• cümə axşamı, 25 aprel, 17:58
  • Baku Bakı 23°C

Azərbaycan Çinin maraq dairəsində olan ölkələrdən birinə çevrilib

26.04.19 18:09 871
Azərbaycan Çinin maraq dairəsində olan ölkələrdən birinə çevrilib
Prezidentİlham ƏliyevinÇin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə işgüzar səfərdədir. Bu səfər çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Həmçinin, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu təsdiqlənib. Bəs görəsən Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq hansı perspektivləri vəd edir? Bu əməkdaşlı ölkəmizdə sənayenin inkişafına hansı töhfələri verə bilər?
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifovsöylədi ki, Azərbaycan Çinin maraq dairəsində olan ölkələrdən birinə çevrilib: "Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə getdi. Çin tərəfin rəsmi məlumatlarına görə "Bir kəmər – bir yol” layihəsi inkişaf etməkdə olan ölkələr də daxil Avrasiyanın böyük bir hissəsini əhatə edir. Bu meqalayihənin əhatə etdiyi ərazilərdə zəngin ehtiyatlarla yanaşı Yer kürəsi əhalisinin 63%-i yaşayır. Əhatə olunan ərazinin ümumi iqtisadiyyatı isə 21 trilyon ABŞ dolları səviyyəsindədir. "Bir kəmər, bir yol” Çin Xalq Respublikası tərəfindən "İpək yolu iqtisadi kəməri” və "XXI əsrin Dəniz İpək yolu” layihələri çərçivəsində təklif olunmuş bir layihədir. Layihə ilk dəfə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən onun 2013-cü ilin payızında Qazaxıstan və İndoneziyaya səfər zamanı təklif edilmişdi. Layihənin əsas məqsədi ikitərəfli və çoxtərəfli mexanizmlərdən istifadə etməklə Çinin iştirakı ilə beynəlxalq münasibətlərin yeni - daha səmərəli modellərini aşkara çıxarmaqdan ibarətdir. Çin rəhbərliyi Azərbaycan Prezidentinin iki ölkə arasında münasibətlərinin inkişafına, "Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan prezidenti səfər çərçivəsində Çinin dövlət rəhbərləri ilə yanaşı, ölkəmizlə əməkdaşlıq edən və yeni əlaqələr qurmaq istəyən bir sıra iri kampaniyaların rəhbərləri ilə də görüşlər keçirtdi. Görüşlər zamanı həmişə olduğu kimi Prezident Azərbaycanda yatırımlar etmək, biznes fəaliyyəti qurmaq üçün yaradılmış münbit şəraitin cəlbediciliyini diqqətə çatdırdı. Bu gün Azərbaycan bütövlükdə dünyanın ikinci nəhəng ölkəsinin - Çininin maraq dairəsində olan ölkələrdən birinə çevrilib. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir. Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalandı. İmzalanmış sənədlər əsasında yaxın gələcəkdə Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulması, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracı baş tutacaq. Bundan başqa, qarşı tərəflə tezliklə Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Bütün bunlar iki ölkə arasındakı əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə təminat verir”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər potensialı var: "Hökumətin qarşısında duran əsas məsələ iqtisadi mühitin liberallaşdırılması və investisiyanın müdafiəsi istiqamətində mexanizmləri təkmilləşdirməklə ölkəyə xarici investisiyanın cəlb edilməsi prosesinin sürətini artırmaqdır. Qeyri-neft iqtisadiyyatı məhz bu kimi təşəbbüslər fonunda inkişaf etdirilə və şaxələndirilə bilər. Çin və Azərbaycan arasında 821 milyon ABŞ dolları dəyərində ümumi razılaşmaların əldə olunması indiki halda kifayət qədər böyük rəqəmdir. Nəzərə almaq lazımdır ki, müstəqillik illərində Çin Azərbaycana cəmi 800 milyon ABŞ dolları dəyərində investisiya qoyub. Digər bir məsələ isə odur ki, bütün prosesdə dövlət iştirak etməməlidir. Bu gün imzalanan sazişlər və iqtisadi razılaşmalarda dövlətin ağırlığını qoyması və zəmanət verməsi təşviq edir. Amma mexanizm o şəkildə qurulmalıdır ki, çinli investor özü Azərbaycana maraq göstərsin. Çünki Azərbaycan çinli sərmayədarların maraq dairəsinə düşə bilər. Belə ki, məhsulların Avropaya daşınması, tranzit xətlərini nəzərə almaqla Çin öz məhsullarının bir qismini Azərbaycanda istehsal etməklə Avropa bazarlarına təklif edə bilər. Azərbaycan strateji baxımdan kifayət qədər əhəmiyyətli bölgədə yerləşir. Bunun üçün təşviq işləri aparılmalıdır. Hazırda əsasən yüngül yeyinti, maşınqayırma və əczaçılıq sahələrində əməkdaşlıq kifayət qədər böyük potensial vəd edir. Bu sahələrə çinli investorların cəlb edilməsi ilə xarici təcrübəni və bazarı da öz ölkəmizə gətirmiş olacağıq. Bizim əsas problemlərimizdən biri də xarici bazarlara çıxış imkanlarımızın məhdud olmasıdır. Təcrübə, istehsalatda rentabelliyin artırılması çinli investorların iştirakı ilə daha da inkişaf etdirilə bilər. Hesab edirəm ki, investisiya siyasətində birmənalı olaraq Çin və digər Şərq ölkələrinə fokuslanmaq doğru deyil. Bu mexanizm şərtləndirilmiş formada olmalıdır. Çünki Çin, İran və körfəz ölkələrindən gələn investisiyanın keyfiyyəti ilə inkişaf etmiş Qərb ölkələrindən gələn investisiyanın keyfiyyəti arasında çox ciddi fərq var. Bu, təcrübə idxalı, bazar payı və peşəkarlıq baxımından qiymətləndirilməlidir. Yəni investisiyaya sadəcə olaraq pul kimi baxmaq olmaz. İnvestisiya eyni zamanda həm də təcrübə, əlaqələr və bazar deməkdir. Bütün hallarda Çinlə əməkdaşlıq müsbət məqamdır. Xüsusilə Azərbaycanda qeyri-neft iqtisadiyyatında xarici investisiyanın iştirakçılıq payı istənilən səviyyədə deyil. bu mənada 821 milyon kifayət qədər böyük rəqəmdir və ümid edirəm ki. bu layihələrin icrası növbəti dövrlərdə Çindən Azərbaycana investisiya axınına təkan verəcək”.
Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər