• şənbə, 20 Aprel, 05:11
  • Baku Bakı 15°C

“Azərbaycan həmişə nümunə olub”

23.07.15 10:46 1523
“Azərbaycan həmişə nümunə olub”
Alman professor Vilfrid Furman ölkəmizin əleyhinə yazılan məqalələrin ikitərəfli əlaqələri zəhərlədiyini bildirir
Rusiyanın nüfuzlu “Vestnik Kavkaza” xəbər portalında alman professor Vilfrid Furmanın Azərbaycan-Almaniya münasibətləri, Qərb mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələr barəsində müsahibəsi dərc olunub. “Kaspi” qəzeti həmin müsahibənin tərcümə variantını təqdim edir.
- Almaniya mətbuatının anti-Azərbaycan kampaniyasında iştirak etdiyini demək düzgündürmü?
- Almaniya və digər Qərb dövlətlərində Azərbaycan ilə bağlı mənfi məlumatların yayılması məni də təəccübləndirdi. Bu məlumatların çoxu mənfi xarakterlidir. Buna misal olaraq, “Frankfurter Allgemeine Zeitung” nəşrində 19 iyunda Azərbaycan haqqında dərc olunan böyük bir məqaləni göstərə bilərik. Bu məqalə I Avropa Oyunları və Azərbaycan haqqındadır. Görəsən, belə yazılarla onlar kimisə biabır etməyə və yaxud məhv etməyə çalışırlarmı? Ola bilər ki, onlar bununla enerji resurslarının şaxələndirilməsində Avropa İttifaqı ilə müttəfiq olan və bu quruma strateji əməkdaşlıq təklif edən Azərbaycanı nüfuzdan salmaq istəyirlər.
Tənqidlərin hər birində mən tənqid olunan problemin həlli yolunu da axtarıram. Mən də öz dostlarımı tənqid edirəm. İnanıram ki, onlar özlərini daha yaxşı tərəfdən göstərə bilərlər. Lakin bu məqalə başdan-ayağa tənqidlə qaynayır. Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycanı Qərb dəyərlərindən təcrid etməyə çalışırlar.
- Belə məqalələrin dərc olunmasının səbəbi nədir? Belə bir fikir mövcuddur ki, bu cür məqalələrin yazılmasında Qərb dövlətlərində güclü olan erməni lobbisinin də rolu var.
- Qərb ölkələrinin xristian dövləti kimi Ermənistana qarşı simpatiyasının olmasına baxmayaraq, bu məsələdə onların rolunun böyüdülməsinin tərəfdarı deyiləm. Mən hətta Azərbaycana qarşı olan hücumların indi danışacağım insan haqları ilə də əlaqəsinin olmadığı fikrindəyəm. Biz hazırda insan haqlarının dünyada praktikada hansı vəziyyətə olduğunu bilirik. Ölüm hökmünün, irqçiliyin hələ də mövcud olduğu dövlətlər mövcuddur. Həmçinin jurnalistlər üçün bəzi bölgələri qapalı olan ölkələr də var. Biz həmin dövlətlərdə keçirilən yarışlarda iştirak etməliyikmi? Əlbəttə, siyasi cəhətdən sərfəli olduğu üçün Qərb dövlətləri həmin ölkələrdə təşkil olunan yarışlarda iştirak ediblər. İdman yarışları da digər tədbirlər kimi siyasi məqsədlər üçün istifadə oluna bilər. Bu kimi hallar yalnız beynəlxalq ictimaiyyətin şüurlu şəkildə dərk etdiyi və istədiyi halda baş verir. İdman insanlar arasında şəxsi görüşlərin təşkili üçün böyük imkan yaradır. Boykot çağırışı heç vaxt heç bir nəticə verməyib. O cümlədən, hər bir siyasətçi bilir ki, cəmiyyətin uzunmüddətli sabitliyi və inkişafı onun bütün fikirləri, ideyaları, cərəyanları prosesə cəlb etmək imkanı və gücündən asılıdır. Azərbaycan bu gücə və sabitliyə malikdir.
- Siz Almaniya Bundestaqının Azərbaycandakı insan haqları ilə bağlı qətnamə qəbul etməsini necə qiymətləndirirsiniz?
- Bu qətnamədə “Amnesty İntenational” və “Sərhədsiz Reportyorlar” təşkilatlarının hesabatlarına istinad olunub. Mən hesab edirəm ki, mübahisəli məsələlər siyasi səviyyədə müzakirə olunmalı və kompromis tapılmalıdır. Belə qətnamələr müttəfiq əlaqələr üçün sərtdir və bunun heç nəyə xeyri yoxdur. Həmçinin qeyd etmək lazımdır ki, yuxarıda qeyd elədiyimiz məqalələr ikitərəfli əlaqələri zəhərləyir. Mən düşünürəm ki, bu məqalələr heç nəyi görmək istəməyən insanlar tərəfindən yazılır. Onlar heç nə eşitmək istəmədiklərinə görə heç nəyi eşidə bilmirlər. Həmçinin onlar insanlara kömək etmək və problemlərinin həll edilməsini də istəmirlər. Bu cür insanlar yalnız əmr etməyi və hakim olmağı bacarırlar.
- Əgər Azərbaycanda insan haqları ilə bağlı problemlər varsa, onlar nədən irəli gəlir?
- Buna bir neçə səbəb ola bilər. Birincisi, Azərbaycan dövləti bu ölkənin ərazisi olan və işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardan, o cümlədən Ermənistandan erməni silahlı qüvvələri tərəfindən qovulan azərbaycanlıların ölkəyə inteqrasiya etməsi fonunda inkişaf edir. Ukrayna böhranı başlayandan bəri iki dövlətin təmas xəttindəki toqquşmalar zamanı hər iki tərəf çoxsaylı itkilər verib. Görəsən, kimsə Qarabağ adlı böyük yaranın və həmin bölgədən insanların qovulmasının, tarix boyu soyqırıma və qırğınlara məruz qalan Azərbaycanın siyasi və ictimai sisteminə təsir göstərməyəcəyinə inanırmı? O cümlədən ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ, Fransa, həmçinin Almaniya bu münaqişəni həll edə bilərdilər və həll etməli idilər. Çünki onlar Ukraynanın ərazi bütövlüyünün təmin edilməsini dönə-dönə vurğulayırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamələri də mövcuddur. Belə görünür ki, bu münaqişənin həll edilməsində onlar maraqlıdırlar. Dağlıq Qarabağ münaqişəsinin açarı çoxlarının düşündüyü kimi təkcə Moskvada deyil. Bir açar erməni diasporunun yerləşdiyi Parisdə və digəri isə erməni lobbisinin güclü olduğu ABŞ-da, bir başqa açar isə xristianlıq faktorunu dəstəkləyən Almaniyadadır. Lakin Azərbaycan bütün bunlara baxmayaraq, beynəlxalq hüquqa və ictimaiyyətə inandığına görə, bu münaqişədə hərbi gücdən istifadə eləmir. Lakin digər minimum 3 səbəb də mövcuddur. Birincisi, Rusiyaya qarşı sanksiyalar və neftin qiymətinin aşağı düşməsi Azərbaycan başda olmaqla Cənubi Qafqaz bölgəsinə təsir göstərib. Həmçinin Qərb dövlətləri Azərbaycanı Rusiyaya qarşı tətbiq edilən sanksiyaya qoşmağa çalışır. Bakı bu sanksiyalara qoşulmadığına görə təzyiqlərə məruz qalır. Digər tərəfdən, iqtisadi baxımdan ABŞ-a yaxın olmayan dövlətlərin sıxışdırılması üçün yeni ticarət təşkilatının yaradılması planlaşdırılır. Həmçinin bura Azərbaycanda QHT-lərlə bağlı qəbul edilən qanunu da əlavə etmək olar. Məncə, Qərb mətbuatında Azərbaycana qarşı aparılan kampaniya bu geosiyasi hadisələrlə əlaqədardır.
- Azərbaycanın Qərb mətbuatında tənqid olunması bu ölkə üçün çox üzücü idi.
- Azərbaycanın tarixi köklərinə baxmaq kifayət edər. Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlət olması, etnik və dini qrupların hüquqlarının qorunması, həmçinin qadınlara ilk səsvermə hüququ verməsinə görə həmişə nümunə olub.
- Qərb mətbuatında dərc oluna bu məqalələr radikal müxalifətin mövqeyi ilə üst-üstə düşürmü?
- Bu məqama belə də baxmaq olar. Əgər bir qəzet və yaxud redaksiya öz mövqeyini sitatların arxasında gizlətməyə çalışsa belə, aydındır ki, bu haqda yazı dərc edənlər özləri bu sitatları seçərək məqalənin əsas ana xəttinə qoyurlar. Bununla da dövlət və xalq demokratiya və insan haqları adı altında nüfuzdan salınmağa çalışılır. Lakin mətbuatın bunu etməyə hüququ yoxdur. Bu cür məqalələr həm Azərbaycana, həm də Almaniyaya ziyan vurur.
Tərcümə etdi: Sənan Əhliman
banner

Oxşar Xəbərlər