• cümə, 26 Aprel, 01:03
  • Baku Bakı 16°C

“Azərbaycan mediasında qeyri-peşəkarlıq problemi var”

14.07.15 12:38 2485
“Azərbaycan mediasında qeyri-peşəkarlıq problemi var”
Aydın Quliyev hesab edir ki, dövlət və jurnalist təşkilatlarının apardığı iş nəticəsində bu problem də gec-tez həllini tapacaq

Bir neçə gün bundan öncə bəzi internet media qurumları Bərdə rayonunda baş verən intihar hadisəsini “şok” xəbər kimi yaydılar. Həmin məlumatda qeyd olunurdu ki, 1992-ci il təvəllüdlü Bərdə rayon sakini Dadaşov Elşad Vaqif oğlu Bərdə şəhərindəki Qəhrəmanlıq parkı adlanan ərazidə Tərtər çayı üzərindəki körpüdən özünü asaraq intihar edib. Ailəli gəncin intihar etməsinə səbəb kimi isə onun banka kredit borcunun olması göstərilirdi. Çox təəssüf ki, səhəri gün bir sıra mətbuat orqanları da bu xəbəri olduğu kimi öz səhifələrində dərc etdilər. Hətta həmin qəzetlərin bəzisi “banka kredit borcu olan gəncin intihar etməsi” ilə bağlı ekspertlərin də rəyini öyrənərək, bu hadisəni daha da dramatikləşdirməyə çalışdılar. Amma nə xəbəri yayan saytların, nə də bu xəbəri tirajlayan qəzetlər alternativ mənbədən istifadə etmək, informasiyanı dəqiqləşdirmək üçün cəhd göstərdilər. Sonda Azərbaycanın Mərkəzi Bankı özü açıqlama yayaraq, Bərdə rayonunda baş vermiş intihar hadisəsində mərhumun guya kredit borcuna görə bu yola əl atması xəbərinə aydınlıq gətirdi. Məlum oldu ki, həyatına sui-qəsd edən E.Dadaşovun hər hansı kredit təşkilatına borcu olmayıb, ümumiyyətlə, intihar hadisəsi mərhumun kredit borcunu ödəyə bilməməsi ilə bağlı deyil. Beləliklə də bir sıra media orqanlarının jurnalistikanın prinsiplərinə riayət etmədikləri, əldə etdikləri informasiyanı dəqiqləşdirmədən, sadəcə, kimlərinsə ehtimallarına əsaslanaraq yaydıqları, qeyri-peşəkarlıq nümayiş etdirdikləri bir daha üzə çıxdı. Medianın peşəkarlıq problemi, jurnalistlərin ixtisaslaşmasının əhəmiyyəti, sosial və elektron medianın mətbuatı üstələməsi, təkrarçılıq tendensiyası və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev cavablandırır.
- Aydın müəllim, söhbətimizi Bərdədə baş vermiş intihar hadisəsi və bu barədə qeyri-obyektiv xəbərin mediada tirajlanması üzərində qurmaq istərdim. Sizcə, bu cür “xəbərçilik” cəmiyyətə və jurnalistikaya nə vəd edir?
- Bu danılmaz həqiqətdir ki, Azərbaycan mediasında qeyri-peşəkarlıq problemi var. Son hadisə barədə yanlış informasiyanın yayılması da bu problemdən irəli gələn məsələdir. Amma ümumən götürdükdə, 15 il əvvəlki dövrlə müqayisədə jurnalistlərin peşəkarlıq səviyyəsi xeyli artıb. Peşəkarlıq baxımından hazırda Azərbaycan mediasında şərti olaraq iki qütb var. Birincisi peşəkar jurnalistlər, ikincilər isə “xaltura” ilə məşğul olan, ucuz “şoular” hesabına gündəmdə qalmaq istəyənlərdir. Bu, təəssüf doğurur. Lakin peşəkarlıq probleminin həlli zamana bağlı məsələdir. Bu problem dövlətin, paralel olaraq da jurnalist təşkilatlarının apardığı işin nəticəsində gec-tez həllini tapacaq. Yəni jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müəyyən tədbirlərin həyata keçirilməsi, o cümlədən media orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlıqla bir araya sığmayan media orqanlarının, jurnalistlərin fəaliyyətinin ictimai qınağa tuş gəlməsi zəruridir. Bərdədə baş verən olaydan sonra yayılan xəbərlərdə də qeyri-peşəkarlıq açıq-aydın hiss olunmaqdadır. Bu xəbəri hazırlayan jurnalist və media qurumu etdiyi hərəkətin məsuliyyətini dərk etmədən, qeyri-obyektiv xəbərin cəmiyyətdə yarada biləcəyi rəyi, sarsıntını nəzərə almadan onu yayıb. Bununla o, jurnalistikanın prinsiplərini pozmaqla yanaşı, başqasının faciəsi üzərindən özünə reytinq qazanmaq yolunu tutub. Belələrinin “fəaliyyəti” adı ilə qeyd edilməlidir ki, cəmiyyət onları tanısın, ictimai qınaq obyektinə çevirsin. Vaxtilə Həsən bəy Zərdabi yaratdığı “Əkinçi” qəzetində insanları və cəmiyyəti çaşdırmağı deyil, onları doğru-düzgün maarifləndirməyi, məlumatlandırmağı əsas hədəf seçmişdi. Hətta o dövrdə belə, yoxlanmamış, fərdi xarakter daşıyan məlumatlar qəzet səhifələrinə çıxarılmayıb. Həsən bəy Zərdabi miqyasına görə lokal görünən, məişət xarakterli hesab olunan, ancaq məzmununa görə ümummilli maraqları özündə ehtiva edən məsələlərə toxunurdu. Acınacaqlı haldır ki, müasir dövrdə bəziləri Zərdabi ənənələrini davam etdirməyi deyil, ucuz yolla populyarlaşmaq, “şou” və “şok”larla gündəmə gəlməyi üstün tuturlar. Belələri insanların mənəviyyatına, hissiyyatına toxunur, həssas sosial və mənəvi məsələlərə dair yanlış məlumatlar yayır, cəmiyyətdə çaşqınlıq, narahatlıq yaradırlar. Jurnalistikanın hədəfi bunlar olmamalıdır, bundan cəmiyyət heç nə qazanmır. İnanıram ki, zamanla media bu cür “ağ ləkələrdən” təmizlənəcək.
- Peşəkar jurnalistikanın qeyri-peşəkarlardan təmizlənməsi üçün ixtisaslaşma mühüm çıxış yolu sayıla bilərmi?
- Əlbəttə ki, bu, olduqca vacib məsələdir. Azərbaycan mediasının ixtisaslaşma adlı ciddi problemi var. Bu problem həm təhsilin daha da gücləndirilməsi ilə aradan qalxacaq, həm də jurnalistin fəaliyyəti dövründə konkret sahə üzrə ixtisaslaşması ilə. Ötən aylarda Dövlət Neft Şirkəti Mətbuat Şurası ilə birlikdə olduqca maraqlı bir layihə həyata keçirdi. Neft-qaz sektorundan yazan jurnalistlər üçün treninqlər təşkil etdi. Bu layihə neft-qaz sektorundan yazan jurnalistlər üçün əla fürsət idi. Onlar təlimlərdə kifayət qədər sahə bilikləri əldə etdilər, gələcəkdə əməkdaşlıq etmək, alternativ informasiyaya çatmaq üçün mütəxəssislərlə tanış oldular. Bu, ənənə halını almalı, davamlı xarakter daşımalı, başqa sahələrdə də tətbiq edilməlidir. İxtisaslaşma jurnalistlərin peşəkarlıq səviyyəsinin daha da artmasında əhəmiyyətli rol oynayır. Amma ümumən götürsək, Azərbaycanda bəzi media qurumları var ki, orada jurnalistlərin peşəkarlığı yüksək səviyyədədir. Onlar öz məsuliyyətlərini dərk edərək, işlərinə ciddi yanaşır və fəaliyyətləri ilə cəmiyyətə fayda verirlər.
- Azərbaycanda 5 minə yaxın kütləvi informasiya vasitəsinin dövlət qeydiyyatından keçdiyi bildirilir. Bu çoxluğun özü də jurnalistika üçün əlavə problem yaradırmı?
-Azərbaycanda çoxsaylı media orqanlarının qeydiyyatdan keçməsi özlüyündə heç bir problem deyil. Ölkəmizdə demokratik institutların, qeyri-hökumət təşkilatlarının, eləcə də digər subyektlərin qeydiyyat məsələsinin tam şəffaf və sərbəst mühitdə həyata keçirilməsinin göstəricisidir bunlar. Demokratik cəmiyyət quruculuğu yolunda addımlayan bir ölkə üçün bütün bunlar normal hadisədir. Müəyyən subyektlərin qeydiyyatdan keçməsi üçün süni əngəllər yaratmaq mümkün deyil. Bu, ölkənin imicinə də müsbət heç nə gətirməz. Ancaq zaman keçdikcə, bu sahədə öz-özünə təmizlənmə, “ələnmə”, saflaşma prosesi gedir. Baxmayaraq ki, 5 minə yaxın media qurumu dövlət qeydiyyatından keçib, onların fəaliyyət göstərən hissəsi getdikcə azalmaqdadır. Bu gün həmin media qurumlarından 30 faizi ancaq fəaliyyət göstərir. Əslində bizə də bu lazımdır ki, peşəkar jurnalistika ilə məşğul olan, ictimai rəyə təsir etmək gücündə olan media qurumları yaşasın. Dünya da görür ki, Azərbaycanda media qurumu təsis etmək, onu qeydiyyata aldırmaq tam şəffaf və sadə prosesdir. Bunlar arasında rəqabətə davam gətirən yaşayır, fəaliyyət göstərir, peşəkar jurnalistika ilə məşğul olmayanlar isə tədricən sıradan çıxır.
- Mediada təkrarçılıq tendensiyası da hiss olunmaqdadır. Sizcə, bu vəziyyətin qarşısını almaq üçün nə edilməlidir?
- Azərbaycanda bütün cəmiyyətin marağında olan proseslər bir neçə ildən bir təkrarlanır. Misal üçün, prezident, parlament və bələdiyyə seçkilərini götürək. Bu seçkilərin keçirildiyi ay və illərdən sonrakı müddət ərzində proseslər sabit axarı ilə gedir. Belə hallarda bütün cəmiyyətin maraq və diqqətini cəlb edən xəbərlərin istehsal edilməsi xeyli çətinləşir. Ona görə də hər hansı informasiya digər media qurumları tərəfindən də təkrarlanır. Yəni təkrarçılıq ilk növbədə ölkədə baş verən proseslərlə əlaqədardır. Digər tərəfdən bu, müəyyən qədər peşəkarlıqla da əlaqəlidir. Çünki hazırda bir çox media orqanları xəbəri, informasiyanı ancaq paytaxt Bakıda axtarırlar. Bölgələrdə, rayonlarda, ən müxtəlif sahələrdə xəbər axtarmaq sanki yaddan çıxıb. İndi əsasən siyasətdən, sosial sahədən xəbərlər istehsal olunur. Təbii ki, bu da təkrarçılıq yaradır. Bunun qarşısını almağın yolu jurnalist peşəkarlığının artırılmasından, digər sahələrə də maraq və diqqətin artırılmasından keçir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər