• şənbə, 20 Aprel, 10:39
  • Baku Bakı 14°C

“Azərbaycan-İsrail münasibətləri Fələstində də müsbət qarşılanır”

16.12.16 14:00 2442
“Azərbaycan-İsrail münasibətləri Fələstində də müsbət qarşılanır”
Bu həftə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanda rəsmi səfərdə oldu, prezident İlham Əliyevlə təkbətək görüş keçirdi, ölkələrimiz arasında münasibətlərin daha da inkişafına hesablanmış sazişlər imzalandı. Bu səfər böyük maraqla izləndi. Belə bir mühüm səfər ərəfəsində Yaxın Şərqdən də narahatlıq dolu məlumatlar yayıldı. 7 ay bundan öncə Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənən Suriyanın qədim Palmira şəhəri yenidən terrorçuların əlinə keçdi. Hələbdə baş verənlərdən sonra isə Qərb yenidən Rusiyanı qınayan bəyanatlarla çıxış etdi. Hazırda isə Rusiya, Türkiyə, İran rəsmiləri dekabrın 27-də Moskvada bir araya gəlməyi, Suriya ilə bağlı üçtərəfli danışıqlar aparmağı planlaşdırırlar. Bütün bu proseslər barədə "Kaspi”nin suallarını Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadəcavablandırır.
- Asim müəllim, İsrailin baş naziri B.Netanyahu Azərbaycanda rəsmi səfərə gəldi və burada mühüm görüşlər keçirdi, mətbuat qarşısında bəyanatla çıxış etdi. Siz bu səfəri necə dəyərləndirirsiniz?
- İsrail baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təzahürüdür. Bu iki dövlət arasında çoxşaxəli əməkdaşlıq əlaqələri mövcuddur. Bura hərbi-sənaye, təhlükəsizlik, iqtisadi, humanitar, ticarət, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlıq daxildir. Bununla yanaşı, İsraildə Azərbaycanda mövcud olan multikulturalizm, sivilizasiyalararası dialoq, tolerantlıq, tarixi əlaqələrimiz çox yüksək qiymətləndirilir. Fikrimcə, ölkələrimiz birlikdə bu dəyərləri uğurlu Azərbaycan modeli kimi dünyada təbliğ etməkdə də ortaq mövqedən çıxış edirlər. Müxtəlif istiqamətdə əməkdaşlıq əlaqələri ilə paralel olaraq, ölkələrimiz arasında münasibətlərin daha da yaxşılığa doğru inkişaf etməsinə ən əsas səbəb xalqlarımız arasındakı tarixi bağlılıqdır. Tarixən yəhudilər Azərbaycanda rahat yaşayıb, ölkənin müxtəlif sahələrində təmsil olunublar. Bu ənənə indi də davam etdirilməkdədir. Sevindirici haldır ki, azərbaycanlı yəhudilər də İsraildə rahat yaşayır və yaradırlar. Yəni, cəmiyyətlərimiz arasında münasibətlərin yaxşı olması, dövlətlərimiz arasında da münasibətlərin daim yaxşı olmasına təkan verir, hətta dünyaya, bəşəriyyətə birgəyaşayış, tolerantlıq, dözümlülük, multikulturalizm, sülh mesajları verir.
- İsrail baş nazirinin Azərbaycana gəlməsi düşmən Ermənistanla yanaşı, qonşu İranda da narahatlıq doğurdu. Sizcə, bu narahatlığına əsas var idimi? Ünvanımıza söylənən qınaqlar və tənqidi fikirlər nə dərəcədə haqlı idi?
- Bu barədə Azərbaycanın rəsmi şəxsləri ən yüksək tribunalardan dəfələrlə bəyan ediblər və mən də bu qənaətdəyəm ki, Azərbaycan-İsrail münasibətləri heç bir dövlətin əleyhinə yönəlməyib. Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu mənada ölkəmizin İsraillə münasibətlər kontekstində öz ordusunu, maddi-texniki təchizatını daha da möhkəmləndirməsi, işğalçı Ermənistanın da bu əlaqələrdən narahatlıq keçirməsi hardasa başadüşüləndir. Çünki, əgər sülh danışıqları bir nəticə verməzsə, Dağlıq Qarabağ problemi dinc yolla həllini tapmazsa, Azərbaycan gec-tez hərbi imkanlarından istifadə edib öz ərazi bütövlüyünü təmin edəcək. Bu, Azərbaycanın suveren hüququdur. Düşmən ölkə də bunu bilir və İsrail-Azərbaycan münasibətlərinin Silahlı Qüvvələrimizin daha da inkişafına, Azərbaycan ordusunun daha da güclənməsinə, ən müasir silah-sursatla təmin olunmasına narahatlıqla yanaşır. Lakin İsrail-azərbaycan münasibətlərinin inkişafından İranın narahatlıq keçirməsi başadüşülən deyil. Çünki, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur, biz heç bir qonşu dövlətin ərazi bütövlüyünə hörmətsiz yanaşmırıq. Yalnız beynəlxalq hüququn prinsiplərini əldə rəhbər tutaraq, öz ərazi bütövlüyümüzün təmin olunmasını istəyir və ərazilərimizin işğaldan azad edilməsinə çalışırıq. Belə olan halda, zənnimcə İranın İsrail-Azərbaycan münasibətlərindən narahatlıq ifadə etməsi, Tehran rəsmilərinin, bəzi millət vəkillərinin dost-qardaş, bir millət iki dövlət adlandırdıqları Ermənistana görədir. Heç kimə sirr deyil ki, hazırda regionda işğalçı Ermənistana ən böyük dəstək verən ölkə İrandır. Düzdür, Rusiya Ermənistanı özəlləşdirib, iqtisadiyyatını, hərbi qüvvələrini və sairi ələ keçirib, bu ölkəni özünün forpostuna çevirib. Amma işğalçı ölkəni ayaqda saxlayan, onu yanacaqla, enerji ilə, ərzaq və sair məhsullarla təmin edən İrandır. Ona görə də İran Azərbaycanın İsraillə hərbi, təhlükəsizlik sahələrində əməkdaşlığından narahatlıq keçirir. Bilir ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi əldə etdiyi müasir silahlarla Ermənistanın bütün təxribatlarının qarşısını almağa, düşmən ölkənin ordusuna sarsıdıcı zərbə vurmağa qadirdir. Tehranın əsas narahatlığı bundan qaynaqlanır. Ancaq İran tərəfi Ermənistanla münasibətlərinin yalnız dövlət maraqlarına, qonşuluq münasibətlərinə söykəndiyini bəyan edir, eyni zamanda Fələstin-İsrail münasibətlərini əsas gətirərək, Azərbaycanı müsəlman həmrəyliyi nümayiş etdirməməkdə ittiham edir. Əgər söhbət müsəlman həmrəyliyindən gedirsə, o zaman tam məntiqli olardı ki, rəsmi Tehran 1 milyondan artıq müsəlman azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, dini və etnik zəmində onlara qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanı qınaq obyektinə çevirəydi, Azərbaycanın yanında olmaqla müsəlman həmrəyliyi nümayiş etdirəydi. Ancaq biz bunu görmürük və ən azı, təəssüf hissi keçiririk.
- İsrail-Azərbaycan münasibətləri Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə hansı formada təsir göstərə bilər?
- Azərbaycan-İsrail əməkdaşlığı ölkəmizə qarşı olan təcavüz, soyqırımı siyasətinin, beynəlxalq hüquq normalarının işləməməsi, haqsızlıqlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır. Heç kimə sirr deyil ki, yəhudi lobbisi bu gün dünyada böyük gücə, imkanlara malikdir. Müxtəlif ölkələrdəki yəhudi icmalarının bu imkanlarından istifadə etməklə əvvəlcə özümüzü onlara daha da yaxından tanıda, ardınca isə həqiqətlərimizi, üzləşdiyimiz haqsızlıqları beynəlxalq aləmə çatdıra bilərik. Misal üçün, bu gün ABŞ-dakı yəhudi informasiya resurslarında Xocalı soyqırımı, Xocalıdan olan insanların şahidi olduqları hadisələr və bununla bağlı hazırlanan məlumatlar hər həftə dərc olunur. Beləliklə də Ermənistan tərəfindən Azərbaycan torpağında törədilmiş bəşəri cinayət, soyqırımı siyasəti barədə beynəlxalq ictimaiyyət düzgün məlumatlandırılır, erməni yalanlarına qarşı birgə mübarizə aparılır. Təbii ki, bütün bunlar böyük dövlətlərin bu informasiya resursları ilə tanış olan ən sadə vətəndaşlarında da Dağlıq Qarabağ probleminin mahiyyəti barədə aydın təsəvvür yaradır.
- B.Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri öncəsi belə bir məlumat yayılmışdı ki, görüşlər zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də İsrail-Fələstin münaqişəsiolacaq. İslam dövləti olan Azərbaycan bu yolla İsrail-Fələstin probleminin həllinə hansı töhfəni verə bilər?
- Azərbaycan dünyada, o cümlədən Şərqdə və regionumuzda sülhün, əmin-amanlığın bərqərar olunmasında çox maraqlıdır. Bu maraqlardan irəli gələrək, Azərbaycan Fələstinlə də yüksək səviyyəli münasibətlər qurur. Əslində, Azərbaycan-İsrail münasibətləri də Fələstində olduqca müsbət qarşılanır, heç kimdə qıcıq yaratmır. Mən Mahmud Abbasın Azərbaycana olan tarixi səfərini xatırlayıram. Fələstin muxtariyyətinin rəsmiləri ilə dəfələrlə keçirdiyim görüşlərdə onlar Azərbaycan barədə yalnız müsbət təəssüratlarını, xoş sözlərini bölüşürlər. Fələstin tərəfdən Azərbaycan-İsrail münasibətləri ilə əlaqədar hər hansı mənfi yanaşma, fikir yoxdur. Əksinə, onlar da bu münasibətləri dəstəkləyirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər