• şənbə, 20 Aprel, 19:51
  • Baku Bakı 24°C

“Azərbaycan formalaşmağımda böyük rol oynadı” - Əcnəbi

16.03.19 14:30 1853
“Azərbaycan formalaşmağımda böyük rol oynadı” - Əcnəbi
"Azərbaycana gəlişim heç də təsadüf olmadı. Atam Azərbaycanda işləməyə başladıqdan sonra ailəlikcə Bakıya köçməli olduq. Bakıya gəldikdən sonra Azərbaycan və rus dillərini öyrənməyə başladım. Həyatımda böyük dəyişikliklər oldu. Məncə, Azərbaycana gəlməyim mənim üçün böyük bir təcrübə oldu. Müəyyən çətinliklər olsa da, indi burada olmaqdan zövq alıram”.

Bu sözləri bizimlə söhbətində iki ildən çoxdur ki, Azərbaycanda yaşayan pakistanlı tələbə Sarah Ahmed Vasif söylədi. Müsahibim, hal-hazırda Bakı Slavyan Universitetinin hazırlıq kursunda təhsil alır. Deyir ki, hələ hansı sahə üzrə təhsil alacağına dair qərar verməyib: "Burada olmağıma ən çox ona görə sevinirəm ki, çoxlu dil öyrənmək şansı qazandım. Gəlməzdən əvvəl ölkənizdəki universitetlər haqqında bir araşdırma etdim və Bakı Slavyan Universitetinin adını eşitdikdə qərara gəldim ki, təhsilimi elə burada davam etdirim. Məncə, bu universitet mənim üçün ən doğru seçim oldu. Burada müxtəlif fəaliyyətlərlə məşğul olub kurikulum öyrəndim. Hələlik hazırlıq mərhələsindəyəm və universitetdə qazandığım təcrübədən zövq alıram. İndi rus və Azərbaycan dillərini öyrənməyə çalışıram. Hələlik ixtisas seçimi etməmişəm, çünki bu, kifayət qədər məsuliyyətli bir qərardır. Mən ədəbiyyatı, beynəlxalq əlaqələri çox sevirəm. Özüm ünsiyyətcil olduğuma görə, yeni insanlar tanımağı sevirəm. Qərar verə bilməməyimin səbəbi müxtəlif seçimlər arasında qalmağımdır. Ona görə də, hazırda gələcəyimlə bağlı nə isə deyə bilməsəm də, dəqiq bildiyim bir şey var ki, o da təhsilimi bu universitetdə davam etdirmək istəyimdir”.


Azərbaycanda ailəsi ilə birgə yaşayan Sarah digər əcnəbilərdən fərqli olaraq, məişət problemlərinin olmadığını söylədi: "Bacım və qardaşım burada məktəbə gedirlər. Onlar da Azərbaycanı çox sevir. İlk dəfə Bakıya gələndə kimdənsə yolu soruşanda mənə yalnız "Ok, thank you, go” deyirdilər. Başa sala bilmirdim ki, köməyə ehtiyacım var. Təəssüflər olsun ki, burada az adam ingilis dilini başa düşür. Amma Azərbaycan xalqı çox qonaqpərvərdir. Hər yaşda olan insan burada əcnəbilərə qarşı alicənab davranır. İnsanlarınız yardımsevər və nəzakətli biri olaraq yadımda qalacaq. Ailəmlə yaşadığıma görə, bəzi şeylər mənə daha rahatdır”.
Azərbaycanla Pakistan arasında müəyyən fərqlərin olduğunu deyən müsahibim, ölkəmizdə yaşamağın daha asan olduğunu düşünür: "Burada artıq bəlli bir sistem formalaşıb və insanlar həmin sistem üzrə hərəkət edirlər. Hüquq, təhsil, səhiyyə vahid qayda üzrə idarə olunur. Ən önəmlisi, bu sistemə aidiyyəti qurumlar tərəfindən nəzarət edilir. Pakistanda isə sistem olsa da, nəzarət çox aşağıdır. Burada hər hansı qaydanı pozsan, cəzalanacaqsan. Amma Pakistanda buna elə də əhəmiyyət verən yoxdur. İnsanların buradakı səliqəli geyimi mənim çox xoşuma gəlir. Demək olar ki, hər kəs zövqlü və dəbə uyğun geyinir. Əksəriyyət ünsiyyətə açıq insanlardır. Mən özüm burada ingilis dili müəllimi kimi kurslarda dərs keçir, müəyyən köməklik edirəm. Bir şeyə diqqət etmişəm ki, istənilən yaşda olan azərbaycanlı uşaqlar və gənclər bilikli, dünyagörüşlü və oxumağa meyllidirlər. Mənim 14 yaşdan 45 yaşa qədər olan tələbələrim var. Demək olar ki, onların hər biri əhatəli biliyə və təcrübəyə malikdirlər. Kiçik yaşlı uşağın bu qədər bilməsi məni müsbət mənada təəccübləndirdi”.

Sarahın Bakıda çoxlu dostları var, amma onların əksəriyyəti əcnəbilərdir. Deyir ki, bunun əsas səbəbi Azərbaycan dilini bilməməsidir: "Azərbaycanlı dostlarımın sayı çox azdır. Çünki mən hələ sizin dili tam olaraq bilmirəm və burada əcnəbilərlə əhatə olunmuşam. Ona görə də, azərbaycanlılarla ünsiyyətim çox azdır. Universitetin bufetində hərdən bəzi tələbələrlə söhbət edirik. Azərbaycanlı bir qız dostum var. Gələn il özümə yeni dostlar qazanacağıma əminəm. Çünki gələn il universitetdə təhsil almağa başlayacağam və daha çox dost qazanmaq imkanım olacaq. Azərbaycanlılar elədir ki, ünsiyyət saxladıqca, dost ola bilirsən. Azərbaycan dilini tez bir zamanda öyrənəcəyimə əminəm və bu barədə çox pozitivəm. Onlar mənim dilimi bilmədiyimə görə, məcbur olub mən sizin dilinizi öyrənməyə başladım. Hər iki dildə oxşar sözlər çoxdur. Mənim doğma dilim urdu dilidir. Urdu türk, fars, ərəb, Azərbaycan dillərinin qarışığından ibarətdir. Azərbaycanca olan reklam çarxlarına baxdıqca, oxşar sözlərimizin həddən artıq çox olduğunu görürəm. Azərbaycan dili urdu dilinin müasir versiyası kimi gəlir. Artıq bəzi sözləri öyrənmişəm. "Əgər, kitab, ləvazimat, vahid” və s. sözləri bilirəm. Bu sözlər bizim dilimizdə də var. Demək olar ki, isimlər və fellər eynidir. Amma qrammatika fərqlidir”.

Sarah deyir ki, Azərbaycanla Pakistan arasında mədəni əlaqələr genişdir, bəzi adətlər demək olar ki, oxşardır: "Burada qeyd olunan əksər bayramlar orada da qeyd olunur. Adət-ənənələrimizin bəziləri də eynidir. Amma Pakistanda Novruz bayramı qeyd olunmur. İndi Novruz ərəfəsidir və mən bu bayramı qonşularımızla birgə qeyd etməyə hazırlaşıram. Amma biz bu bayramın adət-ənənələrini, Novruz yeməklərinin və şirniyyatların necə bişiriləcəyini bilmirik. Ona görə də şirniyyatların çoxunu alacağam. Hətta anam bizim üçün səməni alıb. Qonşularımız bizə bu işdə çox kömək edirlər. Universitetimizdə də bu bayram qeyd olunur. Novruz şirniyyatlarının dadına baxmışam və onları çox bəyənmişəm. Azərbaycan yeməklərinin demək olar ki, əksəriyyətinin dadına baxmışam. Hər şeydə olduğu kimi, mətbəxlərimizdə də müəyyən oxşarlıqların olduğunu deyə bilərəm. Bu oxşarlıqlar isə plov və kababdadır (gülür). Qalan bütün yeməklər demək olar ki, fərqlidir. Plovu və kababı Pakistanda da eyni qaydada bişirirlər, hətta, dadları da eyni cür olur. Amma Pakistan mətbəxində həddən artıq ədviyyatdan istifadə olunur. Plov bişirəndə ona saysız-hesabsız ədviyyat növü qatırıq. Yeməkləriniz çox xoşuma gəlir və hamısının ayrı-ayrılıqda dadına baxmışam. Mətbəxiniz çox zəngindir və müxtəlif dadlar var. Dolma, dovğa, küftə kimi yeməklərin adını çəkə bilərəm. Bütün təamlarınızın dadına baxsam da, onların əksəriyyətinin adını bilmədiyimə görə, sadalaya bilməyəcəyəm. Badımcan turşusunun dadına ilk dəfə burada baxmışam. Ümumiyyətlə, badımcanda turşu hazırlandığını təsəvvür etmirdim. Müxtəlif növ tərəvəzlərdən turşular hazırlandığını da burada gördüm. Mənim anam da müxtəlif yeməklər hazırlamağı bacarır. Amma o, daha çox Türkiyə mətbəxinə üstünlük verir. Dolma, mantı bütün ailənin sevimli yeməkləridir. Azərbaycan yeməklərinin dadına, adətən, restoranlarda baxıram. Turşularınızı isə marketlərdən alıram”.

Toy adətlərimizi çox bəyəndiyini söyləyən Sara, evlilik barədə hələlik bir planının olmadığını söylədi: "Azərbaycanın toy adətlərini çox bəyənirəm. Toylarınız çox əyləncəli və maraqlı keçir. Masaların üstündə müxtəlif növ yeməklər, şirniyyatlar, içkilər olur. İstədiyin vaxt yemək yeyə, rəqs edə bilirsən. Pakistanda isə bu, bir qədər fərqlidir. Bizim toylarımız o qədər də əyləncəli və maraqlı deyil. Bizim toylar mərhələli şəkildə, bir neçə hissədən ibarət olur. Toyun bir günü mahnı oxuyuruq. Həmin gün sadəcə, mahnıdan ibarət olur. Növbəti mərhələdə qanuni nikah imzalanır, daha sonra rəqs və yeməklər üçün ayrıca gün təyin edilir. Amma Azərbaycanda hər şey bir gün ərzində olur. Məncə, bu, daha yaxşı və əyləncəlidir”.

Sonda həmsöhbətimə uğurlar arzulayıb, gələcək planları haqda soruşduq: "Gələcəklə bağlı planlarım artıq indidən hazırdır. Burada təhsil almaq və bir müddət işləmək istərdim. Çünki Azərbaycan mənim formalaşmağımda böyük rol oynadı. Burada bir çox yeni şeylər öyrəndim. Daha sonra isə Azərbaycanda öyrəndiklərimi öz ölkəmdə tətbiq etmək istərdim. Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alsam, çalışacağam ki, hər iki ölkə üçün əlimdən gələni edim. İki ölkə də mənim üçün çox əzizdir və onlar arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər