• cümə, 29 Mart, 18:18
  • Baku Bakı 14°C

“Azərbaycan - Macarıstan əlaqələri uğurla inkişaf edir”

04.11.14 10:20 1393
“Azərbaycan - Macarıstan əlaqələri uğurla inkişaf edir”
Şahin Mustafayev: “İndiyədək iki ölkə arasında iqtisadi sahə də daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra sənədlər imzalanıb, 2014-cü ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artıb”
İqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə Ş.Mustafayev xarici işlər və ticarət naziri vəzifəsinə təyin olunması münasibətilə P.Siyartonu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanın iqtisadiyyat və sənaye naziri ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb: “Azərbaycan - Macarıstan siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir. İndiyədək iki ölkə arasında iqtisadi sahə də daxil olmaqla, müxtəlif sahələr üzrə bir sıra sənədlər imzalanıb, 2014-cü ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi artıb. Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir”.
Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Macarıstana rəsmi səfər edəcəyini, səfər çərçivəsində iş adamları arasında biznes forumun keçiriləcəyini, yüksək səviyyəli səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına yeni impuls verəcəyini vurğulayıb.
Macarıstanın xarici işlər və ticarət naziri P.Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla bir sıra sahələrdə uğurlu əməkdaşlığını diqqətə çatdırıb. P.Siyarto əczaçılıq, heyvandarlıq, su təsərrüfatı və sair sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı imkanları, ticarət əlaqələrinin genişləndirilməsi, ekoloji layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər