• çərşənbə axşamı, 23 aprel, 16:28
  • Baku Bakı 24°C

Azərbaycan məhsullarının ixrac potensialı və prioritet hədəflər

16.01.18 11:00 4624
Azərbaycan məhsullarının ixrac potensialı və prioritet hədəflər
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 176 ölkədən idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya, 2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini Ukraynaya, qalan 17,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Azərbaycan ixrac imkanları daha hansı ölkələr və məhsullar hesabına genişləndirə bilər? Hansı ölkələr ixrac məsələsində Azərbaycan üçün prioritet sayılmalıdır? Məsələ ilə bağlı ekspertlərin fikrini öyrəndik.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, 2017-ci ildə Azərbaycanın ixrac potensialının və həcminin artması iki əsas faktorla bağlı idi: "Bunlardan biri bazarda neftin qiymətində proqnozlaşdırılandan daha çox qiymət artımlarının qeydə alınmasıdır. Bunun nəticəsi olaraq ölkəmizin netf satışından əldə etdiyi gəlirin həcmi artdı. İkincisi isə qeyri-neft ixracatında artım müşahidə olundu. Azərbaycanın qeyri-neft məhsullarının ixracı 2017-ci ildə 24% yüksəldi. Bu da qeyri-neft sektorundan əldə olunan gəlirin artmasına şərait yaratdı. 2017-ci ilin yekunları göstərir ki, bu potensialımızdan istifadə etməklə, ölkəyə daha çox valyutanın cəlb edilməsinə nail ola bilərik. Sözsüz ki, qeyri-neft sektoru məhsullarının ixracında yeni bazarlara çıxış imkanın genişləndirilməsinə ehtiyac var. Əbəs yerə deyil ki, ölkə prezidenti həmişə məhsulların ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxarılması ilə bağlı göstərişlər verir”.
Müsahibimiz hansı bazarların daha perspektivli ola biləcəyi ilə də bağlı fikirlərini bölüşdü: "Avropa Birliyi və Yaxın Şərq bazarı ölkəmiz üçün daha çox potensiallı və gəlir gətirən bazarlardandır. Avropa Birliyinə ixrac imkanlarımız xüsusilə də, sertifikatlaşdırmanın və məhsul standartlarının genişlənməsi hesabına həyata keçirilir. Avropa Birliyi Azərbaycan üçün potensial yeni bazarlardan biridir. Bu, 500 milyon istehlakçısı və alıcılıq qabiliyyəti kifayət qədər yüksək olan bir bazardır. Bundan başqa, Körfəz ölkələri, xüsusilə aqrar məhsullarımızın ixracı üçün əlverişli bazarlardandır”.
"Azərbaycan hazırda qida və aqrar məhsulların ixracını daha çox həyata keçirir” deyən iqtisadçı ekspert bildirir ki, sənaye məhsullarının ixracının da artırılması hədəfdir: "Sənaye məhsullarının ixracının artırılması qeyri-neft sektoru məhsullarının ixracının həm əmtəə olaraq, həm də keyfiyyət baxımından delifikasiyasının əldə olunmasına imkan yarada bilər. Bu baxımından düşünürəm ki, qida məhsulları ilə yanaşı, xüsusən də sənaye məhsullarının ixracının artırılması prioritet olmalıdır”.
İqtisadçı Samir Əliyevdeyir ki, ixrac potensialımızı artırmaqla ölkəyə valyuta axınını da təmin etmiş oluruq: "Hansı ölkələrə ixracın artırılması baxımından bir söz deyə bilmərəm, çünki bunun üçün ciddi araşdırma işi aparmaq lazımdır. Amma reallıq budur ki, Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu inkişafa gedən yol da ixracı genişləndirməkdən keçir. Çünki Azərbaycan bazarı çox kiçikdir. Biz ixracyönlü siyasət yeritməliyik. Belə ki, xarici bazara çıxış əldə etməklə həm ölkəni valyuta ilə təmin edirik, həm də yeni texnologiyaları gətiririk. İxrac potensialını artırmaq üçün ilk olaraq rəqabətədavamlı məhsul istehsal etmək lazımdır”.
İqtisadçı qeyd edir ki, məhsul ixracında iki amil əsas rol oynayır: "Birinci qiymət, ikinci isə keyfiyyət amilidir. Keyfiyyətin yüksək olması çox vacibdir. Bir qayda olaraq, keyfiyyət yüksək olanda, bu zaman məhsulun qiyməti də bahalaşır. Misal üçün Avropa məhsullarına nəzər salsaq, görərik ki, həm keyfiyyət, həm də qiymət baxımından göstəricilər yüksəkdir. Amma Asiya ölkələrinin məhsulları üçün bunu demək mümkün deyil. Həmin məhsulların qiyməti istehlakçılar üçün əlverişli olsa da, Avropa ölkələri ilə müqayisədə keyfiyyət baxımdan aşağıdır. Bazarda daimiliyi qorumaq üçün yüksək keyfiyyət vacibdir”.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov bildirdi ki, ölkə iqtisadiyyatı 2017-ci ildə genişlənib və buna müvafiq olaraq ixracımız da genişlənib. Xarici ticarət əlaqələrimizdə əvvəlki 2 ildən - 2015 və 2016-cı ildən fərqli olaraq, müsbət dəyişikliklər baş verib: "Məlumdur ki, makroiqtisadi sabitlik üçün tələb olunan əsas şərtlərdən biri məhz xarici ticarət dövriyyəsinin müsbət saldoya malik olmasıdır, yəni ixracın idxalı üstələməsidir. Bu, ölkəyə valyuta axını deməkdir. Başqa sözlə desəm, xərclədiyindən çox qazanırsan deməkdir”.
Müsahibimiz deyir ki, ixracı bir anda dəfələrlə qaldırmaq əsla mümkün deyil. Bu mexanizmə kompleks tədbirlərin bir hissəsi kimi yanaşmaq lazımdır: "İxrac yetərincə mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət-kəmiyyət kimi məsələlər daxildir. Eyni zamanda, xarici bazarlardakı durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər də nəzərə alınmalıdır. Bu mənada, fikrimizcə, Azərbaycan ixracını hələ ki, sırf xammal tədarükü üzərində qursa, daha məsləhətlidir. Bununla yanaşı, emal məhsullarına, xüsusən də, kənd təsərrüfatı məhsullarının emalına diqqət yetirmək vacibdir”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov deyir ki, Dövlət Statistika Komitəsinin rəsmi saytında idxal ixrac əməliyyatlarının həcminə dair 2017-ci ilin 10 aylıq göstəricilərinə əsasən, ötən ilin yanvar-oktyabr aylarında idxalın həcmi müəyyən qədər azalıb, ixracın həcminin isə əksinə, 2016-cı ilin 10 ayı ilə müqayisədə artdığı məlum olur: "İxracda daha böyük artım ölkə iqtisadiyyatının real sektorunda baş verib. Bu, müsbət haldır və onu qeyri-neft sektorunun inkişafı istiqamətində hökumətin atdığı addımların məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Lakin unutmaq olmaz ki, real sektordan bugünkü ixracın həcmi ümumi ixracımızın 13,5 faizindən çox deyil. Ona görə də bu sahədə hələ çox işlər görülməli və real sektordan ixracın həcmini yaxın 2-3 il ərzində ən azından 6-7 dəfə artırmaq prioritet hədəf olmalıdır. Belə olan halda, ölkə iqtisadiyyatının, onun maliyyə durumunun neftdən asılılıq səviyyəsini optimallaşdıra bilərik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər