Azərbaycan mədəniyyətini Yaponiyaya aparmış musiqiçi - Fotolar
Həmyerlilərimizin
xoş sədasını dünyanın o başından eşidəndə, insanın ürəyi dağa dönür. Bəli, "o, Azərbaycan vətəndaşıdır” ifadəsini fəxrlə
deyirik. Uzun müddətdir ki, Yaponiyada yaşayan və Azərbaycan musiqisini, mədəniyyətini
orada təbliğ edən Gülnarə Azuma Səfərova da belələrindəndir. Gülnarə xanım uzun
müddət vətənindən ayrı düşsə də, öz milli mentalitetini, dünyaya göz açdığı ölkənin
mədəniyyətini heç zaman unutmayıb.
Bakı
Musiqi Akademiyasının fortepiano fakültəsinin bitirib. 1997-2007 illərdə Bakı
Muisiqi Akademiyasının dosenti vəzifəsində çalışıb. Beynəlxalq müsabiqə
laureatı, pedaqoji elmlər doktorudur. 2008-ci ildən Yaponiyada yaşayır. Klassik
musiqi ilə yanaşı, Yaponiyada Azərbaycan musiqisini təbliğ edir. Konsert və həmçinin
Azərbaycan mədəniyyəti haqqında musiqi leksiyalarının təşkilatçısıdır.
"Ongakuno-ie” (Musigi Evi) adlı yeni bir qrupun yaradıcısı və rəhbəridir.
Bu qrup Yaponiyada musiqi ilə bağlı kiçik layihələr hazırlayır. 2016-cl ildə "Azerbaijani
Music & Japanese Taiko” adli CD disk buraxıb.
- Gülnarə
xanım, sizi Yaponiyaya aparan səbəb nə oldu?
- Mən Yaponiyaya 8 il bundan əvvəl Yaponiya
vətəndaşı ilə ailə qurub gəlmişəm. Ona gədər Bakıda yaşayıb işləyirdim.
Yaponiyaya gələnə qədər Bakı Musiqi Akademiyasında dosent vəzifəsində
çalışmışam. Yoldaşımın soyadı Azumadır. Yaponların adımı rahat yadda saxlamaları
üçün yoldaşımın soyadını götürmüşəm.
- Buradakı
musiqi təhsili ilə Yaponiyadakı musiqi təhsili arasında nə kimi oxşar və fərqli
cəhətlər var?
- Yaponiyada gözəl klassik musiqi ifaçıları
var. Mənim musiqiçi dotslarımın arasında da gözəl ifaçılar çoxdur. Amma mənə elə
gəlir ki, musiqi təhsili bazisi bizdə Yaponiyadan daha güclüdür. Yaxşı baxsaq,
dünyada uğur qazanmış asiyalı klassik musiqi ifaçılarının demək olar ki, əksəriyyəti
musiqi təhsillərini Avropa və ya Amerikada alan insanladır. Amma milli mədəniyyətinə,
milli musiqisinə gəldikdə isə, onu demək lazımdır ki, yaponlar öz mədəniyyətini
çox gözəl qoruyub saxlayır və ən yüksək səviyyədə dünyada təbliğ edirlər.
- Musiqinin
dili yoxdur deyirlər. Orada Azərbaycan musiqilərinə maraq varmı?
- Düz buyurursunuz. Musiqinin dili
olmadığı üçün hansı ölkənin musiqisi olursa-olsun, insanın ürəyinə toxunur. Mən
elə bu haqda öz konsert-leksiyalarımda da yapon dinləyicilərinə həmişə danışıram.
Yaponlar musiqimizi böyük maraqla qəbul edirlər. Yapon musiqiçiləri məndən çox
vaxt Azərbaycan musiqisi notlarını istəyirlər. Bu, çox sevindirici haldır. Vətənimizdən
uzaq olduğumuza görə, bəzən Azərbaycan əsərlərinin notlarını əldə etməkdə çətinliklərimiz
olur. Bu işdə mənə kömək edən Bakı Musiqi Akademiyası Kitabxanasının müdiri
Dürdanə xanım Əliyarovaya öz təşəkkürümü bildirirəm. Yaponiyaya gələndə məni
bir musiqiçi kimi ən çox təəccübləndirən və kədərləndirən o oldu ki, erməni bəstəkar
Xaçatryanın adını Yaponiyada tanımayan yoxdur. Hətta onun əsərlərini də yaxşı
tanıyır və ifa edirlər. Axı bizim onlara qalib gəlmək gücümüz yalnız silahda
deyil! Sözümüzlə, musiqimizlə, mədəniyyətimizlə onlara qalib gələk. Mən çox istərdim
ki, biz də bu istiqamətdə özümüzü daha çox göstərək. Bir-birimizə kömək, dayaq olaq.
Bir-birimizin uğurlarına sevinək. Tək Yaponiyada yox, bütün ölkələrdə Azərbaycan
mədəniyyətinin daha çox tanınması üçün hamımız əl-ələ verib çalışmalıyıq.
- Azərbaycan
mədəniyyəti haqqında musiqi leksiyalarının təşkilatçısısınız. Bu leksiyaları
harada tədris edirsiniz?
- Leksiyaları hansısa bir təhsil ocağında yox,
konsert salonlarında keçiririk. Musiqisevərlər, Azərbaycan musiqisinə marağı
olanlar bir araya yığılıb söhbət edir, musiqi əsərlər ifa edirik.
- "Ongakuno-ie/Musigi
Evi" adlı yeni bir qrupun yaradıcısı və rəhbərisiniz. Burada nələr təbliğ
olunur?
- Bəli, bu qrupu biz yapon musiqiçi
dostlarımla birgə yaratmışıq. Bizim burdakı konsert və musiqi tədbirlərimiz öz
hesabımıza qurulur. Təşkil etdiyimiz konsertlər vasitəsilə Azərbaycanın
musiqisini təbliğ etmək, yaponlara bizim ölkənin mədəniyyətini daha çox
tanıtmaq məqsədi ilə yaranmış bir qrupdur. Ongakuno-ie xeyriyyə konsertləri təşkil
edir. Qrupun 2016-cı ildə təşkil etdiyi ən yaddaqalan hadisələr içərsində iki
konsert olmuşdur. Onun biri Azərbaycan musiqisi konserti idi. Piano və yapon
milli zərb alətində Azərbaycan musiqisini ifa etmişdik. Konsert mənim yeni
CD-min təqdimat konserti kimi keçirilmişdi. Konsert dolu zalda, şən əhval-ruhiyyədə
keçdi. Hətta dinləyicilərə Azərbaycan çayı və Azərbaycan şərabı da təqdim
etmişdik. O biri konsert isə xeyriyyə konserti idi. Professional musiqiçilərlə
yanaşı, eşitmə qabiliyyəti zəif olan və Daun xəstəliyindən əziyyət çəkən
iştirakçılar da bir yerə toplaşıb, hamımız bir yerdə gözəl konsert keçirtdik.
Siz görəydiniz, xəstəlikdən əziyyət çəkən iştirakçılar nə gözəl ifa etdilər!
Bizdən də yaxşı! Konsertdən sonra apardığımız sorğu göstərdi ki, belə xeyriyyə
konsertlərinə ehtiyacı olanlar çoxdur. Ongakuno-ie bundan sonra da bu xətti
mütləq davam etdirəcək. Bu il keciriləcək konsert artıq planlaşdırılıb, güman
edirəm ki, uğurla alınacaq. Bizim qrup yaşından, millətindən, və s. asılı
olmadan musiqisevərlərin bir yerə toplaşdığı məkandır. Yapon dinləyicisini tək
klassik musiqisi ilə yox, müxtəlif janrlardan ibarət olan musiqi ilə tanış
edirik. Burada, əlbəttə, bizim Azərbaycan musiqimizi də yüksək professional səviyyədə
təbliğ edirik. Professional musiqiçilərlə yanaşı, Ongakuno-ie layihələrinə
musiqi sevən insanlar, istedadlı uşaqlar da cəlb olunur. Onların arasında, uşaq
evlərinin məzunları, hansısa bir xəstəliyə görə Konservatoriyada musiqi təhsili
ala bilməyən, amma fakultativ şəkildə məşq edən insanlar və s. olur.
- Yapon
və Azərbaycan mədəniyyətləri arasında əsas fərqlər nədir?
- Yaponlar çox özünəməxsus bir millətdir.
Yapon mədəniyyəti və cəmiyyətinə xas olan xüsusiyətlərin arasında dünyanın heç
bir başqa ölkəsində olmayan xüsusiyyətlər var. Mənim fikrimcə, yaponları əsas 3
cəhətləri ilə xarakterizə etmək olar: 1. Təbiətə çox bağlı millətdirlər. 2. Həddindən
artıq mədəni, məsuliyyətli və işgüzardırlar. 3. Yaranan hər bir problemin həllində
qarşıdakı insanın yox, ilk öncə özünün səhvini axtarıb, onu düzəltməyə çalışırlar.
- Orada
təhsil sistemi hansı səviyyədədir?
- Ümumi təhsil sistemi çox yüksək səviyyədədir.
Məktəblilərdə təkcə intellektual
qabiliyyət, mədəni zövq və bədənin sağlamlığı yox, həmçinin kollektivdə işləmək,
işdə bir-birilərinə dayaq olmaq kimi xüsusiyyətlər tərbiyə olunur. Bundan
başqa, orta məktəbin yuxarı sinif şagirdlərinin məktəb tətili zamanı hansısa
bir yüngül işdə işləmək imkanları da var. Bu imkandan cavanların demək olar ki,
hamısı istifadə edir. İşdə məsuliyyət hissi, cüzi olsa da ailəsinə maddi kömək,
həm də öz əziyyəti ilə qazanan pulu dəyərləndirmək kimi vacib elementlər gənc
insanın cəmiyyətə sosiallaşma prosesində böyük rol oynayır.
- Yaponiyada
Azərbaycanı tanıyırlarımı? Bizə qarşı münasibət necədir?
- Son zamalnar Azərbaycana maraq artıb və
bu çox sevindirici bir haldır. Yaponiyada
yaşayan azərbaycanlılar cəmi 40-50 nəfər olsa da, hər bir azərbaycanlı ölkəsinin
adını orada uca tutur. Mən Yaponiyaya təzə gələn zaman yaponların demək olar ki,
Azərbaycan haqqında məlumatları çox az idi. Ölkənin harada yerləşdiyini bilməyənlər
də var idi. Amma son zamanlar ölkələrimiz arasında əlaqələr daha da genişlənməyə
başlayıb. Yapon televiziyasında Azərbaycan haqqında verilişlər gedir, Azərbaycan
klassik musiqisi yapon musiqiçilərin ifasında səslənir, Azərbaycanda yapon
malları sərgiləri keçirilir, Yaponiya və Azərbycan haqqında yeni kitablar nəşr
olunur, Azərbaycanın ali məktəb tələbələri Yaponiyaya oxumağa gəlirlər.Azərbaycanın tanınmasında idmançılarımızın da
rolu böyükdür. Rio-de-Janeyro Olimpiya
Oyunlarında bizim idmançılarımız yüksək nəticə göstərmişdilər. Yadıma maraqlı
bir əhvalat düşür. Cüdo üzrə qızıl medal uğrunda döyüşən azərbaycanlı Rüstəm
Orucov və yaponiyalı Shohei Ononun TV-də canlı yayımını səhər saat 4-də
yoldaşımla birgə izləyirdik. Hər kəs öz ölkəsinin idmançısını dəstəkləyirdi. O
dəqiqələr yoldaşımla bir-birimizə rəqib kimi televiziya qarşısında oturmağımız
maraqlı idi. Güman edirəm ki, 2020-ci ildə Yaponoyada keçiriləcək Olimpiya
Oyunlarında da Azərbaycan idmançılrı ölkəmizi şərəflə təqdim edəcəklər.
- İstərdim,
konsertləriniz haqqında bizə məlumat verəsiniz.
- 2011-ci ildə Yaponiyada baş vermiş güclü
zəlzələnin nəticəsini aradan qaldırmaq üçün insanlara dəstək məqsədilə
2011-2012-2013-cü illərdə bir neçə xeyriyyə
konsert silsiləsi keçirtmişdik. Bizim ilk böyük uğurlarımızdan biri 2013-cü ildə
"Yapon və Azərbaycan musiqisi” adlı böyük bir konsertin keçirilməsi oldu. Konsert
mən yaşadığım Zama prefekturasının rəhbərliyi və Yaponiyadakı Azərbaycan səfirliyinin
köməkliyi ilə təşkil olunmuşdu. Konsert haqqında yapon mediası da geniş
informasiya verdi. Hər il yeni proqram, yeni proyektlə tamaşaçıları sevindirməyə
çalışıram: klassik fortepiano konsertləri, milli musiqi alətləri ilə sintez üzərində
qurulmuş çıxışlar və s. Keçən 2016-cı ildə bir neçə böyük layihəmiz uğurla başa
çatdı. Bunlardan iki fortepiano üçün əsərlərdən ibarət klassik musiqi gecəsini
(gözəl yapon pianoçusu Kosuke Nara ilə birgə), Azərbaycan bəstəkarı Sevda
İbrahimovanın fortepiano və orkestr üçün konsertini (Shuji Yajimanın dirijorluq
etdiyi Sagamihara gənclər orkestrinin müşayiəti ilə), yapon müasir müzikl əsərində
pianoda ifanı (Tokio Dövlət Teatrının proyekti) göstərə bilərəm. Xüsusilə, yapon
milli zərb aləti ilə birgə yaratdığımız sintez musiqi layihəsi haqqında danışmaq
istəyirəm. Vadayko adlanan yapon milli zərb aləti ifaçısı olan gənc Kenji
Furutate ilə birgə hazırladığımız ilk CD internetdə, həmçinin Yaponiyada Azərbaycanın
mağazalarında satılır. Marağı olanlar Bakı metrosunun Sahil stansiyası yaxınlığında
yerləşən "Xəqan AVN” audio-video mağazasından soruşa bilərlər.Sonda
qeyd edim ki, bundan sonra da Azərbaycan mədəniyyətini Yaponiyada təbliğ etmək
üçün var gücümüzlə çalışacağıq.
Xəyalə
RƏİS