• cümə, 19 Aprel, 08:32
  • Baku Bakı 13°C

Azərbaycan-Fransa əlaqələri yeni mərhələdə

24.07.18 19:05 1494
Azərbaycan-Fransa əlaqələri yeni mərhələdə
Azərbaycan Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransa ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Fransaya növbəti səfərini tarixi hadisə hesab etmək olar. Səfər çərçivəsində dövlət başçısı çoxsaylı rəsmi, eləcə də Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli işgüzar görüşlər keçirib. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Onu da qeyd edək ki, Fransa iqtisadi gücünə görə Avropa İttifaqının ilk üçlüyünə daxildir. İqtisadi əlaqələrin bu səviyyədə inkişafı isə istər-istəməz siyasi, diplomatik münasibətlərə də təsir edir. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində böyük əhəmiyyət kəsb edir. Çünki hazırda Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransadır. Heç şübhəsiz, bu ölkə ilə siyasi-iqtisadi əlaqələrin inkişafı məhz Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynaya bilər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, prezident İlham Əliyevin Fransaya səfəri bir neçə səciyyəvi aspekti ilə Azərbaycan üçün önəmlidir: "Əgər bunları sıralamağa çalışsaq yəqin ki, hər şeydən əvvəl səfərin siyasi tərəfləri önə çıxar. Səfər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilər. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də Fransa ilə strateji münasibətlərimizin dərinliyi bu ölkənin bizim daha yaxın müttəfiqimiz olması anlamına gəlir. Azərbaycan bu həssas istiqamətdə daim xüsusi siyasi–diplomatik iş aparır. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin Fransaya səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi KİV-lər Fransanın Ermənistanı satması ilə bağlı müəyyən xəbərlər belə yaydılar.
İkinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyi”nə daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. Dünya ÜDM-in 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz.
Əgər buraya Fransa iqtisadiyyatının ən modern texnologiyalar əsasında formalaşması amilini də əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik”.
Millət vəkili qeyd etdi ki, Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir: "Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Dövlət başçısı Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı yüksək səviyyəli görüşlər keçirildi. Azərbaycan prezidentinin səfərinə göstərilən yüksək diqqət ölkə rəhbərinin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısının fransalı həmkarı ilə şəxsi münasibətlərinin yaxınlaşması baxımından da bu səfər əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq”.

H.Məmmədov qeyd etdi ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir: "Fransanın Avropa İttifaqı çərçivəsində də söz sahibi olması amilini nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik. Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və ittifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli olub”.
Millət vəkili Aydın Hüseynov bildirdi ki, prezident İlham Əliyevin Fransaya səfəri və keçirilən çoxsaylı görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: "Xüsusən səfər çərçivəsində Fransanın qeyri-neft sektorunda çalışan iri şirkətlərinin rəhbərlərinin prezident İlham Əliyevlə görüşdə fəallıq göstərmələri Azərbaycanın qeyri-neft sektoruna böyük marağın olmasının göstəricisidir. Eyni zamanda bu, bir daha sübut edir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və investisiya qoyuluşu üçün sabit və güvənli ölkə kimi qəbul olunur. Səfər çərçivəsində həmin şirkətlərlə imzalanmış dəyəri 2 milyard dollardan artıq olan razılaşmalar, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər Azərbaycanda yeni iş yerlərinin açılmasına, ümumdaxili məhsulun artmasına, əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək”.
A.Hüseynov vurğuladı ki, Fransa şirkətlərinin Azərbaycana bu qədər maraq göstərməsi prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin nəticəsidir: "Birincisi, bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, əlverişli biznes mühiti yaradılıb. Eyni zamanda, Azərbaycanın dünya üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP və TANAP qaz boru kəmərləri kimi iri layihələr həyata keçirməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda çalışan şirkətlər də Azərbaycana investisiya qoymağa maraq göstərirlər. İqtisadi sahədə əməkdaşlığın genişlənməsi, əlbəttə ki, Azərbaycanla Fransa arasında mədəni, sosial və digər sahələrdə də münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər