• cümə, 29 Mart, 10:39
  • Baku Bakı 5°C

Azərbaycan hansı addımı atacağına hələ eyham vurmayıb müsahibə

26.10.13 09:26 2138
Azərbaycan hansı addımı atacağına hələ eyham vurmayıb  müsahibə
Noyabrın əvvəllərində Avropa Birliyinin Vilnüs sammitində “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrlə əməkdaşlığın növbəti mərhələsi müzakirə olunacaq. Həmin tədbirdə mühüm sənədlərin imzalanması nəzərdə tutulub. Azərbaycan da “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyi ilə əməkdaşlıq etdiyindən bu sammit ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.
Daha bir mühüm tədbir isə noyabr ayının 27-də baş tutacaq. Bu, Rusiya prezidenti Vladimir Putinin ideyası olan Vahid Gömrük İttifaqının reallaşdırılması istiqamətində keçiriləcək növbəti toplantıdır. Həmin gün bu quruma qoşulacaq ölkələr mühüm bir sənədi imzalayacaqlar. Bu tədbir ərəfəsində Azərbaycanın Vahid Gömrük İttifaqına qoşulması və ya təşkilatın layihələrində iştirakla bağlı hansı mövqedə dayanacağı da maraq doğurur. Hər iki mühüm tədbir, Azərbaycanın nümayiş etdirəcəyi mövqe, Vahid Gömrük İttifaqının perspektivi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
- Qabil bəy, Azərbaycan seçim qarşısındadır. Rəsmi Bakı Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığını davam etdirməli, yoxsa Vahid Gömrük İttifaqına üz tutmalıdır?

- Ölkəmizin üzü Qərbə doğrudur. Azərbaycan ixrac etdiyi mavi yanacaqla Qərb bazarlarına girib və bu bazarlarda Rusiyaya ciddi alternativ yarada bilib. Yəni, Azərbaycanın Qərbə inteqrasiyası məsələsi ölkə üçün daha əhəmiyyətli məsələlərdəndir. Vahid Gömrük İttifaqı və Avrasiya Birliyi isə mənim zənnimcə, o qədər də əhəmiyyətli qurum deyil. Hətta, mən deyərdim ki, onların nizamnaməsində ölkəmizin suverenliyinə xələl gətirə biləcək müddəalar var. Orada Rusiyanın hökmranlığını təmin edən və Azərbaycan kimi keçmiş sovet məkanından çıxan respublikaların hüquqlarını tapdalayan müəyyən məqamlar var. Əgər bu məqamlar qalacaqsa, belə şərtlər daxilində Azərbaycan Vahid Gömrük İttifaqı və Avrasiya Birliyinə daxil olacaqsa, əlbəttə, bu, ölkəmiz üçün xeyirli olmayacaq. Amma, Avropaya inteqrasiya, Avropa Birliyinə üzvlük Azərbaycan üçün əhəmiyyətli ola bilər. Çünki, biz Avropa bazarlarına giririk və bazarlarda doğru-düzgün rəqabət aparmaq üçün Avropa hökuməti ilə münasibətlərimizin qaydasında olması vacib şərtdir.
- Vahid Gömrük İttifaqının perspektivini necə qiymətləndirirsiniz?

- Bu qurumun perspektivini yaxşı qiymətləndirmirəm. Çünki Qazaxıstan prezidenti Nursultan Nazarbayev indidən deyir ki, orada əgər suverenliyimizə ziyan gətirəcək, zərbə vuracaq zərrə qədər müddəa olsa, biz bu qurumu həmin gün tərk edəcəyik. Nazarbayev indidən təhdidə başlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko da tez-tez Vahid Gömrük İttifaqını tənqid edir. Deməli, bu kimi məsələlərdə problemlər var ki, onu tənqid edirlər. Bildiyim qədər Azərbaycanın da Gömrük İttifaqında yer almaq fikir yoxdur. Hələ ki, Azərbaycanın əksər məmurları, əksər siyasiləri bu birliyə qatılmağın ölkəmiz üçün xeyirli olmayacağını söyləyirlər. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi quruma da daxil olmayıb. Əgər Gömrük İttifaqına üzv olub Ermənistanla bir yerdə olacağıqsa, bu, xoşagəlməz tendensiyalar gətirib çıxaracaq. Digər tərəfdən, əgər Azərbaycan Gömrük İttifaqına daxil olsa, məcburən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya Birliyinə də üzv olmalıdır. Bu isə Azərbaycanın müstəqil strukturlarının yaradılmasına əngəl ola bilər. Bir sözlə, Rusiyanın keçmiş sovet məkanındakı respublikalar üzərində hökmranlığı təmin etmək üçün düşündüyü bu Vahid Gömrük İttifaqı, Avrasiya Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xeyirli qurumlar deyil. Bu təşkilatlara meyl göstərilməzdən əvvəl onların Nizamnaməsi diqqətlə öyrənilməlidir. Azərbaycanın suverenliyinə, müstəqilliyinə xələl gətirəcək müddəalar diqqətdə saxlanılmalıdır. Hələ ki, bu məsələ aktuallaşmayıb. Yəni, məsələ gündəmə gəlməyib. İndidən bəzi mətbuat səhifələrində bu məsələnin gündəmə gəlməsi məni təəccübləndirir. Azərbaycan tərəfi hələ ki, belə bir addım atacağına eyham vurmayıb.
- Belə bir ərəfədə MDB dövlət başçılarının Minskdə sammiti keçirilib və Azərbaycan prezidenti də həmin tədbirdə iştirak edib. Bu səfərlə bağlı Siz nə düşünürsünüz?

- MDB dövlət başçılarının sammiti öz axarı ilə keçib və bir neçə sənədin imzalanması ilə yadda qalıb. Prezidentlər MDB daxilində korrupsiyaya qarşı mübarizə şurasının yaradılmasını, yüksək texnologiyalar sahəsindəki cinayətlərə qarşı əməkdaşlıq konsepsiyasını təsdiq ediblər. Sammitdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko bir çox başqa sənədlərin imzalandığını da bildirib. Onun sözlərinə inansaq, sammitdə 2014-2016-cı illər üçün ekstremizm və terrorçuluğa qarşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə, cinayətkarlığa və insan alverinə qarşı birgə əməkdaşlıq haqqında müqavilələr imzalanıb, 2015-ci il bütün MDB ərazisində Böyük Vətən Müharibəsi veteranlarının ili elan edilib. Bu dəfəki sammit bununla yadda qalıb. O ki, qaldı Vahid Gömrük İttifaqına üzvlüyə, Lukaşenko deyib ki, əgər bu ittifaqa rəsmi Bakı da qoşulursa, onda Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinə çalışmaq lazımdır. Belarus prezidentinin bu sözləri kifayət qədər Azərbaycan üçün xeyirlidir və eyni zamanda əhəmiyyətli situasiyanın yaranmasına xidmət edir. Yəqin ki, Azərbaycan prezidenti bu vəziyyətdən istifadə edib onsuz da möhkəm olan Belarus-Azərbaycan strateji əməkdaşlığını daha da genişləndirmək niyyətindədir.
- Azərbaycanda keçirilən prezident seçkilərindən sonra AŞPA və ATƏT PA nümayəndələrinin müsbət rəy vermələrinə rəğmən, Avropa Parlamentinin aqressiv mövqe sərgiləməsi nə ilə bağlıdır?

- Əvvəla həmin mövqe başqa cür idi. Seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan başqa digər təşkilatların hamısı, o cümlədən ATƏT-in özü, Avropa Şurası, Avropa Parlamenti müşahidəçiləri seçkiləri müsbət dəyərləndirmişdi. Amma sonradan 180 dərəcə fərqli mövqe bildirdi Avropa Parlamenti. Bu da çox təzadlı bir yanaşmadır. Şəxsən məndə heyrət hissi doğurur ki, burada mətbuat konfransında hər şeyi bəyənən adamlar sonradan gedib oraya, bir neçə gün keçir və mənfi fikirlər söyləməyə başlayıblar. Mənim fikrimcə, bütün bunları təzyiq kimi səciyyələndirmək lazımdır. Bununla onlar Azərbaycana təzyiq göstərmək istəyirlər. Çünki onların mövqeyini başqa cür yozmaq olmur. Axı, Avropa əvvəl başqa mövqe nümayiş etdirmişdi, seçkiləri bəyənmişdi. İndi tamamilə başqa bir mövqe sərgiləyir. Ona görə də bu mövqe dəyişikliyini başqa cür başa düşmək olmur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər