AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası

Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası

Təfsilat
08 Avqust 2020, 17:15 461
"ЛІГАБізнесІнформ” informasiya agentliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın "Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu” sərlövhəli məqaləsini dərc edib.
Trend həmin məqaləni təqdim edir.
"Danışıqlar prosesi düyünə düşüb, mövcud status-kvo isə amanabənddir və istənilən anda tərəflər arasında genişmiqyaslı toqquşmaya çevrilə bilər.
"LIGA.net” saytı Ermənistan ilə Azərbaycan arasında münaqişənin eskalasiyasının səbəbləri barədə Yerevandan olan siyasi ekspert Ruben Meqrabyanın yazısına cavab dərc edir. Xatırladaq ki, iyulun 12-də Ermənistan ilə Azərbaycan sərhədində döyüşlər başlanıb: Bakı erməni tərəfini atəşkəs rejimini pozmaqda, Yerevan isə Azərbaycan tərəfini "aşkar səbəb olmadığı halda” sərhədi keçməkdə təqsirləndirir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin budəfəki eskalasiyası 2016-cı ildən sonra ən ciddi hadisədir. Bir sıra əvvəlki eskalasiyalardan fərqli olaraq bu dəfə o, Ermənistan-Azərbaycan sərhədində Dağlıq Qarabağdan xeyli böyük məsafədə baş verib. Aşkardır ki, Ermənistana ərazi iddiaları olmayan Azərbaycan həmin rayonda, üstəlik, özünün əsas beynəlxalq nəqliyyat kommunikasiyalarının və ixrac neft-qaz boru kəmərlərinin bilavasitə yaxınlığında hərbi əməliyyatlar keçirilməsində maraqlı olmayıb.
Digər tərəfdən, Ermənistan KTMT-nin üzvü olmasından və öz ərazisində Rusiyanın hərbi bazasının yerləşməsindən istifadə edərək vaxtaşırı olaraq bu blokun Azərbaycan ilə qarşıdurmada iştirak etməsinin mümkünlüyü məsələsini qaldırır. Sərhəddə vəziyyətin gözlənilmədən kəskinləşməsi nəticəsində Ermənistanın bu hadisəni təcavüz aktı kimi qələmə verməsinə və Azərbaycan ilə ikitərəfli münasibətləri çox gözəl olan Rusiyanın və KTMT-nin digər üzvlərinin ünvanına növbəti dəfə iradlarını bildirməsinə şans yaranması bununla izah olunur.
Son hadisələr bir daha göstərdi ki, danışıqlar prosesi düyünə düşüb, mövcud status-kvo isə amanabənddir və istənilən anda tərəflər arasında genişmiqyaslı toqquşmaya çevrilə bilər.
Məlum olduğu kimi, status-kvo 1992-1994-cü illərdə aparılmış hərbi əməliyyatlar nəticəsində yaranıb. O vaxt Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi üzərində nəzarət etməyə, habelə muxtar vilayətin ətrafında erməni əhalinin heç vaxt yaşamadığı yeddi inzibati rayonu işğal etməyə nail oldu. Bu rayonların infrastrukturu tamamilə dağıdıldı, münaqişə üzündən bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Azərbaycan 1994-cü ildə atəşkəs haqqında saziş imzalamaqla, ilk növbədə, qanunsuz işğal olunmuş ərazilərin danışıqlar yolu ilə azad edilməsinə, sonra isə Avropada Finlandiyanın Aland adaları və ya İtaliyanın Cənubi Tirol kimi muxtariyyətlərinin təcrübəsi əsasında Dağlıq Qarabağ regionuna ən yüksək özünüidarə dərəcəsi verilməklə bu regionun qarşılıqlı məqbul statusunu müəyyən etməyə nail olmaq istəyirdi.
Lakin ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların gedişi göstərdi ki, Ermənistanda hərbi əməliyyatların nəticələrini şəksiz "qələbə” kimi qiymətləndirir, Dağlıq Qarabağın qondarma "müstəqilliyini” isə baş vermiş fakt hesab edirlər. Məlum olduğu kimi, Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Azərbaycanın sovet dövründə mövcud olan inzibati sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır, lakin, eyni zamanda, Ermənistana təzyiq göstərilməsi cəhdlərinə qarşı çıxır, münaqişə tərəfləri qarşılıqlı məqbul kompromisləri müstəqil şəkildə tapacağı təqdirdə nizamlamanın qarantlarına çevrilməyə hazır olduqlarını bəyan edirlər.
Ermənistan Azərbaycanın öz ərazilərinin bir hissəsinin özgələşdirilməsi ilə heç vaxt razılaşmayacağını və Dağlıq Qarabağdakı qurumun legitimliyini tanımayacağını anladığı üçün danışıqlar çərçivəsində bütün səylərini mövcud status-kvonun möhkəmlənməsinə yönəldir.
Əvvələn, Ermənistan bu münaqişəni erməni azlığı ilə Azərbaycan dövləti arasında etnik qarşıdurma kimi təqdim edir. Lakin DQMV-nin Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi üçün 1988-ci ilin fevralında başlamış münaqişənin əsasını miatsum (erməni dilində - yenidən birləşmə) ideyası təşkil edir. 1989-cu ildə Ermənistan SSR Ali Sovetinin SSRİ Konstitusiyasına zidd olaraq "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” qərarı qəbul ediləndən sonra bu proses dönməz xarakter alıb.
Yalnız SSRİ dağılandan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqda ittiham olunmaqdan yaxa qurtarmağa çalışaraq Dağlıq Qarabağın təyini-müqəddərat hüququ barədə danışmağa başladı. Bu gün Ermənistan həmin regionun müstəqilliyini rəsmən tanımasa da, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış rejimi beynəlxalq arenada müstəqil qurum kimi təqdim etməyə çalışır.
İkincisi, Ermənistan Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsinə çağıran BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin müddəalarına məhəl qoymadan Azərbaycana bu ərazilərin bir hissəsini həmin regionun müstəqil statusu ilə "mübadilə etmək” ideyasını qəbul etdirməyə çalışır.
Üçüncüsü, Ermənistan status-kvonu "əbədiləşdirməyə” çalışaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə dair danışıqlar aparmaqdan boyun qaçırır, ATƏT-in monitorinq imkanlarının genişləndirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı texniki məsələləri ön plana çəkir.
Dördüncüsü, Ermənistan Qərbdəki çoxsaylı diasporunun dəstəyi ilə "qurban” obrazından sui-istifadə etməklə Dağlıq Qarabağ münaqişəsi ilə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələr arasında əsassız paralellər aparır və hətta özünün bugünkü hərəkətlərinə erməni xalqının əvvəlki məğlubiyyətlərinin əvəzinə özünəməxsus qisas kimi haqq qazandırmağa çalışır.
Bir sıra Qərb ölkələrində dinc azərbaycanlı nümayişçilərə və Azərbaycanın diplomatik nümayəndəliklərinə münasibətdə erməni diasporundan olan radikalların son provokasiyaları bu yanaşmanın nəticəsidir.
Ermənistandan fərqli olaraq Azərbaycan düyündən çıxış yolunu status-kvonun "dondurulmasında” deyil, belə adlandırılan "mərhələli” nizamlama variantında görür. Bu variantda Dağlıq Qarabağın statusu məsələsinə son mərhələdə baxılır. Bu halda danışıqlar prosesi beynəlxalq zəmanətlər verilməklə, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin şəksiz təmin edilməklə bir sıra rayonların tədricən Azərbaycanın nəzarətinə verilməsi, nəqliyyat kommunikasiyalarının bərpası, azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması kimi məsələlərin addım-addım həlli üzərində fokuslanır”.