Azərbaycan məhsullarının ixracına dair müqavilələr imzalanıb
Bakı Biznes Mərkəzində
"Made in Azrebaijan" brendinin təbliği sahəsində həyata keçirilən tədbirlər,
eləcə də Almaniyanın Köln şəhərində keçirilmiş "ANUGA" Beynəlxalq
Ərzaq Sərgisinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar,
iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı
qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait,
ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları,
"Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici
investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.
Oktyabrın 7-11-də Almaniyanın Köln şəhərində
keçirilmiş "ANUGA” Beynəlxalq Ərzaq Sərgisi barədə danışan AZPROMO-nun vitse-prezidenti
Yusif Abdullayev bildirib ki, sərginin qida və içkilər pavillionlarında Azərbaycan
"Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunub. İqtisadiyyat
Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə bu pavillionlarda Azərbaycan şirkətlərinin meyvə
şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, meyvə, fındıq, qənnadı
məmulatları, çay, quru meyvə və s. məhsulları nümayiş olunub. Qeyd edilib ki,
Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli
və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları
barədə geniş məlumat verilib.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, sərginin
keçirildiyi 5 gün ərzində Azərbaycanın "Made in Azerbaijan” vahid ölkə stendi və
burada təqdim edilən 20-dən çox yerli şirkətimizin məhsulları sərgi ziyarətçiləri
və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb. Belə ki, xarici ölkələrdə keçirilən digər sərgilərdə olduğu
kimi, "ANUGA” Sərgisində də Azərbaycanın bir sıra məhsulları, xüsusilə nar və
nar şirəsi ziyarətçilərin və şirkətlərin diqqət mərkəzində olub. Azərbaycanın
"Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi ixracına dair müqavilə imzalayıb,
Qətərə "+more” markası ilə müxtəlif meyvə şirələrinin ixracına dair ilkin
razılıqlar əldə edib. "Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış
şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100
ton və 18 ton nar ixracına dair sifarişlər alıb,
"Aqro-Azerinvest” MMC isə Almaniyaya "Goldenes Baku” markalı nar şərabının
ixracına dair razılıq əldə edib. Bundan başqa, "Sirab” şirkəti Səudiyyə Ərəbistanına
mineral suların ixracına dair danışıqlara başlayıb.
Xüsusi emal
üsulu ilə qurudulmuş xurma istehsal edən "Bal Xurma” şirkəti Argentina,
Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir
sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib.
Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron” MMC isə sərgi çərçivəsində
Rumıniyaya ixraca dair danışıqlar aparıb.
Azərbaycanın fındıq
istehsalçıları da sərgi çərçivəsində bir sıra müqavilələr imzalayıblar. Belə
ki, Azərbaycanın fındıq
istehsalçısı "Azərstar” Hollandiya və Danimarkanın satışla və qənnadı məmulatlarının
istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən,
"Azərstar” şirkəti oktyabr və dekabr aylarında bu ölkələrin hər birinə ilkin mərhələdə
22 ton fındıq ixrac edəcək. "Azərstar” həmçinin, İsveçrəyə 22 ton fındıq
ixracına dair danışıqlar aparıb.
"Xan EL” şirkəti 40 ton fındığın
İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb.
"Aqrovest” MMC Azərbaycan fındığının Hollandiya, Belçika və Lüksemburqa
ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb. Azerbaijan Hazelnut
Exporters Consortium (AHEC) isə İtaliyaya
48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin
razılıqlar əldə edib.
"ANUGA” Sərgisində "Made in Azerbaijan”
brendinin təbliği məqsədilə bir sıra promo materiallardan istifadə edilib. Belə
ki, sərginin girişlərində "Made in Azerbaijan”a dair reklam bannerləri yerləşdirilib,
ziyarətçilər üçün bələdçi və kataloqlarda "Made in Azerbaijan” reklam olunub.
Bundan başqa, sərgidə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən
video çarxlar nümayiş olunub.
Qeyd edək ki, "ANUGA” Beynəlxalq Ərzaq Sərgisi
Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü sərgidir. Bundan əvvəl
ölkəmiz "Gulfood 2017”,
"Worldfood Moscow” beynəlxalq ərzaq və "Prowein 2017” şərab sərgisində "Made
in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunub. Vahid ölkə stendinin təşkili
xərcləri dövlət büdcəsi hesabına qarşılanır.
Sərgidə iştirak etmiş şirkətlərin nümayəndələri
imzalanan sazişlər, əldə olanan razılaşmalar barədə məlumat verib, sahibkarlığın inkişafına, ixracatçılara
göstərilən böyük diqqət və qayğıya, dəstək tədbirlərinə görə dövlət başçısına
minnətdarlıqlarını bildiriblər.
Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.