AZE | RUS | ENG |

Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir

Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir
Türkiyənin məşhur çap və elektron media qurumlarında görüşlər keçirilib


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfərləri davam edir. Noyabrın 20-də media təmsilçiləri Türkiyənin məşhur çap və elektron media qurumlarında görüşlər keçiriblər.

“Sabah qəzeti”nin redaksiyasında keçirilən görüşdə, qəzetin baş redaktoru Ərdal Şəfəq rəhbərlik etdiyi redaksiyanın imkanları barəsində məlumat verib. O, “Sabah qəzeti”nin hər gün 350 min tirajla çap edilərək satıldığını, həmçinin, reklamdan yüksək gəlir götürdüklərini bildirib. Ərdal Şəfəq Azərbaycanla bağlı xəbərlərə önəm verdiklərini, bu səbəbdən də, Azərbaycanda nəşr edilən qəzetlərin internet səhifələrini mütəmadi olaraq izlədiklərini qeyd edib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli görüş zamanı Azərbaycan mediasının durumu barədə ətraflı məlumat verib. İcraçı direktor Azərbaycan jurnalistlərinin Türkiyə mediasına xüsusi önəm verdiyini vurğulayıb və bundan sonra da qardaş ölkənin mediası ilə əlaqələrin inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Görüşün sonunda Ərdal Şəfəq nümayəndə heyətini redaksiyasının iş şəraiti ilə tanış edib.

Səfərdə olan media kapitanları “A Haber” Televiziyasının redaksiyasında da olublar. Genel yayım direktoru Çingiz Ər nümayəndə heyətinə Türkiyədə televiziyaların durumu, xəbər əldə etmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. Sonda o, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.

“Habertürk gazete”nin redaksiyasında nümayəndə heyətini redaksiyanın koordinatoru Güntay Şimşək qarşılayıb. O, qəzetin maliyyə imkanları, reklam gəlirləri, yeni texnologiyalarla təchizatı barədə məlumat verib. Qeyd edib ki, “Habertürk gazete” oxucularda maraq oyatmaq üçün bütün imkanlardan istifadə edib və hətta ilk dəfə olaraq ətriyyatlı səhifələrdən istifadəni də tətbiq edib. O, yeni texnologiyanın mahiyyəti barədə qonaqlara geniş məlumat verib.

Qeyd edək ki, İstanbula səfər etmiş nümayəndə heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Trend” İ.A. baş redaktor müavini Sevda Həmidova, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Respublika” qəzetinin baş redaktor müavini Hümmət Musayev, KİVDF-nin aparıcı məsləhətçisi Rəşad Rəhimov və Dialoq Avrasiya Platformasının ve Jurnalının Azərbaycan nümayəndəsi Mustafa Saatçi daxildirlər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219