• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Azərbaycan gəncliyi hər zaman Prezident İlham Əliyevin yanındadır Rəylər

15.05.13 09:06 2258
Azərbaycan gəncliyi hər zaman Prezident İlham Əliyevin yanındadır Rəylər
Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında gənclərin ictimai-siyasi həyatdakı rolu, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi geniş müzakirə olunub. Azərbaycanın gənclər siyasəti həyata keçirən yeganə ölkə olduğu, ölkəmizin Mərkəzi və Şərqi Avropa dövlətləri arasında öz rolunu və mövqeyini qoruyub saxladığı diqqətə çatdırılaraq, gənclərin cəmiyyətimizin sosial, ictimai-siyasi həyatında mühüm keyfiyyətlərə malik olduğu vurğulanıb. İclasda çıxış edən gənclər Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan edərək, bütün Azərbaycan gənclərini qarşıdan gələn prezident seçkilərində ona səs verməyə çağırıblar. Bununla yanaşı, ölkə gənclərinin dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanatı qəbul edilib.
Bu əlamətdar hadisə ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov mayın 13-də keçirilən tədbirdə təşkilat rəhbərlərinin Prezident İlham Əliyevi dəstəkləməsini gənclər tərəfindən dövlət başçısına mənəvi borcların qaytarılması kimi dəyərləndirib. Qeyd edib ki, ölkədə həyata keçirilən gənclər siyasəti, çoxşaxəli islahatların nəticəsi olaraq, Azərbaycan gəncləri hər zaman öz dəstəyini həm mənəvi, həm də təşkilati nöqteyi-nəzərdən ölkə rəhbərinə göstərməlidirlər: “Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları növbəti prezident seçkilərində özlərinin seçiminə dair müəyyən bir aydınlıq ortaya qoydular və müəyyən bir qərar sərgilədilər. Ancaq mən bunu sadəcə gənclərin cənab prezidentə dəstəyi kimi deyil, həm də eyni zamanda ölkə gənclərinin cənab prezidentə mənəvi borclarının qaytarılmasında atılan bir addım kimi dəyərləndirmək istərdim. Çünki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti və şəxsən ölkə rəhbərinin diqqətində olan bir çox məsələləri, o cümlədən gənclərin həyatlarının dəyişdirilməsi, asudə vaxtının təşkili, professional kadr kimi yetişmələri, yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraiti nəzərə alsaq, Azərbaycanda aparılan bu işlər dünya ictimaiyyəti prizmasından nadir hadisələrdən, unikal siyasi təbliğat kampaniyasından biridir. Təbii ki, Azərbaycan gəncləri də bu kampaniyalardan yüksək səviyyədə faydalanmaqdadırlar. Mayın 13-dəki hadisə bir daha göstərdi ki, Azərbaycan gəncliyi bu diqqətin, qayğının fərqindədir. Gənclərə göstərilən etimad, diqqət, qayğı təbii ki, birtərəfli olmamalıdır. Azərbaycan gəncləri də öz dəstəyini həm mənəvi, həm təşkilati nöqteyi-nəzərdən cənab Prezidentə göstərməli, ortaya qoymalıdır. Son hadisə bir daha bizə əsas verdi ki, Azərbaycan gəncliyi bütünlüklə cənab prezidentin ətrafında birləşməkdədir. Gənclik onun siyasətini bəyənir. Nəinki prezident seçkilərində, ümumilikdə dövlət başçısının apardığı siyasətə dəstək olaraq, gənclik Azərbaycanın inkişafı naminə istənilən vaxt İlham Əliyevin yanındadır, onunla birlikdədir”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova da mayın 13-də gənclərin iştirakı ilə çox mötəbər və kütləvi bir tədbir həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu tədbirin sonunda gənclər təşkilatlarının dəstəyi ilə hazırki prezidentimiz İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin dəstəklənəcəyi bir daha təsdiqləmiş olub. Onun sözlərinə görə, gənclik belə bir mühüm qərar qəbul etməklə, dövlət başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısını, dəstəyini bir daha görmək istəyir: “Məsələ ondan ibarətdir ki, son on ildə cənab prezidentimiz İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə gəncliyə olan diqqət və qayğı, milyonlarla manatın sırf gəncliyin intellektual inkişafı, onların elminin inkişafı, eyni zamanda xaricdə təhsil, idman sahəsində atılan çox uğurlu addımlar, gənclər sektoruna, gənclər siyasətinə verilən töhfə bizlərin diqqətindən yayınmır. Azərbaycanda bütün gənclər sferasını əhatə edən dövlət proqramlarının icrası, sərəncamların verilməsi bir daha bizi o qənaətə gətirdi ki, növbəti illərdə də möhtərəm İlham Əliyevin prezident olması biz gəncliyin daha da inkişafına səbəb olacaq. Çünki son on ildə Azərbaycan istər Avropa, istərsə də dünya miqyasında, beynəlxalq arenada öz dayanıqlı müttəfiqliyini daha da möhkəmləndirib. Bundan başqa, Azərbaycan gəncliyi öz haqq sözünü, reallıqlarını dövlətin dəstəyi ilə dünyanın hər bir yerinə çatdırır. Eyni zamanda, Azərbaycanda gənclər təşkilatları dayanmadan artır və onlara hər il dövlət dəstəyi, maliyyə dəstəyi artmaqdadır. Bu onu göstərir ki, cənab prezident çox müasirdir. Cənab prezident gənclərin inkişafına yönələn investisiyanı daha da çoxaltmaqla onu sübut edir ki, gənclər həqiqətən də cəmiyyətimizin böyük bir dinamikasını təşkil etməklə ölkənin gələcəyidir. Belə olan halda təbii ki, Azərbaycan gəncliyi də hazırki prezidentimizi dəstəkləyəcək. Növbəti illərdə də Prezident İlham Əliyevi bu kürsüdə görməklə, onun Azərbaycan gəncliyinə qayğısını, dəstəyini bir daha görmək istəyir”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov gənclərin qərarından məmnunluğunu ifadə edərək deyib ki, Azərbaycan gəncliyi dövlətin gələcəyini fikirləşərək belə bir düzgün addım atıb. Onun fikrincə, düzgün düşünmək qabiliyyəti olan hər bir şəxs bu qərarın, bu təklifin ətrafındadır: “O məsələ ilə bağlı dünən gənclər təşkilatları öz mövqelərini ortaya qoydular. Orada da əsaslandırılmış şəkildə göstərilir ki, gənclər təşkilatları dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini növbəti dəfə də dəstəkləyirlər. Əslində burada sağlam düşünən və düzgün təhlil etmək qabiliyyətinə malik olan hər bir şəxs bütünlükdə bu qərarın doğru olduğunu o saat deyə bilər. Çünki regionda ən güclü mövqelərdən biri məhz Azərbaycana məxsusdur. Azərbaycanın mövqeyi getdikcə dünyada daha da inkişaf edir, iqtisadiyyat güclənir, burada həyat səviyyəsi qalxır. Yəni, bütün bunları götürəndə təbii ki, Azərbaycan gəncliyi də dövlətin gələcəyini fikirləşən bir gənclikdir və bu missiyanı da Azərbaycan gəncliyi bütövlükdə apara biləcək yeganə insan kimi məhz cənab ilham Əliyevi görür. Yenə deyirəm, məntiqlə düşünəndə düzgün düşünmək qabiliyyəti olan hər bir şəxs bu qərarın, bu təklifin ətrafındadır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər