Azərbaycan layihələri
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında
özünəməxsus yerə malik olduğu məlum məsələdir. Təsadüfi deyil ki, bu
istiqamətdə müqavilələr imzalanıb, anlaşmalar əldə olunub. Azərbaycan təbii
sərvətlərə, neft-qaza malik olduğu üçün keçmişdə də, indi də müəyyən qədər başı
ağrısa da, bu sərvətlərdən fayda əldə etməyə də müvəffəq olub.
"Əsrin müqaviləsi” ilə yeni neft strategiyasına başlayan ölkəmiz bu
sahədə uğurlar əldə etməyə davam edir. Hətta Azərbaycan böyük ölkələrə rəqib
olub Avropanı asılılıqdan xilas etmə işinə qoşulur. Məlumdur ki, Avropa
Rusiyadan qaz asılılığı yaşayır. Ona görə də Avropa alternativ mənbələr
axtararaq bu asılılıqdan qurtulmaq istəyir. Bunun üçün əsaslı səbəblər də var.
Məlumdur ki, Rusiya ilə Qərb arasında hər zaman soyuq küləklər əsir və bunun
daha sərt duruma çevrilməsi an məsələsidir. Belə hallarda isə Rusiya Avropanı
qazını kəsmək kimi məsələlərlə hədələyir və onu çətin durumda qoyacağını deyir.
Ona görə də Avropa Rusiyadan qaz asılılığını azaltmağa bir növ, məcburdur. Bu
məsələlərdə ən yaxşı alternativ yol və ən etibarlı tərəfdaş kimi isə
Azərbaycana üstünlük verilir. Bu, həm də Azərbaycanın siyasi iradəsini göstərən
məqamdır. Bu istiqamətdə razılaşdırılan layihələrin reallaşması yönündə işlər 2016-cı
ildə də uğurla davam etdirilib.
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclası zamanı bu məsələlər haqda da danışıb. Bildirib ki, neft gəlirlərimiz
üç-dörd dəfə azalsa da, xaricdən kreditlər alaraq və daxili vəsait hesabına
"Cənub” qaz dəhlizi və "Şahdəniz-2”
layihələrinin icrası ilə bağlı bütün lazımi addımlar atılıb. Məlumdur ki, "Şahdəniz”
dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir və bu layihə üzrə
işlərin 90 faizi artıq tamamlanıb. Onun gələn il tamamilə başa çatacağı
gözlənir. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub” qaz dəhlizinin
digər seqmentləri istiqamətində də işlər gedir: "Biz keçən il Bakıda "Cənub” qaz
dəhlizi Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak
edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və "Cənub”
qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini
bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı
qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və
beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.
Keçən il nəqliyyat sektorunda da önəmli hadisələrlə yadda qalıb. Xüsusilə,
Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılıb. Prezident
göstəriş vermişdi ki, ilin sonunadək dəmir yolu xətti İran sərhədinə çatsın. Təqribən
7-8 ay ərzində çatışmayan o hissə inşa edilib. Həmçinin Astaraçay üzərində də körpü
tikilib istifadəyə verilib. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz
üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirib. Bu layihə həm Azərbaycana,
həm də qonşu ölkələrə lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan,
Pakistandan gələn yüklər Azərbaycan ərazisindən Rusiyaya, Şimali Avropaya və
əks istiqamətdə gedəcək. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq.
Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq.
Prezident iclasda vurğulayıb ki, bu layihənin icrası ilə Naxçıvan da dəmiryolu
blokadasından çıxacaq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə
Azərbaycanla birləşəcək.
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı da üzərinə
düşən vəzifəni yerinə yetirib. Prezident nəzərə çatdırıb ki, bizdən nə asılı
idisə, hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, həm kreditlər vermişik
və sadəcə, layihənin tamamlanmasını gözləyirik: "Bununla bərabər, Şimal-Cənub
layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri
icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu
uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin
maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi
danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu
layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının
birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Bütün infrastruktur,
tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya
proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin
podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə
bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu
məsələyə çox laqeyd yanaşıblar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı
ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti
dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik
göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər. Ona görə
bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün
avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.
Göründüyü kimi, Azərbaycan gələcəyə hesablanmış ciddi layihələrə imza
atır. Prezident isə nəinki ölkə üçün əhəmiyyətli layihələrlə çıxış edir,
təşəbbüslər irəli sürür, həmçinin onların reallaşması prosesi ilə də yaxından
maraqlanır və lazım gəldikdə, öhdəliyini normal qaydada yerinə yetirməyən,
məsuliyyətsizlik edənlərə qarşı sərt xəbərdarlıqlar edir.
H.Əsgər