• cümə axşamı, 25 aprel, 00:37
  • Baku Bakı 19°C

Azərbaycan mədəniyyətinin dünyada təbliği

04.12.19 11:00 1163
Azərbaycan mədəniyyətinin dünyada təbliği
Görülən işlər dəyərlərimizin, sənət nümunələrimizin milli çərçivədən çıxaraq dünya miqyasında yayılmasına və bəşəri mahiyyət kəsb etməsinə xidmət edir
Azərbaycan xalqı özünün zəngin milli, mənəvi və əxlaqi dəyərlər prinsipinə daim sadiq qalıb, bu dəyərləri daha da inkişaf etdirməklə əsrlərlə qoruyub saxlayıb. Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri də zənginləşib. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb və hazırda bu sahədə görülən tədbirlər davam etdirilir. Artıq uzun illərdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ölkəmizin səsini dünyaya yayır.
Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müstəsna xidmətləri danılmazdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açmış oldu. Azərbaycanın muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi. 2009-cu ildən başlayaraq, ölkə mədəniyyətinin tanıdılmasında mühüm işlər görülməyə başlanıldı. Belə ki, həmin il Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça sənəti, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti, 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi, bunlardan başqa, kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun müvafiq siyahılarına salınıb. Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb. Bunlardan başqa, 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarını da qeyd etmək lazımdır. Dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" adlı fotosərgisinin açılması, Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycan şəhərciyi"nin rəsmi açılışı da mədəniyyətimizin təbliği yönündə görülən işlərin ümumi siyahısına daxildir.
Mədəniyyət – xalqı təmsil edir
Yazıçı-kulturoloq Aydın xan Əbilov hesab edir ki, 21-ci əsrdə mədəniyyət və incəsənət sahələrində xeyli işlər görülüb. Belə ki, müxtəlif ölkələr, dövlətlər, bir çox təşkilatlar mədəniyyət vasitəsilə beynəlxalq aləmdə mənsub olduqları xalqı təmsil edirlər. Bu baxımdan, Azərbaycan mədəniyyəti də xaricdə çox güclü təbliğ olunmağa başladı. Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, ölkəmizlə bağlı sərgilər, müxtəlif beynəlxalq mədəniyyət hadisələri, layihələr, müsabiqələrlə yanaşı, həm də Bakıda keçirilən beynəlxalq humanitar, mədəniyyətlərarası forumlar, dinlərarası konfranslar da mühüm əhəmiyyət kəsb edir. Aydın xan bildirdi ki, Avroviziya, Avropa və İslam oyunları kimi böyük tədbirlər vasitəsi ilə də Azərbaycan mədəniyyəti dünyada tanıdılır. "Bu yöndə sözsüz ki, ən böyük iş Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın üzərinə düşür. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə də çox böyük tədbirlər keçirilir" – deyə həmsöhbətimiz əlavə etdi.
Ədəbi nəşrlərin təbliği
Ölkəmizdə kitab və nəşriyyat işi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Nəşrlərimiz dünyanın nüfuzlu beynəlxalq sərgilərində yer alır, beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülür. 2009-cu ildən etibarən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq kitab sərgi-yarmarkası keçirilir. Bu tədbir ölkə ictimaiyyətini dünyanın müasir kitab mədəniyyəti ilə tanış edir.
Şair-publisist Sabir Rüstəmxanlıqeyd edir ki, müstəqillik dövründə Azərbaycan mədəniyyətinin təbliği imkanları genişlənib, mədəniyyətimizin tərkibi daha geniş şəkildə təqdim olunur və daha geniş coğrafiyaya yayılıb. Bu, müstəqilliyin bizə verdiyi böyük imkandır. "Amma təəssüf ki, bu imkandan tam geniş şəkildə istifadə edə bilmirik. Məsələn, Azərbaycan mədəniyyətinin bütün növlərini rəngarəngliyi ilə təqdim etmək sahəsində təəssüf ki, qüsurlar, nöqsanlar var. Təəssüf ki, daha çox eyni simalar, eyni ədəbi janrlar təbliğ edilir. Azərbaycan ədəbiyyatının bir sıra dəyərli nümunələri var ki, bunlar ölkənin informasiya blokadasından çıxmağına kömək edə, erməni yalanlarının üstünü aça bilər. Onların xarici dillərdə tərcümə edilib yayılması son dərəcə vacibdir" – deyə S.Rüstəmxanlı vurğulayır. O, bir vaxtlar respublikamıza şöhrət gətirmiş klassik, simfonik musiqimizin təbliği məsələsinə toxunaraq qeyd etdi ki, Azərbaycanın opera və baleti sovet dönəmində daha geniş yayılırdı. Hazırda isə bu təbliğat məhduddur: "Yenə də deyirəm ki, müstəqil dövlətin imkanları çox genişdir. Biz bundan daha səmərəli şəkildə istifadə edə bilərik. Mədəniyyət milləti, dövləti hər şeydən daha yaxşı təbliğ edir və ölkəyə daha çox şöhrət gətirir. Bu imkanlardan daha yaxşı istifadə edə bilərik".
Həmsöhbətimiz bildirdi ki, Azərbaycanda son vaxtlar musiqi festivalları, o cümlədən Qəbələdə simfonik musiqi festivalı keçirilir. Bakıda da mədəniyyətlərarası dialoq və digər mövzularda forumlar təşkil olunur. "Məncə, bu işlərin coğrafiyasını daha da genişləndirmək mümkündür. Mənə elə gəlir ki, biz digər xalqların mədəniyyətini burada təbliğ etməkdənsə, özümüzün ədəbiyyat və mədəniyyətimizi daha çox kənarda təbliğ etməliyik və bu, hazırda çox vacibdir. Təəssüf ki, Azərbaycanda məsələn, Güney Azərbaycanın mədəniyyəti, musiqisinin təbliği sahəsində və yaxud türk dövlətlərinin mədəniyyətlərinin təbliği sahəsində az iş görülür".
Düşünülmüş dövlət siyasətinin məhsulu
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva bildirdi ki, Azərbaycan bu gün inkişaf dövründədr. Ölkəmizin bütün sahələr üzrə dünyada yüksək mövqeyə gəlib çıxması və tanınması, qəbul edilməsi heç də təsadüfi deyil. "Düşünürəm ki, bütün bunların arxasında düzgün və düşünülmüş dövlət siyasəti dayanır. Eyni zamanda, Azərbaycanın dünyada məqsədyönlü, planlı bir şəkildə tanıdılması və mövqelərinin daha da gücləndirilməsi yönündə həm xarici, həm də daxili siyasətin rolu var. Mədəniyyət sahəsinə gəlincə, mədəniyyətə diqqət və onun tanıdılması yönündə əlbəttə, dövlətin həyata keçirdiyi böyük, nəhəng layihələrlə bərabər, Heydər Əliyev Fondunun və onun prezidenti, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın adını mütləq çəkməliyik. Hər bir Azərbaycan vətəndaşı, Azərbaycanla yaxından maraqlanan hər bir dünya vətəndaşı da çox gözəl bilir ki, bu sahədəki işlərin, fəaliyyətlərin, əməllərin arxasında onun adı, imzası dayanır. Məhz onun, rəhbərlik etdiyi Fondun sayəsində Azərbaycanın çox qədim musiqi sənəti olan muğam sənəti dünyada tanındı və qəbul edildi. Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələri; opera, balet, rəssamlıq, heykəltəraşlıq sahəsində də nailiyyətlərimizin, ayrı-ayrı incəsənət, mədəniyyət xadimlərinin dünyada tanıdılması sahəsində də çox böyük işlər görülüb. Bu gün Azərbaycan rəssamlarının, musiqisinin, teatr və kinosunun dünyanın ən böyük konsert salonlarında, qalereyalarında sərgilənməsi, nümayiş etdirilməsi bizim nailiyyətlərimizdir".
Muğamı dövlət səviyyəsində təbliğ edilir
Xalq artisti Mənsum İbrahimov dedi ki, Azərbaycan çox qədim mədəniyyəti olan ölkə kimi yaxşı tanınır. Bizim muğamımız, böyük bəstəkarlarımız var. Azərbaycanın əzəmətli musiqiləri hər zaman qorunub və təbliğ olunub. Bu ənənə bu gün də davam edir. "Bizim muğam sənətimiz tarixin qan yaddaşından bu günə qədər gəlib. Bu gün də dövlət səviyyəsində himayə olunur. Musiqi sənətimizə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. Bunu xüsusi olaraq qeyd edim ki, hazırda Heydər Əliyev Fondunun prezidenti və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyətinə, xüsusi olaraq, muğam sənətimizə qayğısı göz önündədir. İstər Azərbaycanda, istər də beynəlxalq səviyyədə aparılan işlər, muğam televiziya müsabiqələri, beynəlxalq muğam festivalları onu deməyə əsas verir ki, bu gün dövlətimiz muğamımıza xüsusi diqqət ayırır". Mənsum müəllim əlavə etdi ki, görülən işlərin müsbət nəticəsi olaraq, onlarla gənc ifaçı sənətə gəlib. Onlar artıq sənətə vəsiqə qazanıblar. Artıq öz sahələri üzrə püxtələşmiş gənc ifaçılar hazırda musiqi sənətimizə xidmət edirlər. Onların bir neçəsinin fəxri adları da var. Həmin sənətkarlar bir sıra musiqi ocaqlarında çalışırlar və ölkəmizin qədim musiqi sənətini, muğamımızı bütün dünyada, eləcə də ölkəmizdə təbliğ edirlər. "Azərbaycan muğamı hazırda intibah dövrünü yaşayır. Heydər Əliyev Fondu yaranan gündən muğam sənəti özünün ikinci inkişaf dövrünə başlayıb. İstər Azərbaycan məkanında, dövlət tədbirlərində, istər el şənliklərində, istərsə də ölkə hüdudlarından kənarda musiqiçilərimiz muğamımızı layiqincə təmsil edirlər" – deyə sənətkar bildirdi.
M.İbrahimov sözarası onu da qeyd etdi ki, yüngül, bayağı, yad musiqilər bizim musiqimizə ayaq açır, dinləyici və tamaşaçıları narahat edir. Məzmunsuz, bayağı musiqilər dinləyicilərin zövqünü korlayır. "Əslində, bu proses yalnız bizdə deyil, bütün dünyada gedir. Bizdə isə ifrat dərəcədədir. Bu kimi hallara bir qədər nəzarət olunmalıdır. Belə hallar yetişməkdə olan gənc nəslin formalaşmasında təbii ki, özünün mənfi təsirini göstərir. Torpaqlarımız işğal altındadır və biz vətəndaş yetişdiririksə, vətənpərvərlik mövzusuna daha çox yer verilməlidir. Musiqimizin bu gün dünyada təbliği çox yaxşıdır. Hesab edirəm ki, bu təbliğat daha da çox olmalıdır. Mənfur qonşularımız musiqimizə də sahib çıxmağa çalışaraq, istər xalq, istər bəstəkar mahnılarımızı öz adlarına çıxmağa cəhd göstərirlər. Ona görə də, düşünürəm ki, musiqimizi daha çox təbliğ etməliyik. Bütün dünya bu musiqilərin Azərbaycan musiqisi olduğunu bilməlidir. Əlbəttə, beynəlxalq səviyyədə təbliğ olunuruq. Bütün festivallarda, böyük tədbirlərdə daha çox təmsil olunmaqla, Azərbaycan mədəniyyətinin gözəl incisi olan musiqilərimizin bütün dünyada tanıdılmasına daha çox nail olmalıyıq", - deyə Mənsum müəllim fikrini tamamladı.
Bölgələrdə keçirilən mövsümi festivallar
Azərbaycan mədəniyyətini daha da zənginləşdirən və müasirləşdirən bir sıra ənənələr də mövcuddur və bunlar beynəlxalq marağa səbəb olur. Bölgələrdə mövsümi festivallar yerli və xarici turistləri cəlb etməklə, xalqın qədim adət-ənənələrinin, mətbəx, süfrə mədəniyyətlərinin yayılmasında rol oynayır. Bunlardan möhtəşəm Gədəbəy yaylaq festivalını qeyd etmək vacibdir. İki gün davam edən bu festival Gədəbəy rayonu ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil edilmişdi. Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlarla yanaşı, 16 ölkədən nümayəndələr, həmçinin Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da qatıldı.
Bütün bu işlər Azərbaycan mədəniyyətinin inkişafına, onun milli çərçivədən çıxaraq dünya miqyasında yayılmasına, dünya mədəniyyəti nümunələrinə çevrilməsinə və bəşəri mahiyyət kəsb etməsinə xidmət edir.
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
banner

Oxşar Xəbərlər