AZE | RUS | ENG |

“Azərbaycan kinosu özünün gözəl dövrünü təkrar yaşayacaq”

“Azərbaycan kinosu özünün gözəl dövrünü təkrar yaşayacaq”
Şəfiqə Məmmədova: «Bizim layihələrdə gənclərlə iş əsas yerlərdən birini tutur. Onlar arasında müxtəlif həvəsləndirici müsabiqələrin təşkilindən tutmuş, ustad dərslərinə qədər ən müxtəlif məqamlara diqqət yetirəcəyik»

2 avqust Azərbaycan kinosunun yarandığı gündür. 1898-ci ildə Bakıda ilk kinosüjetlərin nümayişi ilə başlanan kino salnaməmiz mədəniyyət tariximizdə xüsusi yer tutur. Ötən illərdə milli kino sənəti zəngin inkişaf yolu keçib. Müasir dövrdə Azərbaycan kinematoqrafiyasının qarşısında dayanan başlıca məqsədlərdən biri dünya kinosuna inteqrasiya və bu fonda milli kino elementlərinin qorunub saxlanmasıdır. Bəs günümüzün kino mənzərəsində bu nə qədər realdır? Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, professor, kino xadimi Şəfiqə Məmmədova «Mədəniyyət» qəzetinə verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirib. Azərbaycan kinosunun tərəqqisi üçün hələ bir çox işlərin görülməli olduğunu deyən Ş.Məmmədova milli kinematoqrafiyanın inkişaf konsepsiyasından söz açdı. Yeri gəlmişkən qeyd edək ki, «Kaspi» qəzeti üçün hörmətli Şəfiqə xanımdan dəfələrlə müsahibə götürməyə cəhd göstərsək də, hamısı puça çıxıb. Bu müsahibədə isə bizi düşündürən bütün suallara cavab tapmasaq da, onu dərc eləməyi vacib bildik. - Şəfiqə xanım, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qarşısında dayanan əsas məqsədlər nədən ibarətdir? - Bizim arzularımız, görəcək işlərimiz çoxdur. Təbii ki, böyük planlar var və zamanla biz onların icrasına nail olacağıq. Qurumun yarandığı bir ay ərzində artıq nəyi necə edəcəyimizi yəqin etmişik və məqsədlərimizə doğru gedirik. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsisatı, qeydiyyatı ilə bağlı məsələlər artıq həll olunub. Fəaliyyət istiqamətləri müəyyənləşib. İttifaqın idarə heyətinin iclaslarında bir çox ciddi, günümüzün kino mənzərəsinə aid vacib məsələlər müzakirə olunub. Biz ümumilikdə geniş fəaliyyət planı hazırlayırıq, müxtəlif layihələr üzərində işləyirik. Əsas məqsədlərimizdən biri də gənc kinematoqrafçılarla bağlıdır. Buna görə də müvafiq nazirliklərlə birgə layihələr nəzərdə tutmuşuq. Gənclərin kino təhsilini diqqətdə saxlayacağıq. Əsas amalımız peşəkar və istedadlı kino mütəxəssislərini bir araya gətirməklə milli kinomuzun inkişafına töhfə verməkdir. - Milli Kino Günü ilə bağlı hansı tədbirlər nəzərdə tutulub? - Yeni yaranmağımıza baxmayaraq, biz də kino bayramında iştirak etmək istədik və müəyyən təkliflər irəli sürdük. Kino işçilərinin peşə bayramı ilə bağlı bir sıra təşkilati işlərə dair müzakirələr aparılıb. Azərbaycan kinosuna verdiyi töhfələrə görə hər il bir kino xadimini təltif etmək qərarına gəldik və bu məqsədlə milli kino mükafatı təsis edildi. İdarə heyətinin yekdil qərarı ilə bu il ilk mükafata Xalq artisti, görkəmli aktyorumuz Yaşar Nuri layiq görülüb. Kino veteranları ilə bağlı mükafat fondunu da təsis etdik. Bundan başqa, ittifaqın üzvü olan iki həmkarımızın-rejissorlar Yalçın Əfəndiyevin 75, Ələkbər Muradovun 65 illik yubileylərini də kino günündə təbrik edəcəyik. Mən bu gözəl bayram, kino günü münasibətilə bütün kino işçilərini, həyatını bu sahəyə həsr edən həmkarlarımızı və eyni zamanda kinonu sevən, onu daim baxımlı edən tamaşaçıları təbrik edir, onlara uzun ömür və cansağlığı arzulayıram. - Yeni ittifaqın yaranması cəmiyyətdə müəyyən müzakirələr də doğurdu. Bu müzakirələr həm də Azərbaycan kinosu ilə bağlı proseslərin ümumilikdə cəmiyyətin diqqət mərkəzində olduğunu göstərdi... - Bu müzakirələr təbiidir və biz bunu gözləyirdik. Hər bir sahədə müxtəlif qurumlar yaranır və təmsil etdiyi sahənin inkişafı yönündə fəaliyyət göstərir. Niyə belə bir təşkilat kino sahəsində də olmasın? Kino sahəsində çalışanların hər biri bu istiqamətin inkişafı üçün əllərindən gələni etməlidir. Biz də yeni bir qurum ətrafında birləşməklə milli kinomuz, onun inkişafı, təbliğatı, bu sahədə çalışanların stimullaşdırılması, kinodakı yeni proseslərin tətbiqi və ümumilikdə kinonun inkişafına təkan verməyə çalışırıq. Bu təcrübə ən müxtəlif ölkələrdə də var. Elə götürək qonşu dövlətləri. Onların hər birində kino ilə bağlı müxtəlif təşkilatlar var və onların hər biri eyni məqsədə - kinonun inkişafına xidmət edirlər. Düşünürəm ki, bizlər də bütün bu söz-söhbətləri kənara qoyub bacardığımızı etməliyik ki, milli kinomuz tərəqqiyə nail olsun. İttifaq olaraq da bizim əsas məqsədimiz budur və səslənən bütün fikirlərə rəğmən biz öz işimizlə məşğul olacağıq. Bir də mən bu məsələyə bir az başqa cür yanaşıram və hər zaman dediyim fikri təkrarlayıram: xalq kinonu sevir və onunla bağlı hər hadisəni elə kino qədər, yeni və maraqlı bir ekran işi kimi diqqətlə izləyir, onun haqqında rəy bildirir. - Bu məqamda Azərbaycan kinosu və onun hazırkı durumu barədə düşüncələrinizi bilmək maraqlı olardı. - Azərbaycan kinosunun gözəl dövrü olub və bu dönəmdə maraqlı ekran əsərləri yaranıb. Kino həmişə dövlətin diqqət mərkəzində olub, dövlət onu qoruyub, inkişafına dəstək verib. Bununla yanaşı, hətta ideologiyanın tüğyan etdiyi dövrlərdə də Azərbaycan kinosu öz milli xüsusiyyətlərini qoruyub, onun SSRİ kimi bir ittifaqda öz yeri, çəkisi, siması olub. Bu siyasi quruluşun dəyişməsi ilə kinoda da müəyyən problemlər yarandı, uzun illər kök salmış sistem dağıldı. Bu məqamda kinematoqrafiya da inkişafdan qaldı. Bax həmin dövrdə kinonun qəhrəmanları əsl kinoya olan məhəbbətlərini göstərərək o çətin məqamda filmlər çəkdilər. O fədakar insanlar sayəsində həmin çətin illərdə kino nümunələri ərsəyə gəldi. Təbii ki, burada onların bədii səviyyəsi və ya texniki göstəricilərini müzakirə etmək düzgün olmazdı, əsas odur ki, onlar kinonun yaşamasını təmin etdilər. Çətin də olsa Azərbaycan kinosu o yolu da keçdi və bu günə gəlib çatdı. Artıq hər il dövlət sifarişi ilə müxtəlif mövzulu maraqlı ekran əsərləri çəkilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş olunur, gənc və istedadlı kinematoqrafçılar nəsli yetişir. Təbii ki, bütün bunlar dövlətin kinoya olan diqqət və qayğısının nəticəsidir. Bilirsiniz ki, kinonun inkişafı ilə bağlı müvafiq dövlət proqramı var, ölkə başçısı milli filmlərin və teleserialların çəkilişi üçün müəyyən vəsait ayırıb. Yəni proses gedir və sistemli fəaliyyət nəticəsində yəqin ki, Azərbaycan kinosu özünün gözəl dövrünü təkrar yaşayacaq. - Kinomuzun problemlərindən danışarkən hansı nüansları əsas hesab edirsiniz? - Bu gün kinonun istehsalı ilə bağlı müəyyən problemlər var. Təbiidir ki, ideya, güclü ssenari, gözəl aktyor oyunu yüksək səviyyəli istehsal şəraiti, maddi-texniki imkanlar sayəsində sanballı kino əsərinə çevrilir. Ona görə də “Azərbaycanfilm” kinostudiyasının təmir olunması, maddi-texniki bazasının yaxşılaşdırılması bu problemin həllində əsas məsələdir. - Amma dövlət sifarişi ilə ekranlaşdırılan filmlərə zəruri vəsait ayrılır, hətta xaricdən bəzi texniki avadanlıqlar gətirilir, filmlərin montaj prosesi da bəzən xaricdə aparılır. Yəni problem təkcə texniki məsələlər deyil. - Təbii. Yuxarıda da qeyd etdiyim kimi, hər şey ideya və ssenaridən başlayır. Uğurun əsası budur. Yaxşı ssenari olmasa, istənilən texniki element, gözəl aktyor oyunu, ən müasir effektlər və s. kölgədə qalacaq. - Bu yaxınlarda Bakıda gənc rejissorlar üçün ustad dərsləri keçən məşhur polşalı kinorejissor Kşiştof Zanussi belə bir fikir söylədi ki, tamaşaçının görmək istədiyi, səmimi hesab etdiyi film uğur qazanır. Onun fikrincə, Azərbaycan kinosu tamaşaçını sadə yolla - həqiqəti göstərməklə də heyrətə sala bilər. Sizin bu barədə fikriniz necədir? - Azərbaycan kinosu bu gün millətinin səsini, reallığını, yaşantılarını göstərməlidir. Hər bir millətin öz kinosu var və o mütləq olaraq özünün özəl keyfiyyətlərini göstərə bilir. Bizim kinomuz da bizi, dərdlərimizi, həyati gerçəklərimizi təsvir etməlidir. Amma pafos və ya qışqırdıcı kadrlarla yox, insan taleləri, insan faktoru ilə. O gerçəkləri kino dilində bugünkü müasir tələblərə uyğun təqdim etməliyik. Bədii zövq, bədii səviyyə - ssenari, ideya, ideologiya tam olaraq bir-birini tamamlamalıdır. Əslində bu gün kinoda ideologiya sözündən qaçmağa çalışırlar. Amma unutmaq olmaz ki, kino ideoloji olmasa, baxımlı da olmaz. Bu gün dünya kinosuna nəzər yetirin, artıq vizuallıq, texniki meyarlar yerini ideologiyaya, insan amilinin əsas götürüldüyü filmlərə verib. Bu da o deməkdir ki, bütün hallarda kino səmimi və real məqamlara söykənəndə maraqlı və baxımlı olur. - Yəni bu gününün Azərbaycan kinosu da mütləq insan amilini önə çəkməlidir? - Bəli. «Böyük» və ya «balaca» insan, fərqi yoxdur. Baş qəhrəman və ya adi obraz olsun, əsas odur ki, insan, onun taleyi, yaşantıları, hiss və həyəcanları ekrandan tamaşaçıya yaxınlaşa bilsin. İstər sənədli, istər bədii, istər qısametrajlı, istərsə də multiplikasiya filmlərinin hamısı gərək elə səviyyədə çəkilsin ki, biz onunla dünyaya çıxa bilək. Bir sözlə, müharibə, savaş filmlərində o qorxuducu kadrlar, müharibənin qan-qadalarını göstərən səhnələrdən çox, o bəlalardan əziyyət çəkən insanları, onların iç dünyasını göstərməklə fərqli bir yozum yaratmaq olar. Vaxtilə Azərbaycan kinosunda müharibəni əks etdirən çoxlu ekran əsərləri yarandı, amma «Şərikli çörək» və «Bizim Cəbiş müəllim» qədər tamaşaçıya yaxın olan, onların daxili dünyasından xəbər verən ekran əsərləri az oldu. Bu mənada düşünürəm ki, pafosdan qaçmaq, müharibənin insan taleyinə vurduğu zərbələri göstərmək lazımdır. Dünya tamaşaçısını da bu minvalla təsirdə saxlamaq olar, bu yolla tamaşaçıya nə isə demək olar. - Şəfiqə xanım, bu günlərdə bir qrup gənc kinematoqrafçı tərəfindən sizə müraciət ünvanlanıb. Necə düşünürsünüz, Azərbaycan kinosunun hazırkı durumunda gənclərin yeri və mövqeyi qənaətbəxşdirmi? - Əvvəl gərək onlara nə isə verək, kömək edək ki, sonra da əvəzini gözləyək. Ona görə də istedadlı gənclərin təhsili, əsl kino mütəxəssisi kimi yetişmələri üçün müxtəlif ali təhsil ocaqlarına, dünyanın tanınmış kino məktəblərinə göndərilmələri vacib məsələdir. Bizim layihələrdə gənclərlə iş əsas yerlərdən birini tutur. Onlar arasında müxtəlif həvəsləndirici müsabiqələrin təşkilindən tutmuş, ustad dərslərinə qədər ən müxtəlif məqamlara diqqət yetirəcəyik. Gənclərin fəaliyyətinə gəlincə isə, hazırkı kino mühitində onlar nəzərəçarpacaq işlərə imza atıblar. - Şəfiqə Məmmədova xalqın sevimli aktrisası, sənətkarıdır. Xalq isə sənətkarını ya səhnədə, ya da kino ekranında görmək istəyir. Siz necə, bunu istəyirsinizmi? - Xalqın məni bu cür xatırlaması və sevməsi məni hədsiz dərəcədə sevindirir. Əslində, filmlərlə bağlı daim təklif almışam. Sadəcə, mən heç vaxt çəkilmək, rollarımın say sırasını artırmaq barədə düşünməmişəm. Ona görə də mənə təqdim olunan ssenariləri diqqətlə nəzərdən keçirib istədiyim, özümü tapdığım filmlərdə çəkilmişəm. İndi o vaxtları xatırlayarkən imtina etdiyim bir-iki film var ki, onlarda çəkilməməyimə görə təəssüf edirəm. Hazırda film təkliflərinə gəlincə, təəssüflə qeyd etməliyəm ki, maraqlı, cəlbedici ssenarilər yoxdur. Ona görə də bu illərdən sonra bəyənmədiyim, zəif hesab etdiyim ssenaridə çəkilmək istəməzdim. Amma həm də içimdə yaratdığım, canlandırdığım bir obraz var ki, onu ekrana gətirmək və demək istədiklərimi o obrazla tamaşaçıya çatdırmaq istərdim. Həmidə Nizamiqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862