• cümə axşamı, 25 aprel, 20:22
  • Baku Bakı 21°C

Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır - Prezident İlham Əliyev

27.04.15 05:34 1035
Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır - Prezident İlham Əliyev
“2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edib. Bu, tarixi bir qərar idi”.
APA-nın xəbərinə görə, bunu bu gün I Avropa Oyunlarının məşəlinin alovlandırılması ilə bağlı mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimaddır.
Dövlət başçısı qeyd edib ki, vaxt məhdud olduğu üçün dərhal işə başlanılıb, Təşkilat Komitəsi yaradılıb: “ Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapıb”.
Prezident deyib ki, bu Oyunların Bakıda keçirilməsini, ilk növbədə, idmançılarımızın uğurlu çıxışı mümkün edib: “Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülüb. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilib. Bu, tarixi nailiyyətdir”.
Ölkə başçısı qeyd edib ki, son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılıb: “Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil”.
Prezident deyib ki, nəqliyyat infrastrukturu yeniləşib, müasirləşib və tələblərə tam cavab verir: “ Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir”.
Azərbaycanın beynəlxalq yarışların keçirilməsi üçün kifayət qədər geniş təcrübəsi olduğunu bildirən prezident “Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynayıb. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılayıb” deyə qeyd edib.
Prezident vurğulayıb ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir: ”Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik”.
”Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcək” deyə, prezident qeyd edib.
Prezident bildirib ki, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur: “Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.
Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir”.
Prezident bildirib ki, I Avropa Oyunlarının məşəli ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin: “Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!”
banner

Oxşar Xəbərlər