• cümə, 19 Aprel, 04:52
  • Baku Bakı 18°C

“Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq”

12.01.17 09:00 1560
“Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq”
Azərbaycan milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə Cənubi Qafqazda həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsi hesab olunur. Təbii ki, bunun səbəbi ölkənin müharibə şəraitində yaşaması, Azərbaycan ərazisinin 20 faizdən çoxunun hələ də Ermənistan silahlı birləşmələrinin işğalı altında olmasıdır.
Baxmayaraq ki, Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞ PA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur, yenə də işğalçı ölkə beynəlxalq hüququn prinsiplərinə əməl etmir. Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta Azərbaycan ərazilərini işğal altında saxlamaqda yenə də davam edir, sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirərək, münaqişənin həllini yubadır. Bununla yanaşı, Ermənistan silahlı birləşmələri müxtəlif zamanlarda cəbhə xəttində, son vaxtlar isə Azərbaycanla sərhəddə təxribatlar törədərək, işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha nümayiş etdirir. Çox təəssüflər olsun ki, beynəlxalq aləm, münaqişənin həllinə bilavasitə məsul olan Minsk Qrupunun həmsədr dövlətləri işğalçı Ermənistanın bu "ərköyünlüyünə”, beynəlxalq hüququ ayaqlar altına atmasına göz yumurlar. Məhz buna görə də Azərbaycan sülh danışıqları ilə paralel olaraq, hərbi gücünü də ilbəil artırır, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğal altındakı əraziləri müharibə yolu ilə azad etməyi düşünür. Bu, Azərbaycanın suveren hüququdur.
Yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir daha bu mövzuya diqqət çəkərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. O, ötən il bu istiqamətdə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal işlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, İƏT Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaradıb. Prezident İ.Əliyev artıq həmin qrupun fəaliyyətə başladığını xatırladaraq, bunun böyük uğur olduğunu söyləyib. Dövlət başçısı onu da əlavə edib ki, son illər ərzində Qoşulmama Hərəkatı da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul edib: "Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.
Prezident İ.Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun işğalçılara çox ciddi zərbələr vurduğunu da xatırladıb. Deyib ki, növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar torpağı işğaldan azad edib. Ölkə başçısı bu hadisəni tarixi qələbə kimi xarakterizə edib: "Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirib. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir və Azərbaycan dövlətinin gücünü göstərib, həm də bir daha sübut edib ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Bununla da illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edilib”.
Prezident İ.Əliyev hər zaman olduğu kimi, Azərbaycanın bu gün də konstruktiv mövqe tutduğunu vurğulayıb. Bildirib ki, haqq-ədalət, beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir, tarixi həqiqət də ölkəmizin mövqeyini möhkəmləndirir: "Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur”.
Ölkə başçısı bundan sonra da hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyini də diqqətə çatdırıb. O, bunun üçün dövlət büdcəsində kifayət qədər vəsait ayrıldığını söyləyib: "Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il bu istiqamətdə çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.
Ölkə başçısının səsləndirdiyi fikirlərə dəstək olaraq bir daha xatırladaq ki, hər il dövlət büdcəsində ordu quruculuğu üçün ayrılan vəsait Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsinə imkan verir. Hərbi xərclərin hər il artırılması ordu quruculuğu prosesini sürətləndirməklə bərabər, Silahlı Qüvvələrin maddi-texniki bazasının modernləşdirilməsi fonunda ölkənin müdafiə sistemini daha da təkmilləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Heç şübhə etmirik ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə bu güclü ordu öz sözünü deyəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər