inkişaf etməkdədir. Bu, jurnalistlərin peşəkarlığına da müsbət təsir edir. Öz sözü, öz qələmi ilə dövlətinə, xalqına xidmət edən jurnalistlərimiz, redaksiyalarımız var. Düşünürəm ki, dövlət tərəfindən yaradılan şərait bu peşəkarlığın artmasına daha da yardım edir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər