Azərbaycan ərazi bütövlüyünü təmin etməyə qadirdir - Fotolar
Azərbaycanın xarici siyasət
kursunda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi
bütövlüyünün təmin olunması hər zaman bir nömrəli problem - əsas vəzifə kimi
qarşıya qoyulub. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban
Əliyeva xarici ölkələrə rəsmi səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə
ən yüksək tribunadan Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünya
ictimaiyyətinə çatdırıb, münaqişənin tənzimlənməsi üçün danışıqlar aparıblar. İndiyə
qədər münaqişədən əziyyət çəkən, 20 faiz ərazisi işğal olunan Azərbaycan hər
zaman Dağlıq Qarabağ problemini gündəmdə saxlayıb. Yola saldığımız ötən iki həftə
isə bu baxımdan növbəti dəfə diqqəti cəlb edib.
Martın 29-dakı Vyana görüşündən
sonra Prezident İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı
Qüvvələrinin N saylı hərbi hissəsində olub. Hərbçilər qarşısında çıxış edən
dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
rəsmi Bakının mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib.
Aprelin 3-də Birinci
vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək
texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirib. Bununla o, hərbçilərimizə,
qazilərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğını növbəti dəfə nümayiş
etdirib. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli
olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal
həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını,
bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib. Birinci vitse-prezident
hərbçilərə xitab edərək, "Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var,
mənim belə qardaşlarım var”, - deyə bildirib. O, belə əsgərlərlə, zabitlərlə Qarabağın
mütləq qaytarılacağını, Qarabağın hər bir kəndində, şəhərində Azərbaycan bayrağı
dalğalanacağını bəyan edib.
Aprelin 5-də isə Bakının
Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış
kompleksinin istifadəyə verilməsi mərasimi keçirilib. Görüşdə çıxış edən dövlət
başçısı bir daha bəyan edib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllidir. O, bu istiqamətdə ardıcıl işlər aparıldığını,
Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik olmadığını diqqətə
çatdıraraq deyib ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq
hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və
qətnamələri əsasında öz həllini tapmalıdır.
Göründüyü kimi, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli, bu problemin daim gündəmdə saxlanılması
üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl iş
aparılır. Eyni zamanda torpaqlarımızın müdafiəsi zamanı şəhid olan əsgər və
zabitlərimizin ailə üzvlərinə, həmçinin sağlamlığını itirən hərbçilərə böyük
diqqət və qayğı göstərilir. Ən nəhayət, Ermənistan işğalı nəticəsində öz
yurd-yuvasından didərgin düşən 1 milyondan artıq qaçqın və məcburi köçkünün də mənzil-məişət
problemi, sosial qayğıları həllini tapır.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü,
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmiz üçün deyil,
ümumilikdə region üçün problemə çevrilib. Millət vəkilinin sözlərinə görə,
dünyanın həssas bölgələrindən biri sayılan Cənubi Qafqaz regionunda beynəlxalq
layihələrin həyata keçirilməsi üçün risklərin tamamilə aşağı səviyyədə olması
zəruridir. Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti,
qeyri-konstruktivlik nümayiş etdirərək Dağlıq Qarabağ probleminin həllini
yubatması bütün dünyanı təhdid edəcək situasiya formalaşdırıb: "Dağlıq Qarabağ
münaqişəsi hər kəsdən, hər bir dövlətdən daha çox bizim problemimizdir.
Azərbaycanda bütün istiqamətlər üzrə həyata keçirilən siyasət Dağlıq Qarabağ
siyasətinin cinah siyasəti sayıla bilər. Bütün siyasət ona köklənir ki, problem
ədalətli həll olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan
Prezidentinin xarici siyasəti, ölkədə reallaşdırılan islahatlar, daxili siyasət
də daxil olmaqla, ümumilikdə başlıca hədəf Dağlıq Qarabağ probleminin həll
olunmasıdır. Xarici siyasətin bir qanadı sayılan hərbi siyasət də Dağlıq
Qarabağ problemində ədalətli status-kvonun əldə olunmasına yönəlib. Hesab
edirəm ki, bütün platsdarmlarda məsələni öz xeyrimizə həll edə bilmişik. Dünya
dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə
dəstəkləyirlər. Ölkə başçısı son fəaliyyəti ilə bütün dünyaya bir daha nümayiş
etdirir ki, Azərbaycanın həm daxili gücü, sabitliyi, əmin-amanlığı, iqtisadi
gücü, xalq-iqtidar birliyi, həm də hərbi qüdrəti var və xalq savaşa hazırdır.
Həmsədr dövlətlər beynəlxalq Konvensiyalara, BMT Nizamnaməsinin müvafiq
maddələrinə, indiyə qədər icra olunmayan məlum 4 qətnaməyə uyğun olaraq işğalçı
Ermənistanı məcbur etməlidirlər ki, Azərbaycan ərazilərini azad etsin. Əks
təqdirdə, Azərbaycan hərbi yolla işğal altındakı əraziləri azad edəcək, ərazi
bütövlüyünü təmin edəcək. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın qəti
mövqeyini dəfələrlə bəyan edib. Tarixi Azərbaycan torpağında ikinci erməni
dövlətinin yaradılmasına heç bir halda imkan verilməyəcək”.
Millət
vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü Fəzail İbrahimli də bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin
ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün Prezident İlham Əliyevin
atdığı addımlar, keçirdiyi görüşlər, daxili və xarici siyasət birmənalı olaraq
dəstəklənir: "Son Vyana görüşü də diplomatik baxımdan uğurlu sayıla bilər.
Çünki buna qədər Ermənistan tərəfi müxtəlif bəhanələrlə rəsmi danışıqlardan
yayınmağa, yaxud işğal altındakı Dağlıq Qarabağda yaratdıqları qondarma qurumu
da danışıqlara cəlb etməyə çalışırdı. Lakin Azərbaycan diplomatiyasının uğuru
sayəsində bu cəhdlərin qarşısı alındı, Ermənistan yenidən danışıqlar masasına
gətirildi. Eyni zamanda, beynəlxalq aləmə nümayiş olundu ki, Azərbaycan
problemin sülh yolu ilə həllindən qaçmır, əksinə buna maraq göstərir. Biz onu
da bilirik ki, ixtiyarı öz əlində olmayan Ermənistan siyasi rəhbərliyi ilə
danışıqlar aparıb tez bir zamanda hər hansı nəticəni əldə etmək asan məsələ
deyil. Dağlıq Qarabağ məsələsinin həll olunması üçün Azərbaycan Prezidenti,
Birinci vitse-prezident səviyyəsində atılan bütün addımlar zamanın ruhuna,
tələbinə uyğundur. Heç kəsə sirr deyil ki, güclü Azərbaycan Ordusu işğal
altındakı ərazilərimizi müharibə yolu ilə azad etməyə tam qadirdir. Aprel
döyüşləri buna əyani misaldır. Aprel döyüşlərində müdafiə naziri Zakir
Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan Ordusunun cəmi 20 faizi ilə
Ermənistanın bütün silahlı qüvvələri vuruşdu və məğlub oldu. Strateji
yüksəkliklərə nəzarəti Azərbaycan əsgəri ələ keçirdi. Bununla da "qüdrətli
Ermənistan ordusu” mifi puç oldu, Ermənistan daxilində parçalanma baş verdi,
ardınca ölkəni kütləvi etiraz bürüdü, siyasi hakimiyyət inqilab yolu ilə
devrildi. Əslində bu, bütün dünyaya Azərbaycan xalqının, ordusunun gücünü,
qüdrətini, eyni zamanda işğal faktı ilə barışmayacağını nümayiş etdirdi”.
Rufik
İSMAYILOV