• çərşənbə, 24 Aprel, 13:31
  • Baku Bakı 27°C

Azərbaycan gerbinin hazırlanmasında knyaz izi

19.09.18 16:05 2246
Azərbaycan gerbinin hazırlanmasında knyaz izi
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında Müsəlman Milli Şurasının ilk iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan xalqı keçmiş Rusiya imperiyasının dağıntıları üzərində öz müstəqilliyini elan etdi və Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlətin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərin - bayraq, gerbi və himnin layihələrinin hazırlanması Azərbaycan hökumətinin diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 23 mart 1919-cu il tarixli qərarı ilə ilk dəfə olaraq Azərbaycan Respublikasının dövlət gerbinin və möhürünün layihəsinin tərtib edilməsi üzrə müsabiqə elan edildi. Ən yaxşı layihələr üçün 2 mükafat təyin edilmişdi: Birinci mükafat: gerb üçün – 1 min rubl, möhür üçün -500 rubl, ikinci mükafat: gerb üçün 500 rubl, möhür üçün 250 rubl. Lakin müsabiqəyə təqdim olunmuş layihələr çox güman ki, bəyənilmədiyinə görə qəbul edilməmişdir.
"Azərbaycan” qəzetinin 14 noyabr 1919-cu il tarixli buraxılışında Azərbaycanın gerbi və himn haqqında məlumat dərc edilmişdir. Həmin məlumatda bildirilirdi ki, Xalq Maarif Nazirliyi Azərbaycan Respublikasının dövlət gerbi və milli himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini hökumətə təqdim etmişdir. Hökumətə təqdim olunmuş mülahizələrdə qeyd edilirdi ki, işlənib hazırlanmış ən yaxşı milli himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim edilməlidir. Ən yaxşı himn üçün mükafat olaraq 15000 min rubl müəyyən edilmişdi. Dövlət gerbinin layihəsinin hazırlanmasının Şərq ölkələrinin memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə böyük məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunması təklif edilmişdi.

Knyaz Aleksandr Şervaşidze ( 1867-1968) kim idi? Aleksandr Şervaşidze o dövrün rəssamı və mədəniyyət xadimi kimi tanınmışdır. Tanınmış rəssam və incəsənət xadimi Aleksandr Konstantinoviç Çаçbа /Şеrvаşidzеnin irsi və estetik baxışları incəsənət tarixi üçün böyük maraq doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, Şеrvаşidzе-Çaçba hakim abxaz knyazlarının soyadının gürcü formasıdır. Rəssam öz əsərlərini Şеrvаşidzе və yaxud Çaçba soyadı ilə imzalamışdır. O, 1907-1918-illərdə Peterburq İmperator Teatrında, 1929-1948-ci illərdə isə xaricdə - S.P.Dyagilev adına rus baletində səhnə quruluşçusu vəzifəsində işləmiş və həyatını humanist ideyalar həsr etmişdir. Onun yaratdığı rəsmlər, çoxsaylı dekorasiya eskizləri, teatr səhnələri üçün kostyumlar, incəsənət əsərləri Çаçbа /Şеrvаşidzеni XX əsrin görkəmli mədəniyyət xadimi kimi xarakterizə etmişdir. Qeyd edək ki, məlum səbəblər ucbatından əvvəllər nəşr olunmuş kütləvi nəşrlərdə, o cümlədən Böyük Sovet Ensiklopediyasında və Azərbaycan Sovet Ensiklopediyalarında knyaz Aleksandr Şervaşidze haqqında hər hansı bir məlumat dərc edilməmişdir. İnternet qaynaqlarında isə A.Şervaşidzeyə aid olan bioqrafik məlumatlarda onun 1918-1920-ci illərin müəyyən dövrlərində Bakıda yaşayıb fəaliyyət göstərdiyi haqqında heç bir məlumat qeyd olunmur. Halbuki, Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılan sənədlər təsdiq edir ki, Aleksandr və onun qardaşı Vladimir Şervaşidzelər Bakıda yaşayıb fəaliyyət göstəriblər. Arxiv sənədləri araşdırılarkən knyaz Aleksandr Şervaşidze ilə bağlı maraqlı məlumatlar aşkar edilmişdir. Sənədlər təsdiq edir ki, A.Şervaşidze 1919-cu ildə Bakıda yaşayaraq uğurla fəaliyyət göstərmişdir. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri Nəsib bəy Yusifbəyli knyaz A.K. Şervaşidzenin mənzillə təmin edilməsi haqqında Bakı qubernatoruna göndərdiyi 3 dekabr 1919-cu il tarixli 13980 №-li məktubda qeyd edirdi: "Knyaz Aleksandr Konstantinoviç Şervaşidze mənim tapşırığımla artıq iki aya yaxındır ki, mənə həvalə edilmiş Nazirlik üçün Azərbaycan Respublikasında İncəsənət İnstitutunun yaradılmasının layihəsi üzərində işləyir. Adı çəkilən Şervaşidze yuxarıda qeyd edilən institutun direktoru vəzifəsinə dəvət edilir və ona görə də o, həmin institutun yaradılması işində və bu məsələ ilə bağlı keçirilən iclaslarda uzun müddətdir ki, iştirak edir. Knyaz Şervaşidzenin Birjevaya ( indiki Üzeyir Hacıbəyov) küçəsindəki ev 19-da tutduğu iki otaqlı yaşayış mənzili sizin sərəncamınızla dövlət qulluqçusunun xeyrinə müsadirə edildikdən sonra Şervaşidze tamamilə mənzilsiz qalmışdır. Yuxarıda qeyd olunanları və mənə həvalə edilmiş Nazirliyin artıq iki aya yaxındır ki, onun əməyindən istifadə etdiyini, eləcə də onun bundan sonra Xalq Maarif Nazirliyi üzrə qulluqçuların siyahısına daxil ediləcəyini və Bakı şəhərində milli bədii qüvvələrin yoxluğu ucbatından Şervaşidzenin icra etdiyi işlərin başqa şəxsə tapşırılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq, knyaz Şervaşidzeyə lazım olan yaşayış yerinin ayrılması haqqında sərəncam verməyinizi və nəticəsi haqqında məni məlumatlandırmağınızı xahiş edirəm”. Nəsib bəyin yazdığı məktuba qubernatorun cavabını Dövlət Arxivinin aidiyyəti üzrə müvafiq fondlarında aşkar etmək mümkün olmadı. Amma sənədlər araşdırılarkən digər maraqlı bir məlumat aşkar edildi. Belə ki, Azərbaycan Respublikasının daxili işlər naziri əvəzinə imza etmiş general-mayor Həşimbəyov 31 may 1919-cu il tarixdə Bakı qubernatoruna ünvanladığı 4034 №-li məktubda xahiş edirdi ki, daxili işlər nazirliyinin dəftərxana şöbəsinin rəisi Vladimir Konstantinoviç Çacba/ Şirvaşidzeyə üç otaqlı mənzilin ayrılması haqqında müvafiq sərəncamı versin. Bakı şəhər idarəsinin rəisi Q.A.Qudiyevin 5 iyul 1919-cu il tarixdə təqdim etdiyi orderlə Şirvaşidze Bakı şəhərində Kamenistoy küçəsində ( indiki Şors ) mənzillə təmin edilmiş və bu haqda ona order təqdim edilmişdir. Sənədlərdəki məlumatlara əsaslanaraq qeyd edirik ki, həmin illərdə Bakıda təkcə knyaz A.Şervaşidze deyil, knyaz V.Şervaşidze də yaşayaraq fəaliyyət göstərmişlər.

Cümhuriyyət hökuməti hərbi ordenlərin, milli himn, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması haqqında 1920-ci il yanvarın 30-da qərar qəbul etdi. Həmin qərarın 1-ci bəndində qeyd edilirdi ki, 25 min rubl mükafatla ordenlərin layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi hərbi nazirə tapşırılsın. Qərarın 2-ci bəndində isə 50 min rubl mükafatla milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi xalq maarif nazirinə tapşırıldı. Hökumətin 30 yanvar 1920-ci il tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması haqqında 1920-ci ilin fevralın 19-da "Azərbaycan” qəzetində müsabiqə elan etdi. Lakin 1920-ci ilin aprelində Azərbaycan sovetləşdirildiyi üçün prosesi başa çatdırmaq mümkün olmadı. Həmin tarixi hadisələrin üzərindən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat təsis edildi. Xatırladırıq ki, həmin dövrlərdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu. 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, o cümlədən A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. 1919-1920-ci illərdə A. Şervaşidze tərəfindən işlənib hazırlanmış gerb layihəsinə rəssam-dizayner Rafiq Məmmədov tərəfindən müəyyən düzəlişlər və təkmilləşdirmələr edildikdən Azərbaycan Respublikasının dövlət gerbi təsdiq edildi.
Xatırladırıq ki, Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlardan və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ağ ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarlar Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və islamçılığı tərənnüm edir. Qalxanın və ulduzun saрanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.Rəmzi mənası: qalxan - müdafiə;üçrəngli dairəvi xətlər - bayraq;dairəvi xətlərin üstündəki səkkizguşəli ulduz – günəş, səkkizguşəli ulduzun ortasındakı alov dilləri - odlar yurdu;sünbüllər - bolluq; palıd budaqları - uzunömürlülük rəmzidir.

10. 09. 2018.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
Sənədlərin nəşri və istifadəsi şöbəsinin
baş məsləhətçisi Rafiq Səfərov.

İstifadə edilmiş mənbə və ədəbiyyatın siyahısı:

1. Zaqafqaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları.Bakı.2006.s.127.
2..” Respublika” qəz.,27 may 2008-ci il.
3 Азербайджан.1919.23 марта,№61.;
4. Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты.Баку.1998.с.291.
4. .Азербайджан.1919,14 апреля
Азербайджанская Республика. Документы и материалы.1918-1920гг. Баку.1998.с.367.
5..ARDA.f.51.siy.1.iş.21.v.81-81(arxa üzü)
6.. ГААР. Ф.104
7.Вестник правительства Азербайджанской Республики.1920.11 февраля,№14.
Азербайджанская Демократическая Республика(1918-1920)Законодательные акты. Баку 1998.с.399-400.

8..Азербайджан.1920. 19 февраля.№33.
9.Big.az. Azərbaycan Respublikasının Dövlət Himni, Gerbi və Dövlət Bayrağl haqqında.
banner

Oxşar Xəbərlər