Azərbaycan “işığı” Avropada yanacaq - Fotolar - Video

Azərbaycan “işığı” Avropada yanacaq - Fotolar - Video

İqtisadiyyat
20 May 2019, 19:38 380
Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Məhz bu kimi səbəblərdən dünyada enerji daşıyıcılarına tələbat gündən-günə artır. Dünya dövlətləri bu tələbatı ödəmək üçün zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan ölkələrlə əməkdaşlığa can atır, qarşılıqlı maraqlara xidmət edən əlaqələr nəticəsində öz enerji ehtiyaclarının ödənməsinə çalışırlar. Bu çərçivədə Azərbaycanla da bir sıra dünya dövlətlərinin mühüm iqtisadi, siyasi əlaqələri formalaşıb. Sözügedən münasibətlərin bəhrəsi olaraq, artıq Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutan, Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verən ölkəyə çevrilib. 
 
Avstriya və İtaliyaya elektrik enerjisi ixracı
 
Sevindirici haldır ki, zəngin neft-qaz ehtiyatlarına sahib olan Azərbaycan elektrik enerjisinin ixracatçısı kimi də tanınmaqdadır. Uzun müddətdir ki, ölkəmiz qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Cari ilin may ayının 1-dən etibarən "Azərenerji” ASC vasitəsilə Azərbaycan Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb. "Azərenerji”nin bu barədə yaydığı rəsmi məlumata görə, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, onların da hər ikisində "Azərenerji” ASC uğur əldə edib. Bununla yanaşı, "Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.
 
Elektrik enerjisinin istehsalı üçün kifayət qədər sərmayə yatırılıb
 
Bütün hallarda Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi müsbət hadisədir və bunun iqtisadi, eyni zamanda siyasi əhəmiyyəti var. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, istənilən halda, elektrik enerjisinin istehsalı və ixracı Azərbaycan üçün əlavə gəlir deməkdir. Onun sözlərinə görə, istənilən məhsul ixrac olunduğu halda Azərbaycanın valyuta gəlirlərini artırır, iqtisadi təhlükəsizliyi, iqtisadi dayanıqlılığı gücləndirir: "Nəzərə alaq ki, Azərbaycan dövləti ötən dövr ərzində ölkədə elektrik enerjisinin istehsalı üçün kifayət qədər sərmayə yatırıb. Nəticədə daha müasir stansiyalar tikilib, əvvəlki stansiyalarda isə təmir-bərpa işləri aparılıb. Bütün bu işlər Azərbaycanda yeni bir məhsulun istehsal olunaraq ixrac olunması imkanını yaradıb. Halbuki vaxtilə Azərbaycan elektrik enerjisini idxal edirdi. Amma indi öz tələbatımızı ödənilməklə yanaşı, elektrik enerjisi xaricə ixrac olunur. Bu, neft sektoru ilə bərabər qeyri-neft sektorunda da ixracın tamamilə yeni bir istiqamətidir. Bu, kifayət qədər dayanıqlı ixrac mənbəyidir. Çünki, Azərbaycan elektrik enerjisi istehsal etmək üçün dayanıqlı mənbələrə sahibdir. Azərbaycanın neft-qazla zəngin ölkə olması, həmçinin alternativ enerji mənbələrinin olması elektrik enerjisini istehsal etməyə və ixraca imkan yaradır”.
 

 
İqtisadi və siyasi dividentlər
 
T.Mirkişili ümumilikdə bütün iqtisadi əlaqələrin ölkələr arasında siyasi münasibətləri inkişaf etdirdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, elektrik ixrac olunan ölkələrlə iqtisadi əlaqələrin, eləcə də siyasi münasibətlərin daha da möhkəmlənməsi Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə dəstəklənməsinə də səbəb olacaq: "Azərbaycanın ərazisinin bir qismi işğala məruz qaldığından, ölkəmizin öz suverenliyini təmin etməsi üçün haqlı mövqeyimizin beynəlxalq aləmdə daha çox dəstəklənməsinə ehtiyac var. Neft-qaz, qeyri-neft sektoru məhsullarımızın, o cümlədən elektrik enerjisinin xarici ölkələrə ixracı Azərbaycanla siyasi ittifaqda olan ölkələrin sayını artırır. Bu da beynəlxalq aləmdə haqlı mövqeyimizin dəstəklənməsinə səbəb olur. Məsələyə bu aspektdən yanaşılarsa, elektrik enerjisinin istehsalı və ixracı iqtisadi baxımdan Azərbaycana ciddi gəlir gətirməklə paralel olaraq, mühüm siyasi dividentlər də qazandıracaq”.
 

