• şənbə, 20 Aprel, 05:58
  • Baku Bakı 15°C

Azərbaycan heç vaxt istəməz ki, İranda müharibə, qarşıdurma və xaos olsun

02.05.18 10:30 1739
Azərbaycan heç vaxt istəməz ki, İranda müharibə, qarşıdurma və xaos olsun
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də planBMTTəhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur. Lakin 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.Cari il aprelin 30-da isə İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki "Kiriya” iqamətgahında xalqa müraciətlə çıxış edib. Baş nazir "Mossad”ın İranın nüvə arxivini bütünlüklə ələ keçirdiyini bildirib. Qeyd edib ki, İsrailin sərəncamında İranın nüvə proqramına dair 55 minə yaxın sənəd və foto, 183 diskdə saxlanılan 55 min fayl, o cümlədən fayl-çertyojlar, video və mətnlər var. Netanyahu bildirilib ki, arxivlə tanışlıq zamanı İranın nüvə silahı proqramından imtina etmədiyi, beynəlxalq ictimaiyyəti aldatdığı bir daha üzə çıxıb. Hökumət başçısı bu sənədlərin ABŞ-a, digər Qərb ölkələrinə təqdim olunduğunu vurğulayıb. İran ətrafında cərəyan edən proseslərlə bağlı "Kaspi”nin suallarını politoloq Tofiq Abbasov cavablandırır.
- Tofiq bəy, baş nazir B.Netanyahunun çıxışından sonra İranın İsrailə qarşı müharibəyə başlayacağı barədə məlumatlar yayılıb. Bildirilib ki, hətta İsrail hökumətinin təhlükəsizlik kabineti təcili olaraq "Kiriya” iqamətgahında toplaşıb və müharibəyə hazırlığı müzakirə ediblər. Sizcə, belə bir müharibə gözləniləndirmi?
- Onsuz da İran ətrafında baş verən son hadisələr müharibə öncəsi vəziyyəti xatırladır. Faktiki olaraq, İsrail və müttəfiqləri İran İslam Respublikasına müharibə elan etməyə hazırlaşırlar. May ayının 12-dən sonra ABŞ 2015-ci ildə əldə edilən nüvə razılaşmasından çıxacaqsa, müharibəyə aparan yol tam açıq olacaq. Razılaşmada iştirak edən altılıq ölkələrindən Böyük Britaniya da yavaş-yavaş müttəfiqlərinə qoşulur. Fars körfəzindəki bəzi dövlətlər də bu məqamı gözləyirlər. Bu vəziyyət yaxşı heç nə vəd etməyən, təhlükəli bir gedişdir. 40 ilə yaxındır davam edən soyuq qarşıdurma, tərəflərin bir-birini intensiv surətdə hədələməsi, ittihamlar səsləndirməsi və sair proseslər müharibəni qaçılmaz edir. Amerikanın və onun müttəfiqlərinin əsas məqsədi regiondakı bəzi dövlətləri parçalamaq, özlərinə tabe dövlətlər yaratmaq, bununla da İranın sərhədlərinə yaxınlaşmaqdan ibarət idi. Amerika İsrail vasitəsilə özünün regiondakı maraqlarını mərhələli şəkildə təmin edir. Bu isə yerli dövlətlərə yaxşı heç nə vəd etmir, onlara səadət gətirmir. Dövlətlərin parçalanması, onların daxilində vətəndaş müharibələrinin baş verməsi Yaxın və Orta Şərq regionlarını uzunmüddətli xaosa qərq edir. Bunun da hər hansı region dövlətinə yaxşı təsiri ola bilməz.
- İsrailin baş naziri B.Netanyahu Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti D.Tranmp və Almaniya kansleri Angela Merkellə İran məsələsinə dair fikir mübadiləsi apardığını, eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirib. Maraqlıdır, baş verənlər fonunda Rusiya hansı mövqe nümayiş etdirəcək?
- Rusiya indiyə qədər baş verən bu kimi proseslərin hamısında astagəl mövqe tuturdu. Lakin 2015-ci ilin avqust ayında Kreml rəhbərliyi anladı ki, baş verənlər nə zamansa Rusiyanın da qapısının ağzına gəlib çatacaq. Hər kəsə bəlli idi ki, İŞİD adlı "İslam dövləti” Amerikanın gələcək planlarının reallaşmasına hesablanan addımdır. Bu səbəbdən onlar ilk olaraq Suriyadan, İraqdan bu proseslərə start verdilər. Amerika bir tərəfdən bəyan edir ki, neft erası bitib, ancaq digər tərəfdən yaxın Şərqi tutub bu ərazilərdəki bütün karbohidrogen ehtiyatlarına sahiblənmək istəyir. Həm təbii sərvətlərə, həm də onların bütün istiqamətlər üzrə tranzitinə bilavasitə nəzarət etmək istəyir. Xatırlayırsınızsa, 2010-cu ildə Tehranda Suriya, İran və İraq rəhbərliyi yeni qaz xəttinin inşası ilə bağlı razılığa gəlmişdilər. İrandan Aralıq dənizinin sahilinə qədər uzanacaq bu kommunikasiya vasitəsilə İran qazının beynəlxalq bazara ötürülməsi nəzərdə tutulurdu. Bununla paralel olaraq, geniş avtomobil yolunun inşası, tranzit yüklərin həcminin daha da artırılması və sair planlaşdırılmışdı. Məhz bu hadisələrdən sonra regionda "İslam dövləti” adı altında İŞİD terror qruplaşması peyda oldu və başladı həmin ərazidəki dövlətlərə problemlər yaratmağa. Belə bir vəziyyətdə İran Suriyaya dəstək verməyə, İŞİD terror qruplaşmasına qarşı birgə müqavimət göstərməyə başladı. Rəsmi Moskvanın da Bəşər Əsəd hökuməti ilə əməkdaşlığı, razılaşması olduğu üçün, bu dövlətə dəstək nümayiş olundu. Hələ illər öncə bu əməkdaşlıq nəticəsində Suriyanın Rusiyaya olan 10 milyard dollarlıq borcu silinmişdi. Çünki Rusiya ilə Suriyanın strateji maraqlarının üst-üstə düşdüyü məqamlar çoxdur. Qərb dövlətləri çalışırdılar ki, Şərq dövlətləri ilə Rusiyanın bu kimi münasibətlərini pozsunlar. Amma məsələ burasındadır ki, bu münasibətləri pozsalar da, yeni nə isə yarada bilmədilər. 2010-ci ildən Bəşər Əsədin siyasi hakimiyyətdən getməsi gündəmə gətirilmişdi. Bütün cəhdlərə rəğmən, Amerika buna nail ola bilmədi. Bu uğursuzluq və real vəziyyətlə barışmazlıq son nəticədə Amerika, İngiltərə və Fransanın Suriyaya yenidən hava zərbələri endirməsi ilə nəticələndi. Əlbəttə ki, bu hücumda İsrailin də əli olub. Suriyadakı hərbi bazaların yerləşdiyi yerə dair plan-xəritələri, məlumatları əldə edib Qərb dövlətlərinə ötürən İsrail idi. Hazırda Suriyadakı qarşıdurmada koalisiyalar qismində Qərb və Şərq dövlətləri, o cümlədən Rusiya ilə Amerika üz-üzə gəlib.
- Ümumiyyətlə İranın nüvə fəaliyyəti nəyə yönəlib? Bu fəaliyyət dünyaya hansısa təhlükə vəd edirmi?
- İstənilən dövlət nüvə silahına yiyələnmək istəyirsə, bu, müxtəlif risklər, təhlükələr doğurur. Nüvə dövlətinə çevrilmək istəyən ölkənin beynəlxalq arenada davranışı, xarici siyasəti də dəyişir, daha sərt və diktəedici xarakter alır. Təbii ki, bütün dünya üçün bu, arzuolunmaz vəziyyətdir, təhlükə və narahatlıq yaradan məqamdır. Misal üçün, Şimali Koreyanı götürək. Bu dövlət nüvə silahına sahib olduğu üçün vaxtaşırı yeni raket sınaqları həyata keçirir, dünyanı təhdid edir. Ona görə də ABŞ, eləcə də digər Qərb dövlətləri Şimali Koreyadakı rejimin getməsində maraqlıdır. Kim Çen İnn və ona qədər olan dövlət rəhbərləri üçün nüvə silahı neytrallaşdırıcı, özünümüdafiə sisteminə çevrilib. Düzdür, hazırda Şimali Koreyada vəziyyət kardinal şəkildə dəyişib. Amma bundan sonra orada nə baş verəcəyinə heç kim zəmanət verə bilməz. Cənubi və Şimali Koreya arasında barışığın daha da möhkəmlənəcəyinə də heç kim zəmanət verə bilməz. Çünki ortada Rusiya, Çin, Amerika kimi üçüncü qüvvələr var. Burada proseslər göründüyü kimi sadə və hamar olmayacaq. İrana gəldikdə, Amerika birmənalı təkid edir ki, "molla rejimi getməlidir”. Amerika 1979-cu ildə İranda İsrailin iştirakı ilə şah rejimini devirib indiki molla rejimini hakimiyyətə gətirəndə ümid edirdi ki, İranın yeni hakimiyyəti ilə işləyə biləcəklər. O zaman Amerikaya müxtəlif vədlər verən yeni hakimiyyət sonradan tərs mütənasiblik nümayiş etdirdi. Xomeyninin ilk tələbi bu oldu ki, İrandan ilk növbədə Amerikanın ayağı kəsilməlidir. Həmin vaxtdan indiyə qədər İranla ABŞ arasında heç bir konsensus, razılaşma yoxdur. Bir-birlərini eşitmək istəməyən bu iki dövlət arasında təşkil olunan bütün dialoqlar da nəticəsiz başa çatıb. İran tərəfi nə qədər bəyan etsə də ki nüvə fəaliyyəti dinc məqsədlər üçündür, Qərb, xüsusən də ABŞ bunu qəbul etmir. 40 ildir yetişdirdiyi prosesləri sona çatdırmaq istəyir və bunun müharibə yolu ilə baş verməsi də gözləniləndir. Əgər belə bir müharibə baş verərsə, İsrail, İran və sair dövlətlər bundan müsbət nə isə əldə edə bilməyəcək. Bu, ən arzuolunmaz ssenaridir.
- Azərbaycan region dövləti İranla quru və dəniz sərhədinə malikdir, 30 milyona yaxın azərbaycanlı bu ölkədə yaşayır. Hər iki ölkəni mədəni, tarixi, dini əlaqələr bir-birinə bağlayır. Son dövrlər isə İranla Azərbaycan arasında ticari, iqtisadi, siyasi, humanitar və sair sahələrdə münasibətlər daha da inkişaf edib. Bu reallıqlar fonunda qonşu İran ətrafında cərəyan edən proseslər Azərbaycana necə təsir edə bilər?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, əgər İsrail-İran müharibəsi başlayarsa, bu, bütünlükdə regiona, o cümlədən də qonşu Azərbaycana pis təsir göstərə bilər. Bu təsir arzuolunmaz, çox dağıdıcı da ola bilər. Heç bir dünya dövləti istəməz ki, onunla qonşu olan hər hansı dövlətdə sabitlik pozulsun, müharibə baş versin. Müharibə başladısa, proses uzanacaq. Proseslərdə, yəni müharibənin gedişində yazılmamış qanunlar hökmranlıq edəcək. Bu da yaşayış məntəqələrinin dağıdılması, dinc insanların qurbana çevrilməsi, iqtisadi çətinlik, qaçqın seli, xaos və sairlə müşahidə oluna bilər. Azərbaycanın İranla ticari əlaqələri, mal dövriyyəsi durmadan artır. Bir sıra kommunikasiya layihələrində həmahəng, birgə fəaliyyət ortadadır. Azərbaycan və İran hökumətləri, prezidentləri arasında hər hansı anlaşılmazlıq yoxdur. Tərəflər bir-birini yaxşı başa düşür, qarşılıqlı maraqlara söykənən münasibətlərin daha da inkişaf etdirilməsinə səy göstərirlər. Belə olan halda Azərbaycan heç bir vaxt istəməz və arzulamaz ki, İranda müharibə, qarşıdurma və xaos olsun. Ümumiyyətlə, bizim yerləşdiyimiz coğrafi region olduqca həssasdır. Burada gərginliyin, münaqişə ocağının olması heç bir region dövlətinə xeyir gətirmir, ölkələrin, bütövlükdə regionun gələcək inkişafına maneə yaradır. Enerji ehtiyatları ilə zəngin bu bölgədə müharibənin olması çox böyük fəsadlara yol aça bilər. Sağlam düşüncəli insanlar buna yol verməməlidirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər