AZE | RUS | ENG |

Azərbaycan gəncliyi müxalifətdə təmsil olunmur

Azərbaycan gəncliyi müxalifətdə təmsil olunmur
Samirə Quliyeva: «Gənclər 20 ildir heç bir irəliləyiş əldə etməyən, ölkənin imicinə zərər vurmaqdan başqa fəaliyyət göstərməyənləri təbii ki, dəstəkləməyəcək»


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında rolu mövzusunda “Kaspi”-nin suallarını cavablandırıb.

- Samirə xanım, sizcə gənclər ölkəmizdə cəmiyyətin aktiv təbəqəsinə çevrilməyi bacarırlarmı? Ümumiyyətlə, ölkənin ictimai-siyasi həyatında gənclərin rolu sizi qane edirmi?

- Tam əminliklə demək olar ki, bu gün cəmiyyətin ən aktiv təbəqəsi məhz gənclərdən ibarətdir. Bizim gənclər ölkədə baş verən bütün proseslərdə iştirak edərək qabaqcıl təbəqəyə çevriliblər. Ölkədə gedən ictimai-siyasi proseslər, inkişaf, gənclərə olan münasibət, onlara göstərilən qayğı, ümumiyyətlə, respublikada aparılan ictimai-siyasi siyasət, sosial baxımdan təhsildə, idmanda digər sahələrdə görülən işlər gənclər tərəfindən diqqətlə izlənilir və qiymətləndirilir. Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında çox yaxından iştirak edirlər. Çünki, yaradılan münbit şərait cəmiyyətdə gənclərə öz sözlərini deməyə, hüquqlarını, müdafiə etməyə və bütün bunları müasir standartlara uyğun olaraq həyata keçirməyə imkan verir. Əminliklə deyə bilərik ki, gənclərə göstərilən diqqət və qayğı bu gün cəmiyyətdə öz bəhrəsini verir. Gənclər nəinki ölkədə gedən ictimai-siyasi proseslərin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. İstər kino, teatr, rəsm, sənətlə məşğul olan yaradıcı gənclər, istər musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilən gənclər, istərsə də gənc alimlərimizin, ixtiraçılarımızın nəinki ölkəmizdə, həmçinin xarici dövlətlərdə əldə etdikləri uğurlar haqqında eşitmək bizi çox sevindirir.

- Müxalifətin təşkil etdiyi mitinqlərdə iştirak edən gənclər haqqında nə deyə bilərsiniz? Ümumilikdə Azərbaycan gəncliyinin buna münasibəti necədir?

- Ümumiyyətlə, KİV-dən, müxtəlif portallardan, elə müxalifətin özünün saytlarından da izləmək olar ki, bu gün müxalifətin mitinqlərində çox az sayda gənc iştirak edir. Düzdür, onlar gənclərin müəyyən qismini özlərinə cəlb edə bilirlər, amma necə cəlb edirlər, əsas məsələ odur. Nəinki, gənclər ümumilikdə bu mitinqdə çox az sayda insan iştirak edir. Onlar da mitinqi təşkil edənlərin qohumları, qonşuları, dost-tanışlarıdır. Demək olar ki, Azərbaycan gəncliyi orada təmsil olunmur. Ancaq özləri deyib, özləri eşidirlər. Bunun obyektiv səbəbləri ondan ibarətdir ki, gənclər Azərbaycanda gedən həm daxili, həm xarici siyasətdən razıdırlar. Azərbaycanın inkişafı, ölkədə gedən quruculuq-abadlıq işləri, regionların çiçəklənməsi, bütün sahələrdə islahatların aparılmasını təbii ki, hər bir gənc görür və bu siyasəti dəstəkləyirlər. Bu gün gənclər anlayırlar ki, bəzi dağıdıcı, separatçı qüvvələr var ki, onlar da öz mənafelərinə görə xalqı çaşqınlığa aparmaq, iğtişaşlar yaratmaq niyyətindədirlər. Prezident seçkiləri ərəfəsində belə qüvvələr daha da fəallaşırlar. Bütün bunlara şahid olan gənclər 20 ildir heç bir irəliləyiş əldə etməyən, Azərbaycanın imicinə zərər vurmaqdan başqa fəaliyyətlərində ölkənin xeyrinə, xalqın dövlətçiliyimizin qorunmasına yönələcək bir işi olmayan müxalifəti təbii ki, dəstəkləməyəcək.

- Müxalifəti dəstəkləyən gənclərlə münasibətiniz necədir?

- Müxalifətin piketlərində olan çox az sayda gənclər var. Mən hesab edirəm ki, onlar müəyyən vədlərlə aldadılan gənclərdir. Çünki, əvvəllər müxalifəti təmsil edən qüvvələr özləri də etiraf edirlər ki, gəncləri öz cılız sıralarına müəyyən vasitələrlə cəlb edirlər. Onlar belə yollardan istifadə etsələr də, ətraflarına kifayət qədər insan toplaya bilməyəcəklər. Onların ətrafında olan gənclərdə təbii ki, bizim gənclərdir. Biz hakim partiyanın üzvləri olaraq həmişə çalışacağıq ki, gənclərimizi düz yola çəkək və bu istiqamətdə də müəyyən işlər görürük.

- Müxalifət gənclərinin sosial şəbəkələrindəki aktivliyini necə qiymətləndirirsiniz?

- Sosial şəbəkələrdə müxalifət gəncləri ilə polemikalarda biz də iştirak edirik və bir çox hallarda da şahidi olmuşuq ki, müxalifəti təmsil edən 1 nəfər şəxs “facebook”-da özünə bir neçə profil açaraq polemikalarda iştirak edir. Əlində bu gənclərin sayı çox azdır. Bu gənclər çox təəssüflər olsun ki, arqumentsiz, əsaslandırılmadan böhtan xarakterli, aralıq dedi-qodusuna uyğun gələn söhbətlər edirlər və biz onlarla faktlarla danışdıqda onlar da cavabında acizliyin ən son həddi olan təhqirə keçirlər, nalayiq sözlərdən istifadə edərlər. Bu təbii ki, nə milli-mentalitetimizə, nə də Azərbaycan gəncliyinə yaraşan bir hal deyil. Biz yenə də öz faktlarımızla polemikalarımıza davam edirik. Mənim üçün təəssüfedici məqam odur ki, son illərdə Azərbaycanın nüfuzu genişlənir. Bir çox nailiyyətlərimiz var ki, hər bir vətəndaş bunun üçün sevinməlidir. Çünki bu bizim dövlətimizdir, bizim Azərbaycanımızdır. Təəssüflər olsun ki, bəzi gənclər bunu görmür, ölkənin nailiyyətlərinə sevinmirlər. Bu nə vətəndaşlığa, nə də gəncliyə sığmır.

- Məlum olduğu kimi bu il oktyabr ayında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Sizcə, gənclərimizin bu seçkilərlə kimi dəstəkləyəcəklər?

- Azərbaycan gəncliyi son 20 ildə müstəqilliyimizi bərpa etdikdən sonra dövlətçiliyimizin qorunmasında həmişə Heydər Əliyev siyasətinə üstünlük verib. Əsası Ümummilli liderimiz tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda, Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. İstər sosial şəbəkələrdə, istərsə də hansısa toplantılarda, ictimai proseslərdə gənclərin davranışı, müəyyən məsələlərə münasibətini nəzərə alaraq tam qətiyyətlə deyə bilərəm ki, gənclər bu il də seçkilərdə İlham Əliyevi dəstəkləyəcək.

- Sizcə, Azərbaycan gəncliyinin qarşısında duran əsas məqsəd nə olmalıdır?

- Mənim fikrimcə, gəncliyin qarşısında duran əsas məqsəd dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasıdır. Düşünürəm ki, əgər tələbə öz təhsilinin, mühəndis öz fəaliyyətinin, mütəxəssis öz işinin öhdəsindən layiqincə gələ bilərsə, bu elə xalqa, dövlətə xidmət deməkdir. Xüsusilə ölkənin ərazi bütövlüyünün qorunmasında, haqq səsimizin dünyaya çatdırılmasında gənclərimiz əllərindən gələni əsirgəməməlidirlər.

Aygün Cəfərli

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779