 
Enerji ölkəsi kimi tanınmaq
 
İqtisadçı ekspert Pərviz Heydərov da bizimlə söhbətində Azərbaycan dünyada enerji ölkəsi kimi tanımasına diqqət çəkib. Bildirib ki, hazırda ölkədə elektrik enerjisi istehsalı ilə bağlı genişmiqyaslı investisiya və modernləşdirmə işləri aparılır: "Ölkəmiz dünya bazarlarına neft ixrac edir. Buna artıq neçə illərdir ki, qaz da əlavə olunub. Növbəti ildən Avropaya da qaz ixrac etməyə başlayacağıq. Halbuki, vaxt var idi qazı Rusiyadan alırdıq. İndi isə vəziyyət başqadır. Azərbaycan öz qaz tələbatını özü ödəməklə yanaşı, xaricə ixrac edir. Hazırda bu sıraya elektrik enerjisinin də əlavə olunması perspektivi Azərbaycanın daha geniş çeşiddə enerji ölkəsi kimi tanınmasını möhkəmləndirəcək. Bu, çox böyük nailiyyətdir, iqtisadiyyatın inkişafı deməkdir. Elektrik enerjisinə gəldikdə, ölkəmiz əslində, çoxdan xaricə bunun satışını həyata keçirir. Sadəcə olaraq, sözügedən sahədə mövcud potensial ixrac sferasını getdikcə, genişləndirməyə imkan açır. Çünki ölkədə elektrik enerjisi istehsalı ilə bağlı genişmiqyaslı investisiya və modernləşdirmə işləri aparılır. Stansiyaların potensialı fasiləsiz olaraq gücləndirilir. Bütün bunlar da əlavə enerji gücü əldə etməyə şərait yaradır. "Şimal-2” stansiyasının tikintisini də nəzərə alsaq, yaxın vaxtlarda enerji potensialımız xeyli artacaq. Elə bunun nəticəsidir ki, bu il mayın 1-dən "Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana və eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana da elektrik enerjisi ixracına başlayıb”.
 

 
İxracı genişləndirmək və yüksəltmək
 
İqtisadçı ekspert vurğulayıb ki, ölkənin elektrik enerjisi ilə təminatı iqtisadiyyatın təhlükəsizliyinə aid ən vacib məsələdir. Onun fikrincə, hər bir varlığın və hərəkətin kökündə enerji dayandığı kimi, iqtisadiyyatın da əsasında enerji ilə təminat dayanır: "İqtisadiyyatı inkişafda olan hər bir ölkədə elektrik enerjisi istehsalı fasiləsiz artmalıdır. Onun dayanıqlı olması isə ümumiyyətlə, ən vacib məsələdir. "Azərenerji” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 6,151 mlrd. kVt/s elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 153 mln. kVt/s və ya 2,5% çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5,998 milyard kVt/s elektrik enerjisi istehsal edilmişdi. Elə həm də bunun nəticəsi olaraq əlavə elektrik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artırıb. Belə ki, 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 mln. kVt/s elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 mln. kVt/s ixrac edilib. Bu isə 30 mln. kvt/s və ya 23% artım deməkdir. Yeri gəlmişkən, daxildə istehlak da artır. 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin eyni rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Odur ki, burada strateji siyasət yürütmək və addımlar atmaq tələb olunur. Daxili istehlak üzrə getdikcə daha sürətlə artmaqda olan tələbi ödəmək və ixracı genişləndirmək və yüksəltmək. Sonuncu ölkəyə valyuta gətirir. Generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından, xərc ödənilməlidir. Və eyni zamanda, iqtisadi nüfuz deməkdir. İqtisadi nüfuz isə siyasi əhəmiyyəti və çəkini təyin edən ən ümdə vasitədir. Odur ki, elektrik enerjisi sahəsində potensialımızdan maksimum istifadə etməyə çalışmalıyıq”.
 

 
İxracat kommersiya müqavilələri vasitəsilə həyata keçirilməlidir
 
İqtisadçı ekspert İlham Şaban isə bildirib ki, SSRİ dağılandan sonra da Azərbaycan o dövrdəki enerji sisteminin bir hissəsi kimi çıxış edib. Bu amili əsas götürən ekspert deyib ki, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycanla qonşu olan Rusiya, Gürcüstan və İranla enerji mübadiləsi daim davam etdirilib: "Hazırda da bu mübadilə var. Hər bir ölkədə sutkanın müəyyən vaxtlarında enerjiyə olan tələbat artır. Belə olan halda bu tələbat digər ölkələrlə qarşılıqlı anlaşma çərçivəsində alınan enerji hesabına ödənilir. O ki, qaldı Azərbaycanın enerji idxal edən dövlətdən ixrac edən ölkəyə çevrilməsinə, Gömrük Komitəsinin hesabatlarında enerji idxalı və ixracına dair dəqiq məlumatlar əks olunur. İxracat kommersiya müqavilələri vasitəsilə həyata keçirilməlidir. "Azərenerji”nin yaydığı son məlumatlardan görünür ki, qonşu dövlətlərdən fərqli olaraq, digər xarici ölkələrə elektrik enerjisi kommersiya müqavilələri əsasında veriləcək. Bu, artıq kommersiya ixracıdır, enerji mübadiləsi nəticəsində yaranan müsbət saldonun göstəricisi deyil. Belə bir ixraca may ayından etibarən başlamışıq. May ayı yekunlaşanda biz bunun ilkin nəticələrini görəcəyik. Ümumilikdə müsbət məqam budur ki, istehsal olunan məhsul xarici bazara çıxarılır, ondan yararlanırıq. Əgər daxildə elektrik enerjisi istehlakçıya 7 qəpiyə satılırsa, ixrac edilən zamanı bundan baha satılır. Təbii ki, bu da "Azərenerji” üçün yaxşı gəlir mənbəyidir. Mən Gömrük Komitəsinin bəyan edilmiş ixrac məlumatlarına diqqət yetirdim və gördüm ki, Azərbaycan elektrik enerjisini ortalama olaraq ölkə daxilindəki parəkəndə satış qiymətləri ilə ixrac edir. Bu, kommersiya baxımından çox cəlbedici bir məqamdır. Çünki "Azərenerji" xaricdəki istehlakçılara daha baha qiymətlə öz məhsulunu satmaq imkanı qazanır. Azərbaycan üçün bu, iqtisadi əhəmiyyətli hadisə olmaqla bərabər, sadəcə qonşu dövlətlərlə deyil, digər xarici ölkələrlə iqtisadi əməkdaşlığın yeni formasıdır. Unutmaq olmaz ki, iqtisadi əməkdaşlıqda enerji mühüm rol oynayır. Ona görə də bu əməkdaşlıq ölkələr arasında bir-birinə inamı, bağlılığı artırır, iqtisadi sahə ilə yanaşı, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir”.   
 
     
 
İxracın coğrafiyası daha da genişlənəcək
 
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da "Kaspi”yə bildirib ki, Azərbaycanın elektrik enerjisi ixracatçısına çevrilməsi Prezident İlham Əliyevin uzun illər üçün müəyyən etdiyi strategiyanın reallaşdırılmasına əyani misaldır: "Əgər biz dünənə qədər elektrik enerjisini idxal edirdiksə, bu gün vəziyyət tamamilə dəyişib. Son 15 ildə tikilən yeni elektrik stansiyalarının sayı, istehsal edilən enerjinin artan həcmi bizə imkan verir ki, elektrik enerjisini xaricə ixrac edə bilək, bu sahədə ixracatçıya çevrilə bilək. Getdikcə bu ixracın coğrafiyası daha da genişlənəcək, Avropanın mərkəzinə qədər gedib çatacaq. Əlbəttə ki, bu, böyük bir uğurdur. Bu, Prezident İlham Əliyev tərəfindən düşünülmüş, uzaqgörən enerji strategiyasının bir neçə ilə ərzində uğurla həyata keçirilməsi deməkdir. Qeyri-neft sektorunun bütün sahələri üzrə Azərbaycan məhz bu cür inkişaf strategiyasını əsas götürüb. Ona görə də yaxın illərdə bütün sahələr üzrə belə uğurların müşahidə ediləcəyi şübhəsizdir”.  
  
Elektroengetika sahəsinə yönəlik strategiyanın uğuru
 
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin elektroengetika sahəsinə yönəlik strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Heç şübhəsiz bu amil Azərbaycana iqtisadi, eyni zamanda siyasi qazanc gətirir. Yeraltı sərvətləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer alan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan, elektrik enerjisinin ixracı ilə də regionun, həmçinin digər xarici ölkələrin taleyində ciddi rol oynayır, beynəlxalq aləmdə nüfuzunu daha da artırır.
 
Rufik İSMAYILOV
 
Yazı "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur