AZE | RUS | ENG |

Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası hazırlanır - Fotolar

Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyası hazırlanır - Fotolar
Bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin təsdiq etdiyi regional inkişaf proqramları, imzaladığı fərman və sərəncamlar, bundan irəli gələrək atılan addımlar ölkəmizin simasını tanınmaz dərəcədə dəyişib. Azərbaycanın rayon və şəhərləri arasında fərq aradan qalxıb, paytaxt şəhərimizlə yanaşı, regionlarda da yeni-yeni istehsal müəssisələri, müxtəlif sosial obyektlər istifadəyə verilib, əhalinin məşğulluğu təmin edilib. Xüsusilə qeyri-neft sektorunda inkişaf tempinin davamlı hal alması ölkə iqtisadiyyatının neftdən asılılığını azaldıb. İqtisadi inkişaf tempinə görə regionun lider dövləti statusu qazanan Azərbaycan eyni zamanda beynəlxalq aləmin layiqli üzvünə, etibarlı tərəfdaşına çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal layihələrin reallaşdırıldığı ölkə, paytaxt Bakı isə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bununla bərabər, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən islahatların həyata keçirilməsi də ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərir. Cari ilin 4 ayında dövlət başçısının rəhbərliyi ilə atılan addımlar, xüsusən də sosial sahəni əhatə edən müxtəlif tədbirlər Azərbaycanın islahatçı ölkə olduğunu növbəti dəfə nümayiş etdirib. 
 

 
"İslahatlara alternativ yoxdur”
 
Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha bu məqamlara diqqət yetirilib, ölkəmizin cari ilin ilk rübündə əldə etdiyi nailiyyətlərdən söhbət açılıb. Dövlətimizin başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başlandığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib. "İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə olmadığını vurğulayıb. Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu deyib. Qeyd edib ki, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini xatırladan Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu bildirib.
 

 
İqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi
 
Millət vəkili Hikmət Babaoğlu 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları barədə fikirlərini "Kaspi” qəzetinə bölüşərək qeyd edib ki, hazırkı tarixi inkişaf mərhələsində Azərbaycan mühüm iqtisadi resurslar əldə edib. Onun sözlərinə görə, bu resurslar əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür: "Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi. Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu, Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi siyasət sayəsində mümkün olub. Bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür. Yeni iqtisadi inkişaf strategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir”.
 

 
Çoxsaylı prioritetlər daima diqqət mərkəzində olacaq
 
Millət vəkili deyib ki, bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ön planda gələcəyinin şahidi olacağıq: "Şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və sair kimi çoxsaylı istiqamətlər daxildir. Bütün bunlar da Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə, icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin kompleks və səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritetlər də daima diqqət mərkəzində olacaq”.
 

 
Bütün sahələr üzrə çox ciddi nəticələr var
 
Millət vəkili Aydın Mirzəzadə də qeyd edib ki, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycan davamlı inkişafdadır. Deputatın qənaətincə, 2019-cu ilin I rübünün yüksək göstəriciləri təkcə statistika ilə deyil, eyni zamanda hər bir kəsin şəxsi həyatında öz nəticəsini göstərir. O bildirib ki, ilin əvvəlindən başlayaraq əhalinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin, müavinətlərinin artması, sosial xarakterli bir neçə irimiqyaslı layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən vaxtaşırı verilən sərəncamların hamısı iqtisadi inkişafa, sosial vəziyyətin yaxşılaşmasına, insanların daha güvənli yaşamasına səbəb olur. Millət vəkili söyləyib ki, Azərbaycan bu inkişafı daxili resursları və özünün imkanları hesabına əldə edib: "Xarici təcrübəni öyrənsək də, xarici mütəxəssisləri, ekspertləri dəvət etsək də, amma bununla belə, ayrı-ayrı sahələrin inkişafı öz mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Bütün sahələr üzrə çox ciddi nəticələr var. Azərbaycanda xüsusilə qeyri-neft sektoru sürətlə artır. Bunu həm paytaxtda, həm də regionlarda görmək olar. Eyni zamanda bunu həm ənənəvi Azərbaycan iqtisadiyyatı, həm də ölkəmiz üçün yeni olan sahələrdə görmək mümkündür. Həmçinin, Azərbaycanda vaxtaşırı beynəlxalq tədbirlər keçirilir. Bu faktın özü də ölkəmizin həm siyasi nüfuzunu artırır, həm də iqtisadiyyatımızın cəlbediciliyini yüksəldir. Heç bir şübhə yoxdur ki, ilin ilk rübündə götürülən yüksək temp bütün il boyu davam edəcək və əvvəlki illərdə olduğu kimi 2019-cu ili də uğurla başa vurulacaq”.
 

 
İnflyasiya cəmi 2,1 faiz təşkil edib
 
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da qəzetimizə açıqlamasında bildirib ki, ölkə iqtisadiyyatı əvvəlki illərlə müqayisədə daha pozitiv nəticələr sərgiləyə bilib: "Bu ilin 3 ayı ərzində ümumi daxili məhsul 3 faiz artıb. Keçən ilin eyni dövründə bu artım öncəki illə müqayisədə cəmisi 2,3 faiz olmuşdu. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6 faiz artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsaslı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3 faiz artaraq 2018-ci ilin birinci rübündəki 84,7 faizdən cari ilin birinci rübündə 91 faizə yüksəlib. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb. Bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilib. Üç ay ərzində kənd təsərrüfatında 3,6, o cümlədən, bitkiçilik sahəsində 24,7 faiz artıma nail olunub. Ötən illə müqayisədə dövlət büdcəsinin gəlirləri 19,2, xərcləri isə 14,2 faiz artıq icra edilib. Ölkənin bank sektoruna insanlarımızın inamının bərpa olunmasının bir bariz nümunəsi onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur. Son 3 ayda vətəndaşlarımızın banklara yatırtdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 6,0 faiz, kredit qoyuluşlarının həcmi 12,2 faiz artıb. Halbuki, 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyuluşlarının həcmi 2017-ci illə müqayisədə 27,2 faiz azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5 faiz artıb. Bundan başqa, cari ilin birinci iki ayı ərzində əhalinin orta aylıq nominal əmək haqqı 8,6 faiz artıb. Bütün bunların fonunda ilk üç ay ərzində ölkədə inflyasiya cəmi 2,1 faiz təşkil edib”.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019