• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

Azərbaycan İslam aləminin dünyəvi modelinin həqiqi nümunəsidir

09.02.15 05:07 1031
Azərbaycan İslam aləminin dünyəvi modelinin həqiqi nümunəsidir
Əli Həsənov: “Azərbaycan xalqı və rəhbərliyi seçdiyimiz dünyəvi dövlət modelinin yerini dini dövlət modelinin tutmasına heç vaxt imkan verməyəcək”
“Cənubi Qafqaz regionu böyük geosiyasi əhəmiyyətə və inkişaf potensialına malikdir. Bəziləri məhz Azərbaycanın təşəbbüsü ilə başlanmış enerji, nəqliyyat layihələri və digər transmilli layihələr regionun firavanlaşması üçün əlverişli zəmin yaradıb. Lakin həll edilməmiş ərazi münaqişələri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinə müsahibəsində deyib.
Ə. Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bu münaqişə nəticəsində regiona və ölkəyə dəymiş ziyandan danışıb: “Əminliklə bu fikirdəyəm ki, Avropada yəhudilərə qarşı dəhşətli soyqırımının – Holokostun şahidi olmuş yəhudi xalqı bizim ağrılarımızı və günahsız insanların iztirablarını – 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının ağrı-acısını anlayır və buna ürəkağrısı ilə yanaşır. Bununla əlaqədar, İsrail Prezidenti Reuven Rivlinin bu yaxınlarda, Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü çərçivəsində BMT Baş Məclisinin tribunasından çıxışını xüsusi qeyd etmək istərdim. Cənab Prezident həmin çıxışında XX əsrin digər faciəli hadisələri ilə yanaşı, Xocalı soyqırımını da qeyd etdi. Buna görə ona minnətdarıq”.
Şöbə müdiri bildirib ki, separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında “boz zonalar” deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün ideal yerdir: “Əlbəttə, qonşu ölkələrin də buna oxşar vəziyyətlə üzləşməsi faktını nəzərə alsaq, möhkəm regional təhlükəsizlik və regional sabitlik barədə danışmaq xeyli çətindir. Mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, biz müstəqillik illəri ərzində Azərbaycanı güclü, çiçəklənən və davamlı inkişaf edən ölkəyə çevirməyə nail olmuşuq. Dünyada səngimək bilməyən qarşıdurmalar, radikalizmin güclənməsi və dini dözümsüzlük fonunda beynəlxalq birlik müasir və güclü Azərbaycanın timsalında bir sıra ölkələr üçün həqiqətən real nümunə müşahidə edir”.
Ə. Həsənov qeyd edib ki, bərabərhüquqlu əməkdaşlıq, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasətinin mühüm prinsipləridir: “ Azərbaycan regionun və dünyanın bütün ölkələri ilə, o cümlədən İsraillə məhz bu prinsiplər əsasında əməkdaşlıq edir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həm Qərb və Şərq ölkələri ilə, həm hə qonşu dövlətlərlə sıx siyasi əlaqələr yaradıb. Neft-qaz və nəqliyyat sahəsində bizim transmilli əməkdaşlığımız regionun və Avropanın enerji xəritəsini dəyişib. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyaya hərtərəfli kömək etmişik və edirik, Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan ilə dünyanın digər ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığa dair xeyli nümunə göstərmək olar”.
Şöbə müdiri deyib ki, Azərbaycanda da müəyyən qüvvələr daxili vəziyyəti kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər: “Dini amil vasitəsilə də cəmiyyətdə sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Lakin Azərbaycan xalqının tolerantlıq ənənələrinə, multikulturalizm ideyasına sadiqliyi və hökumətin bu istiqamətdə məqsədyönlü siyasəti Azərbaycanda dini radikalizmin yayılması yolunda həqiqətən maneədir. Azərbaycan xalqı və respublika rəhbərliyi seçdiyimiz dünyəvi dövlət modelinin yerini dini dövlət modelinin tutmasına heç vaxt imkan verməyəcək və bu siyasət gələcəkdə də davam etdiriləcək”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanla İsrail arasında həm ikitərəfli, regional, həm də beynəlxalq məsələlərdə qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Siyasi sahədə ölkələrimizin rəhbərliyi arasında qarşılıqlı anlaşmanı və xeyirxah münasibətləri qeyd etmək istərdim. Biz iqtisadi sahədə fəal əməkdaşlıq edirik, energetika, qabaqcıl texnologiyalarla təchizat, hərbi, telekommunikasiya, kənd təsərrüfatı və başqa sahələrə xüsusi diqqət yetiririk. Xalqlarımız, ictimai təşkilatlar, KİV-lər, habelə diaspor təşkilatları arasında sosial-mədəni, mənəvi və insani münasibətlər də mühüm rol oynayır”.
PA rəsmisi ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini müsbət qiymətləndirib: “Regional və beynəlxalq münasibətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük potensial var”.
Amma Ə. Həsənov təəssüflə qeyd edib ki, vaxtaşırı bəzi beynəlxalq qüvvələrin bu münasibətləri pozmağa yönəlmiş cəhdləri müşahidə olunur: “Lakin biz əminik ki, bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Həmçinin ümid edirik ki, bu yaxınlarda İsrailin bəzi qəzetlərində dərc edilmiş antiazərbaycan ruhlu qərəzli məqalələr istər İsrailin rəsmi dairələri, istərsə də ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul edilmir”.
Ə. Həsənov “Azərbaycan İsrail dövləti ilə müsəlman dünyası arasında körpü ola bilərmi?” sualına cavabında bildirib ki, İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, eyni zamanda, həm bütün İslam ölkələri, həm də İsraillə dostluq əlaqələri saxlayır: “Hesab edirəm ki, bu praktika da sivilizasiyalararası ikitərəfli münasibətlərdə model rolu oynaya bilər. Azərbaycan hesab edir ki, müasir dünyada milli və dini qarşıdurmalara, ərazi iddialarına, milli və dini dözümsüzlüyün, zorakılığın və düşmənçiliyin süni şəkildə qızışdırılması yolu ilə gərginliyin artırılmasına yer yoxdur. Bütün məsələlər beynəlxalq hüquq, konstruktiv dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir. Lazım gəldikdə ölkəmiz Yaxın Şərqdə, İsrail ilə İslam dünyası arasında sülhün və sabitliyin möhkəmlənməsi işinə öz töhfəsini verə bilər”.
Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərə təsiri ilə bağlı suala cavabında Ə. Həsənov deyib ki, istər əslən Azərbaycandan olan və hazırda İsraildə yaşayan yəhudilər, istərsə də Azərbaycanın yəhudi icması Azərbaycan ilə İsrail arasında əlaqələrin təşəkkülündə və möhkəmlənməsində böyük rol oynayıblar və oynayacaqlar: “Milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ortaq tarix, ortaq tale və ortaq maraqlarla bağlıdır. Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilər də həmişə bu cəmiyyətin tamhüquqlu üzvləri olublar, onlar heç vaxt özlərini qərib hiss etməyiblər. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yerdir. Əminliklə deyə bilərəm ki, Ermənistanda yaşayan yəhudilərdən fərqli olaraq Azərbaycan yəhudiləri heç vaxt hər hansı antisemitizm təzahürləri ilə üzləşməyiblər. Hətta dünyanın müxtəlif ölkələrində antisemitizm qığılcımları və antiisrail əhval-ruhiyyəsinin kəskinləşdiyi dövrlərdə də Azərbaycanda yəhudilərə dostcasına münasibət qorunub saxlanıb”.
PA rəsmisi onu da qeyd edib ki, yəhudi icması fəal vətəndaş mövqeyi göstərir, Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır: “Bu icma ölkə parlamentində də təmsil olunub – Yevda Abramov Milli Məclisin insan hüquqları komissiyası sədrinin müavinidir. Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı qeydiyyata alınıb və fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycanın Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyəti Mərkəzi” kimi təşkilatların, habelə “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsinin və başqalarının fəaliyyətini qeyd etmək istərdim. Yəhudi icmalarının və İsrailin Bakıdakı səfirliyinin dəstəyi ilə bu təşkilatlar tərəfindən çoxsaylı mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr edilir, müxtəlif tədbirlər təşkil olunur”.
Ə. Həsənov qeyd edib ki, hazırda Azərbaycanın paytaxtında, habelə Quba və Oğuz şəhərlərində yeddi sinaqoq fəaliyyət göstərir: “2003-cü və 2012-ci illərdə Bakıda Azərbaycan dövlətinin hesabına dini tədbirlər üçün iki yeni sinaqoq tikilib istifadəyə verilib. Öz memarlıq xüsusiyyətləri ilə seçilən bu binalar Avropada ən iri sinaqoqlardandır. Respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il Azərbaycanın dövlət büdcəsindən maliyyə yardımı ayrılır”.
PA rəsmisi həmçinin bildirib ki, Azərbaycanın Yəhudi Qadınlar Təşkilatının təşəbbüsü ilə ən müasir avadanlıqla təchiz olunmuş ilk yəhudi uşaq bağçası açılıb: “Bakıda və Qubada fəaliyyət göstərən beş yəhudi məktəbində 1500-ə yaxın şagird oxuyur. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib. 2010-cu il oktyabrın 4-də Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün nəzərdə tutulan “Xabad-Or-Avner” təhsil mərkəzi açılıb. Mərkəzin açılış mərasimində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, MDB-nin Yəhudi İcmaları Fondunun və Beynəlxalq “Or-Avner” Fondunun rəhbəri Lev Levayev iştirak ediblər. “Azİz” Azərbaycan-İsrail Dostluq Cəmiyyəti “Azərbaycan-İsrail” adlı qəzet, Qırmızı Qəsəbədəki “Yedinstvo” (“Birlik”) cəmiyyəti isə “Qudyal” adlı jurnal nəşr edir”.
Şöbə müdiri Azərbaycanda yaşayan yəhudilərin öz milli və dini bayramlarını geniş miqyasda qeyd etdiklərini, Azərbaycan dövlətinin başçısının hər il yəhudi icmasına rəsmi müraciət ünvanladığını da vurğulayıb.
banner

Oxşar Xəbərlər