• çərşənbə axşamı, 19 mart, 15:08
  • Baku Bakı 8°C

Azərbaycan klassiklərindən rus klassiklərinədək

14.12.16 14:30 77699
Azərbaycan klassiklərindən rus klassiklərinədək
Məktəbin kitabxanasında da həyat qaynayır. Şagirdlər dərsarası fasilələrdə kitablar üçün müraciət edirlər. Bəziləri kitabxanada oturub mütaliə edir. Kitabxana fondu da kifayət qədər zəngindir. Fondda 35244 kitab var ki, onun 26132-si dərslik, 9132-si isə bədii ədəbiyyatdan ibarətdir. "Bu kitabxanadan müəllimlər də istifadə edirlər. Şagirdlər kitablara meyllidirlər, davamlı olaraq gəlirlər” - deyə kitabxanaçı Səidə Əliyeva bildirir: "Kitabxanamızda bədii ədəbiyyat oxuyanlar daha çoxdur. Tarixi əsərləri, ensiklopediyaları və detektiv əsərləri də oxuyan şagirdlərimiz az deyil. 9-10-cu siniflər xarici ədəbiyyata daha çox meyllidirlər. Onlar həmçinin İsmayıl Şıxlı, Sabit Rəhman, Səməd Vurğun, Bəxtiyar Vahabzadəyə də müraciət edirlər”.
Kitabxanaçı bildirir ki, şagirdlər məsuliyyət hiss etdikləri üçün götürdükləri kitabları səliqəli surətdə geri qaytarırlar: "Kitab itəndə onu başqa kitabla əvəz edirik. Köhnə kitabları makulaturaya veririk, yeniləyirik. Təzə kitablarımız hər il gəlir. Ötən il kitabxanaya bir sıra nağıl kitabları göndərilib”. S.Əliyeva bildirir ki, hər il kitabxanada uşaqlarla Xocalı və 20 Yanvar faciələrində və digər tarixi günlərdə tədbirlər keçirilir: "Hazırda Həmrəylik günü ilə bağlı tədbir hazırlayırıq. Şagirdlərə həmin günlə bağlı şeirlər veririk, onlar öyrənirlər və beləcə tədbirimizi kitabxanada qeyd edirik. Direktor tərəfindən həmin uşaqlara təşəkkürnamə də verilir. Bu, uşaqları həvəsləndirir”.
Kitabxanaçı deyir ki, şagirdlər dərsdə keçirilən mövzularla bağlı əsərlər üçün tez-tez müraciət edirlər. Belə ki, S.S.Axundovun, Ə.Haqverdiyevin, M.F.Axundovun və digər Azərbaycan klassiklərinin, o cümlədən rus klassiklərinin, əcnəbi yazarların əsərləri kitabxanada yer alıb: "Elə bir hal olmayıb ki, şagirdlər müraciət edəndə bizdə həmin kitab olmasın. Məktəbdə keçirilən bütün kitablar bizim kitabxanada var. Təhsil Nazirliyi bu kitabları bizə təmənnasız verir. Biz pulla kitab götürmürük. Yeni kitablarımız ötən il göndərilib. Siniflərdə sürətli oxu həftəsi də keçirilir. Uşaqlar kitabları qaytaranda biz onları sual-cavab edirik. Şagirdlər 15 gün müddətində kitabı oxuyub qurtarırlar. Elə kiçik həcmli nağıllar var ki, onları elə sinifdəcə oxuyub, geri qaytarırlar. Uşaqların dərs yükü o qədər ağırdır ki, ona görə kitabları çox vaxt evə aparırlar”.

Şagirdlərlə söhbətimizdə məlum oldu ki, onlar məktəb kitabxanası ilə sıx təmasdadırlar. "Dərsliklər və bədii ədəbiyyat üçün mütəmadi olaraq kitabxanaya müraciət edirik”. Kitabxanadakı iş mühitini və şagirdlərin maraqları da onların kitabla təmasından xəbər verir. Əlizadə Ədalət 6-cı sinif şagirdidir. Deyir ki, davamlı olaraq kitabxanaya gəlir, hekayə və nağıllar kitabı götürür: "Hər ay kitabxanaya gəlir buradakı yeni kitablarla maraqlanıram. Kitabı oxuyub qurtarandan sonra təhvil verəndə buradakı müəllimlərimiz bizdən kitabın içindəkilər haqqında soruşur. Kitab oxumağı çox sevirəm. Ona görə də davamlı olaraq bura baş çəkirəm”.

9 "c” sinif şagirdə Adilə Muxtarova deyir ki, xarici ədəbiyyatı çox sevir. O, Sisilyanın "Sonuncu dəfə mənə bax”, kitabını, Səməd Vurğunun, Vaqifin bütün əsərlərini oxuyub. "Dərslərdən boş vaxtım qalanda kitabxanaya gəlirəm, maraqlı şeir kitabları götürürəm. Çox zaman onları tənəffüs vaxtı burada oxuyuram”.

5 "b” sinif şagirdi Vaqif İsmayılov deyir ki, kitabxanaya tez-tez gəlir” "Əfsanələr, nağıllar mənim üçün maraqlıdır. Çünki orada həyatda olmayan hadisələrdən bəhs olunur. Əvvəllər anam mənə ağıllar danışardı. İndi isə özüm istədiyim nağılı buradan seçib oxuya bilirəm. 8 "c” sinif şagirdi Əlizadə Nərgiz: "Aqata Kristini oxuyuram. Cəlil Məmmədquluzadənin demək olar ki, əksər əsərlərini oxumuşam. İndi isə detektiv janrına maraq salmışam. Sonluğu bilinməyən, süjet xətti gizli saxlanılan əsərlərə marağım var”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər