Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri
Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev yüksək
səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.
Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxını iqtisadi sahədə
olmaqla 100-dən çox sənəd imzalanıb. Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə
isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan
iqtisadiyyatına 72 mln. ABŞ dolları, Azərbaycan tərəfindən isə Gürcüstan
iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Gürcüstana yatırılan
investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir.
Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar,
qeyri-neft sektorunun diversifikasiyası, xüsusilə investisiyaların və ixracın təşviqi
sahəsində son illərdə görülən işlər barədə gürcüstanlı qonaqlara məlumat verib.
Gürcüstanın İqtisadiyyat və
davamlı inkişaf naziri Giorgi Qaxaria ölkəsinin iqtisadiyyatı, biznes və investisiya
mühiti barədə danışıb, Azərbaycanın Gürcüstana investisiya qoyuluşunu yüksək
qiymətləndirib və ölkəsində Azərbaycan sərmayələrinin dəstəkləndiyini
vurğulayıb. Gürcüstanlı nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün
böyük potensialın olduğunu qeyd edib və əlaqələrin inkişafı istiqamətləri barədə
fikirlərini bildirib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən
enerji, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit
daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı,
ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi
imkanları müzakirə edilib.
Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın
tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə
ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin
inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli
formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili və s. məsələlərlə
bağlı fikir mübadiləsi aparıblar.