Azərbaycan mahnılarını Ukrayna dilində oxuyan müğənni - Fotolar
Onunla
Truskavetsdə tanış olduq. "Karpatı” sanatoriyasında Ukrayna-Azərbaycan Beynəlxalq Alyansın təşkilatçılığı ilə keçirilən Novruz bayramı konsertində Ukraynanın Xalq artisti Qurban Abbasovla birlikdə şövqlə
mahnılar oxuyurdu. İfasında həmçinin Azərbaycan bəstəkarlarının mahnıları
Ukrayna dilində səslənirdi. Salona toplaşan tamaşaçılar bu ifaları maraqla
qarşılayır, hərarətlə alqışlayırdı. Dahi Üzeyir bəyin "Arşın mal alan”
operettasından "Gülçöhrənin ariyası”nı, Müslim Maqomayevin məşhur "Azərbaycan”ını,
"Mavi əbədiyyət”inı sevgi ilə oxuyurdu. Ukraynalı aktrisa və müğənni Natalya
Kudryaşova ilə söhbətimizdə Azərbaycan mahnılarına olan sevgisinə də toxunduq.
- Siz özünüzü daha çox aktrisa, yoxsa müğənni
kimi görürsünüz? Bəlkə bu sənətlər sizin üçün ayrılmazdır?
- Bütün ömrümüz
teatrdır. Sadəcə, pyeslər hamıda müxtəlifdir – kimdəsə başdan ayağa məzhəkədir,
kimsə əbədi qaşqabaqlıdır və kimsə heç zaman fəlakətdən qurtulmur. Mənim həyatım
musiqi ilə bağlıdır. Səhnədə mahnı - bu, həmişə şoudur. Mahnıda başlıcası,
vokal keyfiyyətini göstərmək deyil, poeziyanın məğzini çatdırmaqdır. Mahnını
oxumazdan əvvəl özümə ən başlıcası sual verirəm: «Sən bu əsər vasitəsi ilə
insanlara nəyi çatdırmaq istəyirsən? İnsanlar bu mahnıdan nəyi anlamalıdır?»
Ona görə də bir aktyorun komponenti olmadan bir müğənni olmaq mümkün deyil.
İnsanın ömründə janrlar müxtəlif ola bilər. Başlıcası, seçimin düzgün olsun. Ən
əsası, tamaşaçı ilə səmimi olmaq vacibdir. Çünki müğənninin də, aktrisanın da sənətinə
qiymət verən tamaşaçıdır. Biz onlardan ötrü səhnəyə çıxır, onlardan ötrü
çalışırıq. Tamaşaçı məmnuniyyəti bizim mükafatımızdır.
- Müslim Maqomayev adına Mədəniyyət Mərkəzinin
işində siz aktiv fəaliyyət göstərirsiniz. Mərkəzin həyatınızdakı rolu nədən
ibarətdir?
- Müslim
Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə 10 illərdir ki, əlaqəmiz var.
Mərkəzlə həm müğənni, həm aparıcı, həm də prodüser kimi əməkdaşlıq edirik. Mədəniyyət
mərkəzinin rəhbəri Qurban Abbasovla birgə xalqlarımızın – Azərbaycan və
Ukraynanın dostluq və qarşılıqlı rəğbətini nümayiş etdirən çoxsaylı birgə layihələr
həyata keçiririk. Böyük bayramlarda və teatr nümayişlərində digər millətlərin
yaradıcı dostları iştirak edirlər: almanlar, yunanlar, bolqarlar, qaqauzlar,
italyanlar, yəhudilər, gürcülər, polyaklar, afrikalılar və b. Bu, Ukraynada
yaşayan müxtəlif millətlərə olan sədaqətin göstəricisidir. Həmçinin ölkəmizdə
rahat yaşayan, işləyən millətlərə hörmət əlamətidir. Gücümüz birlikdədir və
missiyamız millətləri, mədəniyyətləri birləşdirməkdir. Sonuncu layihələrimizdən
biri Şərq yeni ilinin – Novruzun qeyd olunması idi. Bayram milyonlarla
insanların yaşadığı Dneprin mərkəzində, böyük bir səhnədə qeyd olundu. Ənənəvi
Kosa və Keçəl simvolları ilə teatr nümayişi və böyük karetada Bahar qızı Dədə
Qorqudun müşayiəti altında keçdi. Onlar bütün insanlara baharın gəlməsi münasibəti
ilə xeyir-dua verdilər. Tamaşaçılara ənənəvi Şərq şirniyyatı, kabab, plov təqdim
olundu. Bu bayramdan yalnız Şərq xalqlarının nümayəndələri deyil, bir çox yerli
əhali də məmnun qaldı. Mətbuatdakı qiymətləndirmələr və çox sayda məqalələrlə
tanış olarkən, çoxlarının məmnun qaldığı və hər kəsin bayramı sevdiyi məlum
olur. Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi
oxşar bayramlar Çerniqov, Truskavets, Kiyev və başqa şəhərlərdə də keçirilib. Şəxsən
bu prosesin iştirakçı-icraçısı olmaq deyil, həm də birgə təşkilatçısı olmaqdan
böyük xoşbəxtlik duyuram. Böyük bir bayramın keçirilməsini düşündükcə,
tamaşaçıların və iştirakçıların gözlərindəki parıltı gözlərimin önündən getmir.
Ukraynanın bu çətin zamanında belə müsbət emosiyaların paylanması gözəl
hissdir. Bu hisslər çox dəyərlidir.
- Payızda Truskavets şəhərində Müslim
Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək. Bu müsabiqənin
Ukraynanın mədəni həyatına olan töhfəsini necə qiymətləndirirsiniz?
- Müslim
Maqomayevin - bu böyük müğənninin yaradıcılığı dünya miqyasında mədəni bir
hadisədir. Onu Ukrayna ilə bağlayan bir çox nüanslar var. O, tez-tez konsert
proqramları ilə Ukraynanın şəhərlərini gəzərdi, repertuarında Ukraynanın xalq
mahnıları da var idi. Məsələn, dinləyicilərin çoxu Müslim Maqomayevin ifasında
"Mən cənnətdə təəccüb edirəm” Ukrayna mahnısını öyrəndi. Bu mahnı bir çox ölkələrdə
tanınmış oldu. Onun canlı ifaları musiqisevər ukraynalıların yaxşı
yaddaşındadır. O, xüsusi bacarıqla müxtəlif əsərləri ifa edirdi. Müslim
Maqomayevin xatirəsinə beynəlxalq vokal müsabiqəsini keçirmək üçün çoxsaylı
istedadlı müğənnilər bir araya gəlib. Onlar Maqomayevin repertuarından həm
opera ariyasını, həm də estrada mahnılarını ustalıqla ifa edən müğənnilərdir.
Bu cür vokalçılar da dünyada az deyil.
Sadəcə, adətən vokalisti klassika və ya estrada arasında seçim etməyə məcbur
edirlər. Biz həm klassiklərin, həm də estrada musiqisinin ifasını bir nəfərin
birləşdirə biləcəyini göstərəcəyik. Müsabiqə bir daha beynəlxalq ictimaiyyətin
diqqətini böyük Azərbaycan müğənnisinin yaradıcılığına yönəldəcək. Azərbaycan təşəbbüsümüzə
qoşularsa və Beynəlxalq Vokal Müsabiqəsini dəstəkləyərsə, bu, çox düzgün və məntiqli
olacaq. Biz müsabiqəni böyük müğənninin nüfuzuna layiq keçirməyə çalışacağıq.
İnanıram ki, müsabiqə böyük əks-səda doğuracaq.
- Siz xüsusi ilhamla Üzeyir Hacıbəyovun
mahnılarını, Tofiq Quliyevin əsərlərini ifa edirsiniz. Azərbaycan musiqisinə
olan sevginiz haradandır?
- Azərbaycan
dili nə qədər melodikdirsə Azərbaycan musiqisi də inanılmaz qədər gözəldir. Mən Azərbaycan
musiqisini Ukraynanın Xalq artisti, dünya səfiri və Müslim Maqomayev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin rəhbərinin vasitəsi ilə
tanıyıram. Yalnız vokal mahnıları deyil, instrumental musiqilər də məni
sevindirir. Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında
fortepiano və orkestr üçün konsert" adlı əsərinin melodizminə heyran
oldum. Bəstəkar musiqi ilə bir rəssam kimi, sanki incə Şərq gecəsinin şəkilini
təsvir edir.Azərbaycan bəstəkarlarının
musiqini öyrənməyin bir çox maraqlı və
layiqli məziyyətləri var. Ancaq Ukraynada nədənsə bu barədə az adam bilir.
- Siz həm də «Müfəttiş: maqazin» proqramının
məşhur aparıcısınız. Aparıcılıq sizin yaradıcılığınıza nə qədər kömək edir?
- «Müfəttiş»
qrupunun bütün layihələri birləşmiş və bir araya gələn həmfikir insanların düşüncəsidir.
Bu insanların hamısı öz işləri ilə nəfəs alırlar. Bu insanlar öz zamanlarını iş
və şəxsi vaxtlara bölmürlər. Bu layihə həyatımızın tərzidir. Bu, ümumən
hamımıza bir qan qrupudur. "Müfəttiş: dükanlar" - "Müfəttiş” layihəsinin
"spin-off, offshoot” qoludur ki, sırf ticarət müəssisələrinin yoxlanışı ilə məşğul
olur. İri supermarketlər şəbəkəsindəki rəhbər vəzifəsində iş təcrübəm, bu sahədə
biliyim və spesifika ilə bağlı anlayışımın olması ekspert səviyyəsində ticarət
obyektlərində yoxlama aparılmasında yardımçı oldu. Təsəvvür etmək çətindir,
amma faktdır - bu böyük "müfəttiş” telemətbəxini öz çiyinlərində Viktoriya adlı
bir qadın daşıyır. "Müfəttiş” proqramını
ərsəyə gətirən yaradıcı birliyin rəhbəri Viktoriya Burdyukova cəmiyyət üçün çox
faydalı olan layihənin əsasını qoyandır.
Biz yoxlamaları apararkən nəinki xidmət sahəsindəki pozuntuları göstəririk, həm də izləyicini - xidmət
bazarının istifadəçisini maarifləndiririk. Bu biliklər sayəsində izləyicilərimiz
özlərini aşağı keyfiyyətli mal və xidmətlərin əldə edilməsindən müdafiə edə və
bununla da öz sağlamlıqlarını müxtəlif təhlükələrdən qoruya bilərlər.Azərbaycan izləyicilərinə
də bu proqram yaxşı tanışdır. Yeri gəlmişkən, "Revizorro” proqramı həmin
Ukrayna layihəsinin oxşarıdır, amma "Pyatnitsa” kanalında. "Müfəttiş”
proqramının ideyası və müəllif hüququ Ukraynanın Yeni Kanalına məxsusdur və bu
da bizi çox qürurlandırır.
- Azərbaycan mahnılarından ibarət repertuarla
Bakı səhnəsində çıxış etmək arzunuz və ya planlarınız varmı?
- Əlbəttə, var.
Tamaşaçılarınızı Azərbaycan və Ukrayna musiqisi, dünya klassik pop-hitləri ilə
təəccübləndirmək imkanım olacaq. Mədəniyyət mərkəzimizin sənətkarları əməkdaşlığa
açıqdır.
Söhbətləşdi
Təranə Məhərrəmova