• cümə axşamı, 28 mart, 21:18
  • Baku Bakı 13°C

Azərbaycan koronavirusla mübarizədəki uğurları

20.05.20 14:56 749
Azərbaycan koronavirusla mübarizədəki uğurları
Bu gün bəşəri bəlaya çevrilən koronavirus epidemiyasına qarşı mübarizə dünyanın bir nömrəli probleminə çevrilib. Ölkələr bütün qüvvələrini bu bəlanın birlikdə aradan qaldırılmasına yönəldib. Ancaq görünən odur ki, hələ ki, bu bəlanın minimuma endirilməsi istiqamətində göstərilən səylər nəticəsiz qalmaqdadır. Hər gün koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5 milyona yaxınlaşıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19” qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyanı bürüyən koronavirus infeksiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti məqsədyönlü tədbirlər həyata keçirdi. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdı.
2020-ci ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edildi. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olundu. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verildi.
Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Minlərlə şəxs karantin rejimində saxlanıldı. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.
Düzgün şəkildə aparılan mübarizənin nəticəsidir ki, ölkəmiz yalnız regionda deyil, bütün dünyada koronavirus təhlükəsinə adekvat reaksiya verən, zamanında qabaqlayıcı tədbirlər görən azsaylı dövlətlərdən biridir. Məhz buna görə də digər dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusun yayılma tempi azdır. Ölkədə xüsusi karantin rejimi elan edilib ki, məqsəd sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirib və ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda buna görə ona öz təşəkkürünü bildirib. Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb. Baş direktor Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən video konfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. "Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.
Azərbaycanda tətbiq olunan izolyasiya dövründə əhalinin sosial təminatı da nəzərə alınıb. 65 yaşdan yuxarı tənha şəxslərə yardımlar edilib, aztəminatlı ailələrə, muzdlu işçilərə, kiçik və orta sahibkarlara dövlət tərəfindən maddi dəstək göstərilib.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Görülən işlər isə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bu kimi addımlar sayəsində insanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alıb. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilib. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.
Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, bu məsələyə gündəlik nəzarət edilir. Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması, işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub.
Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışı ölkə vətəndaşlarının yenidən bir bayraq altında birləşməsinə təkan oldu.

Günel MƏLİKLİ
AMEA-nın Fəlsəfə İnstitutunun "Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər