• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Azərbaycan-Fələstin əlaqələri İslam həmrəyliyi nümunəsində

05.11.18 18:37 927
Azərbaycan-Fələstin əlaqələri İslam həmrəyliyi nümunəsində
Azərbaycan hər zaman Fələstin dövləti ilə bağlı ayrıca siyasət həyata keçirib və iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlı olub. Elə bu günlərdə prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. O bildirib ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçirilən Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsi bunun bariz nümunəsidir.
Görüş zamanı nazir Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu diqqətə çatdırıb.
Buradan çıxış edərək demək olar ki, Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalaraq Fələstin dövləti və xalqına dəstəyini əsirgəməyib. Qeyd edilənləri iki ölkə arasındakı münasibətlərin xronoloji ardıcıllığına nəzər salmaqla görmək olar. İki ölkə arasında siyasi münasibətlər 1992-ci ilin 15 aprel tarixində Azərbaycanla Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında imzalanan protokoldan sonra başlanıb. Həmin dövrdən indiyədək Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. 2011-ci ilin 28-29 iyun tarixlərində isə Fələstin prezidenti Mahmud Abbas ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Bundan başqa 2013-cü ilin 21 aprel tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstində olub və burada dövlət rəsmiləri ilə görüşüb.
Ötən ilin 13 dekabrında İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısında Azərbaycan prezidentinin çıxışı diqqət mərkəzində olub. Məhz dövlət başçısının bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və İslam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Ötən gün isə Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, onun Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri və o cümlədən Fələstin XİN-in diplomatları ölkəmizə səfər ediblər.
Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biri olub. Məhz bu tədbirin Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsi kimi qiymətləndirmək lazımdır. Çünki Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir.
Əvvəlki illərdə də Azərbaycan Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İƏT çərçivəsində "Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair təşkilatın Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda keçirilib.
Eləcə də 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT və digər QHT, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə beynəlxalq konfransa ev sahibliyi edib.
Bu da Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verdiyini və bununla da İƏT-in fəal üzv dövlətlərindən biri olduğunu göstərir. Bundan başqa, ötən il prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "İslam həmrəyliyi ili” elan edilməsi və elə həmin ildə Azərbaycanın "İslam Oyunlarına” ev sahibliyi etməsi ölkəmizin fəal üzvlüyünün nəticəsidir.
Azərbaycan hər zaman Fələstin xalqının çətin günlərində onun yanında olub və İslam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz Fələstinin çətin günlərində hətta öz maliyyə dəstəyini də göstərib. 2014-cü il ilin 29 sentyabrda Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb. Bundan başqa, bu ilin oktyabrında ölkəmiz UNRWA-ya 200 min ABŞ dolları məbləğində yardım edib.
Onu da qeyd edək ki, 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclası baş tutub. Hər zaman Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək və heç şübhəsiz ki, Fələstin məsələsində öz dəstəyini bildirəcək.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Azərbaycan hər zaman Fələstin xalqı ilə öz həmrəyliyini nümayiş etdirib: "Biz Fələstin xalqına həm siyasi, həm mənəvi və həm də maliyyə dəstəyi göstərmişik. Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının yanında olub. Çünki biz İslam həmrəyliyi çərçivəsində öz payımızı vermişik və rolumuzu artıq dərəcədə icra etmişik. Onu da yada salmaq kifayətdir ki, ötən ilin dekabr ayında İƏT-in Fələstinlə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında Azərbaycan Qüdslə bağlı həmrəyliyini bir daha nümayiş etdirdi. Çünki Qüds şəhərini İsrailin paytaxt kimi elan etməsi bir sıra müsəlman ölkələri tərəfindən etirazla qarşılandı və biz bu ölkələrə qoşulub öz mövqeyimizi bildirdik”.

F.Sadıxov vurğuladı ki, Fələstin dövlətinin rəsmiləri Azərbaycanın mövqeyini yüksək qiymətləndirir: "Onlar başa düşür ki, Azərbaycanın mövqeyi düzgündür, sağlamdır. Bizim Fələstindən olan qaçqınlara yardımlarımızı da görürlər. Bir sözlə, Azərbaycanla Fələstin arasında münasibətlər faktiki olaraq normal səmtdə inkişafdadır. Bizim Fələstinlə münasibətlərimiz İslam həmrəyliyi formatında bundan sonra da davam edəcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər