• cümə, 19 Aprel, 19:16
  • Baku Bakı 24°C

Azərbaycan ilə Qazaxıstanın xarici turistlər üçün birgə turizm paketləri hazırlaması təklif olunur

05.02.17 11:44 1245
Azərbaycan ilə Qazaxıstanın xarici turistlər üçün birgə turizm paketləri hazırlaması təklif olunur
Azərbaycanın Qazaxıstandakı səfirliyində səfir Rəşad Məmmədov Qazaxıstan Turizm Sənayesi Departamentinin direktoru Marat İgaliyev ilə görüşüb. Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə söhbət açılıb.
M.İgaliyev müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə gedən inkişaf proseslərinin, Bakının dünyanın ən cəlbedici şəhərlərindən birinə çevrilməsinin təqdirəlayiq olduğunu bildirib. Azərbaycanın bir turizm məkanı kimi nüfuzunun gündən-günə artmasını nəzərə alaraq, turizmin təşviqi ilə bağlı ölkəmizin təcrübəsinin Qazaxıstan üçün maraqlı olduğunu vurğulayıb.
Həmçinin M.İqaliyev Azərbaycanın "Formula-1”, birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. Bu baxımdan, "Astana EXPO-2017” beynəlxalq sərgisində Qazaxıstanın turizm potensialının təşviqi üçün Azərbaycan tərəfinin tövsiyələrindən faydalanmağın müsbət nəticələr verə biləcəyini qeyd edib.
R.Məmmədov Azərbaycanda turizm sahəsində əldə edilən uğurlar, ölkəmizin turizm potensialı, infrastruktur və bu istiqamətdə aparılan geniş təbliğat kampaniyaları barədə məlumat verib. Səfir bu sahənin inkişafının ölkə iqtisadiyyatında oynadığı roldan danışıb, turizmin müxtəlif mədəniyyətlərə və köklərə mənsub insanlar arasında sülhün və dostluğun inkişafına xidmət etdiyini vurğulayıb. Bu baxımdan, qardaş xalqlarımız arasında əlaqələrin daha da yaxınlaşmasını təmin etmək üçün turizm səfərlərinin təşviqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqdan söz açılıb.
Görüşdə Qazaxıstandan ölkəmizə turizm səfərlərinin 2016-cı ildə 14,8 faiz artdığı bildirilib. Eyni zamanda, azərbaycanlı turistlərin də Qazaxıstana səfərlərinin təmin edilməsi üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Bu istiqamətdə Azərbaycan tərəfinin əməkdaşlığa hazır olduğu qeyd edilib.
R.Məmmədov, həmçinin xarici turistlər üçün birgə turizm paketlərinin hazırlanmasının əhəmiyyətindən də danışıb. Bu istiqamətdə turizm sahəsi ilə məşğul olan dövlət qurumları, agentliklər və assosiasiyalar arasında əməkdaşlıq əlaqələrinin qurulması təklif olunub.
M.İgaliyev ölkəmizdə istifadəyə verilən "ASAN viza” sisteminin təqdirəlayiq olduğunu qeyd edib, onun Qazaxıstanda da tətbiqi imkanlarının nəzərdən keçiriləcəyini bildirib. Xarici turistlər üçün birgə turizm paketlərinin hazırlanması ilə bağlı təklif də böyük maraqla qarşılanıb və bunun müsbət nəticələr verə biləcəyi diqqətə çatdırılıb. M.İgaliyev Qazaxıstanın bu sahədəki təcrübəsindən danışaraq, "Astana EXPO-2017” sərgisi zamanı təxminən 300 min çinli turistin ölkəsinə səfər edəcəyinin proqnozlaşdırdığını bildirib. O, həmçinin "Astana EXPO-2017” beynəlxalq sərgisi zamanı elan ediləcək açıq səma rejimi haqqında da məlumat verib və belə rejimin Astanaya müxtəlif ölkələrdən birbaşa reyslərin artmasına imkan verəcəyini deyib, Azərbaycan tərəfini də bu imkanlardan yararlanmağa dəvət edib.
R.Məmmədov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən turizm assosiasiyaları ilə birbaşa əlaqələrin yaradılması işində kömək göstəriləcəyini vurğulayıb, qarşı tərəfə bu məqsədlə respublikamıza səfər edərək, aidiyyəti qurumlarla müzakirələr aparmağı təklif edib.
АZƏRTAC
banner

Oxşar Xəbərlər