Azərbaycan kinosunda “köhnə-təzə” toqquşması
Avqustun 2-də Azərbaycan kinosu özünün 120 yaşını
qeyd edəcək. 120 ildir ki, Azərbaycan kinosu çəkilir, sevilir, baxılır. İlk
dəfə Aleksandr Mişonun çəkdiyi sənədli kadrlarla tarixi başlayan kinomuzbu
gün də inkişaf etməkdədir. Əvvəllər öz çəkdiyimiz filmlərə özümüz baxırdıqsa,
indi filmlərimizin sorağı beynəlxalq arenalardan gəlir. Azərbaycan kinosunun
şanlı keçmişi barədə yazıb təkrarçılığa yol vermək niyyətində deyiləm. Bu haqda
elektron resurslardan kifayət qədər məlumat almaq mümkündür.
Bir zamanlar biz mətbuat nümayəndələri
kinoteatrlarımızda yeni filmlərimizin olmadığını, əvəzində xarici filmlərin meydan
suladığını dönə-dönə qeyd edirdik. İndi isə vəziyyət bir qədər başqadır.
Kinoteatrlarımızda yerli filmlərimiz nümayiş olunur, hətta xarici filmlərlə
rəqabətdə qalib də gəlirlər. Tamaşaçılar yerli film ehtiyacını əsasən yeni
komediya filmlərimizlə ödəyirlər. Di gəl ki, bu filmlər bizim 60-70-80 il öncə
çəkilən və dünyaya səs salan filmlərimizlə rəqabətə girə bilmir. Məhz buna görə
də çox zaman sual verirlər ki, niyə indi "Əhməd haradadır?”, "Ulduz”,
"Qaynana”, "Bəyin oğurlanması” kimi filmlər çəkilmir? Komediya filmləri çəkən özəl
sektor nümayəndələri isə yüngül, bir qədər də özündə söyüşləri əks etdirən
filmləri bu günkü tamaşaçının tələbatı ilə əsaslandırırlar. Ekspertlər bu
filmlərin heç də sənət əsəri olmadığını və hətta yaxın gələcək üçün də aktuallığını
saxlamayacağını qeyd edərək, yeni çəkilən komediya filmlərində tamaşaçıya heç
bir mesaj ötürülmədiyini bildirirlər.
Kinoşünas, əməkdar
incəsənət xadimi Aydın Kazımzadə bizimlə
söhbətində köhnə Azərbaycan filmlərində çox ciddi məsələlərin müzakirə
edildiyini və həmin filmlərdə ötürülən mesajlarda insanları düşündürən
problemlərin göstərildiyini dedi. Yeni çəkilən filmləri heç cür anlaya
bilmədiyini qeyd edən kino tədqiqatçısı, nümunələr göstərərək fikirlərini
əsaslandırdı: "Misal olaraq sizə "Əhməd haradadır?” filmini göstərə bilərəm. Bu
film bizə bir çox mesajlar ötürür. Göbəkkəsdi, uşaqlıq vaxtından bir yerdə
böyüyən gənclərin mütləq şəkildə nişanlanmalı,
ailə qurmalı olduğu kimi məsələlər bu filmdə qabardılır. Soruşmurlar ki, ay
oğul, sən bu qızı almaq istəyirsən, ya yox. XXI əsrdə yaşayırıq, bu gün də
həmin problemlərlə üzləşirik. "Əhməd haradadır?” filmində bu məsələ bir mesaj
olaraq qoyulmuşdu və bu da öz həllini tapdı. Rejissor tamaşaçılara mesaj ötürür
ki, bu məsələləri gənclərin öhdəsinə buraxın. Bu gün "Qızqaçırma” adlı komediya
filmi çəkilir. Ancaq gəlin, baxaq görək o film tamaşaçılara hansı mesajı
ötürür? Mən o filmi görməmişəm, ancaq
filmin adı belə məni iyrəndirir. Bizim qanunlarda qız qaçırmaq cinayət hesab
olunur. Hətta bu filmdə qız qaçırmaq üçün ayrıca bir büro var. Belə olmaz axı.
Bu, nağıldır? Filmdəki bir çox fraqmentləri görmüşəm, çox şit, lazımsız
hərəkətlər orada yer alıb. Əliağa Ağayev "Əhməd haradadır?” filmində kassir rolunu
oynayır. Həmin kassir içki düşkünüdür, di gəl ki, baxın görün bu obrazı necə
oynayır. Amma bugünkü aktyorlar insanı ancaq güldürür, düşündürmür. Gəldiyim
qənaət budur ki, bu gün çəkilən komediya filmləri - "Xoxan”, "Naxox”, "Üç badam,
bir qoz”, "Ağ tük” və adlarını unutduğum digər filmlər camaata mənasız gülüş
bəxş edir. Filmlərin hətta adları belə, gənclərə hoqqabazlıq aşılayır”.
Hazırda Azərbaycan kino tarixinin salnaməsini yazan
A.Kazımzadə nazirlikdən 40-a yaxın film
götürərək onları qeyd edib. Yeni çəkilən komediya filmlərinin anlamı ilə bağlı
xeyli əziyyət çəkdiyini deyir: "Kimdən soruşuram ki bu komediya filminin adının
mənası nədir, heç kim açıqlama verə bilmir. Necə ki bazarda xarab məhsulları
camaata sırıyırlar, insanlar da onu yeyib xəstələnirlər, yeni çəkilən komediya
filmləri də onlar kimidir. Böyük hünər göstərmiş kimi, bir də deyirlər ki,
filmimizə "Youtube”da 100 min adam baxıb. İstəyirsən bir milyon baxsın, onsuz
da o filmi izləyənlərin evi yıxılıb. Tamaşaçı o filmə baxıb nə ibrət götürəcək?
Axı bizim ən zəif çəkilmiş komediya filmimizdə belə bir ibrət, mesaj olub. Bizim
köhnə komediya filmlərində ideya, mesaj var idi. Bir var sağlam gülüş, bir də
var xəstə gülüş. Düzdür, bu gün yaxşı filmlər də çəkilir və onlar tarixə də
düşmək imkanı əldə edir. Amma komediyanı bazara çevirmək millətin mənəviyyatını
pozmaq deməkdir. Kinoteatrlara yol tapan komediya filmlərimizin vəziyyəti
həqiqətən də acınacaqlıdır. Bizim "Azərbaycanfilm” Kinostudiyamız var. Onların
çəkdiyi filmlər isə tamamilə keyfiyyətli və baxımlı filmlərdir. Kinostudiyanın əvvəllər
çəkdiyi filmlərə indi də baxılır. Çünki onlar film çəkərkən ortaya ciddi
məsələlər qoyurlar. Həmin filmdə ötürülən mesajlar bu gün də insanları
düşündürür. Hazırda çəkilən komediya filmlərimiz beş günlük mahnılara bənzəyir.
Düşünmürəm ki, kimsə gələcəkdə o filmlərə baxıb zövq alsın”.
Daha bir müsahibim rejissor, aktyor Namiq Ağayev də kinoşünasla eyni fikirdədir.
Rejissor bu yaxınlarda "Ol” sənət filmini tamaşaçılara təqdim etdi. Ancaq
filmin tamaşaçısı olmadı. Rejissora komediya filmləri ilə rəqabətə tab gətirmədiyi
ilə bağlı sual verəndə isə, bildirdi ki, yeni komediya filmləri küçə komediya prinsipi
ilə ortaya çıxır: "Əlbəttə ki, tamaşaçı komediya filmlərinə daha çox baxacaq.
Çünki biz onlara ancaq həmin filmləri təqdim edirik. Komediya filmlərinə gələn
tamaşaçıların əksəriyyəti bizim tamaşaçılardır. Necə deyərlər, yeməyənin payını
yeyərlər. Biz tamaşaçılara alternativ kinoları az təqdim edirik. Tamaşaçıya
aktiv kino təqdim etmək lazımdır”.
Mövzumuzla bağlı köhnə filmlərin hazırlanmasında
iştirak etmiş bəzi rejissorlar, aktyorlarla əlaqə saxladıq. Təəssüf ki, onların
çoxu yeni çəkilən və kinoteatrlarda meydan oxuyan komediya filmlərini
izləmədiklərini, həmin filmlərdə hansı proseslərin getdiyindən belə xəbərdar olmadıqlarını
bildirdilər. Bəlkə də baxmaq istəməyiblər. Bəlkə də onları kinoteatrlara dəvət
edən yoxdur. Axı indi sistem də bir az başqa cürdür. Belə ki, filmi izləmək
istəyən insan biletini alıb, kinosuna baxır, daha film çəkən şirkət düşünmür
ki, ağsaqqallara, sənətkarlara da bir bilet göndərib, onların fikirlərini
öyrənsinlər. Çünki onların fikirlərini öncədən bilirlər...
Son zamanlar dramatik filmlərdən komediya janrına
keçid edən kinorejissor Kənan M.M bu
gün çəkilən komediya filmlərinin sonunun çatdığını və onların fatihəsinin
verilməli olduğunu deyir: "Bu filmlərlə Azərbaycan heç bir film festivalında,
kino müsabiqəsində təmsil edilə bilməz. Yeni çəkilən komediya filmlərini adamın
başına çırparlar. Hörmətli rejissorlar, filminizin yaxşı və ya pis alındığını
öyrənmək istəyirsinizsə, onu Azərbaycandan kənara çıxarın. İnanın, son vaxtlar
çəkilən demək olar ki, bütün filmləri üzünüzə vuracaqlar. İnanın, gülünc
vəziyyətə düşəcəksiniz. Bizdə "özümüz çəkək, özümüz baxaq, özümüz də alqışlayaq”
prinsipi ilə çalışmağa üstünlük verirlər. Heç kimin əməyini gözdən salmaq
niyyətim yoxdur. Bir məsələni də deyim. İndi millətin dilinə bir söz düşüb: heyf
deyildi köhnə kinolar? Ay balam, sən bu gün köhnə paltar geyinərsən, köhnə yeməyi
yeyərsən? İnkişaf etmə də. "Qayınana” ilə "Avatar”ı müqayisə etmə də. "Dədə Qorqud”la
"Forsaj”ı necə müqayisə edə bilərsən? Bizim dövrün uşaqları o filmləri
izləyirdi. İndi mənim, sənin oğlun oturub o "Dədə Qorqud”a baxacaq? Yox. Çünki
müasir uşağın dünyaya baxışı da fərqlidir. Sənin uşağın ömrü boyu "Forsaj”ı
qoyub "Dədə Qorqud”a baxmaz. Gəlin həmin köhnə filmləri kinoteatrlarda
göstərək, görün gedib baxan olacaq? Niyə bunu etiraf etmirik ki? Millətdə bir
az eqoistlik var. Tamaşaçıda eqoistlik yaranıb. Komediya da çəkilməlidir. Amma
komediya ciddi kino əsəri sayıla bilməz. İnsanları güldürmək çox asandı. "Youtube”
zarafatları ilə də milləti güldürürlər. Zamanında bir video çıxdı, baxan
gülürdü. 5 il sonra uşaqlar o filmlərə baxanda gülməyəcək. "Yol əhvalatı” kino
əsəridir. Amma bu gün çəkilənlər, əslində heç komediya da deyil, zarafatdır. Bu,
kino deyil. Dram janrında çəkilən ekran əsəri filmdir. Mel Gibson kimi adını çəkə
biləcəyimiz bir çox dünya kino ulduzları var ki, onlar komediya janrına
müraciət etmirlər. Çünki kino sənətdir. Kino həyatın özüdür. Kino ciddi işdir”.
Bir çox komediya
filmlərinin müəllifi, "Bozbash pictures”
prodakşının rəhbəri İlkin Həsəni isə mətbuata açıqlamasında onların heç
vaxt öz işlərinə "kino” demədiklərini bildirib: "Biz kino çəkmirik, kommersiya
filmləri çəkirik. Və bəzən tamaşaçı bizim çəkdiyimiz kommersiya filmlərini
"Oskar"a namizəd sayır və Kann festivalında göstərilən filmlərlə
müqayisə edir ki, belə-belə işlər görün! Mən də onları başa salmağa çalışıram
ki, qardaş, festival filmləri ayrıdır, kommersiya filmləri ayrı. Biz sırf pul
qazanmaq üçün çalışırıq. İşlərimiz də sırf bunun üçün nəzərdə tutulub. Biz
kinoteatrda tamaşaçını əyləndiririk, onun kefini yüksəldirik və bunun
müqabilində o, bizə beş manat verir. Bu beş manatın isə cəmi bir manat otuz
qəpiyini özümüzə götürürük”.
Komediya
seriallarının rejissoru olan Ramin Hacıyev deyir ki, yaxın
zamanlarda özü sanballı bir komediya filmi çəkmək istəyir, indiki çəkilən
filmlərdə tamaşaçını inandırmaq çətin olur: "Bu günün tamaşaçısını artıq
aldatmaq olmur. Gülməli film başqa, komediya filmi başqadır. Yalandan
tərifləməkdən artıq xirtdəkdəyəm. Düzdür, komediya filmlərini çəkənlər
dostlarımız, qardaşlarımızdır, birlikdə işləmişik, çörək kəsmişik. Ancaq
baxıram ki, o filmlərin çoxunda gülməli heç nə yoxdur”.
Yenicə əməkdar artist adı alan, yeni çəkilən film
və seriallarda komik ata obrazı yaradan aktyor
Niftulla Əsgərovun sözlərinə görə, hər
dövrün öz hökmü var. Onlardan əvvəl də, onlardan sonra da istedadlı insanlar
yaşayıb və yaşayır: "Hazırda kompyuter əsridir. Ötən əsrin 80-ci illərində
filmi 4-5 ilə ancaq çəkə bilirdilər. Ancaq indi bir filmi ayyarıma çəkirlər.
Elə fraqmentlər olurdu, gözləyirdilər ki, Günəş çıxsın və ya Ay getsin, sonra
çəksinlər. İndi isə Günəşin batmasını, buludun getməyini özləri kompyuterlə
həll edirlər. Bu onların iki dəqiqəsini alır. Məsələ burasındadır ki, keçmişdə çəkilən
komediyalara bu dəqiqə də baxılır və adama ləzzət edir. Mən uşaqlıqda hər zaman
onlara baxmışam, indi də baxıram. 1977-ci ildə "Qərib cinlər diyarında” filminə
çəkilmişdim. Orada mən Qara cini oynayırdım. Çox maraqlı illər idi”.
N.Əsgərov deyir ki, indiki komediyalarla əvvəlki
komediyalar arasında fərq var. Amma gəlin, indiki tamaşaçının zövqünü də nəzərə
alaq: "Bugünkü tamaşaçının zövqü tamamilə fərqlidir. Misal üçün, "Ögey ana”
filmində aktyor deyir ki, mənim bu qara buluddan gözüm su içmir. Gedim o qara
buludun qabağını tutum. İndiki tamaşaçıya bu sözü deyə bilərsənmi? Tamaşaçını
aldatmaq olmaz. Tamaşaçı həqiqəti, faktı olduğu kimi görmək istəyir. Bizim
keçmiş komediya filmlərimizə hörmətimiz var və onlardan öyrənməli, nümunə
götürməli, yeni-yeni əsərlər yaratmalıyıq”.
"Öz” film
şirkətinin rəhbəri, rejissor, prodüser Fehruz Şamıyev köhnə
filmlərlə yeni çəkilən filmlərin arasında böyük fərqlərin olduğunu və bu fərqin
təkcə tamaşaçılara ötürdüyü mesajlardan ibarət olmadığını vurğulayır: "Fərq həm
də filmlərin strukturunda, formalarında olan dəyişikliklərdədir. İndiki tamaşaçıların
komediyaya baxmaqda bir məqsədi var: gündəlik həyatda olan çətinliklərdən yaxa
qurtarıb, 2 saatlıq da olsa istirahət etmək. Komediyaların əksəriyyətindən
hansısa ciddi mesaj gözləmək əbəsdir. Hansı ki, əvvəllər "Əhməd haradadır?”, "Ulduz”
kimi filmlərdə azərbaycanlıların sosial və gündəlik həyatı göstərilirdi. Həmin
filmlərdə müəyyən qədər əyləncə, müəyyən
qədər də cəmiyyətə humanist mesajlar verilirdi. Amma keçmişdəki komediyaların
bir çoxunu da ciddi sənət əsəri hesab etmək olmaz. Onlar da günün tələbinə və
ideologiyaya uyğun çəkilirdi”.
Gəldiyimiz qənaət budur ki, özəl sektorun film
çəkmək sevdası təqdirəlayiqdir, ancaq onlardan sənət əsəri, şedevrlər gözləmək
əbəsdir. Deməli, sənət əsəri, əsil kino izləmək istəyənlər on illər öncə çəkilmiş
filmlərimizə müraciət etmək məcburiyyətindədirlər. Bu məcburiyyətin nə qədər
davam edəcəyini isə bilən yoxdur...
Xəyalə Rəis
Yazı Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi "Azərbaycan
kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” müsabiqəsinə təqdim edilir