• cümə axşamı, 18 aprel, 18:04
  • Baku Bakı 21°C

Azərbaycan İslam həmrəyliyinin mərkəzinə çevrilir

23.12.17 11:30 1372
Azərbaycan İslam həmrəyliyinin mərkəzinə çevrilir
Ayrı-ayrı sivilizasiyaların mərkəzində yerləşən Azərbaycan həm də İslam dünyasında mühüm yerlərdən birini tutur. Bir çox ölkələrdən fərqli olaraq, tarixən müxtəlif dinlərin, xalqların birgə yaşadığı Azərbaycanda heç zaman dini və etnik zəmində münaqişələr olmayıb. Bu da Azərbaycan xalqının milli mentalitetindən irəli gəlir. Həmin ənənələr bu gün də Azərbaycan dövləti tərəfindən qorunub saxlanılır.

Bunun nəticəsidir ki, İslam sivilizasiyasının bir parçası olan Azərbaycanda Prezident İlham Əliyev tərəfindən 2017-ci il "İslam Həmrəyliyi ili” elan edildi və il boyu müxtəlif tədbirlər, beynəlxalq konfranslar və s. keçirildi. Bu günlərdə isə Bakı növbəti belə möhtəşəm tədbirə ev sahibliyi etdi. "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev İslam həmrəyliyinin qorunub saxlanmasının dünyada sülhün və sabitliyin təminatçısı olduğunu diqqətə çatdırdı.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, dövlətimizin müstəqillik əldə edəndən indiyədək atdığı bütün addımlarda İslam həmrəyliyinə verdiyi töhfənin izini, əlamətlərini konkret əməllərdə görə bilərik: "İlk töhfə Azərbaycanın özündə hazırda İslam dünyasını didib-parçalayan məzhəblərarası ziddiyyətlərin olmamasıdır. "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa qatılan amerikalı ravvin də dedi ki, Azərbaycanda sünnilərlə şiələri eyni məsciddə namaz qılan gördüm və bütün dinlərin təmsilçilərinə eyni yanaşmanın şahidi oldum. Qeyd edilən bu hal nəinki geridə qalmış ölkələrdə, Avropanın aparıcı ölkələrində belə çox nadir rast gəlinən bir haldır. Budur Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfə. Eyni zamanda, bu təkcə İslam həmrəyliyinə deyil, sivilizasiyalararası dialoqa, dünyada sülhün, əmin-amanlığa verilən bir töhfədir. Ona görə də beynəlxalq konfransda Prezident İlham Əliyev öz çıxışında da bir daha çağırış edərək bildirdi ki, multikultralizm ölməyib, Azərbaycanın örnəyində biz bunu görürük və bu, dünyaya lazımdır. Çünki məhz Azərbaycan modeli həm ölkənin özündə, həm də bütövlükdə regionda əmin-amanlığı təmin edən bir modeldir. Heç təsadüfi deyildir ki, dövlət başçısı öz çıxışında nəqliyyat dəhlizi məsələsini də qabartdı. O qeyd etdi ki, əgər qonşu dövlətlər arasında yaxşı əlaqələr olmasaydı, biz layihələri reallaşdıra bilməzdik. Bizim isə quru sərhədi olan qonşularımızın, Ermənistanı nəzərə almasaq, ikisi - Rusiya və Gürcüstan xristian, ikisi - Türkiyə və İran isə müsəlman dövlətiləridir. Bu dövlətlər arasında da məzhəb fərqliliyi var. Bütün bunlara baxmayaraq, Azərbaycan məhz quru sərhədi olan qonşuları ilə normal münasibətləri olduğuna görə Bakı-Tbilisi-Qars, eləcə də Şimal-Cənub dəmiryolu xətti kimi təkcə regional yox, həm də dünya əhəmiyyətli layihələri reallaşdıra bilir. Azərbaycanın verdiyi töhfələr bax burada özünü göstərir”.
S.Alıyev vurğuladı ki, Azərbaycan məzhəb ayrı-seçkiliyi qoymadan bütün İslam abidlərinə diqqət və qayğı göstərir: "Hər kəsə məlumdur ki, son illər Azərbaycanın təşəbbüsü ilə nə qədər abidələr təmir edilib. Bilirsiniz ki, bu təkcə Azərbaycandakı dini abidələrə yanaşmada edilmir. Məsələn, Heydər Əliyev Fondunun xətti ilə Vatikanda katakombaların təmiri məsələsi var. Bu qəbildən olan onlarla misallar saymaq olar. Ümumiyyətlə, Azərbaycanın töhfəsi təkcə İslam sivilizasiyasına olan töhfə deyil, bu, beynəlxalq, sivilizasiyalararası mahiyyət daşıyır”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, ölkəmizdə "İslam Həmrəyliyi ili” çərçivəsində xeyli sayda tədbirlər keçirilib: "Böyük tədbirlərdən biri bu günlərdə Bakıda baş tutan "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans idi. Bundan əvvəl isə Prezident İlham Əliyev İstanbulda keçirilən tədbir zamanı çox ciddi və aktual məsələlərə toxundu. O qeyd etdi ki, İslam həmrəyliyi vahid qüvvəyə çevrilməlidir və bu vahid qüvvə bütün təhlükələrə qarşı çıxış etməlidir. Eyni zamanda bildirdi ki, İslam abidələrini, məscidləri dağıdan ölkələrlə müsəlman dövlətləri əlaqə qurmamalıdır. Təbii ki, burada dövlət başçısının hansı ölkəni nəzərdə tutması bəllidir. Bakıda keçirilən beynəlxalq konfransda da Azərbaycan prezidenti tədbirin İslam həmrəyliyinin davamı olduğunu və bu birliyin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırdı. O, ölkələr arasında əlaqələrin qarşılıqlı maraq əsasında inkişaf etdirilməsini qeyd edərək, bunu təhlükələrdən qorunmaq üçün vacib amil adlandırdı. "Çünki bu tədbirlər sülhün, stabilliyin qorunmasına yönəlib. Bizim əsas məqsədimiz sülhdür, əmin-amanlıqdır, əməkdaşlıqdır” - dövlət başçısı bildirdi”.

F.Sadıxov qeyd etdi ki, beynəlxalq tribunalardan vahid mövqe sərgiləməklə, müxtəlif tədbirlər, konfranslar və digər işlər görməklə Azərbaycan İslam həmrəyliyinə böyük töhfələr verdi: "Məhz bunun nəticəsidir ki, Azərbaycan bütün İslam aləmini özünə cəlb edib. Onu da qeyd edim ki, Azərbaycan öz xarici siyasətindəki prioritetlərindən biri kimi İslam dünyası ilə həmrəyliyə, əməkdaşlığa üstünlük verir. Bu da ölkəmizi İslam dünyasında siyasi oyunçuya çevirir. Çünki biz həm bu ölkələrlə layihələr həyata keçiririk, həm də regionda stabilliyi qorumaq naminə əlimizdən gələni edirik. Eyni zamanda İslam ölkələrinin nümayəndələrini öz ətrafımıza yığaraq, həmrəyliyi möhkəmləndiririk. Bütün bunlar da əlbəttə ki, Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirir”.

Politoloq Tofiq Abbasovvurğuladı ki, İslam həmrəyliyi gəlişi gözəl ibarə və şüarlarda yox, əməllərdə təşəkkül tapmalıdır: "Bu baxımdan, Azərbaycan klassik nümunə ortaya qoyur: " Prezident İlham Əliyevin çıxışından irəli gələn ideyalar ondan ibarətdir ki, çox danışmaqdansa, bu sahədə iş görmək, fəaliyyət göstərmək önəmlidir. Ölkəmizdə bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, rəsmi Bakının uğurlu diplomatik gedişləri, innovasiya xarakterli təşəbbüslərin gerçəkləşdirilməsi ondan xəbər verir ki, Azərbaycan tək özünün xeyrinə işləyən layihələrə deyil, ümummüsəlman birliyinin möhkəmlənməsinə hesablanmış proqramlara üstünlük verir və bununla da İslam həmrəyliyini əməli qidalandırır. Azərbaycanın bu sahədə dinamizm nümayiş etdirməsi onu göstərir ki, müsəlman ölkələrinin əhalisinin sayı, ərazisinin böyüklüyü əsas şərt sayıla bilməz. Fikrimcə, nisbətən yığcam və balaca olan ölkələr bəzən daha böyük töhfələr verə bilirlər və onların davranışı passiv mövqe tutan ölkələr üçün örnək olmalıdır”.

Politoloq əlavə etdi ki, əgər digər müsəlman ölkələri Azərbaycanın yolu ilə getsələr, onda "İslam həmrəyliyi" anlayışı konkret məzmunla təmin edilə bilər: "Fikrimcə, bu bütün islam dünyasının dirçəlməsinə zəmanət yarada biləcək”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər