• cümə, 26 Aprel, 20:25
  • Baku Bakı 22°C

“Azərbaycan İlk Avropa Oyunlarını necə lazımdır keçirəcək”

30.04.15 06:48 854
“Azərbaycan İlk Avropa Oyunlarını necə lazımdır keçirəcək”
Ekspertlərin fikrincə, Azərbaycanın öz siyasətini özünün müəyyənləşdirməsi Qərbi qıcıqlandıran əsas məqamdır
“Bu, məni təəccübləndirmir. Çünki ilk dəfə deyil ki, Qərbdən ölkəmizə gələn təhlükələr barədə eşidirəm. Amerikada müəyyən mərkəzlərin sırf ölkəmiz əleyhinə planlar hazırladığı çoxdan məlum olub. Onlar Azərbaycanla bağlı qərarları verir, gedişatı diqqətdə saxlayırlar. Bu işlərlə məşğul olanların adları da xeyli vaxtdır bəllidir. Bilərəkdən, ya da bilmədən özləri özlərini faş ediblər”. Bu fikirləri ABŞ-ın Azərbaycana qarşı “qara piar” planları haqqında mətbuatda yer alan məlumatları şərh edərkən CASCFEN sədri Azər Həsrət bildirdi. Onun sözlərinə görə, həmin şəxslər yalnız ABŞ maraqlarından çıxış etmirlər: “Onların ermənilərin maraqlarından çıxış edərək hansı işlərə qol qoyduqlarını hamımız yaxşı xatırlayırıq. Həmin mərkəzlər və şəxslər Azərbaycanla bağlı mənfi rəy yaradılması üçün müxtəlif planlar hazırlayır, əllərindən gələni edirlər. İlk Avropa Oyunlarını boykot etməyə çalışsalar da, buna nail olmayacaqlar. Bilirsiniz ki, “Avroviziya” mahnı müsabiqəsi vaxtı da ölkəmiz əleyhinə ciddi şəkildə kampaniya aparırdılar. Bəs nəyə oldular? Heç nəyə. Deməli, bu dəfə də uğursuzluğa düçar olacaqlar və fəaliyyətlərinin heç bir nəticəsi olmayacaq”.
A.Həsrət dedi ki, Qərbin Azərbaycan əleyhinə belə kampaniyalar aparmasının səbəbi ölkəmizi öz diktəsi altında saxlaya bilməməsidir: “Görürlər ki, Azərbaycanla zor dili ilə danışmaq mümkün deyil. Çünki Azərbaycan digər ölkələr kimi sakit şəkildə onlara tabe olmur. Faktiki olaraq, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan öz yolu ilə gedən və qərarlarını özü verən dövlətdir. Öz siyasətini özü müəyyənləşdirən ölkəyə qarşı Qərbin hansısa planlar hazırlaması təbiidir. Çünki kiçik bir dövlətin belə müstəqilləşməsi, qısa müddətdə bu qədər inkişaf etməsi onlara xoş deyil. Ona görə də Azərbaycanı qaralamaq, Azərbaycanla bağlı mənfi fikirlərin yaradılması onların tutduğu əsas xətdir. Bu kimi məkrli işlərdə isə o mərkəzlərin böyük rolu var. Azərbaycanın siyasətini tənzimləmək, öz maraqlarına uyğunlaşdırmaq istəyirlər ki, buna da nail ola bilməyəcəklər. Öz rıçaqlarını yaratmaq üçün əvvəlcə o cür mərkəzlər yaradırlar. Həmin mərkəzlərlə də Azərbaycana təzyiq etmək istəyirlər. Amma bilsinlər ki, bu təzyiqlər baş tutan deyil. Bu vaxta qədər olan təzyiqlər heç bir nəticə vermədiyi kimi, bundan sonra da heç bir nəticə əldə edə bilməyəcəklər. Azərbaycan yenə də öz müstəqil siyasətini yürüdəcək, yalnız öz maraqlarına uyğun davranacaq”.
Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da Qərbin konkret şəkildə, Azərbaycan əleyhinə işlər gördüyünü söylədi: “Ölkəmiz inkişaf etdikcə, beynəlxalq tədbirlərə ev sahibliyi etdikcə, bizi istəməyən qüvvələr müxtəlif vasitələrlə Azərbaycana təzyiq göstərmək istəyirlər. Məqsədləri odur ki, nüfuzumuzu aşağı salmağa müvəffəq olsunlar. Beləliklə də, ilk Avropa Oyunları baş tutmasın. Bu işdə ermənilərin əlinin olduğu da şübhə doğurmamalıdır. Kerrinin ermənipərəst olduğunu bilməyən yoxdur. O, hər zaman onların maraqlarından çıxış edib. Son yayılan məlumatlar da dediyimizi bir daha təsdiqləyir. Hər dəfə Azərbaycan mötəbər bir tədbirə ev sahibliyi edəndə, daha da qəzəblənir, məkrli fəaliyyətlərini daha da genişləndirilər”.
M.Zülfüqarlı onu da dedi ki, gördükləri bu qədər işə rəğmən, istədiklərinə nail olmayacaqlar: “Azərbaycan İlk Avropa Oyunlarını necə lazımdır keçirəcək. Həmişəki kimi, bu dəfə də ölkəmiz böyük işlərin öhdəsindən uğurla gələcək. Bilirsiniz ki, imza atdığımız böyük layihələr bununla bitmir. 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları da ölkəmizdə keçiriləcək. Əminəm ki, onun da öhdəsindən gələcəyik və üzüağ çıxacağıq. Sadəcə olaraq, biz bilməliyik ki, demokratiyadan, insan haqlarından dəm vuran böyük dövlətlərin məqsədi heç də dedikləri kimi demokratiya, insan haqları deyil. Əsas məsələ, Azərbaycanı zəiflətmək, ölkəmizə təzyiq etməklə istədiklərini əldə etməkdir. Unutmasınlar ki, hazırkı dövlətimiz 90-cı illərin Azərbaycanı deyil. Bizim güclü iqtisadiyyatımız, güclü ordumuz var. Azərbaycan öz sözünü deməyi bacarır. Azərbaycanın bu cür cılız kampaniyalara layiqli cavab vermək üçün kifayət qədər gücü var”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər