“Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub”
Yola saldığımız 2018-ci il
ölkəmiz üçün xüsusilə uğurlu il olub. Dünyada və bölgəmizdə gedən proseslərdən
asılı olmayaraq, Azərbaycan ötən il uğurla, sürətlə inkişaf edib. Keçən ilin
əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli
dinamik inkişafı təmin edilib. Bu səbəbdən Nazirlər Kabinetinin 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək,
2019-cu ildə islahatların davam etdiriləcəyinin anonsunu verib, bunun müsbət
nəticələrinin hər kəs tərəfindən müşahidə ediləcəyini vurğulayıb. Verilən
anonsa uyğun olaraq dövlət idarəçiliyinin, həmçinin aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi, "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında
fərmanlar imzalanıb. Azərbaycanda həyata keçirilən islahatlar, onların
əhəmiyyəti, qeyri-neft sektorunun inkişafına təsiri və sair məsələlərlə bağlı
"Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov cavablandırır.
-
Aydın müəllim, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir sıra
sahələrdə tətbiq edilən islahatlara xüsusi diqqət çəkdi, əldə edilən nəticələrə
toxundu, bir gün sonra isə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi
üçün fərmanlar imzaladı, struktur dəyişikliklər etdi. Sizcə bu dəyişikliklər
idarəetməyə hansı yenilikləri gətirəcək?
- Prezident İlham Əliyev
ölkə iqtisadiyyatının idarə olunması üçün ən məqbul, ən çevik, müasir dövrün
tələbləri ilə səsləşən siyasət həyata keçirir. Artıq ölkə iqtisadiyyatı
mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Azərbaycanın iqtisadiyyatı sözün
əsl mənasında dünya iqtisadiyyatına inteqrasiya edib. Ölkə iqtisadiyyatının
başlıca hədəfi, əsas prioriteti qeyri-neft sektorunun daha da inkişaf
etdirilməsi, ixracyönlü, rəqabətqabiliyyətili məhsulların dünya bazarına
çıxarılması, valyuta ehtiyatlarımızın artırılmasıdır. Bu istiqamətdə çox böyük
işlər həyata keçirilir. Məhz buna görə də aparılan islahatları ümumi
islahatların tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Xatırlayırsınızsa,
hələ 2015-ci ildə dünyada iqtisadi böhran daha geniş miqyas aldığı bir vaxtda
Azərbaycanın bu böhranla üzləşməməsi üçün geniş islahatlar həyata keçirildi.
Prezident İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalandı,
qanunvericilik bazası daha da təkmilləşdirildi, gələcəyə hesablanan qətiyyətli
addımlar atıldı. 26 yanvar 2016-cı il tarixdə "Regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin
yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev bu
məsələyə diqqət çəkərək bəyan etmişdi ki, 2016-cı il də Azərbaycanda dərin
iqtisadi islahatlar ili olacaq, iqtisadiyyatın güclənməsi üçün əlavə sərəncam
və fərmanlar imzalanacaq. Verilən vədlərin yerinə yetirilməsi sayəsində ölkəmiz
üçün 2016-cı il uğurlu il kimi tarixə düşdü. 2017-ci ildə də Azərbaycanda daha
güclü iqtisadiyyatın formalaşması, qarşıda duran bütün vəzifələrin icra
edilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Ona görə 2017-ci il də tarixdə
dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qaldı. Cari il
yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı yola saldığımız ildə
görülən işləri təhlil edərək qeyd etdi ki, zamanında atılan addımlar sayəsində
2018-ci il də ölkəmiz üçün uğurlu olub. Hazırda iqtisadiyyatda yeni çağırışlar
meydana gəlib, yeniliklər, müasir tələblər özünü büruzə verir. Burada
informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən, innovativ
tədbirlərdən söhbət gedir. Zamanla uyğunlaşmaq, inkişafı davamlı etmək üçün
müasir tələblərə, çağırışlara uyğun, çevik struktur formalaşdırılmalı,
idarəetmə bir qədər də təkmilləşdirilməlidir. Prezident İlham Əliyev də bütün
bunları nəzərə alaraq yeni fərmanlar imzaladı.
-
Bu dəyişikliklər Azərbaycana nə vəd edir?
- İndiyə qədər atılan və
bundan sonra atılacaq digər addımlar, həyata keçirilən siyasi kursun mərkəzində
Azərbaycan vətəndaşı, onun maraqlarının təmin olunması, rifah halının daha da
yaxşılaşdırılması dayanır. Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan
qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər
xəstəxanasının açılışı zamanıbir daha bu məsələyə diqqət çəkərək
vurğuladı ki, onun rəhbərliyi ilə həyata keçirilən bu siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının
daha da yaxşı yaşaması və onları narahat edən məsələlərin öz həllini tapması
üçün görülən və görüləcək işlərdən söhbət açdı. Vurğuladı ki, bütün bunlara
nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və Azərbaycanda bu iqtisadiyyat
qurulur. Cənab Prezident dedi ki, Azərbaycan uğurla inkişaf edir və ölkəmiz öz
hesabına, daxili imkanları sayəsində bütün lazım olan məsələləri, o cümlədən
sosial-iqtisadi, infrastruktur və sairlə bağlı digər məsələləri həll edir. Əldə
olunan nailiyyətlərə əsaslanan Prezident İlham Əliyev əminliklə bildirdi ki, 2019-cu
ildə və ondan sonrakı illərdə də Azərbaycanda bu müsbət dinamika saxlanılacaq, ölkəmiz
uğurla inkişaf edəcək və bütün məsələlər zamanla öz həllini tapacaq. Ona görə
də sizin suala qayıdaraq qeyd etmək istərdim ki, Azərbaycanda həyata keçirilən
siyasət, atılan hər bir addım, hər bir islahat ölkə vətəndaşlarının
maraqlarının təmininə, sosial-rifah halının yaxşılaşmasına yönəlib. Eyni
zamanda, bu tədbirlər Azərbaycanın inkişafına, müdafiə qüdrətimizin artmasına,
dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə iqtisadi-siyasi
nüfuzunun yüksəlməsinə yönəlib. Bu məqsədlərə çatmaq üçün də struktur
dəyişiklikləri lazımdır və edilir. Yeni strukturun formalaşmasında başlıca
tələblərdən biri də şəffaflığın təmin edilməsi, elektron xidmətlərin sayının
artırılması, məmurla vətəndaş arasında birbaşa təmasların minimuma endirilməsi,
büdcə vəsaitlərindən səmərəli istifadə olunmasıdır. Qeyri-neft sektorunun,
xüsusən də kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi,
stimullaşdırılması da başlıca hədəflərdəndir. Ümumi götürdükdə, neft
kapitalının insan kapitalına çevrilməsi prosesi daha da intensivləşdirilir.
Ötən il 118 min əlavə iş yerinin açılması da atılan addımların, görülən işlərin
nəticəsində mümkün olub.
-
Struktur dəyişikliklər, həyata keçirilən islahatlar vətəndaşların həyatına necə
təsir edir?
- Vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılması, sosial layihələrin həyata keçirilməsi üçün başlıca şərt
dövlətin maliyyə mənbələrinin olması, düzgün maliyyə siyasətinin aparılması,
iqtisadi potensialdan səmərəli istifadə edilməsi, büdcənin
formalaşdırılmasıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr
islahatlarının aparılması, hüquqi-normativ aktların qəbul olunması, innovativ
layihələrin həyata vəsiqə alması, digər müxtəlif addımların atılması dövlət
büdcəsində artımlarla müşayiət olundu. Təkcə gömrük sahəsindən dövlət büdcəsinə
proqnozlardan əlavə 1 milyarda yaxın vəsait daxil oldu. Eləcə də ilin sonunda
gördük ki, dövlət büdcəsinin gəlir və xərclərində artım əldə olunub. Yəni,
atılan addımlar, tətbiq edilən islahatlar bizim maliyyə imkanlarımızı
genişləndirib, büdcəmizi artırıb. Dövlətin büdcəsinin artması isə vətəndaşların
sosial rifah halının yaxşılaşdırılmasına xərclənir. Dövlət büdcəsinin 34 faizə
yaxını sosial tədbirlərə xərclənir. Deməyim budur ki, iqtisadiyyatın inkişafı
büdcə gəlirlərimizin artmasına, dövlət büdcəmizin vəsaiti isə vətəndaşlarımızın
yaxşı yaşamasına xərclənir. Bura əmək haqları, sosial müavinətlər, təqaüdlər və
sair daxildir. Eləcə də qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi
veteranlarının, şəhid ailələrinin mənzil-məişət problemlərinin həll edilməsini,
övladlarının təhsil haqlarının ödənilməsini, onların dövlətin qayğısı ilə əhatə
olunmasını, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunmasını da
qeyd edə bilərik. Təkcə ötən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər
verilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə isə 620-dən çox mənzil
verilib. Bütün bu kimi sosial tədbirlər dövlət büdcəsinin imkanları hesabına
həyata keçirilir.
-
Ötən il keçirilən prezident seçkilərindən sonra da Azərbaycanda bəzi dövlət
qurumlarının rəhbərləri dəyişdirilmiş, idarəetmədə bir sıra yeniliklər
edilmişdi. Cari ilin əvvəlində isə birinci sualda qeyd olunduğu kimi, dövlət
idarəçiliyinin, həmçinin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, Müdafiə
və Sənaye Nazirliyinin ləğv edilərək "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması haqqında fərmanlar imzalandı. Bütün bunları nəzərə alsaq, gələcəkdə
də bu struktur islahatların davam etdiriləcəyini düşünmək olarmı?
- Xatırladım ki, hələ
2016-cı ildə Azərbaycan Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın
əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi
və bundan irəli gələn məsələlər haqqında” 16 mart tarixli sərəncamına müvafiq
olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12
strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji
Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək
iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün
uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Bu sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir
istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və
mövcud vəziyyətin təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və
nəticə indikatorlarını əhatə edirdi. Strateji Yol Xəritəsində iqtisadi inkişafa
töhfə verən bütün faktorlar nəzərə alınmışdı. Strateji Yol Xəritəsinin
qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumlarının da öz
fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında qurması tələb olunurdu. Bütün
bu işlərin qayəsində duran əsas məsələ ölkə iqtisadiyyatının neftdən
asılılığını daha da azaltmaq, qeyri-neft sektorunun inkişafını təmin etmək idi.
Ötən illər ərzində həyata keçirilən tədbirlər, görülən işlər sayəsində
iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində əldə edilən
nəticələri görürük. Zaman keçdikcə iqtisadiyyatın tərkibində qeyri-neft
sektorunun çəkisi artır. Konkret rəqəmlərə müraciət etsək görərik ki, 2018-ci
ildə ümumi daxili məhsul, yəni, iqtisadi artım 1,4 faiz olub. Ölkədə qeyri-neft
sektorunun inkişafı 1,8 faiz olub. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft
sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Ötən il əhalimizin gəlirləri
inflyasiyanı üstələyib, manatın məzənnəsi sabit qalıb. Belə ki, inflyasiya cəmi
2,3 faiz olub, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Halbuki, 2017-ci ildə
inflyasiya 12 faizdən çox idi. Bundan başqa, ölkə iqtisadiyyatına keçən il 17,2
milyard manat sərmayə qoyulub ki, bu məbləğin 11 milyard manatı qeyri-neft
sektoruna yatırılıb. Ötən il Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollar
artaraq 45 milyard dollara bərabər olub. Xarici borcumuz 22,8 faizdən 19 faizə
düşüb. Müqayisə üçün qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc
ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər bu, hansısa ölkədə 50
faiz təşkil edirsə, o ölkə iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər.
Azərbaycanda isə xarici borc ÜDM-in 19 faizini təşkil edir. Valyuta
ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. İxraca gəldikdə isə ötən il
bu sahədə də 36 faiz artım müşahidə olunub, ixracımız 19 milyard dollara çatıb.
Beləliklə də xarici ticarət balansında müsbət saldo əldə olunub, ixracın idxalı
üstələməsi 8,6 milyard dollar təşkil edib. Bütün bunlar nəzərə alınaraq, ötən
il Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan biznesi aparmaq üçün
yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Əlbəttə ki, bu
uğurlar zamanın çağırışına uyğun olaraq aparılan islahatların, qarşıya qoyulan
vəzifələrə çatmaq üçün görülən işlərin sayəsində baş verib. Ona görə də
islahatların, struktur dəyişikliklərin gələcəkdə də davam etdiriləcəyini
gözləmək olar. Çünki, bütün bu dəyişikliklər Azərbaycan iqtisadiyyatının daha
da inkişafına, vətəndaşların sosial rifah halının bir qədər də yaxşılaşmasına
xidmət edir və edəcək.
Rufik
İSMAYILOV