“Azərbaycan mənim böyük sevdam, böyük həsrətimdir”

“Azərbaycan mənim böyük sevdam, böyük həsrətimdir”

Müsahibə
26 Noyabr 2012, 11:37 2262
İllərin o tərəfində, uşaqlığımın bir qış gecəsindən bu günə uzanan bir xatirə var yaddaşımda. Soyuq qış gecələrindən birində, isti odun sobasının yanaqlarını qızartdığı kiçik bir qız, çox sevdiyi atasına yaslanmış, televizora baxırdı. Gözəl bir proqram yayımlanırdı və Atası birdən ona: “Aid olduğun millətin musiqisi budur, qızım. Sən türksən, bu adamın oxuduğu da türküdür” dedi. O an olan oldu. Efirdəki o adam sanki atasının sözlərini duydu: “Mənim köküm Azərbaycandadır, nənəmin bir “qadanalım” deməsi vardı və mən indi o kəlməyə yazdığım türkünü oxuyacam” dedi. O kiçik qızın dünyası da, sevdası da o türküylə başladı. Və o qız TÜRKÜ tanıdı!...

İstanbuldayam. Bir neçə dəqiqə sonra həyatımın ən gözəl müsahibəsindən birini edəcəm. Amma necə? Mən bu adamla necə görüşəcəm ki? Ona o kənd evindəki o uşağın sevdasını necə izah edəcəm? Axı müsahibim Fateh Kısaparmaqdır. Mənə türkünü tanıdan adam...
Vəəə.... Başladıq!

- Bu mənim həyatımın ən özəl anıdır, deyəsən... Fateh bəy, siz mənə türkü anladan, türkünü tanıdan bir adamsınız və mən sizə təşəkkür etməyə gəlmişəm...

- İkinci vətənim Azərbaycandan qalxıb gəldiyin üçün, eyni zamanda bizə könlündə, dünyanda yer verdiyin üçün təşəkkür edirəm, Nigar. Xoş gəldin!

- Minnətdaram. Sizə belə bir sual ünvanlasam, desəm ki, mən sizə heyranam, mən sizi sevirəm, bunu necə mənalandırarsınız?

- Mən də deyərəm ki, bizdə heyranlıq yox, bizdə arkadaşlıq var, bizdə dostluq var. Mən mahnılarımı dörd divarın arasında yaradıram. Bu dörd divarın çölündəkiləri heyranlarım deyil, dostlarım bilirəm. Disklərimi satın alanlara, ya da konsertlərimə gələn tamaşaçılara əsla müştəri gözü ilə baxmıram. Dinləyicilərimi dostlarım bilirəm özümə. Türkiyədə bir məsəl var: “Rüzgar əkən fırtına biçər”. Mən sevgi əkib, sevgilər biçirəm. Mən bir təqdim edib, min alıram. Əgər Tanrının dünyada ikinci bir adı, ləqəbi olsaydı, məncə, bu, məhz SEVGİ olardı.

Musiqini sevirəm, bütün insanları sevirəm, amma öz insanlarımı daha çox sevirəm. Öz insanlarım deyəndə dostum deyə bildiyim, amma heyranım olmayan insanları nəzərdə tuturam. Onlar 300 milyonluq Türk dünyasının hər bir fərdidir. Azərbaycanda, Türkiyədə, Kıbrısda, Makedoniyada, Krımda, Qazaxıstanda, Özbəkistanda, Balkanlarda, Qafqazda, İraq-İran, Suriyada, Özbəkistanda, Tulada, Çuvaşistanda və s. ölkələrdə yaşayan qardaşlarımdır onlar. Bir maraqlı məqamı deyim: ABŞ alimlərinin tədqiqatlarına görə dünyada ən çox istifadə olunan dil ingilis dilidir. Amma ikinci dil latıncadırmı və ya türkcədirmi deyə mübahisələr var. Bu gün Avropadan Asiyanın ən ucqar nöqtəsinə qədər türkcə danışaraq yol ala bilərsiniz. Bu bizim tarixdən gələn mədəniyyət üstünlüyümüzdən qaynaqlanır. Türkcə danışaraq, türk nəğmələri, türk əzgiləri dinləyərək təyyarə ilə on saatlıq məsafədə uçduğunuz coğrafiyada özünüzə milyonlarca dost tapa bilərsiniz. Eyni dili danışan, eyni dəyərlərə sahib, eyni mədəniyyətin varisləri, eyni türküləri söyləyən, eyni nəğmələrdən xoşlanan, eyni yeməkləri bişirib eyni tərzdə süfrə quran insanlar bizim ortaq kültürəl bərabərliyimizi də bəlgələr. Bu mənada bir kəs daha xoş gəldin deyirəm.

- Mənə bir az Türk olmağın necə bir hiss olduğundan bəhs edərsinizmi?

- Türk olmasaydı dünya mədəniyyəti olmazdı! Asiya yaylalarında yazılı abidələr buraxan – astronomiya ilə, riyaziyyatla, fizika-kimya ilə, sənətlə ucalmış bir millətdir Türk milləti. Biz dünya mədəniyyətinin bugünkü səviyyəyə gəlməyində böyük təsiri və payı olan bir millətik. Coğrafi dağılımımızın arxasında əsla və əsla zorbalıq və məcburiyyət yoxdur. Bu gün Qərb tarixçiləri tərəfindən iddia edilən, iddiadan ötə iftira olan ehtimallar tarixi həqiqətləri əks etdirmir. Türklər getdikləri yerə haqq-ədalət götürmüşlər. Xoşgörü, ədalət və sənət götürən bir millət də mədəni bir millətdir. Ona görə də mən Türk millətini dünyanın bugünkü mədəniyyət səviyyəsində çox böyük təsiri və qatqısı bulunan mədəni və humanist bir millət olaraq xarakterizə edirəm. Nədən məhz humanist? Bizim mədəniyyətimizdə insanlar arasında fərq qoymaq olmayıb, həmişə dili, dini, məzhəbi, irqi, etnik olub olmamağı, sosial və ekonomik mənsubiyyəti nə olur-olsun ayrı-seçkilik etməmişik, hamısına bir gözlə baxmışıq. Hətta belə bir məsəlimiz də var: “Yetmiş iki milləti bir görmək”. Asiyadan, Qazaxıstandan gələn Əhməd Yəsəvi rüzgarı Türkiyədə Hacı Bektaşı Vəliylə və Yunus Əmrəylə bir böyük sevgi çağlayanına dönüşmüşdür. Bu çağlayan burdan axmış, Balkanları yuyub-təmizləmiş, burdan axmış, Qara Dənizin Quzeyinə qədər təmizlik və mədəniyyət götürmüşdür. Balkanlarda, Orta Doğuda, Quzey Afrikada bir xoşgörü və sənət mədəniyyəti yaratmışıq. Mən bunu çox önəmli hesab edirəm. Bu kültür və sənət köklü mədəniyyətin bir başqa cəbhəsində İbn Sinalar, Fərabilər, əli Quşçular var.

Dünyanın ilk və bugünkünə ən yaxın xəritəsini çəkən bir Türkdür, osmanlıdır. Bağlamanın təkamül müddəti belə başlı-başlına bir mədəniyyət hadisəsidir. Ən az 3 min illik bir alətdir, bağlama. Bugunkü deyimlərə görə onun əsli böyük baş heyvanın sümüklərindən icad edilmiş qopuzdur. Telləri at quyruğunun qıllarındandır. Amma bununla yetinməyən ozanlar, bağlamanın gövdəsində, telində fərqli dəyişikliklər edib, inkişaf etdirmişlər. Bağlama yeri gəlmiş Qazaxıstanda “dombıra”, Özbəkistanda “dütar” olmuş, yeri gəlmiş Anadoluda “saz”, Azərbaycanda “tar” olmuşdur. Biz bu mənada eyni ağacın budaqlarıyıq və təkcə bağlama belə bunu təkbaşına isbat edir. Yəni eyni kökdən bəslənən, kökləri tarixin dərinliklərində yer alan amma budaqları gələcəyə və dünya coğrafiyasının fərqli bölgələrinə gedib çıxan, bir kültürəl oluşumdan, bir böyük mədəniyyətdən bəhs edirik. Musiqisiylə, rəsm sənətiylə, yazılı abidələriylə, astronomiyasıyla, kimyasıyla, fizikasıyla. Buyurun, bu da sizə Türkün izahı.

- Fatih bəy, ozanlar əl öpməzmiş...

-...bəli, rəhmətlik cümhur başkanımız Əbülfəz Elçibəy Türkiyədə, Ankarada müalicə olunduğu xəstəxanada bizimlə görüşmək istədiyini bildirmişdi. Köməkçisi Əli bəy vasitəsilə əlaqə saxladıq. O vaxt xəstəxananın baş həkimi olan, indi Qazi universitetinin müəllimi pr.dr Nüsrət Akyürək bəy, pr.dr Xədicə xanım və TRT-dən Kürşat Özkök bəy bizi Anakarada qarşıladır və biz də Mehmet Güngör (F.Kısaparmağın prodüsseri. N.İ) bəylə birlikdə Ankaraya getdik, müalicə olunduğu xəstəxana otağında onu ziyarət etdik.

İlk anlarda mənə dəqiqələr uzunluğunda gələn bir qucaqlaşma yaşadıq. Heç danışmadan, bir-birimizin gözlərinə baxaraq durduq. Mən sonra əllərini öpmək istədim. “Ozanlar əl öpməz, ozanların əli öpülür” deyərək əlini vermədi. Səhhətinin imkan verdiyi müddətcə oturub uzun-uzadı bir söhbət elədik. Mən Elçibəyi bir özgürlük, bir azadlıq qəhrəmanı olaraq tanıdım. Bir millətin simvol adlarından biri olaraq ürəyimdə yaşayır. O, bir siyasət adamı olmaqdan əvvəl, bir düşüncə adamıydı, bir filosof idi. Kültür və sənət məsələlərinə də çox bələddi. Söhbətimiz əsnasında ən az bir musiqi tədqiqatçısı qədər də musiqidən məlumatlı olduğunu gördüm. Bu anlamda mənə çox ciddi mesajlar verdi. Türk dünyasının birliyi, bərabərliyi və dayanışması üçün yol göstərdi, bu istiqamətdə musiqinin necə bir yol tutmağını, musiqini necə dəyərləndirmək lazımdır və s. yönündə ipucları verdi. Bu məsləhətlər işığında mən bu günə qədər çox önəmli məsafələr qət etdiyimiz qənaətindəyəm. Gerçək bir Türkiyə sevdalısıydı, bir Mustafa Kamal Atatürk heyranıydı və xalq musiqisinin vurğunuydu. Mənə Xalq Cəbhəsində savaşan könüldaşlarını acizanə bizim türkülərimizlə ürəkləndirdiyindən bəhs etdi.

- Onun bir Sakarya okuması vardı ki...

-...(ağlayır). Allah rəhmət eləsin! Böyük insanlar unudulduqları gün ölürlər. Elçibəy unudulmadığı və unutdurulmayacağı üçün ona ölmüş deyəməyiz. O fikirləri və idealları ilə hər zaman yaşayacaq, yaşamağa da davam edəcək!

- Sizin söylədiyiniz türkülərdə bir məqam var. “Mənim babam mərd adamdı” mahnınızı dinlərkən atamın doğrudan da mərd adam olduğunu düşünürəm. Bəli, mənim babam mərd adamdır. Sanki bunu mən deyirəm. Bu, necə olur? İllərlə eyni sevgiylə, eyni şövqlə və eyni həyəcanla insanların könlünə xitab etmək necə bir duyğudur? Bu, necə bir fədakarlıqdır?

- Bilmirəm ki. Amma bir həqiqəti bilirəm-siz məni tanımadan öncə mən sizləri tanıyırdım. Siz Fatih Kısaparmağı tanımadan öncə Fatih sizi tanıyırdı. Azərbaycanı, Özbəkistanı, Qırğızıstanı, Türkiyəni tanıyırdı, Anadolunu bilirdi. Mən sizlərdən bəsləndim, dönüb-dolaşıb sizə səsləndim. Mənim türkülərimdə xoşunuza gələn bir məqam varsa, o, əslində sizə aiddir. Bir də, SEVGi çox sehrli bir kəlmədir, çox güclü bir enerjidir. Baxışlardan sirayət edər, sözlərdən sirayət edər. İnsanlar bir-birinə enerji ötürür və burdan sevgi yaranır. Yoxdan var etmək Allaha məxsusdur. Heç bir sənətçi yoxdan var etmir. Baxmaq ayrıdır, görmək ayrı. Allah bəlkə də bəzi insanlara hər kəsin baxdığını görməyi lütf etmiş. Gördüyünüz zaman gördüyünüzü gözəl, ədəbi ifadələrlə əks etdirdiyiniz zaman ona hər gün baxanlar da görməyə başlar. Əslində o orda vardı. Amma biri gəldi bu nə dedi, cavab verdiniz, ağac. O da dedi ki, xeyr, o ağac deyil, o, hər ilk baharda yarpağını töküb, hər baharda yenidən yaşıllanır. O, əslində, Tanrının heykəlidir, dedi birisi. Siz ondan sonra ona Tanrının heykəli gözüylə baxmağa çalışırsınız. Baxın, sənətçinin missiyası budur. Xatırlatmaqdır. Baxdığını gördürməyə çalışmaqdır. Onun üçün əslində heç kimsə özünə çox böyük havalar verməməlidir.

Heç kim heç kimdən üstün deyil. Sənətçinin gördüyü iş sadəcə və sadəcə tutub silkələmək, görülməsini təmin etməkdir. Mən elədim deyə bilməz heç kim. Bu günəcən 300-ə qədər bəstələrim oldu, iki kitab nəşr etdirdim, saysız-hesabsız məqalələrim var, yüzlərcə xalq konserti verdim, şeirlər yazdım. Bunları mən etmədim amma. Bütün səmimiyyətimlə deyirəm, vallah bunları mən etmədim. Sizə ədəbi estetik anlayışı lütf edilmiş, başqa birinə başqa bir sahə. Mən etdim deyirəmsə, bunları mənə etdirənə nankorluq etmiş olaram. Mən elədim demə haqqına heç kim sahib deyil. Hətta mən kəlməsini belə istifadə etməməliyik.

- Necə bir sevdadır türkü sevdası? Sizi eyni zamanda Türkü baba çağırırlar...

- Türkü sevən türkü söylər. Mən uşaqlarımın atasıyam, həddimi bilən bir adamam. Türkülər ən az üç minillik bir gələnəyin məhsullarıdır, bu bir bayraq yarışıdır. Dünən ustadlarımızda idi, bu gün biz daşıyırıq. Sabah da biz əmanət edəcəyik. Beləcə bu bayraq yerə enmədən nəsildən-nəslə keçəcək. Hər kəsin bu millətin kültüründə əməyi və haqqı var. Hər kəs öz yaşamı boyunca bu divara bir kərpic qoymağın mübarizəsini aparır amma o divar heç kimin deyil. Biz də daş qoyuruq. O divar illərdir yaranır, illərlə də davam edəcək.

- Türk Birliyi, Turan sevdası yolunda Fatih Kısaparmağın yeri hardadır?

- Bilirsinizmi, mən millətimi çox sevən adamam. Amma dünyaya daha geniş pəncərədən baxmağın tərəfdarıyam. Nigar xanım, gəlin belə bir şey düşünək. Sizinlə dünyaya burdan, İstanbuldan deyil, dünyadan 700 km uzaqdan, bir fəza gəmisinin pəncərəsindən baxaq. Nə görəcəyik bilirsinizmi, çox kiçik bir ulduz, sərhədləri olmayan, fərqlərini bir-birindən ayırd edəməyəcəyimiz insanların olduğu mavi bir planet. O insanların hamısını Tanrı yaradıb. Ordan baxdığınızda ayrımların deyil, əslində, planetin insan birliyinə ehtiyacı olduğunu görərsiniz. Planetimizə humanizm lazımdır. Dünya humanizminə, dünya ədəbiyyatına və fəlsəfəsinə ən çox qatqı verən humanistlər də bizim millətimizdən çıxmışdır.

Hz. Mövlana, Yunus Əmrə, Ə.Yəsəvi, Hacı Bektaşi Vəli və b. Bu isimlər bu gün dünyanın yenidən kəşf etdiyi böyük humanistlərdir. Bizim köklərimiz bu millətə aiddir. Türk mədəniyyətindən bəslənən bir çinar düşünün, amma budaqları dörd tərəfinə uzanmışdır. Osmanlı bunu çox gözəl dəyərləndirmişdi, heç bir etnik, din-dil, məzhəb fərqliliyinə imkan vermədən hər kəsi eyni sərhədlər içərisində əritmişdi. Osmanlı bir Türk birliyi qurmuş və onun içərisində bir başqa imperial sistem qurmuşdur. Mən bu cür humanizmlə sığortalanmış insan birliyinin içərisindəki Türk birliyinə hə deyirəm. Eyni dəyərlərə, eyni mədəniyyətə sahib, sazı-sözü, ən önəmlisi dili bir olan insanların birliyi istənsə də əngəllənəməz. Dünya kiçildi, sərhədlər qalxdı, zorba dövlətlərin diktaturaları yıxıldı, Berlində utanc divarı yıxıldı. Qərbi və Şərqi Almaniya artıq tək dövlətdir. O boyda Sovetlər Birliyi çökdürüldü. Bu gün Sovetlər Birliyindəki hər bir millət artıq ayrıca bir dövlətdir. Mən fəlsəfədə bir olmaqdan yanayam. İqtisadi əməkdaşlıqdan, ortaq əlaqələri çoxaltmaqdan yanayam. Ortaq əməkdaşlıqlarımız bizim ortaq faydalarımızdır. Amma bunları edərkən dünyadakı bütün insanların əslində eyni gəmidə olduğunu da unutmamalıyıq. Hamımız bu sonsuz təbiət içində eyni gəminin sakinləriyik. İnsan oğlu texnologiya inkişaf etdikcə savaşlara yol açan hər cür ayrıntının əslində nə qədər anlamsız və boş olduğunun fərqinə varacaqdır. Tanrının da bizdən istədiyi budur. Mənim bu mövzuda bir şeirim var:

“Mən də bişmək için yanmağa gəldim,
sən mənsən, mən sənəm, insan qardaşım.
sevgi yanğınında sönməyə gəldim,
sən mənsən, mən sənəm, insan qardaşım.

Gələrkən ağlarıq, sevindiririk,
gedərkən ağladar, biz sevinərik.
dünya qürbətində bir müsafirik,
sən mənsən, mən sənəm, insan qardaşım.

Duyunca göylərin o dön səsini,
çıxarınca o bədən əlbisəsini,
bitirincə ömrün son bəstəsini,
sən mənsən, mən sənəm, insan qardaşım.

torpağın altında tənin,
çürüsə də qəlblər sənin,
ölüm yox olmaq deyildir,
yox olan yalnız bədənin, insan qardaşım!


Baxın, bu şüurun idrak səviyyəsi yüksəlirsə, sülh də o qədər tez gələr dünyamıza.

- Mən öz millətimi o qədər sevirəm ki, elə bilirəm bir ingilis bizim sazı anlamaz. Heç konsertlərinizdə belə bir şeyə şahid oldunuzmu?

- Vallah, mən heç şahid olmadım, çünki çox sevdilər. Avropada ən az otuz konsertim oldu. Türkiyə xaricində, konsert məqsədilə getdiyim yerlər-Amerika, İngiltərə, Hollandiya, Danimarka, Belçika, Almaniya, Rusiya, Avstraliya, Venesuela və s...

- Oranın o soyuq insanları sazı, sizi anladılarmı?

- Ən azından tanıdılar. Amerikada, Avstraliyada verdiyim konsertlərdə zəncilər də gəlmişdilər. Adam həyatında ilk dəfə bağlama görüb, başa salmağa çalışıram, ən sonunda deyir ki, türk gitarı. Hə, deyirəm, sən deyəndir.

- Mən sazı sevirəm. Uşaqlıqda hey qovğasını etdim, məni saz məktəbinə yazdırın amma olmadı...

- Uşaqlıq-uşaqlıq deyib durma, sən zatən uşaqsın...))

- Deyəsən elədir. Fatih bəy, bir də igidlərə yazılan türkülər var...

- Fərqli tərzlər var qoçaqlamalar, igidləmələr. Bu, tarixdən bəri gəlib. Məs: “Əstərqon qalası” deyə bir türkümüz var. Qoçaqlamalar igidlik duyğularımızı qamçılar. Duyğusal əsərlər ürəyimizi titrədər. Musiqi əslində bir müalicə metodudur. Bizim ruhsal təkamülümüzü sürətləndirən bir vasitədir. İnsan ruhu nə qədər həssasdırsa o qədər təsirlənir. Biri musiqini dinlər bu qulağından alıb o biri qulağından verər, o biri dinlər gözlərindən yaşlar süzülər. Əlbəttə ki, olqun, kamil insanlar musiqidən daha çox təsirlənirlər. Ruhumuzun ehtiyaclarını sürətləndirən vasitələr də musiqi və ədəbiyyatdır ki, bunlar da əkiz qardaşdır. Şeirlə bəstə ətlə dırnaq olmalıdır, can ilə tən, aşiq ilə məşuq olmalıdılar. Bu halda əsərlər klassikləşir. Gələcəyə qalır.

- Bizdə bir şair deyir ki,
...dilimin ucunda bir söz var,
desəm öldürərlər, deməsəm ölləm.
Qaracaoğlan deyir ki:
...Bacaya qoyublar dəmir qəfəsi,
baxsam öldürərlər, baxmasam ölləm.
Fatih Kısaparmağın baxıb da görmədiyi, görüb də baxa bilmədiyi bir yer varmı, varsa haradır ora?


- Öz içindəki məni. Amma bilirəm ki, bu içimdəki MƏN əslində, sizin içinizdəki MƏNdən fərqli deyil. Sizi görə bilirəmsə, onu da görürəm. Bizdə bir söz var: “Görünən köyə bələdçi gərək deyil”.

- Mənə bir az sizdəki Azərbaycandan bəhs edərsinizmi?

- Azərbaycan mənim böyük sevdam, böyük həsrətimdir. Köklərim ordadır. Mən Azərbaycan bayrağının döş nişanını daşıyan adamam. Ordakı bütün qardaşlarımı çox sevirəm. Onlar nə qədər mənsə mən də bir o qədər onlardanam. Ətlə dırnaq kimi. Azərbaycan musiqisini sevirəm! Müstəqillikdən üzübəri orda baş verən inkişafı qürurla seyr edirəm! Daha da gözəl günləri görməsini istəyirəm. Azərbaycan bir Günəş kimi dünyanı aydınladacaq. Mən buna görmüş qədər inanıram! Olacaq! Allahın təqdiri də, tarixin axışı da budur. Gözəl günlər görəcəyik.

- Azərbaycana diləkləriniz. Orda sizi çox sevən insanlar var. Düşünün ki, mən onların sevgilərini toplayıb sizə gətirmişəm...

- (Fatih Kısabarmaq bu arada bizim Azərbaycan şivəsi ilə şirincə gülümsəyir) Mən də almışam, ürəyimə qoymuşam. Azərbaycanda eləcə də Güney Azərbaycanda yaşayan bütün qardaşlarıma İstanbuldan sevgilərimi, sayqılarımı, salamlarımı götürün, lütfən. Dediyim kimi tarixin axışı və Allahın təqdiri bizdən yanadır. O şərəfli üçrəngli bayraq Türk bayrağı olaraq sonsuza qədər nazlı-nazlı dalğalanacaq, inşallah. Azərbaycanlı qardaşlarımızın üstünə oynanan beynəlxalq, millətlərarası bir çox oyun var. İnşallah onların fərqinə vararlar. Qərbin dərdi Azərbaycanın sərvətidir. Baxın, bu gün Amerikada təbii fəlakətlər olur. Bir iddiaya görə 2070-ci ildə Quzey Amerikada insanların yaşaya bilməyəcəyi bir iqlim şərait olacaq. Elm adamları söyləyir bunu. Dünyanın ən gözəl yeraltı sərvətlərinə və iqlim şərtlərinə sahib bir bölgədə yaşayırıq. Bunun fərqində olmalıyıq. Ağıllı olaq, bir olaq, bərabər olaq və türkülərimizi zənginlik və azadlıq içində söyləməyə davam edək.
Baxın, orda bir Günəş doğur, o Günəş bütün dünyanı aydınladır, eyni zamanda dua edək ki, o, insanları ayırd etmədən zənginlik və sülh gətirəcək bir Günəş olsun. Allah Azərbaycanı və Türkiyəni qorusun!

- Amin!!!

Müsahibəm beləcə yekunlaşır. Fateh bəy mənim simamda bütün azərbaycanlıları bağrına basır, mən də ona hər kəsin sevgisini əlini öpməklə çatdırıram. “Ozanlar əl öpməzmiş, ozanların əli öpülərmiş...”

İstanbuldan xüsusi olaraq
Nigar İsfəndiyarqızı