• cümə, 29 Mart, 15:28
  • Baku Bakı 14°C

“Azərbaycan idarə olunan dövlətdən beynəlxalq idarəçilikdə iştirak edən dövlətə çevrilib”

24.05.14 09:06 1422
“Azərbaycan idarə olunan dövlətdən beynəlxalq idarəçilikdə iştirak edən dövlətə çevrilib”
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində (NK) sədrliyə başlaması, siyasi məhbus məsələsinin yenidən AŞ Parlament Assambleyasında (PA) qaldırılmasına cəhd, ABŞ səfiri Riçard Morninqstarın qeyri-obyektiv mövqe sərgiləməsi, bununla onun ölkə daxili proseslərə müdaxiləsi ilə bağlı məsələlər gündəmdədir. Bu mövzularla bağlı “Kaspi”nin suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev cavablandırıb.
- Fərəc bəy, Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə başlayıb. Bu sədrlik ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?
- Ən azından bu o deməkdir ki, Azərbaycan oturuşmuş Avropa təsisatlarında söz sahibidir. Artıq rotasiya qaydası ilə bu idarəetmələrdə də iştirak edir. Yəni, idarə olunan dövlətdən beynəlxalq idarəçilikdə iştirak edən dövlətə çevrilib. Bu, olduqca mühüm məsələdir. İkinci bir tərəfdən, Azərbaycan yalnız öz problemləri ilə bağlı məsələlər qaldırmaqla yanaşı, həm də beynəlxalq məsələləri gündəmə gətirir. Hətta bir çox məqamlarda hakim rolunu oynamaq funksiyasını öz üzərinə götürüb. Artıq bəzi məqamlarda bir sıra təşəbbüslərlə çıxış edəcək, onları kompleksləşdirərək ortaya qoyacaqdır. Bu həm Azərbaycanın tanınması, həm də haqq səsimizin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan ədalətli, tolerant bir dövlət kimi hadisələrə yanaşmada öz mövqeyini ortaya qoymaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də diqqətləri cəlb edəcək. Bununla bağlı ədalətli qərarların qəbul olunması üçün zəmin yaranacaqdır. Çünki biz bütün hallarda əlimizdəki imkanlardan istifadə edib Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olmalıyıq. Azərbaycan Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə Ukrayna hadisələrini də nəzərə alaraq analogiya gətirə biləcək, Krım məsələsində müəyyən tövsiyələr irəli sürəcək. Eyni yanaşmanın Dağlıq Qarabağ münaqişəsində də ortaya qoyulmasına çalışacaqdır.
- AŞ PA-nın Azərbaycanda siyasi məhbus məsələsini yenidən gündəmə gətirməsi cəhdlərini nə ilə əlaqələndirərdiniz?
- Zaman göstərir ki, tez-tez ifadə olunan ikili standartlar davamlı şəkildə Azərbaycana qarşı tətbiq edilməkdədir. Bəzi hallarda beynəlxalq təsisatlar da belə mövqedən çıxış edirlər. Rəsmi Bakı, bütün ictimaiyyət Ukraynada baş verən hadisələri qınadı və mövqeyimiz bundan ibarət oldu ki, həmin ölkənin ərazi bütövlüyü qorunmalı, dövlətin müstəqilliyinə xələl gəlməməli, işğalçılar dərhal Krımı tərk etməlidirlər. Eyni münasibəti beynəlxalq təsisatlar da ortaya qoydu. Lakin təəssüflər olsun ki, belə bir mövqeyi Dağlıq Qarabağ və ona bitişik 7 rayonun dərhal Azərbaycana qaytarılması məsələsində müşahidə etmirik. Hətta bir çox məsələlərdə də Azərbaycana fərqli münasibət ortaya qoyulub. Azərbaycan öz əməlləri ilə dünyaya sübut edir ki, bütün etnoslara sayğı ilə yanaşan, tolerant ölkədir. Bunun müqabilində özümüzə qarşı ədalətsiz davranışlarla da üzləşirik. Təbii ki, düşmənlərimiz də var və onlar bir çox yöndən bizə qarşı təbliğat da aparırlar. Siyasi məhbus məsələsində də biz bu cür təbliğatın, münasibətin şahidi oluruq. Əvvəla, siyasi məhbus anlayışının konkret tərifi ortada yoxdur. Hətta Avropa təsisatlarının özündə də bu məfhumun necə adlandırılması, necə dəyərləndirilməsi barədə dəqiq qərar yoxdur. Belə olduğu halda, Azərbaycanda konkret cinayət və digər əməllərə görə məsuliyyətə cəlb olunanlara müxtəlif yarlıqlar yapışdırmaq, onlara siyasi məhbus demək istəyənlər reallıqları nəzərə almalıdırlar. Heç bir status hər hansı insana törətdiyi əmələ görə məsuliyyətdən yayınma imkanı vermir. Hər kəs qanun qarşısında bərabərdir. Statuslar insanlara imtiyazlar vermir. Əgər Azərbaycanda kimsə bunun əksini düşünürsə, deməli, özünü digər insanlardan üstün tutmağa çalışır. Bu mənada beynəlxalq təsisatların da Azərbaycanda siyasi məhbus adı altında siyahılar hazırlamasının, bundan dövlətimizə qarşı siyasi təzyiq kimi istifadə etməsinin tamamilə əleyhinəyəm. Hesab edirəm ki, bu, qərəzdən başqa bir şey deyil.
- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın ölkə daxili proseslər barədə səsləndirdiyi fikirlər də son günlər mətbuatda müzakirə edilməkdədir. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Mən ABŞ-Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin, əməkdaşlığın olmasının tərəfdarıyam. Fikrimcə, Qərbdə də yaxşı anlayırlar ki, Amerika üçün bu regionda strateji tərəfdaş olan ölkə Azərbaycandır. Bir çox məqamlarda bu, özünü göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bölgədə ciddi açar rolunu oynaması, ölkəmizin daxili və xarici siyasətində demokratik dəyərlərə üstünlük verilməsi deyilənlərə əyani sübutdur. Ancaq Ermənistan monoetnik dövlət olaraq qonşularına qarşı ərazi iddiası irəli sürür, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır, Suriyadan, başqa ölkələrdən terrorçuları gətirib həmin ərazilərdə yerləşdirir, işğal altındakı bəzi nəzarətsiz ərazilərdən narkotik vasitələrin tranziti kimi istifadə edir, Rusiyanın forpostu kimi Qafqazda təhlükəsizliyi və sabitliyi daim təhdid altında saxlayır. Əgər ABŞ və digər Qərb dövlətləri doğrudan da demokratik dəyərləri müdafiə edirlərsə, o zaman işğalçını öz adı ilə çağırmağı, proseslərə ədalətli yanaşmağı bacarmalıdırlar. Belə bir məqamda ABŞ səfirinin dilindən Azərbaycana qarşı qeyri-obyektiv fikirlərin səsləndirilməsi yolverilməzdir. Fikrimcə amerikalı diplomatın hadisələrə yanaşması yanlışdır, Azərbaycan hakimiyyəti barədə səsləndirdiyi fikirlər isə ölkənin daxili işlərinə qarışmaqdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər