• çərşənbə, 24 Aprel, 18:23
  • Baku Bakı 23°C

“Azərbaycan mediasının əlçatmaz mövzu problemi yoxdur”

20.06.15 11:17 2686
“Azərbaycan mediasının əlçatmaz mövzu problemi yoxdur”
Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin gələn ay 140 illiyi tamam olur. Ötən 140 il ərzində müxtəlif mərhələlərdən keçən Azərbaycan mətbuatı indi özünün inkişaf dövrünü yaşayır. Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. Ölkəmizdə internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, əhali arasında internet yayımı 75 faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb. Milli mətbuatın 140 illiyi, müasir cəmiyyətimizdə mətbuatın yeri və rolu, üzləşdiyi problemlər və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid cavablandırır.
- Rəşad müəllim, qarşıdan Azərbaycan mətbuatının növbəti yubileyi gəlir. 140 ildir mövcud olan Azərbaycan mətbuatı müasir dövrdə ictimai-siyasi həyatımızda hansı rola malikdir?

- Azərbaycan milli mətbuatı yarandığı andan etibarən dövrün qabaqcıl ideyalarını təbliğ edib, geriliyə, dini mövhumata və cəhalətə qarşı mübarizə aparıb. İnsanlar arasında ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib. Azərbaycan mətbuatının bayraqdarı hesab edilən “Əkinçi”nin bəyan etdiyi prinsiplər ondan sonra çıxan mətbuat orqanları üçün də nümunə olub. Bu prinsipləri əldə rəhbər tutan, “Əkinçi”nin ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə də dövrün mütərəqqi fikirlərini öz səhifələrində əks etdirib, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarıb. Ciddi senzura və qadağalara baxmayaraq, bu mətbuat orqanları milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynayıblar. Nəticə etibarilə bu, XIX əsrin sonları və XX əsrin əvvəllərində görkəmli mütəfəkkirlərin, Şərqdə ilk demokratik cümhuriyyət yaradan Azərbaycan ziyalılarının meydana çıxmasına, insanlarda milli şüurun oyanmasına, milli kimliyin dərkinə səbəb olub. Sovetlər birliyi dövründə də Azərbaycan dilinin qorunmasında, geniş ziyalı kütləsinin yetişməsində, ümumilikdə xalqın maariflənməsində milli mətbuatın rolu böyük olub. XX əsrin sonlarında Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra da milli mətbuat xalqın həyatında mühüm rol oynayan orqana çevrildi. Bu gün də milli mətbuat öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməkdədir. Mətbuatın inkişafına dövlət səviyyəsində də diqqət yetirilir. Azərbaycan Mətbuat Şurası vasitəsi ilə hazırda ölkə mediası özünütənzimləyir, müstəqil fəaliyyət göstərir. Bununla bərabər, milli mətbuata Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə də iqtisadi yardımlar edilir, onların ən müxtəlif layihələri maliyyələşdirilir, jurnalistlər arasında müxtəlif müsabiqələr keçirilərək qaliblər mükafatlandırılır. Bu günə qədər Azərbaycan Prezidenti tərəfindən mətbuatın inkişafı, jurnalistlərin fəxri adlarla təltif edilməsi, bu sahədə çalışanların mənzil-məişət şəraitinin yaxşılaşması üçün bir neçə fərman və sərəncam imzalanıb. Bir neçə gün bundan öncə isə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Təbii ki, bütün bunlar ümumilikdə medianın, o cümlədən də mətbuatın inkişafına öz töhfəsini verir, onun cəmiyyətdəki təsirini və rolunu daha da artırır.
- 140 il bundan öncə milli mətbuat çox ciddi senzura, müxtəlif qadağalarla üzləşir və bu, böyük narahatlıq doğururdu. Bəs, bu gün Azərbaycan mətbuatını, eləcə də bütövlükdə medianı narahat edən əsas problemlər hansılardır?

- Azərbaycan milli mətbuatı yarandığı dövrlərdə çar senzurası olub. Sovetlər birliyi dövründə də bu senzura bir qədər fərqli formada öz mövcudluğunu qoruyub saxlayıb. Müstəqilliyimizi ikinci dəfə bərpa etdikdən sonra da mətbuata nəzarət funksiyasını yerinə yetirən orqan fəaliyyət göstərirdi. Lakin ümummilli lider Heydər Əliyevin müvafiq qərarı ilə 1998-ci ildə bu senzura idarəsi ləğv edildi. Düzdür, bundan sonra müəyyən jurnalist-məmur qarşıdurması problemləri halları yaşandı. Ancaq indi bu problem də arxada qalıb. Hazırda Azərbaycan mediası istənilən mövzuya müraciət edərək, müstəqil şəkildə, heç kimdən icazə almadan onu işıqlandıra, ictimailəşdirə bilər. Son vaxtlar internetin, sosial medianın ölkədə inkişafı ilə söz və mətbuat azadlığının əhatə dairəsi daha da genişlənib. Azərbaycan mediası bu azadlıqdan yararlanaraq, ölkənin həyatında mühüm rol oynayır, demokratik prinsiplərin daha da inkişafına təsir edir. Media cəmiyyətin bütün sahələrinə müdaxilə edə, cəmiyyəti narahat edən istənilən məsələni, qüsurları və uğurları gündəmə gətirə bilir. Bu baxımdan, Azərbaycan mediansının əlçatmaz mövzu problemi yoxdur. Hazırda ölkə mediasının üzləşdiyi əsas problem müəyyən iqtisadi çətinliklərlə bağlıdır. Reklam bazarı məsələsi medianı bəzi iqtisadi problemlərlə üz-üzə qoyur. Arzu edərdim ki, gələcəkdə reklam bazarı problemi öz həllini tapsın, Azərbaycan mediası, o cümlədən milli mətbuat iqtisadi cəhətdən daha da güclü olsun, bu sahədə kənar köməklərə, dəstəyə ehtiyac duymasın.
- Peşəkarlıq məsələsi necə, müasir medianı, o cümlədən mətbuatı narahat etmirmi?

- Peşəkarlıq problemi iqtisadi çətinliklə əlaqədardır. Çünki bir çox peşəkarların da mətbuatdan uzaqlaşmasına səbəb işlədiyi orqanın iqtisadi cəhətdən geniş imkanlara malik olmamasıdır. Məhz bu səbəbdən o peşəkarlar daha yüksək əməkhaqqı olan sahələrə üz tuturlar. Əgər mətbuat iqtisadi baxımdan güclənsə, peşəkarları saxlaya biləcək. Blə olmayanda mətbuat qeyri-peşəkarların gücünə arxayın olur, bəzi “jurnalistlər”in əməyindən bəhrələnir. Təbii ki, bu da sonda bir sıra problemlərə gətirib çıxarır. Əgər peşəkar jurnalist kadrların yetişdirilməsindən söhbət gedirsə, bu məsələnin həllini tapması üçün dövlət universitetləri və Mətbuat Şurası səviyyəsində müəyyən addımlar atılmaqdadır. Bir sıra hallarda jurnalistikanın yalnız prestijinə maraq göstərərək bu sahəyə gələn adamlar da olur. Hesab edirəm ki, bu da müvəqqəti, keçid xarakteri daşıyan hallardır. Zaman keçdikcə jurnalistikamızda peşəkarlar daha da artacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər