• cümə axşamı, 28 mart, 15:04
  • Baku Bakı 16°C

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir - Fotolar

12.09.17 09:30 2209
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir - Fotolar
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. Sentyabrın 10-da Astanada keçirilən bu sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən sammitdə iştirak edib.

Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirib ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini vurğulayıb. N.Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün "G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini də qeyd edib. Qazaxıstan dövlətinin başçısı bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini bildirib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb. O, Astana Sammitinin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan sammitin önəmini vurğulayıb. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyən R.T.Ərdoğan ölkəsində İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd edib. İslam aləmində son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Türkiyə Prezidenti elm və texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi dəstəyin verilməsinin vacibliyini bildirib.

Azərbaycan Prezidenti İ.Əliyev Qazaxıstan torpağında yenidən olmağından böyük məmnunluq hissi keçirdiyini dilə gətirərək, İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib. O, Azərbaycan İƏT-in fəal üzvü olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib: "Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İƏT-in Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk”.

Azərbaycan Prezidenti İ.Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb. Bildirib ki, bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur: "Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb”.

Azərbaycan dövlət başçısı erməni vəhşiliyinin bu gün də davam etdiyini söyləyib. Qeyd edib ki, cari ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib: "Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu torpağımızın bir hissəsini erməni işğalçılarından azad edib. Biz orada yeni qəsəbə salmışıq. 150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz”.

Prezident İ.Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini də diqqətə çatdırıb. Deyib ki, ölkəmiz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparır: "Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak edib. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb”.

Azərbaycan Prezidenti ölkəmizin sürətlə inkişaf etdiyini söyləyib. Bildirib ki, son 14 il ərzində Azərbaycanın ümumi daxili məhsulu üç dəfədən çox artıb: "Azərbaycanda son illərdə 1 milyon 600 min iş yeri yaradılıb. Yoxsulluq 5 faiz səviyyəsinə düşüb. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

Xatırladaq ki, sammit çərçivəsində "Davamlı inkişafda elm və texnologiyaların rolu”, "Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar”, "Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçirilib, zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılıb. Bununla yanaşı, müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Sammitin yekununda İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul edilib.
R.İsmayılov

banner

Oxşar Xəbərlər