• cümə, 19 Aprel, 09:50
  • Baku Bakı 13°C

«Azərbaycan mədəniyyətinin kitabını dünya dilində yazdım...»

13.03.14 10:32 1851
«Azərbaycan mədəniyyətinin kitabını dünya dilində yazdım...»
Sənətiylə şəxsiyyətini zirvədə tutmağı bacaran adamlar tarixdə qalmağa haqq qazanırlar. İstedad (əgər varsa) Allahın insanlara bir lütfüdür və onu yerə salmaq olmaz. Neyləməli ki, dövrümüz cılızlarla zəngindir. Zaman adlı xəlbirin onları ələyib saf-çürük edəcəyini bilsək də, hələlik onların içərisindəki safı və çürüyü ayırd eləmək bizim öhdəmizdədir.
Müsahibimiz Əlixan Səmədovdur. Bütün dünyanı “Sən gəlməz oldun” möcüzəsi ilə silkələyən nəfəsli musiqi alətləri ustası Əlixan bəy Azərbaycan musiqisinin sehrini ifalarında yaşayır və yaşadır.
Vətəndən uzaqda olan sənətkara suallarımızı ünvanladıq. Və istədik ki, yanında olmasaq da, onunla qürur duyduğumuzu bilsin. Necə deyərlər əlimiz çatmasa da ünümüz yetsin. Yetsin ki, arxasında can məmləkətin nəfəsini, gücünü hiss eləsin.
Bütün gəlməz olanların gələcəyi ümidilə...
- Əlixan Səmədovun gəlməyəni kimdi?

- Çoxları “Sən gəlməz oldun” mahnısının mənə aid olduğunu düşünür. Ona görə də bu cür suallarla tez-tez rastlaşıram. Mən, Azərbaycanın sevilən bəstəkarı Ələkbər Tağıyevin çox gözəl mahnılarından sadəcə birini dünyanın başa düşəcəyi dildə aranjiman elətdirib, musiqisevərlərə çatdırdım. Bu musiqi eyni zamanda Azərbaycanın milli musiqi aləti olan balabanı da bütün dünyaya tanıtdırdı. Mən buna görə özümü xoşbəxt hiss edirəm. Gözlədiyim birisi isə yoxdur...
- Türkiyədə azərbaycanlı olmaq çətin deyil ki?

- Türkiyəyə gəlməmişdən əvvəl dünyanın bir çox şəhərlərində olmuşdum. Hələ Sovet dövründə mən Almaniya, Fransa kimi Avropa ölkələrində konsertlərdə iştirak etmişdim. Türkiyəyə gələndə isə inanın ki, mənə elə gəldi ki, daha öncə mən buraları görmüşəm, tanıyıram ya da ki, burda nə vaxtsa yaşamışam. Hər kəs mənə doğma gəlir, sanki hamını tanıyıram. O gündən etibarən özüm-özümə dedim ki, bura mənim iki Vətənimdən biridir. Bir Azərbaycanlı olaraq da, hər hərəkətimin Azərbaycanın adına yazılacağını da gözəl bilirdim.
Məni tanıyan bütün Türkiyə vətəndaşı dostlarım, tanıdıqlarım, Azərbaycanı mənimlə daha da çox sevdi. Milliyətindən asılı olmayaraq hər kəs, yaşadığı yerə ayaq uydura bilirsə, ölkəsini sevirsə, dünyanın hər yerində çox asanlıqla yaşaya bilər. Bu saydıqlarımın heç biri olmayan hər hansı bir vətəndaş, elə öz vətənində də çətinlik çəkərək yaşayacaqdır.
-Sənətdə necə? Məkan anlayışı varmı?

- Türkiyədə Azərbaycanı, dünyada isə hər iki ölkəni təmsil edirəm. Hər iki vətənimdən hər hansı birini təmsil edəcəyimi biləndə də, həm məkana baxaram, həm də konsertin keyfiyyətinə. Bu cür məqamlarda məkan əsasdır.
- Musiqinin dili hansı alətdə daha güclüdür?

-Musiqinin dili olmaz. Yaxşı musiqi, gözəl musiqiçilərin vastəsiylə hər tərəfə yayılır. Hər musiqi alətini yaşadan, onun ifacısıdır. Sənətin pisi olmaz, sənətkarın olur!
- “Sən gəlməz oldun” dünyanın hər yerində tanınır. Məhz bu musiqi parçasının bu qədər populyar olmasının səbəbi nədir? Sizə görə...

- Yuxarıda da dediyim kimi elə bilin ki, mən, sadəcə Azərbaycan mədəniyyətinin kitabını dünya dilində yazdım...
Demək istəyirəm ki, bizim gözəl musiqilərimiz var, onları dünyaya çatdırmaq üçün dünyanın başa düşəcəyi dildə ifa etmək lazımdır. Elə musiqi ifaları var ki, Azərbaycanda çox sevilir, Türkiyədə və yaxud dünyada isə kimsə başa düşmür. Əsas olan dünya “saundunu” (səslənmə tərzi) bilərək, musiqi ifa etməkdir. Bunu hər hansı bir musiqiçi bacarırsa, onun dinləyiciləri mütləq artmağa başlayacaq.
- Bir sənətkarın həyatında neçə bu cür ifası olur?

- Hər musiqiçi ifa etdiyi musiqi alətinə, öz ürəyini qoyursa, inanın ki, fərqli bir ifa yaradır. Yox, başqalarının ifalarını əzbərləyərək ifa edirsə, o zaman, əzbərlədiyi musiqiçini yaşadır. Mən, balabandakı ifalarıma öz ruhumu ötürürəm.
- Sənətmi sənətkarı, sənətkarmı sənəti arxasınca aparır?

- Sənəti yaşadan sənətkardır.
- Türkiyədə yaşama səbəbi və orda Azərbaycan musiqisinə verilən qiymət...

- Bir insanın taleyi necə yazılmışsa elə də gedər. Yadıma gəlir, hələ universitet illərimdə tələbə yoldaşlarımla bir yerdə çay içərkən belə bir mövzu açıldı: - Kim hansı ölkədə yaşamaq istər? İnanın ki, hər kəs bir ölkə adı çəkdi, mənə növbə çatanda “buraxın yaşamağı, Türkiyəni görüm, ondan sonra ölsəm də qəm yeməm” demişdim. Və inanın ki, kim hansı ölkəni arzulamışdı, elə bu günə qədər də orada yaşayır. Allah mənə, həm görməyi, həm yaşamağı həm də, vətəndaşlığı nəsib elədi. Elə buna görə də mənim iki Vətənimdən biri Türkiyədir.
-Cılız adamların yeri haradır?

- Hər yerdə qarşılaşmaq mümkündür (gülür).
- Bu günlərdə bir məlumat oxumuşdum. Qətərdəki bir otelin lobbisində sizin “Sən gəlməz oldun” mahnısı çalınırmış və bizim jurnalistlərdən biri orda səfərdə olub, reportajında bunun qürurunu dilinə gətirmişdi. Bu, necə duyğudur? Bu musiqinin yayılmasında böyük rolu olan bir ifaçı kimi, özünüzü necə hiss edirsiniz?

- Bundan böyük qurur ola bilərmi? Təkcə Qətər yox, dünyanın bir çox ölkələrindən məni tanıyanlar zəng edib “bu dəqiqə filan ölkədə, filan yerdəyəm. Sənin musiqilərini dinləyərək kofe içirəm... Ətrafımdakı tanımadığım insanların sənin musiqini necə dinlədiklərini gözlərimlə görürəm, istəyirəm ki, hamısına deyim ki, bu musiqici mənim dostumdur... Çox gözəl bir duyğudur, dostum və səninlə bölüşmək istədim...” sözlərini mənə çatdıran çoxlu dostlarım var.
- Türkiyədə ney var. Mənə elə gəlir ki, o ney Tanrının insanlara bir lütfüdür və o çalınanda özümdən asılı olmadan Mövlananı düşünürəm. Sizi musiqidə ilahilişdirən nə oldu?

- Ümumiyyətlə mənə elə gəlir ki, nəfəsli musiqi alətlərinin ən əsas xüsusiyyəti elə budur. Mən həmişə, balabanı əlimə alanda özümdən asılı olmadan gözlərim bağlanır, özümü başqa bir dünyada hiss edirəm, ruhumla, nəfəsimlə ifa elədiyim musiqini yaşayıram. Və elə bilirəm ki, bir yuxuya səyahət eləyirəm. O yuxu nədisə, məni dinləyən dinləyicilərim də onu yaşayırlar. Bir musiqiçi olaraq bunu bacara bilirsənsə hədəfinə çatmısan, deməkdir.
- İdealınız kimdir?
- Bəlkə də bir idealım olmadığı üçün bu sual mənə maraqlı gəldi. Amma başqa cür olsaydı, məsəlçün, “bu sənətdə daha nələr eləmək istərdiniz?” deyə sorsaydınız, o zaman deyərdim ki, ürəyim doludur. Görmək istədiyim çox işim var, inşallah Allah izin verir, heç olmasa düşündüklərimin yarısını həyata keçirə bilərəm. Hələ görəcəyim çox işlərim var, inşallah hamısı ardıcıllıqla həyata keçər...
- Azərbaycan deyiləndə ağlınıza ilk gələn şəxs...

- Anam. Azərbaycan deyiləndə ağlıma birinci ANAM gəlir... Allah ona uzun ömür versin...
- Amin. Bizə sözünüz...
- Mən Azərbaycanımı çox sevirəm. Sizdən xahişim, Azərbaycanımız üçün yaşayıb-yaradan hər insanı yaşadın ki, sizdən aldıqları ilhamla, daha da çox yaşayıb yaratsınlar. Onlara yalnız olduqlarını hiss etdirməyin. Heç olmasa bunu eləyin...
HƏR ŞEY KÖNLÜNÜZCƏ OLSUN!!!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər