Azərbaycan-Gürcüstan əlaqələri möhkəm təməl üzərində qurulub - Fotolar
Gürcüstan regionda
Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Sovetlər birliyi dağılandan
sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin
oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə
arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Ölkələrimiz
arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulsa da, bu
əlaqələrin yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin
hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək
edib, xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata
keçirilib.
Çünki, hər iki ölkə üçün müstəqil dövlətin möhkəmlənməsi və
beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması,
Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi,
demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması məsələləri olduqca mühüm
əhəmiyyət kəsb edirdi. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan
səfirliyinin, 1996-cı ilin mart ayında Tbilisidə Azərbaycan səfirliyinin
açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Ölkələrarası diplomatik
münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu
iki dövlət həmişə eyni mövqedən çıxış edib. Dövlətlərarası münasibətlərin
hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət
başçılarının sonrakı dövrdə intenisiv xarakter alan qarşılıqlı səfərləri mühüm
əhəmiyyət daşıyıb. Hər iki ölkə rəhbərlərinin əsasını qoyduğu strateji
əməkdaşlıq əlaqələri ötən müddətdə bütün sahələri əhatə edib. Ulu öndər Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi vaxtdan etibarən Azərbaycan-Gürcüstan münasibətləri yeni
müstəviyə qədəm qoyub. Hər iki ölkə prezidentinin, digər rəsmi şəxslərin
qarşılıqlı səfərləri mütəmadi xarakter alıb. Bu gün Gürcüstanla Azərbaycanı
iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr, o cümlədən Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi
qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.
Qeyd olunan
layihələr hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır.
Bununla yanaşı, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər
qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələrini daha da
möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verib və
strateji xarakter alıb. Belə münasibətlər fonunda Azərbaycan Gürcüstandan
dəstəyini heç zaman əsirgəməyib. Gürcüstanın ən çətin günlərində Azərbaycan
qonşusunu mavi yanacaqla, elektrik enerjisi ilə təmin edib.
Digər tərəfdən,
Gürcüstanda yaşayan soydaşlarımız bu ölkənin vətəndaşları kimi dövlətin,
dövlətçiliyin güclənməsinə öz töhfələrini veriblər.Ona görə də
zaman-zaman xarici qüvvələrin bu iki ölkənin, xalqlarımızın arasına nifaq
toxumu səpmək, onları müxtəlif təxribatlara çəkmək cəhdləri daim uğursuzluğa
düçar olub. Hətta Gürcüstanın yeni prezidentinin guya ermənipərəst olması
barədə yanlış ictimai rəy formalaşdırmaq istəyənlərin məkrli niyyətləri də baş
tutmayıb. Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin regionda ilk rəsmi
səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasındakı münasibətlərə xələl
gətirmək istəyən qüvvələrə tutarlı cavab olub.
Fevralın 27-də Azərbaycana
səfərə gələn Gürcüstan Prezidenti Salome Zurabişvili ilə təkbətək və geniş
tərkibdə görüş keçirən, ardınca mətbuata bəyanatla çıxış edən dövlət başçısı İlham
Əliyev də Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini
dilə gətirib. O, bu əlaqələrin uğurla, sürətlə inkişaf etdiyini xatırladaraq, xalqlarımızın
əsrlər boyu bir-birinin yanında olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanla
Gürcüstan həmişə dostluq, qardaşlıq şəraitində yaşayıb və bu əlaqələr dövlətlərarası
münasibətlər üçün əsas amildir. Prezident İlham Əliyev bildirib ki, dövlətlərarası
əlaqələr bu möhkəm təməl üzərində qurulub və hazırda hər iki ölkə bütün
sahələrdə çox uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısı siyasi əlaqələrimizin
yüksək səviyyədə olduğunu, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirildiyini,
məsləhətləşmələr aparıldığını, Gürcüstan və Azərbaycanın beynəlxalq təşkilatlar
çərçivəsində bir-birini daim dəstəklədiyini, ölkələrimizin bütün beynəlxalq
təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərdiyini
diqqətə çatdırıb. Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan
azərbaycanlıların əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynadığını dilə
gətirən Prezident İlham Əliyev deyib ki, Gürcüstanla Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkələrdir və bu, bizim böyük sərvətimizdir.Dövlət
başçısı bir daha bəyan edib ki, ölkələrimizin bütün sahələr üzrə əməkdaşlığının
çox böyük perspektivləri var, Gürcüstan və Azərbaycan bundan sonra da
bir-birini dəstəkləyəcək.
Gürcüstan Prezidenti S.Zurabişvili
də regiona ilk səfərinin dost-qardaş ölkəyə etməsindən məmnun olduğunu, Azərbaycana
dost ölkənin Prezidenti kimi səfərə gəldiyini diqqətə çatdırıb. Deyib ki, Gürcüstanın
bütün prezidentləri Azərbaycanın dostu olub və o, da bu ənənəni davam etdirəcək.
S.Zurabişvili Gürcüstan-Azərbaycan münasibətlərinin alternativi olmadığını,
əlaqələrin perspektivli olduğunu söyləyib.
Milli
Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əflatun Amaşov da "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,
Gürcüstan Prezidenti S.Zurabişvilinin dövlət başçısı seçildikdən sonra regionda
ilk səfərini Azərbaycana reallaşdırması hər iki ölkənin qarşılıqlı əməkdaşlıq
perspektivi baxımından mühüm hadisədir. Onun fikrincə, bu, həm də müstəqillik
illərində Azərbaycan və Gürcüstan arasında qərarlaşmış strateji tərəfdaşlığın,
dostluq münasibətlərinin önəmliliyinin bir daha təsdiqlənməsidir: "Prezident
İlham Əliyevin Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin fevralın 27-də keçirilmiş
geniş tərkibli görüşündəki çıxışında bildirdiyi kimi, regional problemlər,
ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ilə əlaqədar prezidentlərin
fikirləri üst-üstə düşür. Cənab İlham Əliyev həmçinin hər iki ölkənin birgə
layihələrinin təkcə region deyil, bütövlükdə dünya üçün önəmini vurğuladı.
Azərbaycanın və Gürcüstanın bütün məsələlərdə bundan sonra da bir-birinə dəstək
olacağına əminliyini bildirdi. Xanım Salome Zurabişvilinin də səsləndirdiyi
fikirlər çox önəmlidir. Onun işğal faktına diqqət yönəltməsini, bu faktoru ölkələrimizi
düşündürən ortaq məqam kimi önə çəkməsini xüsusi vurğulamaq istərdim.
Azərbaycan indiyədək həm tərəfdaşlığa, həm də tarixi dostluq ənənələrinə
sadiqliyini nümayiş etdirib. Elə bir məsələ olmayıb ki, orada biz Gürcüstanın
mənafelərini nəzərə almayaq. Gürcüstandan gözləntimiz də hər zaman bu olub.
Gürcüstan dövləti üzərinə düşən məsələlərə həssas yanaşıb. Bu səfərin
Azərbaycan və Gürcüstan üçün həssas məsələlərə yeni yanaşma tərzinin
formalaşması baxımından da əhəmiyyətli nəticələr verəcəyi qənaətindəyəm. Bunun
üçün kifayət qədər potensial var və inanıram ki, Gürcüstanın yeni rəhbərliyinin
şəxsində siyasi iradə də mövcuddur”.
Rufik
İSMAYILOV