• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

Azərbaycan mediası üçün yeni mövzuda ilk yazı

04.03.14 13:51 2174
Azərbaycan mediası üçün yeni mövzuda ilk yazı
Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Araşdırma, səbəblərə işıq salma insanın fitrətindədir. Elm və alimlik fəaliyyəti, həmçinin elmi jurnalistika da elə bu fitrətdən irəli gəlmiş, formalaşmışdır.
Elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Belə ki, jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz "laboratoriyasında" sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır.
Qələmin üç bucağı

Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərlə oxucular arasında əlaqə yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələndirməkdir. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır. Bu tip materiallar müxtəlif ölkələrdə eyni mövzuda tədqiqat aparan alimləri bir-birlərinin elmi nəticələri ilə tanış etməkdə yardımçı olur. Odur ki, ABŞ və Avropada "science journalism" adı ilə məşhur olan elmi jurnalistikaya "elmi əlaqələndirmə" (science communication), "ictimai üslubda elm" (public understanding of science) də deyirlər. Elmi jurnalistləri isə "elmi yazarlar" da adlandırırlar. Nəticə etibarilə bu tip jurnalistika elmin təbliği və əlaqələndirilməsi funksiyasını daşıyır. Məşhur "National Geographic", "NewScientist", "Discovery", "Nauka i Jiznи" və bu tip digər jurnallar, həmçinin televiziya kanalları tərəfindən yayımlanan məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.
Təcrübədən çıxarış

ABŞ və İngiltərənin qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər kəs üçün açıq olan təlimat xarakterli proqramlar yerləşdirmişlər. Faydalanmış olduğum materiallarda elmi jurnalistikaya yeni başlayan müxbirlər üçün dəyərli məsləhətlər yer alır. O proqramlarda elmi jurnalistikanın qaydaları barədə yazılanları bir neçə abzasla ifadə etmək, təbii ki, mükün deyildir. Amma qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin çap olunmuş elmi məqalələrindəki faktlar əsasında hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə mütəxəssisin məlumatları üzərində araşdırılır və yazılır. Elmi jurnalistikada alim müsahibəsinə əsaslanan materiallar yayıma yararlı hesab olunmur, mövzunun bir mütəxəssis üzərində özəlləşdirilməsinə yol verilmir.
Məqalə və sənədli filmlər informativ, yəni bol məlumatlı olmalıdır ki, bu da həm oxucunun intellektini artırır, həm də eyni istiqamətdə tədqiqatlar aparan alimləri bir-birinin elmi nəticələri ilə tanış edir və onlar arasında əlaqə yaradır. Bir çox hallarda alimlər bu tip materialların sayəsində dünyanın müxtəlif yerlərində həmkarları ilə əməkdaşlıq əlaqələri qurur və birgə tədqiqatlar aparır. Bununla jurnalist elmin inkişafına öz töhfəsini vermiş olur.
Akademik Akif Əlizadənin təşəbbüsü ilə 2004-cü ildə Geologiya İnstitutunda İctimaiyyətlə əlaqələr şöbəsi təşkil olunmuşdur. Görkəmli alimin daha bir uzaqgörən təşəbbüsü ilə elmi müəssisənin tədqiqatları 2006-cı ildən etibarən xarici KİV-lərə də təqdim edilmişdir. Bu müddətdə ABŞ-ın "Natural History" (təbiət tarixi), İngiltərənin "NewScientist" (alim xəbərləri) jurnallarında dərc olunmuş məqalələrimdən sonra müxtəlif ölkələrdən xeyli alim azərbaycanlı həmkarları ilə müştərək tədqiqatlar aparmaq üçün internet ünvanıma məktublar yazmışlar. Ümumiyyətlə, Amerika və Avropada elmi-publisistik məqalələrin oxucuları təəssüratlarını müəlliflə bölüşməyə meyillidirlər. Alim, müəllim, həkim, tələbə və digər ziyalılardan bu cür təəssüratlar məni jurnalistikanın bu sahəsinə daha da həvəsləndirmişdir.
Amerika və Avropa ölkələrində alimlər arasında da elmi jurnalistlər formalaşır. Elmi nəticə barədə məqaləni məhz alimin özü daha dəqiq və dolğun məlumatla yaza bilir. Lakin əksər alimləri bu işdən çəkindirən onların elmi-publisistik üslubda qələmlərinin olmamasıdır.
Aylar çəkir

Elmi-publisistik üslubda olmayan yazılar bir neçə saat və ya gün ərzində hazırlandığı halda elmi jurnalistika materiallarının ərsəyə gəlməyi aylar tələb edir. Bu iş elmi jurnallarda xeyli məqalə araşdırmağı, lazım gələrsə alimlərin çöl tədqiqatlarına qatılmağı, yekunda faktları ehmalca əlaqələndirib kağıza köçürməyi tələb edir.
Amma iş bununla bitmir. Materialın ilkin variantı hazır olduqdan sonra mövzu üzrə 1-2 yerli və ya xarici alimə mütəxəssis gözü ilə oxumaq üçün təqdim olunur, müəyyən dəqiqləşdirmə, həmçinin redaktə işləri aparılır. Növbəti mərhələdə redaksiya heyəti jurnalistin araşdırma işindəki mövzunun aktuallığını və orijinallığı qiymətləndirir. Müsbət qarşılandığı təqdirdə yazıdakı faktlar redaksiyada yenidən araşdırılır. Beləcə, məqalə ictimaiyyətə təqdim olunana qədər aylar keçir.
Ən, ən, ən...

Elmi jurnalistika müxbirlik peşəsində ən yüksək keyfiyyətləri ilə fərqlənir. Dünya inkişafının yol xəritəsini tərtib edən elm qələm sənətinə çəkisini "ən" deyərək ifadə edə biləcəyimiz sanbal xüsusiyyətləri bəxş etmişdir. Ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparan, qonorar qazandıran məqalə və ya sənədli filmlər məhz elm əsasında hazırlananlardır. Məsələn, ən böyük auditoriya toplayan dedikdə etiraf etməliyik ki, "National Geographic", "Discovery", "Animal Planet" və digər jurnal, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şoubiznes mövzularından birini bəyənməyən ola bilər, amma elmi əsaslı təqdimatlar hər kəsin marağını cəlb edir. Hətta evdar qadın və fəhlənin də.
Bundan əlavə, ABŞ və Avropada elmi jurnalistika məqalələrinə 1-2 min dollar qonorar yazılır ki, bu da aylarla çəkilən zəhmətə, o cümlədən böyük dəqiqliklə aparılan araşdırmalara dəyər.
Nümunəvi vəlvələ

2014-cü il fevralın 10-da Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələdən sonra elmi əsası olmayan xeyli proqnoz xəbərləri dərc edildi. Bakıda dağıdıcı zəlzələ olacağı barədə məlumatlar ölkədə təşvişə səbəb oldu. Halbuki, Azərbaycan, ABŞ və Rusiya alimlərinin elmi məqalələrində Qafqazın geodinamik vəziyyəti barədə dolğun məlumat vardır. Onlardan istifadə edilsəydi oxucular KİV-lərin sayəsində bilərdi ki, zəlzələni proqnoz etmək mümkün deyildir. Elmi mənbələrdə Qafqazın geodinamik baxımdan gərgin ərazi olduğu, müəyyən ocaqlarda gərginliklərin toplandığı göstərilir, lakin heç bir alim məqaləsində regiona dair zəlzələ proqnozu vermir. Ümumiyyətlə, bir çox ölkədə alimlər zəlzələnin proqnozuna nail olmaq üçün artıq tədqiqat aparmır. Hətta belə fikir vardır ki, zəlzələnin baş verəcəyi dəqiq vaxtı açıqlamaq dövlətlərə iqtisadi baxımdan sərf etmir. Belə ki, proqnozdan sonra yaranan təşviş, bir şəhərin köçürülməsi və digər yerdə yenisinin salınması iqtisadiyyata zəlzələdən daha çox ziyan vurur. Zəlzələdən əvvəl və təkanlar zamanı əhalinin nə etməli olduğunu izah edən maarifləndirici materiallara da mediamızda, demək olar, rast gəlinmir. Yaranmış vəziyyət ölkə KİV-lərində elmə əsaslanma xarakterinin mövcud olmadığını, elmi jurnalistikaya və düzgün maarifləndirməyə böyük ehtiyacın yarandığını sübut edir.
Elmi jurnalistika Azərbaycanda mövcud deyildir, universitetlərdə də tədris olunmur. Ümumiyyətlə, “Google” axtarış sistemində ölkəmizlə bağlı “elmi jurnalistika” ifadəsinə rast gəlmək mümkün deyildir. Respublikamızda elmi jurnalistikanın formalaşma imkanlarından növbəti məqalədə geniş bəhs olunacaqdır.
Səid Hüseynov,
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
banner

Oxşar Xəbərlər