• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Azərbaycan jurnalistlərinin Gürcüstan səfəri başa çatıb

08.08.14 12:54 2082
Azərbaycan jurnalistlərinin Gürcüstan səfəri başa çatıb
Gürcüstanın Gənclər və İdman Nazirliyi (GİN) yanında Uşaq və Gənclərin İnkişafı Fondunun (UGİF) maliyyə dəstəyi, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı ilə ötən həftə Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti “Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə çərçivəsində Tbilisidə səfərdə olublar.
Azərbaycan jurnalistləri səfərin ilk günü Tbilisi şəhərinin mərkəzindəki Qəhrəmanlar Meydanına gələrək Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini, ardınca paytaxtdakı parkda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra jurnalistlər Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət ediblər. Muzeydəki eksponatlarla yaxından tanış olublar.
Layihənin açılışı isə Gürcütsanın GİN-də baş tutub. Jurnalistləri qəbul edən nazir Levan Kipiani Gürcüstan-Azərbaycan arasında olan dostluq, qonşuluq əlaqələrindən, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açıb. O, bundan əvvəl də “Azərbaycan-gürcü jurnalistlərinin gözü ilə” adlı layihəsinin həyata keçirildiyini xatırladaraq, bu tipli layihələrin önəmini qeyd edib, bunun iki ölkə gəncləri arasında bağlantıları daha da möhkəmləndirdiyini vurğulayıb.
Gürcüstanın GUİF sədri İrakli Jorjoliani Fondun həyata keçirdiyi layihələrdən söz açaraq, sözügedən layihənin yaranmasından danışıb. Bildirib ki, Fondun elan etdiyi qrant müsabiqəsinə göndərilən layihələrin içərisində “Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə” layihəsi xüsusilə diqqəti özünə çəkib: “Düşünürük ki, layihə öz müsbət bəhrəsini verəcəkdir və Azərbaycan oxucusu dövlətimiz haqqında istədikləri məlumatı əldə edəcəklər. Gələcəkdə ikitərəfli layihələrin həyata keçirilməsi də nəzərdə tutulubdur. Bu il Azərbaycan Prezidenti Yanında Gənclər Fondu və bizim Fond arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən bu tipli layihələr, həmçinin iki ölkə gənclərini əhatə edən digər layihələr də həyata keçiriləcəkdir”.
Fondun departament təmsilçiləri müxtəlif təqdimatlarla çıxış edərək, fəaliyyət istiqamətlərindən, görülən işlərdən, gələcək planlarından danışıblar.
Görüşdə AMM-in Gənclər şöbəsinin müdiri və layihənin rəhbəri Nərgiz Əliyeva bu layihəni iki dövlətin münasibətlərinin daha da dərinləşməsində və media körpüsünün yaranmasında böyük rolu olduğunu deyib. O, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ideyalarına və layihələrinə dəstək verən Nazirliyə və Fonda təşəkkürünü çatdırıb. Qeyd edib ki, hazırkı görüşdə L.Kipianinin də iştirak etməsi həm Gürcüstanda yaşayan azərbaycanlı gənclərə, həm də Azərbaycanlı jurnalistlərə dövlətin verdiyi dəyərin, diqqətin göstəricisidir.
Azərbaycan media mənsubları adından Diaspor Jurnalistlər Birliyinin (DJB) sədri, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə çıxış edərək layihənin keçirilməsinə görə başda nazir L.Kipiani olmaqla zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.
Sonda Gürcüstanın gənclər və idman nazirinə Azərbaycan jurnalistləri adından Dağlıq Qarabağ həqiqətlərini, Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini özündə əks etdirən kitab təqdim olunub.
Nazir L.Kipiani də öz növbəsində jurnalistlərə “Gürcütsanın Qızıl İdman kitabı”nı hədiyə edib.
Səfərin ikinci günü Gürcüstanın Kaxeti bölgəsində tarixi şəhərlərə ekskursiyalar təşkil olunub. Saqareco rayonunun Ləmbəli kəndində yeni inşa edilən min şagird yerlik orta məktəb binasının önündə həm azərbaycanlı əhali ilə, həm də Gürcüstanın Elm və Təhsil Nazirliyinin (ETN) nümayyəndələri ilə görüş keçirilib.
Kənd məktəbinin müəllimi, 48 ildir pedaqoji fəaliyyətlə məşğul olan Nizami Şərifov jurnalistlərə kəndin problemlərindən danışıb. O, yerli əhalinin əsasən heyvandarlıqla məşğul olduğunu, susuzluqdan əziyyət çəkdiklərini dilə gətirib. Tüllər, Qazlar və Ləmbəli kəndlərinin əsas dərdinin isə məktəb problemi olduğunu diqqətə çatdırıb. Deyib ki, əvvəlki məktəb binası qəzalı vəziyyətdə olduğundan adları çəkilən 3 kəndin məktəbliləri çox acınacaqlı halda dərsi harda gəldi keçiblər. Amma yeni hökümətin gəlişi ilə kəndin məktəb problemi də həllini tapmağa başlayıb: “Həmin vaxt təhsil naziri indiki prezidentimiz cənab Georgi Margelaşvili idi. O, yerli sakinlərlə görüşdə söz verdi ki kəndin məktəb binası yenisi ilə əvəz ediləcək. Çox keçmədi ki, sözünə əməl etdi. İndi kəndimizdə ən müasir tələblərə cavab verən yeni məktəb binası tikilir. Layihəyə görə, 2015-ci ildə yeni məktəb şagirdlərin ixtiyarına veriləcəkdir”.
Görüşdə ETN-in, eləcə də AMM-nin nümayəndələri Gürcüstanda yaşayan azərbaycanlıların təhsil sahəsində əldə etdiyi uğurlardan, dövlətin bu sahəyə ayırdığı diqqətdən söhbət açıblar.
Azərbaycanlı jurnalistlər həmin gün Kaxeti bölgəsində gürcülərin “Sevgi şəhəri” adlandırdıqları Siqnaxidə də olublar. Avropa Tarixçilər Assosiasiasının üzvü, tarixçi-müəllim Nərgiz Nəbiyeva səfər iştirakçılarına Gürcüstanın, həmçinin də bu şəhərin tarixi barədə ətraflı məlumat verib. Yaşayış məntəqəsinin adının “Sevgi şəhəri” adlandırılmasına gəlincə, N.Nəbiyeva bunun şəhərdəki nikah idarəsinin fəaliyyəti ilə əlaqələndirildiyini söyləyib. Onun sözlərinə görə, şəhərdəki nikah idarəsi həftənin yeddi gününün 24 saatı işləyir və burada milliyətindən, irqindən, vəzifəsindən asılı olmayaraq hər kəs nikaha daxil ola bilər.
Jurnalistlər şəhəri gəzərək, yaşayış məntəqəsi ilə yaxından tanış olublar.
Səfərin üçüncü günü media mənsubları Tbilisinin Botanika bağına gələrək, buradakı müsəlman qəbristanlığını, Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət, elm və ictimai-siyasi xadimlərindən Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Əliqulu Qəmküsar, Eynəli bəy Sultanov və başqalarının məzarlarını ziyarət ediblər. Onların məzarları üstünə gül dəstələri düzüblər.
Həmin gün jurnalistlərdən ibarət nümayəndə heyəti paytaxt Tbilisidəki Gürcüstan Milli Muzeyinə də baş çəkiblər. Muzey bələdçisi Nana Gimşeleşvili Gürcüstan tarixinin müxtəlif mərhələlərini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, həmçinin arxioloji qazıntılar zamanı əldə edilən tapıntılar və sair barədə kütləvi informasiya vasitələri təmsilçilərinə ətraflı məlumat verib.
Günün ikinci yarısında jurnalistlər azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda olublar. Marneuli İcra Hakimiyyətində rayon icra başçısı Merab Topçişvili, Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayevin iştirakı ilə mətbuat konfransı keçirilib. Əvvəlcə Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin pozulması zamanı şəhid olan azərbaycanlı hərbiçilərin ruhu 1 dəqiqəlik sükütla yad edilib. Mətbuat konfransında çıxış edən İcra başçısı M.Topçişvili qonaqları salamlayaraq, Gürcüstan-Azərbaycan münasibətlərindən, soydaşlarımızın Marneulidəki vəziyyətindən danışıb. Bildirib ki, rəhbərlik etdiyi rayonda yaşayan əhalinin 82 faizini azərbaycanlılar, 8 faizini isə yunanlar, gürcülər, ermənilər, ruslar və sair millətlər təşkil edir. Onun sözlərinə görə, buradakı əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Bu amil nəzərə alınaraq, dövlət tərəfindən kəndlilərin öz torpaqlarından səmərəli istifadəsinə şərait yaradılır, onlara həm maddi, həm də texniki dəstək göstərilir. Yerli banklar vasitəsilə rayon sakinlərinə, öz təsərrüfatlarını inkişaf etdirməsi üçün 1-6 faizlə pul kreditləri də verilir. Bununla yanaşı, rayon ərazisindəki istehsal müəssisələri və zavodlar tədricən yeni müasir avadanlıqlarla təchiz olunur ki, bu da yerli əhalinin məşğulluğuna müsbət təsir göstərir. İcra başçısı deyib ki, rayonda iqtisadiyyatla bərabər, təhsilin, idmanın, mədəniyyətin və digər sahələrin inkişafı üçün də müxtəlif tədbirlər həyata keçirilməkdədir. O, təkcə Marneuli rayonundan minə yaxın gəncin Gürcüstan ali mətəblərində təhsil aldığını da qeyd edib.
Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abduallayev gürcü və Azərbaycan xalqı, eləcə də dövlətlərimiz arasında tarixi bağlılığın, həmçinin qarşılıqlı dostluq, mehriban qonşuluq, iqtisadi, siyasi, mədəni əlaqələrin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu münasibətlər yüksələn xətt üzrə indi də inkişaf etməkdədir. Bu yaxınlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə toxunan bələdiyyə sədri bildirib ki, 33 yerdən 16-na azərbaycanlılar seçiliblər.
Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin pozulması və nəticədə Azərbaycan əsgələrinin şəhid olmasından təəssüfləndiyini çatdırıb. O, bütövlükdə dünyada, o cümlədən Qafqazda sülh və əmin-amanlığın olmasını arzulayıb. S.Şamanidi görülən işlərdən danışarkən, əsas hədəfin azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası olduğunu vurğulayıb. Təəssüflə bildirib ki, hələ də Kvemo-Kartli bölgəsində azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. O, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında bu məqamı əsas problem kimi xatırladıb. Gürcüstan iqtidarı tərəfindən həmin əhalinin gürcü dilini öyrənməsi istiqamətində bir çox layihələr həyata keçirdiyini, bütün Azərbaycan məktəblərində gürcü dilinin də öyrədildiyini söyləyib: “Biz əlimizdən gələni edirik ki, bu günkü məktəblilər, sabahın gəncləri gürcü dilini öyrənsinlər, gürcü cəmiyyətinə inteqrasiya olunsunlar. Biz onların Azərbaycana, Rusiyaya və digər ölkələrə iş üçün getməsini istəmirik. Onları bir çox layihələrə cəlb etməklə, potensialından öz ölkəmizdə faydalanmağın tərəfdarıyıq”.
İcra başçısının məsləhətçisi Temur Beridze Marneuli rayonunda təhsil,sosial məsələlərlə bağlı həyata keçirilən dövlət proqramlarından danışıb, həmçinin mövcud problemlərə aydınlıq gətirərək, yeniliklər haqqında məluma verib.
AMM-in Gənclər şöbəsinin müdiri N.Əliyeva Gürcüstanda soydaşlarımıza yaradılan şəraitdən danışıb.
Azərbaycan jurnalistləri adından DJB sədri F.Hüseynzadə çıxış edərək, təşkil edilən görüşə, səmimi söhbətə görə gürcü rəsmilərinə minnətdarlığını bildirib. O, belə görüşlərin iki ölkə arasında media münasibətlərinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Çıxışlardan sonra gürcü rəsmiləri Azərbaycan jurnalistlərinin suallarını cavablandırıblar.
Görüşün sonunda Azərbaycan jurnalistləri tərəfindən Gürcüstan prezidenti adına Sofiya Şamanidiyə, həmçinin Merab Tapçişviliyə Qarabağla bağlı kitablar təqdim olunub.
Səfərin sonuncu günü isə Gürcüstanın GİN-ində Azərbaycandan gələn nümayəndə heyəti ilə gürcü jurnalistlərinin görüşü keçirilib. Görüşdə GİN L.Kipiani, UGİF rəhbəri İ.Jorjoliani, onun müavini Murman Pataraya, Gürcüstan Regional Televiziyalar Assosiasiyasının (RTA) rəhbəri Natia Kupaşvili iştirak ediblər.
Gürcüstanlı nazir L.Kipiani Azərbaycan xalqına son günlər cəbhədə 14 azərbaycanlı hərbiçinin şəhid olması ilə bağlı başsağlığı verib, şəhidlərin ailələrinə səbir diləyib.
UGİF rəhbəri İ.Jorjoliani jurnalistlərlə görüşün əhəmiyyətindən söhbət açıb.
RTA rəhbəri N.Kupraşvili çıxışında Azərbaycan Gürcüstan əlaqələrindən söz açıb. İki ölkə arasında media münasibətlərinin inkişafı istiqamətində lazımi layihələrin həyata keçirilməsi üçün hər zaman hazır olduqlarını bildirib.
AMM-in Gənclər şöbəsinin müdiri və “Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə” layihəsinin rəhbəri N.Əliyeva təmsil etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. O, vurğulayıb ki, bu tipli layihələrin əsas məqsədi iki ölkənin mediası arasında əlaqələri daha da irəliyə aparmaqdır. N.Əliyeva AMM-nin rəhbərliyi adından iştirakçılara, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılara olan diqqət və qayğıya görə Gürcüstan GİN-i simasında Gürcüstan hökumətinə səmimi minnətdarlığını çatdırıb.
“Azərbaycan-gürcü jurnalistlərinin gözü ilə” adlı layihənin iştirakçısı olan gürcü jurnalisti Mari Minadze Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.
“Xalq” qəzetinin əməkdaşı Əfsanə Ələsgərli isə Gürcüstan-Azərbaycan əlaqələrin yüksələn xətt üzrə inkişafından danışıb. O, hər iki ölkənin separatizmdən əziyyət çəkdiyini diqqətə çatdıraraq, bu kimi hadisələr ətrafında cərəyan edən proseslərlə bağlı əhaliyə düzgün informasiya çatdırılmasının vacibliyini vurğulayıb. Deyib ki, bunun üçün hər iki ölkənin mediası arasında əlaqələrin inkişaf etdirilməsi zəruridir və bu istiqamətdə addımlar atılmalıdır.
DJB İdarə Heyətinin üzvü, “Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli təkliflə çıxış edərək, Gürcüstan və Azərbaycan jurnalistlərindən ibarət bir təşkilatın yaradılmasını vacib sayıb.
Tədbirin sonunda DJB sədri F.Hüseynzadə görüşün təşkilinə görə, AMM-ə, Gürcüstanın GİN-inə, eləcə də gürcüstanlı jurnalistlərə təşəkkürünü bildirib.
Bununla da “Gürcüstan-Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə çərçivəsində Azərbaycan media mənsublarının Gürcüstana 4 günlük səfəri başa çatıb.
Rufik İSMAYILOV,
Gürcüstan, Tbilisi-Kaxeti-Marneuli

banner

Oxşar Xəbərlər