• çərşənbə axşamı, 23 aprel, 13:59
  • Baku Bakı 24°C

Azərbaycan hökuməti vaxtında səy göstərdi

19.06.20 10:37 1748
Azərbaycan hökuməti vaxtında səy göstərdi
BMT-nin İnkişaf Proqramı Azərbaycanda koronavirusla bağlı aparılan mübarizəyə öz töhfəsini verir. COVID-19-a dair cavab tədbirləri və bu qurumun Azərbaycanda həyata keçirdiyi digər sosial layihələr barədə BMTİP-nin rezident nümayəndəsi Alessandro FrakassettiAZƏRTAC-a onlayn müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- BMT-nin İnkişaf Proqramı (BMTİP) koronavirusla mübarizədə Azərbaycana dəstək olmaq üçün hansı addımları atır? Azərbaycanda pandemiya ilə mübarizə üçün görülən tədbirləri necə qiymətləndirirsiniz?
- BMTİP COVID-19 pandemiyasının çətinliklərini həll etmək üçün Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatı ailəsi ilə yaxından əməkdaşlıq edir. Pandemiya müddətində onlayn çalışma rejimində fəaliyyətimizi tam şəkildə davam etdirdik. Virusa qarşı mübarizə və onun təsirlərini azaltmaq üçün xüsusən səhiyyə, təhsil sahələrində, eləcə də ən həssas əhali qruplarına dəstək üçün milli səyləri dəstəkləmək məqsədilə əməliyyatlarımızı və layihələrimizi sürətlə yenidən nizamladıq.Azərbaycan hökuməti pandemiyanın təxirəsalınmaz çətinliklərinin qarşısının alınmasında və həlli istiqamətində vaxtında səy göstərdi və hazırda da həssas əhali qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərinə rəhbərlik edir.Biz, həmçinin Azərbaycan hökumətli ilə, COVID-19-un bir sıra əsas sektorlara təsirini ölçmək və pandemiyaya qarşı mübarizə planlarında əhalinin ən həssas qruplarının ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün əməkdaşlıq edirik. Nümunə olaraq, COVID-19-un əmək və məşğulluq bazarına təsirini qiymətləndirmək üçün uzunmüddətli tərəfdaşımız olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək oluruq.Eyni zamanda, bütün təlimlərə onlayn platformalarda davam edərək özünüməşğulluq proqramının uğurla həyata keçirilməsini təmin etmək üçün nazirliyə yardım göstəririk. Proqram, təqribən 500 nəfər əlilliyi olan şəxsə öz bizneslərini qurmaq və maddi cəhətdən müstəqil olmağa imkan yaradır.
Bu onlayn platforma, həmçinin 2016-cı ildən bəri Azərbaycan hökuməti tərəfindən həyata keçirilən ölkə üzrə özünüməşğulluq proqramına qeydiyyat üçün 12 mindən çox insana imkan yaradacaq.
- Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Respublikası hökuməti ilə əməkdaşlıq edərək COVID-19-a qarşı təcili və effektiv tədbirlər istiqamətində bir sıra rəqəmsal layihələr həyata keçirir. Pandemiyanın ilk günlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və SUP.VC Akselerasiya Mərkəzi pandemiya ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Qlobal Virtual Hakaton keçirdi. Bu təşəbbüsün nəticələri sizi qane edirmi?
- Bəli. BMTİP, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və SUP.VC Akselerasiya Mərkəzi ilə tərəfdaşlıq edərək Azərbaycanın ilk qlobal virtual hakatonunu təşkil etdi. Dünyanın müxtəlif yerlərindən developerləri, innovatorları, şirkətləri, QHT-ləri və cəmiyyətin fəallarını pandemiya zamanı insanların həyatını yaxşılaşdırmaq üçün texnoloji fikirlər və həllər təklif etməyə dəvət etdik. 40-dan çox ölkədən 600-dən çox müraciətçini bir araya gətirə bildik və onların 48 saat ərzində müxtəlif məkanlarda və zaman qurşaqlarında birgə çalışdıqlarını görmək, COVID-19-a qarşı mübarizədə kömək üçün fikirlərini inkişaf etdirmələrinə şahid olmaq möhtəşəm idi. Qaliblər üçün üç mükafatdan birinin Azərbaycandan olan bir komanda tərəfindən qazanılması xüsusilə, sevindirici idi. Bu, öncədən endirimlə məhsul və xidmətlər almağa imkan verən vauçer sxemi ilə KOB-lara dəstək ideyası idi. Ümid edirəm ki, tezliklə bunu həyata keçirəcəklər. Bu, Azərbaycan gənclərinin böyük istedad və yaradıcılığa sahib olmasının yaxşı bir nümunəsidir.COVID-19 ilə mübarizə fərqli ideya və həll yolları tələb edir və tələb etməyə davam edəcək. Şadam ki, Azərbaycan rəqəmsal həllər potensialından istifadə edən regiondakı ilk ölkələrdən biri oldu. Müvafiq olaraq, internetdən istifadə və rəqəmsal rabitənin artırılmasında da nazirliyi dəstəkləyirik.
- Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan hökumətinə dəstəyi çərçivəsində və "Ezgil Medical Technologies” şirkətinin əməkdaşlığı ilə tibb işçilərinin istifadəsi üçün yeni mobil tətbiq istifadəyə verildi. BMTİP-nin Azərbaycanda rəqəmsal səhiyyə xidmətlərini dəstəkləmək üçün gördüyü işlər barədə ətraflı məlumat verə bilərsinizmi?
- Səhiyyə mütəxəssisləri üçün nəzərdə tutulan bu yeni mobil tətbiq, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə hazırladığımız bir sıra rəqəmsal alətlərdən biridir. Böhranın ilk günlərində, hər iki tərəf olaraq pandemiya ilə daha yaxşı mübarizə aparmaq üçün səhiyyə işçilərinə dəstək məqsədilə yenilikçi rəqəmsal həllərin sürətlə tətbiq edilməsinin vacibliyini anlayırdıq. Əsas diqqətimiz epidemiologiya və ictimai səhiyyə sahəsində tibb mütəxəssislərinin biliklərini artırması üçün e-səhiyyə və elektron mənbələrin dərhal yaxşılaşdırılması üzrə həll yollarına yönəlmişdi. Misal üçün, bizim ilk müştərək müdaxilələrimizdən biri - insanlarda COVID-19 simptomları olduqda nə etməli olduqlarını məlumatlandırmaq üçün koronavirusa qarşı özünü yoxlama botunun hazırlanması idi. Bot, səhiyyə qurumlarının daha çox sualları onlayn qaydada cavablandırmasına yardım edərək, resursların tibb işçilərinin pasiyentlərin qayğısına qalması üçün istifadəsinə imkan yaratdı.Həkimlərə və tibb işçilərinə ən son müalicə protokolları ilə bağlı dəstək olmaq üçün onlayn kurs platforması və bir tətbiq yaratmağı planlaşdırırıq. Burada vacib məqam - bu rəqəmsal həll yollarının inkişaf etdirilməsində əldə olunan texnoloji və IT üzrə bacarıqların ölkədə e-səhiyyə sahəsinin daha da genişləndirilməsi üçün istifadə ediləcəyi və ictimai səhiyyənin gələcəyi üçün plan rolunu oynamasıdır.Həmçinin, COVID-19 barədə ictimaiyyətin suallarını cavablandırmaq üçün botun hazırlanmasında birgə çalışdıq. Bot günün 24 saatı dərhal, etibarlı və rəsmi məlumat verə bilir.Bot eyni zamanda 1 milyona yaxın istifadəçini əhatə edə bilir və Azərbaycanca danışan bütün insanlar üçün əlçatandır.Bu günə qədər bota 150.000-dən çox sorğu daxil olub və ən çox verilən suallar statistika və yoluxma hallarının sayı ilə bağlıdır.Bot, qlobal olaraq pandemiyaya qarşı milli cavab tədbirlərini təhdid edən, eləcə də həyatları və gəlir mənbələrini riskə atan yanlış məlumatla mübarizə aparmaq üçün çox yaxşı bir vasitədir.Bu həllər, hazırda davam edən pandemiyaya cavab olaraq Azərbaycanın səhiyyə sisteminin rəqəmsal imkanlarını genişləndirməyə kömək etməklə yanaşı, COVID-19-dan sonrakı dövrdə də səhiyyə sistemini dəstəkləmək və inkişaf etdirmək üçün daha da təkmilləşdirilə bilər.
- BMTİP ətraf mühitin qorunması fəaliyyətlərinə də diqqət yetirir. Son günlərdə hansı təşəbbüslər üzərində çalışırsınız?
- 20 ildən artıqdır ki, BMTİP hökumət və milli tərəfdaşlarla, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla, iqlim dəyişikliyinə uyğunlaşma və fəsadların azaldılması üzrə müvafiq siyasətlərin həyata keçirilməsi, enerji səmərəliliyini artırmaq və iqlim dəyişikliyinin gətirdiyi ekstremal hava hadisələrinə hazırlıq məqsədilə yaxından çalışmaqda davam edir.Ölkənin dəyərli biomüxtəlifliyinin qorunmasını təmin etmək, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinə yatırım etməyin üstünlüklərinin göstərilməsi istiqamətində Azərbaycan hökumətinə dəstək oluruq.Biz Azərbaycanı İqlim Dəyişikliyi ilə mübarizə tədbirlərində dəstəkləyirik. Bu yaxınlarda Baş Nazirin müavini yanında İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yenidən strukturlaşdırılmasını müsbət qiymətləndirir və hökumətin CO2 emissiyalarının monitorinq sistemini genişləndirməsi səylərini dəstəkləməyə hazır olduğumuzu bildiririk.BMTİP, həmçinin kiçik fermer təsərrüfatı sahibləri ilə də çalışır. Fermerləri dayanıqlı kənd təsərrüfatı haqqında maarifləndirən və hazırda davam edən aqrobiomüxtəliflik proqramımız var. Buğda, tərəvəz və bitki növlərinin yenidən istifadə dövriyyəsinə qaytarmaq və qorumaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə tərəfdaşlıq edirik.Azərbaycan son illərdə ətraf mühitini qorumaq üçün bir sıra vacib addımlar atıb. Lakin gələcək nəsillərə dayanıqlı miras qurmağa davam etmək üçün bütün vətəndaşların dəstəyinə ehtiyac var.Bu məqsədlə, qısa müddət öncə iki maraqlı təşəbbüslə çıxış etdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa İttifaqı ilə birlikdə, Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə "Özün Yarat” platformasını təsis etdik. Yenidən istifadəetmə dünyada getdikcə məşhurlaşır və ümid edirik ki, "Özün Yarat” platforması Azərbaycanda bu tendensiyanın artmasına təkan verməkdə kömək olacaq və insanları köhnə məhsullardan və məişət tullantılarından ən yaxşı şəkildə istifadə etmək üçün innovativ həllər tapmağa həvəsləndirəcək.Biz, həmçinin Azərbaycanın su mövzusunda ilk hakatonunu da başlatdıq. Hakaton, ölkə sakinlərini su problemləri istiqamətində texnoloji həll yolları təklif etməyə və suyun həyati vacibliyi barədə məlumatlılığı artırmaqda dəstək olmağa dəvət edir.Ətraf mühitin qorunması ehtiyacı bütün qərarların, o cümlədən şəxsi qərarların mərkəzində dayanır. Davranışımızı və hər şeydən öncə, istehlak vərdişlərimizi dəyişərək hamımız daha sağlam ola bilər, daha təhlükəsiz və firavan həyat tərzinə sahib ola bilərik.
- Qlobal miqyasda, pandemiyadan ən çox təsirlənənlər qadınlar və gənclərdir. BMTİP, Azərbaycanda ən həssas əhali qruplarına dəstək göstərilməsində necə kömək edir?
- Kənd yerlərində qadınlar üçün peşəkar onlayn psixoterapiya seanslarının təşkilinə kömək etmək üçün doqquz Qadın Resurs Mərkəzi ilə tərəfdaş olduq. Bu mərkəzləri biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ölkənin müxtəlif yerlərində qurulmasına yardım etmişik. Bu təşəbbüs, COVID-19 pandemiyasının, o cümlədən sosial təcrid və iqtisadi stresin təsirləri nəticəsində qadınlara qarşı məişət zorakılığı riskinin daha yüksək olduğu zamanda təcili dəstək ehtiyacını qarşılayır.Son aylar ərzində ölkənin ucqar ərazilərindən olan qadınlar biznesin inkişafı üzrə onlayn təlimlərimizdə, o cümlədən maliyyə, marketinq və satış mövzularını əhatə edən kurslarımızda mütəmadi iştirak edir. Uğurlu namizədlər artıq öz işlərinə başlamaq üçün bütün lazımi avadanlıqlarla təmin edilib.Təhsil sahəsində BMT-nin İnkişaf Proqramı əlilliyi olan insanlar, tələbələr və fermerlər üçün televiziya yayımları, internet və WhatsApp vasitəsilə elektron təhsilin tətbiqinə dəstək oldu.Nümunə olaraq qeyd olunmalıdır ki, peşə təhsili sahəsində Avropa İttifaqı və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə pandemiya zamanı peşə təhsili tələbələrinin dərslərdən geri qalmaması üçün bir sıra TV və onlayn dərslər hazırlamağa kömək etdik.Ənənəvi incəsənət üzrə inklüziv proqramımızın bütün tələbələrinə fəaliyyətlərinə evdən davam edə bilmələri üçün avadanlıqlar yolladıq, eləcə də müəllimləri və dostları ilə onlayn ünsiyyət qurmalarına şərait yaratdıq.Əlavə olaraq, biz fermerlər üçün əkin və gübrələməyə dair ən yaxşı yollar üzrə onlayn təlimlər təqdim etdik və COVID-19 müddətində onların təhlükəsizliyini təmin edən qoruyucu vasitələrlə təchiz etdik.BMTİP bu pandemiya dönəmində və daima Azərbaycan xalqına kömək etməyə davam etmək əzmindədir. Birlikdə daha güclüyük və heç kəsi kənarda qoymamalıyıq.
banner

Oxşar Xəbərlər