• cümə, 19 Aprel, 15:02
  • Baku Bakı 25°C

“Azərbaycan İnsan Hüquqları Evi”nin “ölümü” və “dirilişi”

10.01.18 21:34 1171
“Azərbaycan İnsan Hüquqları Evi”nin “ölümü” və “dirilişi”
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov öz bloqunda "Azərbaycan İnsan Hüquqları Evi” nə üçün dağıldı və necə yenidən dirçəldi?” başlıqlı yazı dərc edib. Müəllif bu yazısında "Azərbaycan İnsan Hüquqları Evi”nin (AİHE) "ölümü” və "dirilişi”nə aydınlıq gətirib, didişmələr, oyunlar, pul davası və intriqalar barədə məlumatlar verib.
Ə.Həsənov qeyd edib ki, bir zamanlar Norveç İnsan Hüquqları Fondu Bakıda "Azərbaycan İnsan Hüquqları Evi”adı altında bir təşkilat yaradıb, hətta bu təşkilat sonradan ölkədə rəsmi qeydiyyatdan da keçirilib. Onun yazdığına görə, AİHE-yə Azərbaycanda insan hüquqları ilə məşğul olan bütün təşkilatlar daxil olublar və hər şey guya qaydasındadır görüntüsü yaradılıb: "Fəaliyyət göstərdiyi bütün ölkələrdə "Norveç İnsan Hüquqları Evi” yaradılan filiallar üçün ofis alırdı və onu üzv təşkilatların istifadəsinə verirdi. Bu yalnız Azərbaycanda baş vermədi. Misal üçün, bizdən çox sonralar yaranan Gürcüstan və Ermənistanda fəaliyyət göstərən "ev”lərə ofis almaq asan oldu. Koordinatorlar (Vüqar Qocayev, Şəhla İsmayıl) hər dəfə "ev” üçün böyük ofisin alınmasını iddia edirdilər. Buna isə Norveç İnsan Hüquqları Fondu vəsait tapa bilmirdi və yaxud razı olmurdu. Misal üçün, Gürcüstanda 250000 avroya ofis ala bilmişdilərsə, Bakıda koordinatorlar Norveçdən olan partnyorlara 1 milyonluq məkanları göstərirdilər ki, bu da qeyri-real təkliflər idi. Onlar bunu nə üçün edirdilər, aydın deyildi”.
Ə.Həsənovun yazdığına görə, rəhbərlik etdiyi təşkilat - Humanitar Tədqiqatlar Cəmiyyəti "Azərbaycan İnsan Hüquqları Evi" yaranan gündən onun təsisçilərindən biri olub, onun işində fəal iştirak edib. Lakin2012-ci ildən başlayaraq "ev”in üzvləri arasında yaranan münaqişədən sonra fəaliyyəti faktiki olaraq iflic olub. Müəllifin qeydlərinə görə, əvvəlcə ofisin alınması ilə bağlı problem yaranıb, Norveç fondu bütün respublikalarda fəaliyyət göstərən "ev"lər üçün ofis aldığı halda, bunu Azərbaycanda edə bilməyib: "Buna səbəb Norveç fondunun pul tapa bilməməsi olsa da, digər səbəb azərbaycanlı tərəfdaşlar arasında yaranan münaqişə idi. İş o yerə çatmışdı ki, Norveç İnsan Hüquqları Fondunun əməkdaşları bizim toplantılarda təhqir olunurdular. Biz sona qədər "ev"in işində iştirak etdik. Lakin partnyorların separat münasibətləri, yeni hüquq müdafiəçilərinin klassik hüquq müdafiəçilərinə qarşı yazdığı iftiralar, hətta onları üzvlükdən çıxarmaq cəhdləri "ev”in işini tamamilə iflic etdi. Misal üçün, İnsan Hüquqları Müdafiə Mərkəzini üzvlükdən kənarlaşdırmaq istəyirdilər. Mən və Dilarə Əfəndiyeva buna qəti etiraz etdik və uzun mübahisəmiz oldu. Az keçməmiş, "ev” öz fəaliyyətini dayandırdı”.
Müəllifin yazdığına görə, daha sonra "Azərbaycan İnsan Hüquqları Evi"nin qeydiyyatı ləğv edilib: "Buna səbəb qanunvericiliyin dəyişməsi idi. Beynəlxalq təşkilatlardan ölkədə fəaliyyət göstərmək üçün hökumət ilə ikitərəfli müqavilə imzalamaq təklif olunurdu. AİHE-nin Nizami küçəsində ofisi vardı. Lakin o zamankı koordinator Vüqar Qocayev AXCP sədri Əli Kərimlinin də iştirak etdiyi tədbirin "ev"də keçirilməsinə imkan vermişdi. Yəni, insan haqlarının müdafiəsi məsələsi çox kobud şəkildə siyasi fəaliyyətə transformasiya edilmişdi. Bu isə ölkə qanunvericiliyinin pozulması idi. Təbii ki, "Azərbaycan İnsan Hüquqları Evi"nin AXCP-nin filialına, toplanış məkanına çevrilməsi irrasional, absurd məsələ idi. Daha sonra daxili didişmələr başlandı. Norveç İnsan Hüquqları Fondunun direktoru Maria Dahle adlı xanım AİHE üzvləri arasında intriqaların aparılmasında və dərinləşməsində mahir ustalardan biridir. Maria Dahlenin istəyinə uyğun olaraq "ev"in üzvləri iki cəbhəyə bölünmüşdülər: Emin Hüseynov, Rəşid Hacılı, Rəsul Cəfərov, İntiqam Əliyev onun əsas istinad etdiyi qrup, Eldar Zeynalov, Novella Cəfərova və Əvəz Həsənov isə onun "ev"dən kənarlaşdırmaq istədiyi qrup idi. Koordinator funksiyasını icra edən Şəhla İsmayıl isə neytral mövqe tutmağa çalışırdı”.
Ə.Həsənovun sözlərinə görə, dəfələrlə bu qruplar arasında münaqişə yaranmasına baxmayaraq, onu mətbuata açıqlamayıblar: "Maria Dahle bundan sonra heç kimə xəbərdarlıq etmədən "ev"in fəaliyyətini dondurdu. Dəfələrlə Bakıya səfər etsə də, uzaqlaşdırmaq istədiyi qrupla görüşmədi. Yalnız 2017-ci ilin ortalarında Bakıya səfəri zamanı yenidən bütün üzvlərlə görüşdü və yeni üzvlərin toplanmasına qərar verdiyini elan etdi. Bütün bu yaşananlara baxmayaraq, yenidən üzvlük üçün ərizə ilə müraciət etdik. Üzvlük üçün maraqlı idik. Ərizələrin baxılması prosesini 2 ay uzadan fond bizə üzvlükdən imtina məktubu yazır və bəlli olur ki, bizim fondun fəaliyyəti ilə bağlı etdiklərimiz onların xoşuna gəlməyib. Beləliklə də Maria Dahle öz istəyinə nail ola bilib. Onun üçün loyal ola biləcək qrupdan İntiqam Əliyev (vəkil), Anar Məmmədli (seçki məsələləri üzrə ekspert) və Şəhla İsmayılı (gender problemləri üzrə ekspert) özünə partnyor seçib. Yəni, ölkədə hüquq müdafiəçisi kimi tanınmış digər köhnə üzvlər Novella Cəfərova, Eldar Zeynalov və Əvəz Həsənov onun gələcək planlarına daxil deyil”.
Müəllif bloqunda dərc etdiyi bu yazısında həmkarlarına uğurlar diləyib və olanlara baxmayaraq, onların hər birinin potensialına inandığını vurğulayıb. Eyni zamanda, o, həmkarlarına hüquq müdafiəçilərinin ətrafında qurulan oyunlardan uzaq durmalarını tövsiyə edib: "Xüsusən də bu tövsiyələri, Norveç İnsan Hüquqları Fonudunun müəmmalı oyunlarının Azərbaycanda intriqaların salınmasında az rol oynamadığını nəzərə alaraq edirəm. Gəzən şayiələrə görə isə, "Azərbaycan İnsan Hüquqları Evi"ni Tbilisi şəhərində açmaq qərarına gəliblər. "Ev”in digər ölkədə açılması təcrübəsi olduğundan, bu şayiə heç də əsassız olmaya bilər. Əgər "Azərbaycan İnsan Hüquqları Evi” Tbilisdə yaranacaqsa, deməli fondun rəhbərliyinin öz istəyinə uyğun olan planları əsasında işləyəcəyi aydındır. Bakıda vətəndaş cəmiyyəti təmsilçilərinin məhkəməsində iştirak edən, fond tərəfindən ezam olunan bir nəfər gürcü hüquqşünasın dediyi kimi, "Azərbaycanla bağlı işlərin Gürcüstandan idarə olunması bizim üçün daha asandır".
Müəllif yazıb ki, Azərbaycana xaricdən müdaxilə qəbuledilməzdir. Onun sözlərinə görə, ölkədəki çoxsaylı "insan hüquqları müdafiəsi" təşkilatlarının fəaliyyəti göstərib ki, xaricdən maliyyələşən, qrantlar ayrılan ən müxtəlif, bəzən heyrət və təəccüb doğuran, maliyyələri və xərcləri süni şəkildə şişirdilən QHT-lərin potensialı layihələr bitəndən sonra sabun köpüyü kimi dağılır.
Fuad QƏHRƏMANLI
banner

Oxşar Xəbərlər