• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

Azərbaycan-Gürcüstan əlaqələri möhkəm təməl üzərində qurulub - Fotolar

27.02.19 19:12 2194
Azərbaycan-Gürcüstan əlaqələri möhkəm təməl üzərində qurulub - Fotolar
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Sovetlər birliyi dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulsa da, bu əlaqələrin yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək edib, xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirilib.
Çünki, hər iki ölkə üçün müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması məsələləri olduqca mühüm əhəmiyyət kəsb edirdi. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisiv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Hər iki ölkə rəhbərlərinin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələri ötən müddətdə bütün sahələri əhatə edib. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtdan etibarən Azərbaycan-Gürcüstan münasibətləri yeni müstəviyə qədəm qoyub. Hər iki ölkə prezidentinin, digər rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi xarakter alıb. Bu gün Gürcüstanla Azərbaycanı iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr, o cümlədən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.
Qeyd olunan layihələr hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır. Bununla yanaşı, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələrini daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verib və strateji xarakter alıb. Belə münasibətlər fonunda Azərbaycan Gürcüstandan dəstəyini heç zaman əsirgəməyib. Gürcüstanın ən çətin günlərində Azərbaycan qonşusunu mavi yanacaqla, elektrik enerjisi ilə təmin edib.
Digər tərəfdən, Gürcüstanda yaşayan soydaşlarımız bu ölkənin vətəndaşları kimi dövlətin, dövlətçiliyin güclənməsinə öz töhfələrini veriblər.Ona görə də zaman-zaman xarici qüvvələrin bu iki ölkənin, xalqlarımızın arasına nifaq toxumu səpmək, onları müxtəlif təxribatlara çəkmək cəhdləri daim uğursuzluğa düçar olub. Hətta Gürcüstanın yeni prezidentinin guya ermənipərəst olması barədə yanlış ictimai rəy formalaşdırmaq istəyənlərin məkrli niyyətləri də baş tutmayıb. Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin regionda ilk rəsmi səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələrə tutarlı cavab olub.

Fevralın 27-də Azərbaycana səfərə gələn Gürcüstan Prezidenti Salome Zurabişvili ilə təkbətək və geniş tərkibdə görüş keçirən, ardınca mətbuata bəyanatla çıxış edən dövlət başçısı İlham Əliyev də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini dilə gətirib. O, bu əlaqələrin uğurla, sürətlə inkişaf etdiyini xatırladaraq, xalqlarımızın əsrlər boyu bir-birinin yanında olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanla Gürcüstan həmişə dostluq, qardaşlıq şəraitində yaşayıb və bu əlaqələr dövlətlərarası münasibətlər üçün əsas amildir. Prezident İlham Əliyev bildirib ki, dövlətlərarası əlaqələr bu möhkəm təməl üzərində qurulub və hazırda hər iki ölkə bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirildiyini, məsləhətləşmələr aparıldığını, Gürcüstan və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəklədiyini, ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərdiyini diqqətə çatdırıb. Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynadığını dilə gətirən Prezident İlham Əliyev deyib ki, Gürcüstanla Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir və bu, bizim böyük sərvətimizdir.Dövlət başçısı bir daha bəyan edib ki, ölkələrimizin bütün sahələr üzrə əməkdaşlığının çox böyük perspektivləri var, Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək.

Gürcüstan Prezidenti S.Zurabişvili də regiona ilk səfərinin dost-qardaş ölkəyə etməsindən məmnun olduğunu, Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəldiyini diqqətə çatdırıb. Deyib ki, Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və o, da bu ənənəni davam etdirəcək. S.Zurabişvili Gürcüstan-Azərbaycan münasibətlərinin alternativi olmadığını, əlaqələrin perspektivli olduğunu söyləyib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov da "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Gürcüstan Prezidenti S.Zurabişvilinin dövlət başçısı seçildikdən sonra regionda ilk səfərini Azərbaycana reallaşdırması hər iki ölkənin qarşılıqlı əməkdaşlıq perspektivi baxımından mühüm hadisədir. Onun fikrincə, bu, həm də müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında qərarlaşmış strateji tərəfdaşlığın, dostluq münasibətlərinin önəmliliyinin bir daha təsdiqlənməsidir: "Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin fevralın 27-də keçirilmiş geniş tərkibli görüşündəki çıxışında bildirdiyi kimi, regional problemlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ilə əlaqədar prezidentlərin fikirləri üst-üstə düşür. Cənab İlham Əliyev həmçinin hər iki ölkənin birgə layihələrinin təkcə region deyil, bütövlükdə dünya üçün önəmini vurğuladı. Azərbaycanın və Gürcüstanın bütün məsələlərdə bundan sonra da bir-birinə dəstək olacağına əminliyini bildirdi. Xanım Salome Zurabişvilinin də səsləndirdiyi fikirlər çox önəmlidir. Onun işğal faktına diqqət yönəltməsini, bu faktoru ölkələrimizi düşündürən ortaq məqam kimi önə çəkməsini xüsusi vurğulamaq istərdim. Azərbaycan indiyədək həm tərəfdaşlığa, həm də tarixi dostluq ənənələrinə sadiqliyini nümayiş etdirib. Elə bir məsələ olmayıb ki, orada biz Gürcüstanın mənafelərini nəzərə almayaq. Gürcüstandan gözləntimiz də hər zaman bu olub. Gürcüstan dövləti üzərinə düşən məsələlərə həssas yanaşıb. Bu səfərin Azərbaycan və Gürcüstan üçün həssas məsələlərə yeni yanaşma tərzinin formalaşması baxımından da əhəmiyyətli nəticələr verəcəyi qənaətindəyəm. Bunun üçün kifayət qədər potensial var və inanıram ki, Gürcüstanın yeni rəhbərliyinin şəxsində siyasi iradə də mövcuddur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər